“İnsanlarda bir fikir formalaşıb, sanki bütün mənfi xüsusiyyətlər meyxanaçılara məxsusdur”.
Bu sözləri Teleqraf.com-a müsahibəsində son zamanlar maraqlı ifa tərzi və mahnıları ilə böyük izləyici kütləsi toplayan Aydın Sani deyib. Müsahibəni təqdim edirik.
- Aydın Sani kimdir və tanınana qədər nə işlə məşğul idi?
- Meyxana mənim ilk sənətim, ilk məşğuliyyətim olub. O vaxtlar çox məclislərə düşə bilmədiyim üçün, kiçik bizneslə məşğul olmağa başladım. Bu yolla özümü maliyyələşdirə də bildim. Gerisi isə hər kəsin bildikləridir, sənətlə məşğulam.
- Niyə məhz Sani təxəllüsü?
- Bu barədə çox soruşurlar, bilməyənlər üçün bir daha deyim. Deməli, meyxana həvəskarlarının yaxşı tanıdığı Aydın Xırdalanlı ilə eyni məclisə düşəndə, deyişmə zamanı maraqlı məqamlar olurdu. Mən ona deyirdim ki, sən Aydını belə edərəm, o mənə deyirdi ki, sən Aydını belə edərəm. Qulaq asanlar da çaş-baş qalırdı ki, Aydın bunlardan hansıdır? İzah edirdilər ki, Xırdalanlı Aydın, ikimiz də Xırdalanlıyıq, yenə qaranlıq qalırdı. Deyirdilər ki, mömin olan Aydın, ikimiz də mömin idik, yenə heç nə başa düşmürdülər. Deyirdilər ki, saqqallı olan, ikimiz də saqqal saxlayırdıq, bu da bir nəticə vermirdi. Nəhayət aramızdakı fərqi tapdılar. Birimiz hündür, o birimiz bəstəboy olduğuna görə, bizi belə fərqləndirirdilər. Bu da xoşagələn hal deyildi. Bundan sonra kəndimizin axundu həm də tanınmış şair Azər Saniyə bu barədə danışdım, dedi sən də Sani təxəllüsünü götür. Dedim niyə? Dedi ki, o vaxt Buzovnada bir Azər də var idi, mən də şeir yazırdım, o da. Bizi fərqləndirmək üçün ona Azər Əvvəl dedilər, mənə də Azər Sani. Sani də ərəbcə ikinci deməkdir. Çoxu elə bilirdi ki, Azər Sani ustadım olduğuna görə onun təxəllüsünü götürmüşəm, ancaq əslində məsələ belədir.
- Səni necə təqdim etmək lazımdır, müğənni, yoxsa, meyxanaçı?
- Əslində, nə müğənniyəm, nə də meyxanaçı. Meyxana ilə musiqi arasında bir cığır var, buna şanson musiqi və ya müəllif mahnıları deyirlər. Yəni sözü və musiqisi özünə məxsus olan mahnıları özün də ifa edirsən. Mənə bəzən nəğməkar şair də deyirlər. Yəqin bilirlər ki, əslində, mən qələm əhliyəm, ona görə belə də təqdim edirlər. Ancaq bu yaxınlarda kanalların birində qonaq idim. Çıxışım zamanı məni ifaçı kimi təqdim etmişdilər. Mənə elə gəlir ki, elə ən gözəl təqdimat da bu ola bilərdi, yəni ifaçı.
- Artıq meyxana meydanlarında görünmürsüz, səbəb nədir?
- Bu günün meyxanası tam fərqlidir. Maşallah, elə intellekti yüksək cavanlar var ki, bir söz deyərlər, istədiyin kimi cavab verə bilmərsən, qalarsan kölgədə. Meyxana 5-6 saniyədə yerindəcə cavab verməyi, fəallığı, önə çıxmağı sevir. Hamı üçün maraqlı olur ki, bu gün toyda hansı meyxanaçı daha aktiv idi. Ona görə də, artıq nə meyxanaya həddən artıq yaxın, nə də uzaq olmaq istəyirəm.
- Bir ara yazdığınız qəzəllərlə də gündəmdə idiz. Yenə yazırsızmı?
- Həmin dövrün mütaliə etmək tempi qalır, hələ də oxuyuram, öyrənirəm. Ancaq yazmaq tempi çox aşağı düşüb, həmin məhsuldarlıq qalmayıb. Bəlkə də yenə diqqət və vaxt ayırsam, əvvəlki kimi yaza bilərəm. Sadəcə, o yazıları kapitala çevirmək mümkün deyil. İndi məqsədim budur ki, əruz vəznində yazılan şeirləri, qəzəlləri muasir musiqi ilə sintez edib, dinləyicilərə təqdim edim. Necə ki, bu eskprimentləri İlqar Fəhmi qəzəllərində edir, mən də musiqidə etmək istəyirəm.
- Bu gün meyxananın ən ciddi problemi nədir?
- Bu gün meyxana üçün elə də ciddi problemlər, maneələr yoxdur. Efirlərdə vaxt da ayırırlar, müsabiqələr də keçirirlər. Sadəcə, bəzi meyxana məclislərinə baxanda görürük ki, o qədər qafiyələr deyilir, 5-6 meyxanaçıdan birinin sözü yadda qalır. Ancaq istərdim ki, hər məclisdə, hər meyxanaçının heç olmasa bir neçə sözü yadda qalsın.
- Meyxana əyləncə xarakterli sənət hesab olunmalıdır, yoxsa, maarifləndirici tərəfləri də var?
- Əlli-əlliyə deyərdim, hər ikisi var.
- Bu gün meyxanaçıların intellekti hansı səviyyədədir?
- Elə o da əlli-əlliyə olar. Mən bu işin içində olmasaydım, ancaq yaxşıları görə bilərdim və deyərdim ki, hər şey normaldır. Ancaq bu işin içindəyəm deyə, bilirəm, yaxşılar da var, pislər də. Bu gün istedadlı meyxanaçılar var ki, intellektləri çox yüksəkdir. Hətta bəzi qocaman meyxanaçılar səri bəhrində normal meyxana deyə bilmədiyi halda, o uşaqlar 28, 30 hecalıq bəhrlərdə rahat şəkildə meyxana deyirlər.
- İnsanlarda bir fikir formalaşıb, sanki bütün mənfi xüsusiyyətlər meyxanaçılara məxsusdur. Bunun səbəbi nədir?
- Mənim üçün də həmişə maraqlıdır ki, niyə bu mənfi xüsusiyyətləri ancaq meyxanaçılara aid edirlər? Bəyəm belə mənfi xüsusiyyətlərə malik adamlar müğənnilər, idmançılar arasında yoxdur? İstənilən sahədə var. Sadəcə, nədənsə bu məsələləri meyxanaçılarla əlaqələndirirlər. Xəzər, sən özün də qələm əhlisən və bizim sahədə olan adamlarla da yaxınlığın var, yəni kənar adam deyilsən, bilirsən ki, biz nə o pis vərdişlərə meyl etmişik, nə də pis xüsusiyyətləri olan adamlarla yaxın olmuşuq. Hətta elə adamlara məsləhətlər də vermişik ki, bu yoldan qayıt, bunun axırı yoxdur, bədbəxtlikdir, ölümdür. Ancaq nə edək bilərik, belə adamlar hər sahədə var. Tutaq ki, bu gün Xəzər Süleymanlı şeir yazır, deməli, hansısa narkotik vasitənin təsiri altında yazır? Əlbəttə ki, xeyr. Ətrafda o qədər gözəlliklər var ki, onlar görmək üçün ayıq baş, pak niyyət və yaxşı istedad olmalıdır. Yazmaq üçün bunlardan gözəl nə ola bilər ki?
- Bayağı musiqi ilə meyxananın fərqi nədir?
- Musiqinin adında bir ağırlıq var da. Bizim millətdə bir fikir də formalaşıb, nə qədər bayağı musiqi olursa-olsun, dinləməyə hazırdırlar, nəinki meyxana. Bir də görürsən, məclislərdə yaxınlaşırlar ki, “muzikalni meyxana” deyin. Mən hələ də anlamıram ki, “muzikalni meyxana” necə olur. Belə musiqilərə tələbat da var. Bir alim deyir ki, sən kütləyə göstərmə ki, halal-haram nədir, burax özbaşına qalsınlar. Hamısının dadına bir-bir baxacaqlar, sonda biləcəklər ki, nə ziyandır, nə xeyirdir. Bu məntiqlə yanaşsaq, kütləni özbaşına buraxmaq lazımdır. Qoy bütün musiqiləri dinləsinlər. Axırda anlayacaqlar ki, onlara nə lazımdır.
- Belə başa düşdüm ki, artıq meyxana da bayağılaşıb.
- Bəli, elədir, bayağılaşıb. Ancaq bu, çox da gözə çarpmır. Ona görə ki, meyxana Filarmoniyadan çayxana səviyyəsinə enməyib, çayxanalardan Filarmoniya səviyyəsinə qalxıb, böyük səhnələrə çıxıb. Hətta başqa ölkələrin konsert salonlarına da ayaq açıb. Bu da bir nəfərin əziyyəti deyil, yüzlərlə insanın əziyyətinin nəticəsidir.
- Son vaxtlar meyxanaçılar oxumağa daha çox üstünlük verirlər. Bu ehtiyac, tələbat haradan yaranır?
- Yaxşı sualdır. Bəzən olur ki, muğama qulaq asıram. Öz-özümə deyirəm ki, kaş, burasını elə yox, belə oxuyaydı, kaş bu sözü elə yox, belə deyəydi. Bu o demək deyil ha, mən musiqiçiyəm, sadəcə, hissiyyatım var. Və düşünürsən ki, belə asandırsa, o zaman o düşündüklərini özün elə. Beləliklə, bacarığın varsa, alınırsa, olursan ifaçı.
- Meyxanaçıların ustadı olur. Bəs sənin ustadın kim olub?
- Məsələn, mən kimdənsə səhnədə necə davranacağımı öyrənirəmsə, ustadımdır. Harda, necə oxuyacağımı kimsə izah edirsə, o da ustadımdır. Bu gün mən hər hansı bir meyxanaçıdan nəsə öyrənirəmsə, elə o da mənim ustadımdır. Bunun da kateqoriyası olmur ki... Ancaq yazdıqlarımı ən sonda Azər Sani ilə müzakirə edirəm. Deməli, ustadım Azərdir. Ustad bildiyim adamlardan biri də Elxandır. Onu da meyxana həvəskarları yaxşı tanıyır, o da xırdalanlıdır. Ondan da öyrəndiklərim çox olub.
- Bayaq dedin ki, Aydın Xırdalanlı ilə çox məclislərdə olmusuz, ancaq hər kəsə bəllidir ki, narkotikə bağlılıq onu tamam əldən salıb. Ətrafındakı dostlar onu bu vəziyyətdən xilas etmək üçün, təşəbbüs göstərirlərmi?
- Çox olub. Ancaq gərək insanın öz iradəsi də olsun. Aydın elə bir insandır ki, özü qazananda istəyib ki, yanındakılar da qazansınlar. O bir balaca üzüləndə, bütün meyxanaçı dostlarının ürəyi ağrıyıb. Hamı onu çox istəyir. Ümid edək ki, Allahın köməyi ilə sağlam həyata geri dönəcək. O qədər belə insanlar olub ki, sağalıblar.
- Minlərlə insanın sevdiyi meyxanaçılardan biri də Məşədibaba idi. Ona görə ki, həm hazırcavab idi, həm də savadlı meyxana deyirdi. Aydın Xırdalanlı da həmçinin. Niyə bu adamların həyatı belə oldu? Biri özünü yandıraraq intihar etdi, biri də hazırda əzab çəkə-çəkə yaşayır.
- Bu barədə düşünmüşəm, deməli, dünyasını dəyişən bir neçə meyxanaçı var ki, ölümləri faciəvi şəkildə olub. Öz əcəli ilə dünyasını dəyişənləri demək olar ki, eşitməmişəm. Bir çoxu muxtəlif qəzalarda həlak olublar. Bu, başqa mövzudur. Ancaq sırf Məşədibaba və Aydının yaşadıqlarını götürsək, bunu belə izah edərdim. İstənilən peşənin sahibi öz peşəsinin pik nöqtəsinə çatsa, onun üçün həyatın heç bir mənası qalmayacaq. Məsələn, bir milyonçunun övladı yazmışdı ki, mən bu həyatda hər şeyin dadını, ləzətini bildim, artıq nə istədiyimi bilmirəm, bircə ölümdən başqa. Və sonra intihar etmişdi. İndi bu məntiqlə yanaşsaq, bizi ayaqda saxlayan, stimul verən əsas səbəblər arzulardır. Nə qədər ki, arzular var, insanlar da yaşamaq istəyirlər. Yaxşı ki, arzular bitib-tükənmir. İndi mən belə düşünürəm ki, Məşədibaba da, Aydın da sənətin pik nöqtəsinə çatdılar. Artıq onlar üçün əldə edə biləcəkləri başqa şey qalmadı. Bu da belə bir faciəvi sonluqla nəticələndi.
- Bir dəfə daha bir tanınmış meyxanaçı Mehman Əhmədli demişdi ki, mama uşaqları meyxanaya qulaq asa bilməzlər, onlar Şopenə qulaq assınlar. Bu yanaşma nə dərəcədə doğrudur?
- Ümumiyyətlə, meyxana dinləmək istəyən insanlar üçün heç bir sərhəd yoxdur. Kim istəsə, dinləyə bilər. Bir dönəm var idi ki, fərqli saç düzümü, fərqli geyim, fərqli danışıq tərzi təzə-təzə yayılırdı. Artıq əks cinsə həsr olunan mahnılar, meyxanalar öz yerini tənqidi mövzulara vermişdi. Hər kəs düşmüşdü müasirlik adı altında öz imicində müəyyən yeniliklər, dəyişikliklər edən cavanların üstünə. Hətta “şampunçik” deyilən bir ifadə də meydana gəlmişdi. Açığı, mənasını bilmirdim, ancaq bilirdim ki, bu ifadəni necə insanlara deyirlər. Belə görkəmli insanlara meyxanalar yazılırdı, tənqid edirdilər. Məntiq də bu idi ki, kişi belə saç daramaz, belə geyinməz, sırğa taxmaz və s. Ancaq bu mövzular elə o dövrdə də qaldı. Artıq kim necə istəyir, elə geyinir, elə də danışır. Bu gün kimsə kiməsə deyə bilməz ki, bu nə geyimdir, bu nə saç düzümüdür? Desən də, sözünün heç bir effekti olmayacaq. Sən onu dəyişə bilməyəcəksən. Qaldı ki, Mehmanın fikrinə, o dönəmlər olsaydı, hardasa razılaşardım. Ancaq bu dövr üçün qətiyyən keçərli deyil.
- Deyək ki, kimlərinsə geyim tərzini filan tənqid edirlər. Bəs niyə bu gün ən məşhur meyxanaçılar pis vərdişləri təbliğ edən meyxanalar deyirlər?
- Bilirsiz, pis şeyləri daha çox qabardırlar. Ancaq yaxşı tərəfləri də demək lazımdır. Müqayisə etsək, yenə əlli-əlliyə nəticə görərik.
- Ancaq məncə, əvvəlki meyxanalar daha maraqlı olurdu...
- Razıyam. Məni də bu gün təəccübləndirən meyxanalar çox nadir hallarda olur.
- Bir ara müğənni Damlayla kiçik qalmaqal yaşamışdız, nə ilə bağlı idi?
- Mənə məxsus mahnını ifa etmişdi, ancaq icazə almamışdı. Görüşüb öz aramızda yoluna qoyduq.
- Qarşılığında pul ödədimi?
- Əlbəttə, pul da ödədi, müqavilə də bağladıq.
- Bəs başqa müğənnilər mahnı üçün müraciət edirlərmi?
- Olur, ancaq mən sıfırdan yazdığım mahnını heç kəsə vermək istəmirəm. Ona görə ki, inanmıram hansısa müğənni yazdığım mahnını mənim düşündüyüm, hiss etdiyim kimi ifa edə bilsin. Ona görə əvvəlcə özüm oxuyuram. Müraciət edənlər də belə istəyirlər, məhz öz ifa etdiklərimdən.