14 Fevral 2018 21:14
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış tele-aparıcı və produser Mirsalam Mirsalamovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Sizi yaxından tanımayanlara özünüzü necə təqdim edərdiz?

- 1998-2002-ci illərdə İqtisad Kollecində oxumuşam. İncəsənətə olan marağım məni 2-ci təhsil almağa vadar etdi. Mədəniyyət meneceri ixtisası üzrə ali təhsil aldım.

- İş həyatınıza tələbəlik illərində başlamısız. O illəri necə xatırlayırsız?

- 16-17 yaşdan əmək fəaliyyətinə başladım. Gətir, götür, apar... Nə deyiblərsə, eləmişəm. İşdən yayınan olmamışam. Elə ilk təcrübəni də Speys televiziyanda keçdim. O zaman daha baxımlı kanal idi. O kanal çox məşhurları tanıtdı. Mən də ordan başladım, müxtəlif televiziya kanallarına keçdim və bu günə gəlib çıxdım.

- Vaxtilə işlədiyiniz tele-kanalların səviyyəsi indi sizi qane edirmi?

- Heç bir tele-kanalı diqqətlə izləmirəm, desəm, yalan olmaz. Evə gedirəm, 2-3 saatlıq istirahət müddətində bütün kanallara göz gəzdirirəm. Rənginə, çəkilişinə, gündəmdə nə baş verir – ötəri baxıram. Marağımı cəlb edəcək yenilik yoxdur.

- ATV telekanalında produser işləyirdiz. Oradan çıxandan sonra efirlərdə az göründünüz. Yoruldunuz göz önündə olmaqdan?

- Yox, ordan çıxandan sonra filmlərin icraçı produseri kimi fəaliyyətimi davam etdirdim. Vaxt qıtlığı işini-özünü göstərməyə imkan vermir. Başqa bir problem də keyfiyyətli kino istehsalçılarının azlığıdır. Lakin bu sahədə də inkişaf gedir.

- Artıq hər kəs bilir ki, “Planeta parni iz Baku”da fəaliyyət göstərirsiz. Yaxın zamanda “Bəxt üzüyü 2” filmini tamşaçılara təqdim etdiniz. Reaksiyalar necədir və sizi qane edirmi?

- “Bəxt üzüyü 2” filminin ərsəyə gəlməsinə kollektiv olaraq ciddi yanaşdıq. Kinoteatrda nümayişi gedir, filmə hələ də baxırlar. Neqativ bir şey eşitmədik.

- “Ölülər XXI əsr”, “Ağanatiq” və “Bəxt üzüyü 2” filmləri arasında fərq nədən ibarət idi?

- Bu filmlərin hər birinin özünəməxsus yeri var. Müqayisə etmək doğru deyil.

- Necə düşünürsüz, filmin uğurlu olması üçün onu reklam etmək lazımdırmı?

- Bəziləri filmi çəkməmişdən 1 il öncə aləmə səs salırlar. Biz komanda olaraq işlərimizi sirr saxlayırıq. Çəkilişlər bitəndən sonra hər kəs bilir ki, film hazırdır və təqdimatı qalıb. Uğursuzluqlar isə tezbazar filmi çəkmək istəyindən irəli gəlir. Camaat görsün ki, film çəkiblər... O cür yanaşma əsasında ərsəyə gətirilən film, əlbəttə, uğusuz olacaq.

- Nə üçün bizdə dram filmlərinə üstünlük verilmir?

- Ailəvi və ya partnyorunuzla kinoteatra filmə baxmağa gedirsizsə, yəqin ki, ağır iş günündən sonra qanınızı qaraltmaq istəməzsiz. Ona görə də komediyaya baxmağa üstünlük verəcəksiz. O ki qaldı bizdə niyə ciddi filmlərə baxılmır sualına, maraqlı, düşündürücü ssenarisi olan filmlərin heç vaxt tamaşaçı problemi olmur.

- Bəzi filmlərdə epizodik rol oynamısız. Peşakar olaraq aktyorluqla məşğul olmağı düşünmüsüzmü?

- Yox, qətiyyən düşünmürəm. Aktyorluq çətin sənətdi. Obraza girmək, sənə tapşırılan həyatı yaşamaq asan deyil. Produserliyi heç bir peşəyə dəyişmərəm. Bu, həm mənim ixtisasımdır, həm də mənə görə digər sahələrdən daha maraqlıdır.

- Müğənnilərin akyorluq etməsinə münasibətiniz necədir?

- Əgər məşhur müğənnidirsə, filmdə çəkilməyini ancaq o şərtlə qəbul edərəm ki, film onun üzərində qurulsun və baş rolda oynasın. Tanınmış müğənniyə ikinci dərəcəli rol vermək düz deyil.

- “Planeta parni iz Baku” komandası olaraq yeni film planlarınız varmı?

- “Bəxt üzüyü 2” filmi bir iş kimi hələ bitməyib. Hələ kinoteatrlarda nümayiş olunur və görüləsi işləri var. Qubada filmlə bağlı imza günü keçirəciyik. Aprel ayında konsertimiz olacaq. Onun hazırlıqlarını edirik.


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər