29 Yanvar 2018 20:59
2 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilçi alim Şahlar Göytürkün fikirləri dilçilər arasında mübahisəyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Şahlar Göytürkün “Biri deyir -iyyat, -iyyət ərəb mənşəlidir, o biri də deyir ki, ərəb dilində belə şəkilçi yoxdur. Yazıq Ana dilim!” yazmağı digər dilçilərlə mübahisəyə səbəb olub.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli məsələyə münasibət bildirərkən deyib ki, layihədə yazıblar ki, "-iyyət" şəkilçidir. Və şəkilçini də ixtisar edirik...

Şahlar Göytürk Qulu Məhərrəmlinin bu fikirlərinə etiraz edib: “Düz yazılıb. Şəkilçi olmağına şəkilçidir, amma ərəbin deyil. Özümüz kontaminasiya yolu ilə yaratmışıq, özümüz də cilalayırıq. Hərf sözü sözdən fərqləndirmirsə, onu yazıda saxlamağa ehtiyac yoxdur, necə ki, siz işə tövhə verməyən adamlarla birgə işləmək istəməzsiniz”.

Qulu Məhərrəmli isə alimləri günahlandırıb: “Görünür, o zaman alimlərimizin yaşlı vaxtına düşüb və yaxşı kontaminasiya eləməyiblər”.

Filologioya elmləri doktoru, professor Firudin Cəlilov Şahlar Göytürkün fikirləri ilə razılaşıb və qeyd edib ki, dilin səs quruluşu ekonomiya (qənaət) biçimi ilə inkişaf edir, ancaq bunu neçə dilçi bilir:

“Neçə dilçi "Morfonologiya" kitabını oxuyub, dilin daxili inkişaf mexanizmini öyrənib? Bəlkə, barmaqla sayılası qədər. Hətta, Türkiyədə bu kitabı 20 il ayrı-ayrı dilçilər tərcümə etməyə çalışdılar, bacarmadılar, çünki Türkiyədə dilçilik elmi bizdən çox geridə qalıb. İndi bizdə hər yerindən duran fikir söyləyir, a bala, öncə get orfoqrafiya elminin üç prinsipini öyrən, sonra gəl söz de. Bizim yazı kurallarımız, orfoqrafiya bütün türk dillərindən üstündür, bu üstünlüyü saxlamaq üçün dilin daxili inkişafına mane olan qüsurlar aradan götürülməlidir. Bu qədər bəsit. İngilis yazısını örnək verənlərə isə ancaq yazığım gəlir, sözü 12 hərflə yazıb, 6 səslə oxuyan yazı kültürü təriflənir, amma bilmirlər ki, ingilis dili kimi dillər 500 il ərzində tanınmaz dərəcədə dəyişir, əgər yazı gələnəyini də dəyişsələr, heç bir ingilis Şekspiri oxuya bilməz”.

Daha sonra Qulu Məhərrəmli burada psixoloji məqamların çoxluğunu, bir də layihənin ictimaiyyətə təqdimatının çox uğursuz olduğunu deyib: “Əslində, layihə özlüyündə normaldır (80-85 faiz əvvəlki qaydalardır), sadəcə, yeni təklif olunan 22 və 37-ci maddələr məncə, linqvistik baxımdan güclü əsaslandırılmayıb, mən burada vahid, əsaslı və qaneedici prinsip görmürəm, yəni dağınıqlıq və məntiqsizlik var. Təbii ki, başqaları bir az fərqli baxır. Nəzəri fikirlər dil praktikası ilə uzlaşmayanda belə mübahisələr olur”.

Şahlar Göytürkün fikrincə isə bu layihə kifayət qədər uğurludur: “Qulu müəllim, nəzərə alınmalıydız ki, "Orfoqrafiya qaydaları” hələ layihə mahiyyəti daşıyır və ictimai müzakirəyə verilib. Layihə mükəmməl olsaydı, o zaman ictimai müzakirəyə də ehtiyac olmazdı. Düşünmürəm ki, layihənin təqdimatı uğursuz olub. Fikrimcə, ziddiyyətlər əsasən milli düşüncə ilə bağlıdır. O fikirlə razıyam ki, bəzi maddələr linqvistik baxımdan mükəmməl əsaslandırılmayıb. 22 və 37-ci maddələrə gəlincə, bu təklifləri praktik baxımdan və Türk dillərinin inteqasiyası baxımından çox uğurlu hesab edirəm”.

Dilçi Nabatali Qulamoglu isə, həmkarlarını praqmatik prinsiplər axtarmağa səsləyib: “Hörmətli dilçilər, əzizlərim, buraxın bu ərəb dilinin dərinliklərini. Artıq dil haqqında müzakirələr palçığa batmış maşına bənzəyir - hərəkət etmək istədikdə təkər yerində fırlanaraq daha dərinliyə düşür. Yanaşma bucaqlarını dəyişin, praqmatik prinsiplər axtarın”.

Qeyd edək ki, Dilçilik İnstitutu tərəfindən nəşr edilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ilə bağlı mübahisələr hələ də davam edir.


Müəllif: Cabbar

Oxşar xəbərlər