10 Noyabr 2017 08:48
2 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyatını həqiqətə həsr elə!”

(Antik aforizm haqqında düşüncələr)

Yazının başlığı kimi Yuvenaldan gətirdiyim aforizmi yəqin ki, çoxlarınız müxtəlif dövrlərdə yaşayıb-yaratmış bir sıra görkəmli filosofların, yazıçı və şairlərin əsərlərində müxtəlif variantlarda oxumusuz. Elə də mürəkkəb fikir deyil və çoxlarının ağlına gələ bilər.

Ehtimal etmək olar ki, Yuvenaldan öncə də bəzi antik mütəfəkkirlər oxşar fikirlər bildiriblər. Müəllifliyin məhz Yuvenala aidliyini ona görə qeyd etdim ki, antik mənbələrin özündə belə göstərilib. Nəyə görə yazını məhz müəlliflik məsələsinə diqqəti çəkməklə başladığımı bilmək istəyənlər heç darıxmasınlar, yazının sonunda hər şey aydınlaşacaq…

“Susmaq qınına salınmış söz uzun müddətli fəaliyyətsizlikdən zəifləyir” (Apuley). Mən də antik aforizmlər haqqında uzun müddətdən bəri “susmaq qını”nda saxladığım bəzi sözləri nəhayət gün üzünə çıxarmaq istəyirəm ki, gücdən düşməsinlər, vaxtını-vədəsini itirməsinlər. Axı antik aforizm bunu demək istəyir – sözü gecikdirmə, yeri və zamanı gəldisə, susma, danış! Susduqca sözünün kəsəri itəcək. Məhz “kəsəri”. Vaxtında deyilmiş söz bıçaq yağı kəsən kimi kəsir. Aforizmdə nahaq yerə “qına salınmış” sözdən danışılmır… Kəsmək istəyirsənsə, sözünü kütləşməyə, paslanmağa qoyma! Bütün zamanlar üçün aktual səslənir. Çünki bütün dövrlərdə haqsızlıq haqq sözü “susmaq qınına” salmağa çalışır…

“Çox danışmaq və çox demək eyni şey deyil” (Sofokl). Antik aforizm həmişə çox danışmağa yox, çox deməyə çalışır. Dəmirçixanadakı usta yekə polad parçasını odda qızdırandan sonra döyüb-döyüb ondan gözəl bir əşya düzəltdiyi kimi, antik müəllif də çatdırmağa çalışdığı fikrini ürəyinin odunda yaxşıca qızdırandan sonra beləcə döyüb-döyüb ondan mümkün qədər az sözlü aforizm düzəldir. Yığcamlıq ağlın və istedadın əlamətidir. Bununla müəllif özünün, mənsub olduğu toplumun kimliyi, intellektual keyfiyyətləri haqqında məlumat verir. Belə ki, yalnız mədəniyyətin, düşüncənin və dilin müəyyən inkişaf pilləsinə yüksəlmiş sivilizasiyalarda dərin məna bir neçə sözlə ifadə edilə bilər. Fəqət digər tərəfdən həmin bir neçə sözlə oxucunun intellekti də yoxlanılır. Ağlın çatırsa, bu az sözün içində döyülüb-döyülüb sıxılmış, içindən bütün suyu çıxarılmış fikri aşkarla…

“Yaltaq – əl heyvanlarından ən təhlükəlisidir” (Diogen). Bu cümlənin məna yükü və deyiliş forması – antik aforizm ikiqat həzz verir: həm müdrik fikir əldə edirsən , həm də bu fikir bədiiləşmiş formada təqdim olunur. Ən maraqlısı nədir? Bəzən ayrı-ayrı dövlət xadimlərinin, imperatorların, sərkərdələrin, yəni bilavasitə qələm əhli olmayan şəxsiyyətlərin elə hikmətli sözləri ilə qarşılaşırsan ki, onların zəngin dünyagörüşü bir kənara qalsın, parlaq bədii düşüncə istedadına heyrət etməyə bilmirsən. Əslində, dövlət başçılarının ictimai-siyasi, hərbi fəaliyyətlə yanaşı, eyni zamanda bədii, fəlsəfi və didaktik ədəbiyyatla məşğul olması ənənəsi məhz antik dövrdən başlayır. Yuli Sezar, Mark Avreli, Neron, Klavdi və b. dövlət başçıları yalnız siyasi fəaliyyətləri ilə deyil, həm də zamanında və yerində dedikləri iti sözləri ilə yaddaşlara həkk olublar.

“İnsanın özünün əldə edə biləcəyi şeyi allahlardan istəməsi axmaqlıqdır”. (Epikür). İnsanın tayfa, icma, dövlət, cəmiyyət və din basqısı altından çıxaraq, spesifik dəyərlər sisteminə malik şəxsiyyətə çevrilməsi prosesi antik dünyada xüsusi aktiv hal alır. Biz dünya ədəbiyyatı tarixində ilk dəfə məhz antik bədii ədəbiyyatda ənənəyə, bu ənənənin arxasında dayanan və ondan faydalanan güc sahiblərinə qarşı çıxan üsyankar obrazlara rast gəlirik (məs., Esxilin “Zəncirlənmiş Prometey”i). Antik ədiblərin bu ideya axını isə boş yerdə yaranmır. Onlar ilk növbədə antik filosofların əsərlərinə söykənirlər. Bu əsərlərin içində yuxarıda gətirilmiş aforizm tipli hikmətli sözlər az deyil. Demək mümkündür ki, antik aforizm insanın şəxsiyyət kimi formalaşmasına, fiziki və mənəvi-əxlaqi qüvvəsinə inanmasına öz əhəmiyyətli töhfəsini vermiş və bu gün də verməkdədir. Bu da az deyil. Belə ki, inanc mövzusunda deyilmiş hər kəlmə o dövrdə ortodoksal ideologiya tərəfdarlarının qəzəbinə tuş gəlir və çox ağır formada cəzalandırılırdı. Antik fəlsəfənin iki böyük nümayəndəsi Sokrat və Aristotelin acı taleyi buna nümunə ola bilər. Ənənəvi dini ənənəni rədd etdiyinə görə, birincisi edam edilmiş, ikincisi isə doğma şəhərindən qaçmaq məcburiyyətində qalmışdı.

“Söz işin kölgəsidir” (Demokrit). Antik sivilizasiya bütünlükdə bəşər sivilizasiyasının keçdiyi neçə minillik tarixi ərzində sözə ən yüksək dəyər verən ilk sivilizasiyalardandır (ilkdir demirəm ki, şərqşünaslar inciməsinlər). Buna baxmayaraq, söz işdən sonraya keçirilir. Səbəb? Söz beynin məhsuludur, beyin isə insan fəaliyyətinin, zəkasının. Fəaliyyət nə qədər çoxşaxəli və keyfiyyətli olarsa, zəka və onun ardınca gələn söz də bir o qadər dərin və gərəkli olar. Təsadüfi deyil ki, antik aforizmlərin özü də kifayət qədər rəngarəgdir. İnsan fəaliyyətinə, ağlına, istedadına, elmə və biliyə, vətənpərvərliyə, humanizmə, dostluğa, sevgiyə və nifrətə, tərbiyəyə, haqq və ədalətə, şərəf və layaqətə, təvazökarlığa və təkəbbürə, tənqidə və tərifə, igidliyə və qorxaqlığa aid müxtəlif hikmətli sözlər mövcuddur. Antik dövrün müdriki öz kəlamları ilə insan və cəmiyyət həyatının demək olar bütün sahələrini ehtiva edib və həmişə, hər yerdə boş-boş danışığı deyil, konkret fəaliyyəti, yaradıcılığı təbliğ edib.

“Həmişə bildiyini danışma, amma həmişə nə danışdığını bil” (Klavdi). Məsələ ondadır ki, elmi-texniki tərəqqinin işıq sürəti ilə inkişaf etdiyi müasir zəmanəmizdə ədəbiyyata, jurnalistikaya yeni-yeni imzalar az qala eyni sürətlə daxil olur, özlərinin “parlaq istedad”larını dürlü-dürlü yollarla ədəbi cameəyə nümayiş etdirməyə çalışırlar. Bir tərəfdən də gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilən, tədricən ictimai şüura və rəyə bir çox elmi-kütləvi ədəbiyyatdan daha güclü təsir göstərməyə başlayan virtual media nümayəndələri statuslarının sanbalını artırmaq (eyni zamanda“layk”ların sayını çoxaltmaq) naminə hər gün nəsə yeni-yeni fikir, cəlbedici ideya icad etmək məcburiyyətindədirlər. Fəqət… onların bir çoxunda özlərindən nəsə yaratmaq, yeni fikir ortaya çıxarmaq üçün, etiraf etmək lazımdır ki, nə vaxt, nə həvəs, ən acınacaqlısı isə, nə ağıl, savad və istedad var. Bu cür heç də ürəkaçan olmayan vəziyyətdə köməyə gələn ən asan çıxış yolu nədir? Ay sağ ol – plagiat. Təəssüflə bildirmək istəyirəm ki, son zamanlar oxuduğum istər elmi, istər bədii əsərlərdə antik müəlliflərin dədə malı kimi özününküləşdirilmiş xeyli aforizmlərinə rast gəlmişəm. Hətta ədəbi prosesdə kifayət qədər tanınan və hörmət sahibi olan yazarlar və tənqidçilər də bu işdən çəkinmirlər. İstər-istəməz belə təəssürat yaranır ki, xalqın təfəkkürünə və zövqünə təsir edən bu “məşhur” müəlliflərimiz ya dünya ədəbiyyatından tamamilə bixəbərdirlər, ya da 2 min il bundan öncə yaşayıb-yaratmış mütəfəkkirlərin intellektual mülkiyyətini mənimsəməkdə qəbahətli heç nə görmürlər. Hər iki hal onlar üçün böyük ayıbdır! Axı antik ədiblərin yaradıcılığı hansısa dövlət qurumu tərəfindən intellektual mülkiyyət kimi rəsmi şəkildə qorunmursa, bu hələ heç kimə onu oğurlamağa əsas vermir. Bu yaxınlarda tanınmış filoloq-alimlərimizdən birinin yazısında antik aforizmi bəh-bəhlə öz adına çıxarmasını görəndə, açığı, bilmədim gülüm, yoxsa ağlayım… amma yenə də bunlardan heç birini etmədim, əvəzində bu yazını yazmaq qərarına gəldim. Məncə atalarımızın məscid qapısı və itin vicdanı ilə bağlı məşhur aforizmi burda lap yerinə düşər və bəzilərinin pozulmuş yaddaşını təzələyər... Axı 2500 ildən artıq yaşı olan yazılı dünya ədəbiyyatından az-çox xəbərdar olan hər kəs yaxşı bilir ki, orada həyatımızın bütün sahələrinə aid ən müxtəlif hikmətli fikirlərə rast gəlmək mümkündür və normal bəşəri dəyərlərin daşıyıcısı olan müasir yazar yaradıcılıq prosesində ağlına hansısa yeni bir fikir gəldiyini iddia edirsə, ilk növbədə zəhmət çəkib onun orijinallığını dəqiqləşdirir, üstəlik araşdırmalardan sonra orijinallığı ortaya çıxarsa belə, onu böyük ehtiyatla öz adından təqdim edir. Bir gün bizə də aforizmləri bu tərz təqdimetmə mədəniyyətinin gələcəyinə bəslədiyim ümidlərlə...


Müəllif: Etibar Kərimli

Oxşar xəbərlər