25 Aprel 2014 16:19
4 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Xuraman Hüseynzadənin yeni şeirlərini sizə təqdim edirik.

Depressiya

ağladım
çəkildi gözlərimin suyu
qışda axşam düşüncə
çöllərdən əl-ayaq çəkilən kimi...
yalquzaq yalqızlığı bürüdü içimi
bir kitab oxudum
və unutdum
yazıçının
üz qabığındakı şəkilinin üzünə
baxa bilmədim, bilmədim...

təzələdim qarderobumu
və həyata baxışımı...
hündürdaban ayaqqabılar aldım
boyum bir az da uzandı
həqiqətdən bir az da uzaqlaşdım...
gözlərimi geniş açdım
pislərin yaxşı əməllərini görmək üçün
yaxşıların pis əməlini lap çox gördüm amma-
pislərə yaxşılıq etmiş və
zəhmətlərini toz basmışdı-
unudulmuşdular...

bir salonda öldü zaman-
saçımı kəsdirdiyim an
bu məlun depressiyadan
çıxa bilmədim, bilmədim...

pəncərədən görünən
çılpaq ağacların rəsmini çəkdim
ağaclar üşüdü vərəqdə
zəng gəldi telefonuma...
sonra günəş doğdu ağ vərəqdə
qışın oğlan çağında
çılpaq ağacların başı üstündə
gülümsəyən günəşdən
qorxa bilmədim, bilmədim...

Rabiyə

Sudanın əl içi boyda qəsəbəsində
doğulmusan Rabiyə
dərdin dünya boyda...
yaşın 14 olar bəlkə də
hər gecə yuxuna
çörək, süd, yumurta girir
bir də isti çörəyin qoxusu...
hər gecə yatağa ac girən birisi
başqa nə görə bilər yuxusunda
qara gözlərindən süzülən yaşlarla
üzünün kiri getmir
min-min dərdin var Rabiyə
qoşulub sel olan göz yaşlarına
minindən biri getmir.

atan acından öldü
anan dərddən havalandı
qardaşını iş istəyir deyə güllələdilər
eviniz yandı
sən sağ qaldın dünyanın üzünə tüpürməkçün...

qonşumuz Xeyransadan
soruşdum səni
həmən qızı görsən tanıyarsanmı-dedim
nişanələrini saydım
əlləri, dizləri yaralı
səsi qəhərə məğlub
dodaqlarına gülüşü
yasaqlamış dərd-qəm...
Mən o şəhərə getmirəm -dedi-
Dubaya gedirəm.

Nə sən, nə vətən...

nə sən keçirsən ağlımdan
nə də vətən bu aralar...
qonşuda körpə ağlayır
nə dil qanır, nə də ağız-
Allah bilir, nə dərdi var.

iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
“Allah səni xoşbəxt eləsin!”

bulvarda
bircə hava alanda
əlimin cibimə ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı hesablayıram
kredit borclarımızı
ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən qaralır...

yolpulu qalxır deyirlər
bir dilim çörək az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan yollar
yenə cibimizi sağır
yenə qanımızı içir
addımlarım
daş kimi düşür
asfaltın başına
evə dönürəm ağır-ağır

nə sən keçirsən ağlımdan
nə də vətən...


Müəllif:

Oxşar xəbərlər