Akademik Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyevanın oğlu ali məktəbə qəbul olub.
Bunu Teleqraf.com-a açıqlamasında aktrisa özü deyib.
Nəticələrin açıqlanacağı günü səbirsizliklə gözləyən aktrisa hətta istirahət də edə bilməmişdi:
“Ona görə həddindən artıq həyəcanlı idim. Dünən nəticələr açıqlananda çox sevindik. Oğlum arzusunda olduğu- Mədəniyyət və İncəsənət Universitetinin “Kinooperatorluq” fakültəsinə daxil olub. İncəsənətlə məşğul olmaq istəyi oğlumun öz seçimi idi. Daha öncə Neft Akademiyasına hazırlaşırdı, 11-ci sinifə keçiddə qəti qərara gəldi ki, sənədlərini İncəsənət Universitetinə verəcək. Qərarını atası ilə mənə deyəndə sözün düzü, bir həftə ona ciddi şəkildə etiraz edib, bunun mümkün olmayacağını dedim. Bilirsiniz, həmişə bunun əksinə olmuşam. Bizim sənət çətin sənətdir. Birinci növbədə istedadın olmalıdır. Üstəlik də mənim tək övladımdır, hər bir valideyn kimi istəyirdim ki, oğlum firavan yaşasın. Amma bizim sahədə o firavanlıq yoxdur. Özü seçdi, görünür onun taleyinə belə yazılıb, buna görə də seçiminə əks getmədik. İndi tələbə adını qazandığına görə çox xoşbəxtəm”.
Hazırda ailəsi ilə birgə istirahətdə olduğunu deyən aktrisa Azərbaycanda dincəlməyi sevir:
“Ümumiyyətlə, Azərbaycanda istirahət etməyi sevirəm. Burda ən çox sevdiyim yerlərdən biri də Bilgəhdə yerləşən Kardioloji Sanatoriyadır. Orda dənizin suyu çox gözəl və təmizdir. Ona baxanda əsəblərim sakitləşir, özümü çox gümrah hiss edirəm. Hazırda isə oğlumla birgə Nabranda istirahət edirəm”.
Nərmin