Xəbər verdiyimiz kimi, türkiyəli məşhur aktyorlar Barış Arduç, Elçin Sanqu və Cengiz Bozkurt paytaxtımızın qonağı olub. Məşhurlar dünən Nizami Kino Mərkəzində keçirilən “Mutluluk zamanı” filminin qala gecəsində iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, böyük maraqla qarşılanan təqdimat gecəsinə aktyorların fanatları axın edib. Yüksək səviyyədə təşkil olunmuş gecədə hər kəs Barış Arduç və Elçin Sanqu ilə şəkil çəkdirmək üçün yarışıb. Göz yaşları ilə yaddaqalan qalada şəkil çəkdirmək fürsətini əldən verən xanım fanatlar hisslərinə hakim ola bilməyiblər. Qışqırıqların və alqışların sədası ilə zala daxil olan sənətçilər daha sonra mətbuat konfransı keçirib.
Jurnalistlərin suallarını cavablayan cütlük filmdən və çəkilişlərdən danışıb. Onlar “Tamaşaçı bu cütlüyü iki mövsüm eyni serialda görmüşdü. Təkrar eyni cütlük olaraq filmə çəkilmək sizə tərəddüd yaşatmadı? Və inandığınız bu proyektin kassa gəlirləri gözləniləni qarşıladı?” sualına isə belə cavab verib:
Barış Arduç: “Elçinlə əvvəllər bir çox layihələrdə olmuşuq. Bu səbəbdən işimiz yüngülləşib. Bərabər olaraq 5 həftə gözəl günlər keçirdik, çox əyləndik. Yaxşı bir film ortaya çıxdı və sonda sevdiyimiz və istədiyimiz Azərbaycana gəldik. Serialın da, filmin də rejissoru eyni adam idi deyə, bizim ayrı obrazları yaratmağımıza kömək etdi. Filmi izləyənlər görəcək ki, bizim obrazlarımız oxşar deyil. Kassa işinə gəldikdə isə bir çox qayğılardan əl çəkib, işimizə diqqət ayırmışıq. Gələn tənqidlər, müsbət fikirlər yaxşı bir iş gördüyümüzü göstərir. Etdiyimiz işə görə çox xoşbəxtdik. Yaxşı ki, bu filmə çəkilmişik”.
Elçin Sanqu: “Bizim də xətalarımız, qüsurlarımız var. Bunu tamaşaçı da görür. Kassanın bizim üçün önəmi yoxdur. Hansısa mənfəətlə bu işi görmürük. İşimizi sevgi ilə yerinə yetirməyə çalışırıq. Əmək xərcləyirik, qarşılığını alırıq, almırıq orası artıq tamaşaçıların bildiyi bir işdir".
Bakı haqqında da ağızdolusu danışan aktyorlar paytaxtımızı çox bəyəndiklərini bildiriblər:
“Gördüyümüz görüntüyə inana bilmirik, o qədər gözəl şəhərdir ki, çaşıb qalmışıq. Avropa ölkələrindən heç bir fərqi yoxdur. Elə bil ən yaxşı Avropa şəhərlərini bir yerə yığıblar. Memarlıq, insanların qonaqpərvərliyi çox əladır. İçərişəhəri gəzdik. Orada düşbərə, qutab və adını bilmədiyimiz bir çox yeməklər yedik. O qədər ləzzətli idi ki, adını soruşmadıq”.
Mətbuat konfransı zamanı Barış Arduça ünvanlanan “Sizi azərbaycanlı və türkiyəli qızlar çox sevir deyə beləsiniz? Yoxsa, naturanız belədir? Bir az sadə ola bilərsiniz?” sualı aktyoru çətin vəziyyətə salıb. O, “Özündən razı görünürəmsə, üzr istəyirəm. Ancaq belə deyiləm” cavabını verib.