24 Fevral 2018 09:42
7 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən yazıçı olsaydım, anamın və nənəmin represiyya dövründən bu yana yaşadığı hadisələri qələmə alardım. Yəqin bir gün o hadisələrdən yazacağam.

Bu sözləri Teleqraf.com-a müsahibəsində Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova deyib.

- Bəsti xanım, teatrdakı fəaliyyətinizi hər kəs yaxşı bilir, uğurlu karyeranız var. Ancaq kinolara çəkilmədiz və uğursuzluq yaşadız. Səbəb nədi?.. Yoxsa kimlərsə mane oldu?

- Bir bilsəydim...

- Hələ də bilmirsiz?

- Əlbəttə, bilirəm... Bilirəm kimlər mane olublar. Amma bunları danışmağın mənası yoxdur. Artıq illər keçib, danışmaq istəmirəm. Təbii ki, hər bir aktyor istəyər ki, həm teatrda, həm kinoda, həm də televiziya tamaşalarında iştirak etsin, rol alsın. Sadəcə, mənim teatr fəaliyyətim daha önə çıxdı. Sözün düzü, kino karyeramın olmaması məni üzmür. Çünki kinoda parlayan kişi aktyorlarla müqayisədə, qadın aktrisalarımız çox azdır və heç yoxdur. Bəlkə də var, mən bilmirəm.

- Bəs Nəcibə Məlikova, Leyla Bədirbəyli...

- Mən öz dövrümü, öz yaşıdlarımı nəzərdə tuturam. Məni tələbə vaxtlarımdan kinoya dəvət edirdilər, ancaq çəkmirdilər. Artıq teatrda öz yerimi tutandan sonra kinoya çəkilməyi özümə ayıb bildim. Hətta məndə belə bir fikir formalaşmışdı ki, onsuz da məni çəkməyəcəklər, sınaq çəkilişlərinə getməyimin nə mənası... Ona görə kinostudiyaya getməməyə vərdiş etdim.

- Belə çıxır ki, kinostudiyanın sınaq çəkilişləri gözdən pərdə asmaq üçündü?.. Yəni seçdikləri aktyor öncədən bəlli olur, yalandan sınaq çəkilişləri edirdilər?

- Bilmirəm. Bilirsiz, o vaxt "Kinoklub" verilişi var idi, məni ora dəfələrlə dəvət edirdilər, ancaq getmirdim. Deyirdim, mən kino aktyoru deyiləm.

1978-ci ildən teatrdayam. 40 il olacaq. Teatr haqqında istənilən qədər danışa bilərəm, kino haqda yox. Çünki mənim kinoda əziyyətim yoxdur. 40 illik səhnə fəaliyyətimdə, yalnız bir filmə çəkilmişəm, "Günaydın mələyim" filminə.

- Nə əcəb o filmə çəkildiz?

- Mən İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayandan sonra filmin rejissoru Oqtay Mirqasımovla universitetin elmi şurasında bir yerdə otururdum. Güman etmirdim ki, məni çəkərlər. Sadəcə olaraq, Oqtay müəllimə hörmət mənasında sınaq çəkilişlərinə getdim. O da filmə məni təsdiq etdi. Sonralar həmkarlarım da dedilər ki, çox yaxşı oynamısan. Ancaq mən qəbul etmirəm...

Hətta o film efirə gedəndə zəng edirlər ki, sənin filmin gedir, yenə baxmıram. O filmə cəmi bir dəfə baxmışam. Yəni o filmdə mən böyük mənada heç nə etməmişəm. Əgər vaxtında çəksəydilər, istedadım imkan verərdi ki, çox yaxşı işlər görüm. Heyfslənmirəm, çünki mənim teatrdakı uğurlarım elə böyük uğurlar oldu ki, heç kino və başqa şeylər haqda düşünmədim.

- Müqayisə etsək, sizcə, hansı aktyorları daha şanslı hesab etmək olar – teatr, ya kino karyerası olanları?

- Lap aktyorlara mane olsalar da, yollarını kəssələr də, istər televiziya tamaşalarında, istər kinoda və ya teatrda, hər şey tamaşaçılar üçündür. Əgər tamaşaçılar səni qəbul edirlərsə, kim nə edir etsin, lap sənə qarşı müxtəlif kampaniyalar hazırlasınlar, məqalələr yazsınlar, pisləsinlər, xeyri yoxdur. Əsas məsələ tamaşaçılardır.

- Bu gün kino bazarında bir canlanma var. Sizi yeni kommersiya filmlərinə dəvət edirlərmi?

- Yox, dəvət etmirlər.

- Niyə?

- Dəvət etmirlər və eləyə də bilməzlər. Bilirlər ki, yox deyəcəm. Mən televiziya kanallarında da hər verilişə gedən deyiləm. Kommersiya filmlərini aşağılamaq mənasında demirəm, əziyyət çəkirlər və əziyyətlərinə hörmət də edirəm. Sadəcə, mən özümü o filmlərdə, verilişlərdə görmürəm. Mən komediya da, faciə də oynayıram... Ancaq indiki filmlərdə sən məni görürsənsə, gedim çəkilim..

- Axı, bir çox xalq artistləri kommersiya filmlərinə çəkilirlər...

- Hər kəsin öz düşüncəsi, seçimi var. Hamıya hörmət edirəm. O insanlar özləri bilərlər. Nəyin yaxşı və ya pis olduğunu isə tamaşaçılar deyə bilər.

- Kinonu başa düşdüm. Bəs teatrda sizə mane olmaq istəyənlər kimlərdi?

- Mənə xoş olmayan suallar verirsiz... Mən elə bilirdim, biz ancaq sənət barədə danışacağıq, ancaq keçmişdə qalan söhbətləri qurdalayırsız. İstedadlı insanlar olan yerdə intriqa olur. İntriqasız teatr yoxdur. Dünyanın hər yerində belədir. Mənim karyeram alınıb. Kimsə mane olmaq istəsə də, istəməsə də bu belədir.

Mən bir rejissorla işləməmişəm. İşlədiyim rejissorlar mənə baş rol veriblər. Deməli, onlar biliblər ki, mən ən ağır rolların öhdəsindən gələ bilərəm. Teatrda isə xeyli aktyor var, təbii ki, məni gözü götürməyənlər də olub, olacaq. Hamı istəyir ki, gündəmdə olsun, görünsün. Mən isə belə şeylər arzulamamışam. Başımı aşağı salıb işimlə məşğul olmuşam. Hansısa mükafat üçün rol oynamamışam.

Mən bütün dövrlərdə dövlətin aktrisası olmuşam. 40 ilə yaxındır səhnədəyəm, 25 il isə Heydər Əliyev adına sarayda dövlət tədbirlərində aparıcılıq etmişəm. Məni bu tədbirlərə ona görə dəvət edirdilər ki, bilirdilər mən məsuliyyətli və nizam-intizamlıyam. Bu 40 ildə bir dəfə də məşqə gecikməmişəm. Bu nizam-intizam mənim pedaqoji fəaliyyətimə də aiddir. Heç vaxt dərslərə gecikmirəm, tələbələrim də bunu yaxşı bilir.

- Yəqin ki, pedaqoji fəaliyyətiniz dövründə istedadlı tələbələrlə çox rastlaşmısız. Niyə yeni filmlərdə o istedadlı tələbələri yox, hansısa modelləri, aparıcıları görürük?

- Bunu film çəkənlərdən soruşmaq lazımdır. Bəzən deyirlər ki, daha universitet tələbə yetişdirmir, istedadlı aktyorlar azdır. Mən razı deyiləm, istedadlı uşaqlar var, sadəcə, teatrda nə qədər həvəskar kimi çıxış etsinlər? Mən teatra 3 aktyor gətirdim, ştatda yer olmadı deyə, çıxıb getdilər. Özü də ən istedadlılarını gətirmişdim.

- Bir ara tamaşa da qoymuşduz.

- Bəli, bu tamaşalar da elə o məqsədlə idi ki, istedadlı tələbələr, gənclər oynasınlar, özlərini göstərsinlər. Çətinliklərlə mən də üzləşmişəm. Ancaq çətinliklərə rəğmən, karyeram alınıb. Həyatımda elə insanlar oldu ki, mənə təmənnasız kömək etdilər. Sırf istedadıma görə... İstedadlı insanlara kömək etmək lazımdır, istedadsızlar onsuz da üzə çıxacaqlar.

- Deyirsiz ki, çətinliklər görmüsüz, bəs tələbələrinizə hərdən yazığınız gəlmirmi? Düşünürüsüzmü ki, onlar da o çətinliklərlə qarşılaşacaqlar?

- Əgər bu işə ciddi yanaşsalar, onlarda da alına bilər. Bu sənətdə olmaq çətindir, ancaq çətinliklərlə bərabər gözəllikləri də var. Çətinliklərə, intriqalara baxmayaraq, aktyorluq gözəl sənətdir.

- Hətta bu yolda öz qızınıza da mane olmamısız...

- Qızımın bu sənətə gəlməsini istəmirdim. O, İncəsənət Gimnaziyasının rəssamlıq bölümünü bitirib, xalçaçı rəssamdır. İncəsənətdə olmasını istəyirdim, teatrda yox... İncəsənət adamları başqa cür olurlar. Qızım humanitar fənləri çox yaxşı oxuyurdu, əsasən də tarixi. Mən onu bu istiqamətə yönləndirmişdim. Sonra tarix müəllimi dedi ki, uzaq başı tarixçi olacaqsan, müəllim işləyəcəksən, sonra çətin olar sənə.

Qızım son anda fikrindən daşındı və qərar verdi ki, rejissor olsun. Təəssüf ki, o, rejissorluğa qəbul olanda Vaqif İbrahimoğlu dünyasını dəyişdi. Mən çox istərdim ki, qızım onun tələbəsi olsun, ondan öyrənsin, ancaq qismət deyilmiş. Yüksək balla kino və televiziya rejissorluğuna qəbul oldu. İndi hələ ki qısametrajlı filmlər çəkir.

- Qızınız nə zamansa kommersiya filmi çəksə, sizi dəvət etsə, çəkilməyəcəksiz?

- Düzünü desəm, bu haqda düşünməmişəm. O, bir film çəkdi, məndən kömək istədi, mən də kömək etdim. Daha heç bir filmdə, serialda çəkilməyəcəm. Sadəcə, qızıma kömək üçün ola bilər ki, çəkiləm. Hətta o da bir gün kommersiya filmləri çəkəsi olsa, yəqin ki, mənim yerimi yaxşı bilir. Bilir ki, mənə nəyi təklif etmək olar...

- Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşçu rejissoru olduğu "Qətibə İnanc" tamaşasında qızınızla birgə rol aldınız. Necə qarşılandı?

- Çox yaxşı qarşıladılar. Hamı yüksək fikirdə idi. Cəmi bir tənqidi yazı getdi, kimisə narahat edirdi ki, ana-bala eyni tamaşada oynayırlar. Ancaq əsas odur ki, tamaşaçılar yaxşı qarşıladı.

- Demişdiz ki, istərdim qızım nənəm haqda bir gün kino çəksin.

- Hə, istəyirəm...

- O fikrinizi oxuyanda ağlıma gələn ilk şey o oldu ki, həmin çətinlikləri görən, ağrı-acısını hiss edən bir aktrisa üçün həmin rolu oynamaq çox asan olar. Öz nənənizin rolunu oynamaq istərdinizmi?

- Yox... Çox ağırdır... Mən yazıçı olsaydım, o hadisələri, anamın və nənəmin represiyya dövründən bu yana yaşadıqlarını qələmə alardım. Yəqin ki, vaxt olduqca o hadisələrdən yazacam. Qızım Fidan istedadlı qızdır, vaxt gələr onu ssenariyə çevirər, film çəkər.

- Yəqin dostlarınızın arasında şair və yazıçılar da var. Onlara müraciət etsəniz, yaza bilərdilər.

- Yox, mənim ətrafımda o qədər də dost yoxdur...

- Niyə yoxdur?

- Mənim dostlarım 10 il bir sinifdə oxuduğum insanlardır. Həqiqi dostlarım onlardır. Teatrdakılarla dostluq münasibətlərinə siz inanırsınızsa, mən də inanım və əfsanələr danışım. Belə şey mümkün deyil. Ya da mənim qarşıma çıxmayıb...

Sadəcə, xətrini istədiyim həmkarlarım var. Dost o insandır ki, sənin sevincinə sevinir, kədərinə kədərlənir. O sarıdan özümdən razıyam ki, dost bildiyim insanlara xəyanət etməmişəm.

- Bəs sizə xəyanət ediblər?

- Əlbəttə. Mən heç kəsə pislik etməmişəm. Hətta mənə pislik edənlərə də pis olmamışam. Bacarmadığım üçün yox, sadəcə, istəməmişəm. Çünki düşünmüşəm ki, pislik etmək mənim missiyam deyil. Allah hər şeyi görür, kimsə haqlı deyilsə, onun cəzasını özü verəcək. Mənim bacardığım yeganə şey odur ki, kimsə mənə pislik edəndə, görməzdən gəlmişəm. Arxamca danışanlara da bəraət qazandırmağa çalışmışam. Bu şeylər həddini aşarsa, o insanlarla bütün əlaqələrimi kəsirəm və imkan yaradıram ki, gedib istədiklərini danışsınlar.

- Bayaq əsəbləşdiz ki, xoşunuza gəlməyən suallar soruşuram, yəni sizi qalmaqala çəkmək istəyirəm. Gözlədim ki, sakitləşəsiz. Mən qalmaqal yaratmaq istəsəydim, birinci növbədə Həsənağa Turabov və Nürəddin Mehdixanlı haqda suallar soruşardım...

- Həsənağa Turabovun dövrü çox gözəl dövr idi. Məni onunla düşmən etdilər, ancaq elə ən gözəl rollarımı onun dövründə oynamışam. O məni sevməyə-sevməyə direktor olduğu dönəmlərdə səhnədə olmuşam. Mənim ilk partnyorum olub. Sadəcə, belə vəziyyət yaratdılar, mənim demədiklərimi, olmayan şeyləri ona çatdırdılar, o da inandı. Ancaq mən ona heç vaxt kin bəsləməmişəm.

Bir söz deyim, hətta o mənim yanımdan keçəndə, rəhbərim, direktorumdu deyə, üzünə baxmayıb salam verirdim, o da mənim üzümə baxmadan salamımı alırdı. Yəni küsülü ola-ola salamlaşırdıq. Gərək ortada gedib-gələnlərə inanmayaydı. Ona deyirdim ki, sizinlə bir tamaşada oynadım, əməkdar artist adı aldım, bir tamaşada da oynayaq, xaql artisti alım.

- Bir çox aktrisalar deyirlər ki, şəxsi həyatımızı sənətə qurban vermişik. Bu fikir sizin üçün də keçərlidirmi?

- Hardasa, hə. Əgər mən bu sənətə bağlanmasaydım, bir az kənar olsaydım, şəxsi həyatım tamam başqa cür olardı. Ancaq peşman deyiləm. Mən alın yazısına və Allaha inanan insanam. Belə olmalıydı və oldu. Məni buna kimsə məcbur etməyib, bu mənim içimdən gələn həvəs, istək idi.

Əgər mən o yolu seçsəydim ki, qayınamama gəlin olum, uşaq saxlayım, sonra da səhnəyə çıxım, indiki Bəsti Cəfərova ola bilməzdim. Bu sənətə gərək elə bağlanasan ki, ya var olasan, ya da yox. Mən dostluqda, yoldaşlıqda da beləyəm. Ya həqiqi dost oluram, ya da uzaq dururam.

- Çox istədiyiniz aktyorlar kimlərdir?

- Cəfər Namiq Kamal, İlham Namiq Kamal... Bu insanları çox istəyirəm. İllərin dostuyuq. Elə bir əlamətdar günüm olmur ki, İlham mənə zəng edib təbrik etməsin. Bu yaxınlarda soruşdular ki, ad gününüzdə sizi ilk kim təbrik etdi? Dedim ki, İlham Namiq Kamal. Saat 12 tamam olan kimi, Feysbukda mesaj yazdı. Cəfər də həmçinin. Bu yaxınlarda əməliyyat olundum, o məni tanıdıqları həkimin yanına apardı. Düşündüm ki, bura qədər gətirdi, vəssalam, çıxıb gedəcək. Ancaq axıra qədər mənim yanımda oldu, gəldi-getdi. Çox vəfalı insanlardır.

- Bu yaxınlarda Cəfər Namiq Kamalla da müsahibəmiz oldu, Zərnigar Ağakişiyevanın dünyasını dəyişdiyi ərəfələrə təsadüf etdi. Ondan da soruşmuşdum, sizdən də soruşum. Niyə kişi aktyorlarla müqayisədə qadın aktyorların həyatı daha çətin və bəzən də faciəli olur?

- Səbəb elə sənətin özüdür. Mənim bir qızım var, onu böyütməkdə anam mənə dəstək olub. Düzdür, bütün yük anamın üstünə düşməyib, ancaq anam baxmasaydı, mən ürək edib başqa bir adama qızımı əmanət edə bilməzdim.

Zərnigar xanıma gəlincə, o, gərək teatrdan getməyəydi, onu gərək teatrdan uzaqlaşdırmayaydılar. Sənət adamları bu sənətdən uzaq düşəndən sonra onlara çox çətin olur. O gün Səfurə İbrahimovanı da uzun illərdən sonra efirdə gördüm, çox sevindim.

- Sizi hər kəs xarakterik obrazlarda görüb və gerçək həyatda da çox zəhmli qadınsız. Özünüzü xoşbəxt qadın hesab edirsizmi?

- Mən bunu bəziləri kimi özümü sındırmamaq naminə demirəm, tam səmimi sözümdü, bəli, xoşbəxtəm. İstər aktrisa kimi, istər qadın kimi. Bədbəxt qadın deyiləm. Bəziləri yaşlandıqlarını qəbul etmək istəmirlər və yaşlarından xeyli kiçik obrazlar oynayırlar. Mənə belə şeylər gülməli görünür. Ona görə ki, zamanında bütün rolları oynamışam, şıltaq qız da olmuşam, əzəmətli qadın da. İndi sadəcə, bir arzum var, Fidanın karyerası bir tərəfə, onu qadın kimi xoşbəxt görmək istərdim. İstəyirəm onun gözəl ailəsi olsun, nəvələrim olsun, nənə olum. Gələn il isə yubileyimdir.

- Neçə yaşınız olur?

- 60.

- İstərdizmi ki, yubileyiniz dövlət səviyyəsində qeyd olunsun?

- Elə bir istəyim yoxdur. Sadəcə, yubileyimə bir tamaşa hədiyyə etsinlər, bəsimdir. O mənim üçün ən böyük hədiyyə olar.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər