Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd 4 ilə yaxındır ki, Türkiyədə bu dövrə aid fotolar, sənədlər toplayır, mühacirlərin ailə üzvləri ilə əlaqələr qurur. Müəllifin 4 il ərzində topladığı materiallar hazırda “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub.
Teleqraf.com xəbər verir ki, müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.
Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazarların və şairlərin həyatına dair fotoları və məlumatlar ilk dəfə olaraq yayımlanıb.
Hər iki kitabda yayımlanan materiallar müəllifin şəxsi arxivindəndir. “Mühacirlərin dönüşü” və “Fərqlilər” kitabının imza günü mart ayının 3-də, saat 16:00-dan 19:00-a kimi AzərKitabda baş tutacaq.
Bu kitablar 2016-2017-ci ilin ən çox satılan kitablar siyahısında yer alıb.