Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, xalq artisti Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə görkəmli rejissorun həyat və fəaliyyətindən, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.
1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.
Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). İkinci Dünya müharibəsində iştirak edib.
Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” və sair əsərlərini tamaşaya hazırlayıb.
Tədbirdən sonra Tofiq Kazımovun xatirəsinə həsr olunan “Ölülər” tamaşası təqdim olunacaq.
Tamaşada görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.