22 Dekabr 2017 09:27
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizdə çəkilən komediya filmlərindən yalnız “Oğlan evi”ni film saymaq olar. Qalanları film deyil.

Bu sözləri Teleqraf.com-a müsahibəsində tanınmış rejissor Kənan Mahmudov (MM) deyib. Müsahibəni təqdim edirik.

- Neçə vaxtdır ki, dram filmləri çəkməkdə israrlısız. Bu janrda ard-arda filmlər çəkdiz. Nə əldə etdiz? Həm maddi, həm mənəvi. Razı qaldınızmı qazandıqlarınızdan?

- Mən elə bir insanam ki, heç bir zaman pul dalınca qaçmıram. Qəlbimin səsinə güvənib iş görürəm və pul özü məni tapır. Bu filmlərdən maddi baxımdan heç bir şey əldə etmədim. Amma heç vaxt bu filmləri “mən çəkmişəm” deməkdən utanmayacam. Elə filmlər çəkmişəm ki, Yutubda yox, ürəklərdə, yaddaşlarda qalacaq. Mən duyğusal insanam, insanların hislərinə toxunmağı yaxşı bacarıram, nə etdiyimi də yaxşı bilirəm. İndi bu ölkədə məni anlayanlar azdırsa, nə edə bilərəm? Qazanc məsələsində də fərqli düşünürəm. İnsanlığıma və sənətimə ləkə gətirməyim, qalan şeylərə şükürlər olsun.

- Hər dəfə komediya filmlərini tənqid edirdiz. Şikayətlənirdiz ki, ciddi filmlərə o qədər maraq yoxdur, əsl sənət bir kənarda qalıb, amma komediya filmləri sevilir. İndi özünüz də “Dəmir qazan” adlı komediya filmi çəkdiz. Bu o deməkdir ki, artıq sənəti bir yana qoyub, gəlir haqda daha çox düşünürsüz?

- Mən çəkdiyim komediya filmi deyil, yəni ki, film deyil. Bizdə çəkilən komediya filmlərindən yalnız “Oğlan evi 1”-i film saymaq olar. Qalanları film deyil. Sadəcə, gülməli səhnələr var. Soruşsaz ki, bəs, nə üçün belədir? Vallah-billah, tamaşaçılar belə istəyir. Sosial şəbəkələrdə öz hesabımdan iki filmimi, “Gecə qonağı 2” və “Dəmir qazan”nı paylaşdım. “Dəmir qazan” o birindən 20 min dəfə çox izləndi. Heç mən də bilmirəm niyə. Haçan bu sualın cavabını tapsam, mənə halaldı. Tamaşaçıya ən çox nəyi çəkib göstərsələr, onu da istəyəcək də. Biz də onlara “xaxaxa-xixixi”ni təqdim edirik. Belə film çəkənləri də başa düşürəm, pul da qazanmaq lazımdır.

- Təbii ki, gəlir haqda düşünmək də sizin haqqınızdır. İstənilən peşə sahibi gördüyü işin qarşılığında pul da qazanmaq istəyər. Bəs, hansı filminizdən daha çox gəlir götürdüz? Dram, ya komediya?

- Hələ ki, “Gecə qonağı 2” filmim daha çox gəlir gətirir. Mən bu filmimə görə, iki filmimi “Gecə qonağı 1”-i və “Qayıdış”ı qurban vermişəm. Yəni bu iki filmdən heç nə qazanmadım. İnanırdım ki, nə vaxtsa tamaşaçılarla bir-birimizi başa düşəcəyik. Deyəsən, yavaş-yavaş alınır.

- Əgər ciddi rəqabətə qalsa, bu gün hansı rejissorlar sırf ciddi film sahəsində sizə uduzarlar? Varmı özünüzə rəqib gördüyünüz kimsə?

- Ciddi rejissor deyəndə ağlıma ilk olaraq Rövşən İsax gəlir, başqa heç kəsdən çəkinmirəm.

- Nə üçün film festivallarına göndərə biləcəyiniz filminiz yoxdur? Niyə festivallar üçün də film çəkmirsiz?

- “Qayıdış” filmi iki il öncə Alanya Film Festivalında iştirak etdi. Və zalda heç kəs ağlamaqdan utanmadı. Sağ olsun, şou-biznes yazarları, başları müğənnilərin evlərinə, maşınlarına qarışdığı üçün bu haqda yazan olmadı. Qınamıram, onlar üçün sənət maraqlı deyil.

- Nə qədər büdcə lazımdır ki, Azərbaycan filmi də dünyaya çıxa bilsin?

- Filmin dünyaya çıxmağı üçün filmdən əlavə siyasi dəstək də lazımdır. Tək kino ilə heç nə etmək olmaz...

- Dəstək olduğunuz gənclər var idi, sonradan sizin əleyhinizə çıxışlar etdilər. Nə etmisiz ki?

- Boş ver, mən belə şeylərə üzülmürəm, əslində. Heç təəccüblənmirəm də. Əksinə, sevinirəm. Sevinirəm ki, mən onlar kimi deyiləm.

- Bir incəsənət adamı kimi, ölkəmizi hansı filminizlə xaricdə təmsil edə biləcəyinizi düşünürsüz? Yəni, bu günə qədər çəkdiyiniz filmləri başqa film festivallarının laureatı kimi görürsüzmü?

- İndi hamı “Ayla” filmindən danışır. Bizdə bu cür real hadisələr bilirsizmi nə qədərdir? Bilirsizmi nə qədər Aylamız, Sevdamız, Nigarımız var? Elə Ramil Səfərovun bir baxışı filmdir. Amma niyə festivallar üçün filmlər çəkə bilmirik, buna mən cavab verə bilmərəm. Bu mənim həddim deyil. Mənə dedilər çək, çəkmədim?

- Vətənpərvər birisiz. Gələcəkdə hansı tarixi şəxsiyyətimiz və ya milli qəhrəmanımız haqda film çəkmək istərdiz?

- Yaralı yerimə toxundun... Şah İsmayıl Xətai və Mübariz İbrahimov haqda film çəkmək istərdim.

- Bu gün istedadına ən çox güvəndiyiniz gənc aktyor və aktrisalar kimlərdir?

- Hərdən mənə deyirlər ki, flan aktyoru, aktrisanı sənə görə tanımışıq. Əslində, mən onları tanıtmaq üçün heç nə etməmişəm. Onların istedadı olmasaydı, tanınmazdılar. İstedadlara qalanda, imkan olsa, Burak Özçivitdən gözlərini çəksinlər, Azərbaycana baxsınlar, Tural Əhmədi, Hikmət Rəhimovu, Anar Heybətovu və Rəşad Kəsəmənlini görsünlər. Bunlar bizə bəs edər...


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər