Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub.
-nın məlumatına görə, I vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülən işlər barədə Mehriban Əliyevaya məlumat verib.
Bildirilib ki, bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb.
Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim – professor, Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri, Xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillərinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb. Həmçinin son iki ildə məktəbin 25 şagirdi beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar – saksofon, fleyta və trambon üzrə qalib olanlardır. Bu gün musiqi məktəbinin məzunları Simfonik, Kamera orkestrlərində ifa edirlər, Musiqi Akademiyasında fəaliyyət göstərirlər. Vətəni Azərbaycanla hər zaman fəxr edən Mstislav Rostropoviç etiraf edirdi ki, onun enerjisinin sirri – genetika və Bakı iqlimindədir. Azərbaycana olduqca bağlı olan dahi musiqiçinin xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Musiqiçinin vətənində onu yad edir və sevirlər. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatirə yerləri var. Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalının keçirilməsi də bir ənənəyə çevrilib. Leopold və Mstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəbi isə bu dahi sənətkarın xatirəsinə hörmətin daha bir təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzulayıb.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib.
Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezidentə məlumat verdi ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açır.
Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binasının tikilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada “Azərbaycan filmləri” həftələrinin də keçirilməsi planlaşdırılır.
Əvvəllər Maştağa Mədəniyyət Evi adlanan bu Mərkəzin əsası 1921-ci ildə qoyulub. O dövrdə görkəmli teatr xadimlərinin tamaşaları Bakının bütün kənd və qəsəbələrində olduğu kimi, Maştağada da maraqla qarşılanır, orada yaradılan dram dərnəyinin hazırladığı tamaşalara böyük axın müşahidə olunurdu. Tezliklə bu tamaşaların sorağı Maştağa ilə yanaşı, Bakının digər kəndlərindən - Bilgəh, Nardaran, Buzovna və Mərdəkandan gəlməyə başladı, bununla da əhali arasında geniş mədəni-maarif işlərinə start verilib.
Ötən əsrin 50-ci illərindən başlayaraq bu mədəniyyət evinin fəaliyyəti daha da genişlənib, burada xalq çalğı alətləri ansamblı, həmçinin Poeziya Teatrı yaradılıb. 1980-ci illərdə isə Maştağa Mədəniyyət Evi klassik poeziya həvəskarlarının toplaşdığı əsas məkanlardan birinə çevrilib. Burada yaradılan müxtəlif studiyalarda musiqiçilərin çıxışları əhali arasında böyük populyarlıq qazanıb. O dövrdə burada Üzeyir Hacıbəylinin 100 illiyi münasibətilə “Leyli və Məcnun” əsəri səhnəyə qoyulub. 1987-ci ildən bu mədəniyyət ocağında Kukla Teatrı da fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verib.