Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonaqları xalq artistləri xanəndə Mələkxanım Əyyubova və tarzən Möhlət Müslümov olub.
Veriliş su çərşənbəsinə təsadüf etdiyi üçün qonaqlar Novruz Bayramının adət-ənənələrindən söhbət açıblar.
Mələkxanım Əyyubova küsənlərin barışması haqda danışarkən özü ilə bağlı maraqlı məqamlara toxunub:
“Mən insanları bağışlayıram. Allah bağışlayandırsa, biz kimik ki? Bir xarakterim var, dərindən incisəm, ömrü boyu bağışlamıram. Elə adamlar olur, dəfələrlə onu bağışlayırsan, görürsən yenə dəyişmir. Artıq ondan uzaq olmaq lazımdır. Allah mənə gözəl ailə, gözəl övladlar, gözəl xarakter və gözəllik verib, niyə onun verdiklərinə xələl gətirim"?
Möhlət Müslümov isə hətta bəzi adamların onunla düşmənçilik etmək istəməsindən danışıb:
“Əgər kiminsə yanında səhvim olsa, yaşda məndən kiçik olsa da, gedib üzr istəyərəm. Mənim belə ürəyim var. Ancaq bəzən kimlərsə düşmənçilik etmək istəyirlər, elə adamları mən də bağışlaya bilmərəm”.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.