14 Fevral 2018 15:50
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün televiziyalarımızda intellekt və mədəniyyət çatışmır.

Bu sözləri Teleqraf.com-a Azərbaycan televiziyasının yaranmasının 62-ci il dönümü ilə bağlı açıqlamasında görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti Vasif Babayev deyib.

O, milli televiziyamıza xidmət edən ilk insanlardandır. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olmuşdu. Öz xatirələrini bizimlə bölüşən xalq artisti bildirdi ki, televiziyaya gəlməsinin ən böyük səbəbkarı, Azərbaycanın görkəmli kinorejissoru Arif Babayev olub:

“Qardaşım Arif Babayev televiziyadakı uğurlu fəaliyyətindən sonra kinostudiyaya dəvət olunmuşdu. Artıq az-çox tanınmış rejissor olduğuna görə, bizim evdə televizor quraşdırmışdılar. Kiçik ekranlı televizor idi. Qonşularımız bizə gələrdi. Hamısı evə yerləşmədiyinə görə, bir gün yarısı gələrdi, o biri gün də yarısı. Özləri üçün cədvəl tutmuşdular ki, hansı gün, hansı adamlar gəlib televizora baxacaqlar.
Məni də televiziyaya Arif Babayev gətirmişdi. 1959-cu ildə televiziyada fəhlə işləyirdim. İnstitutu bitirəndən sonra məni rejissor köməkçisi kimi işə götürdülər. O vaxt ali təhsilliləri hətta rejissor köməkçisi kimi də birdən-birə işə götürmürdülər. Gərək əvvəlcə fəhlə kimi işləyəydin, sonra rejissor köməkçisi, ondan sonra bacarsan, özünü göstərə bilsən, rejissor ola bilərdin. Bəziləri rejissor kimi yoluna davam edirdi, bəziləri isə elə ömrü boyu köməkçi kimi işləyirdi, rejissor ola bilmirdi”.

Televiziyamızın bu günü haqda danışan Vasif Babayev indiki gənclərin universiteti bitirən kimi televiziyaya birbaşa rejissor təyin olunmasını qəbul etmədiyini dedi:
“İndikilər universiteti bitirirlər, təcrübələri olmaya-olmaya televiziyada rejissor kimi işə qəbul olunurlar. Qeyri-mümkünü mümkün ediblər. Son 15-20 ildə belə hallar daha da çoxdur. Bax buna görə də, bu gün televiziya kanallarında intellekt, mədəniyyət demək olar ki, yoxdur. Mədəniyyət sözünü deyəndə isə bir adamı nəzərdə tutmuram. Bu söz rəssamına da, operatoruna da, dekarasiya quraşdıranına da, rejissoruna da, aparıcısına da, diktoruna da aiddir”.

Xatırladaq ki, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. O dönəmlərdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. 1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2003-cü ilin iyunundan Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan Televiziyası müstəqil yayımçı kimi fəaliyyət göstərməyə başladı. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov var idi. Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Nəsimi Nəbizadə, Rafiq Həşimov və başqaları.

Azərbaycan televiziyası 2004-cü ilin fevralından başlayaraq AzTV proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV–Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülüb. 6 noyabr 2013-cü ildə 16:9 təsvir formatlı yayıma keçib. 5 fevral 2018-ci il tarixindən AzTV “Mədəniyyət” kanalı ilə birgə HD formatlı yayıma başlayıb.


Müəllif: Xəzər Süleymanlı