26 Mart 2018 18:49
4 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova türk sənət musiqisinin ulduzu Müşərrəf Akayın "TRT Müzik" kanalında yayımlanan "Əziz dostlar" proqramının qonağı olub.

Müşərrəf Akayla eyni səhnəni bölüşən Elnarə təəssüratlarını Teleqraf.com-la bölüşüb: "Dostum Faiq Ağayev mənə zəng vurub Müşərrəf Akayın proqramı barədə danışdı və növbəti buraxılışda məni də qonaq görmək istədiklərini dedi. Sözsüz ki, mən də böyük məmnuniyyətlə razılıq verdim. Proqram konsert kimi keçdi. Sonra Müşərrəf xanım bizi yeməyə dəvət etdi. Bu proqram barədə söhbət etdik. "Əziz dostlar" Müşərrəf xanımın layihəsidir və beş ildir bu proqram barədə düşünürmüş. Proqrama yalnız Azərbaycanın tanınmış sənətçiləri dəvət edilir. Bu da təsadüfi deyil. Bilirsiniz ki, Müşərrəf xanımı Azərbaycanla başqa tellər bağlayır. Özü də Azərbaycan dilində çox gözəl, şirin danışır. Bu proqram şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın razılığı ilə ərsəyə gəlib. Onun bu proqrama xüsusi diqqət və qayğısı var, hər bir buraxılışı ilə maraqlanır. Türkiyədən, o verilişdən çox gözəl təəssüratlarla döndüm".

Müğənni bildirib ki, verilişdə öncə Fikrət Əmirovun "Mən səni araram" mahnısını oxuyub: "Mahnılar canlı ifa edilirdi. Türkiyənin tanınmış kaman ustası İlyas Tətiyin rəhbərlik etdiyi Müşərrəf xanımın orkestri bizi müşayət edirdi. Adətən, belə canlı çıxışlar üçün bir neçə gün məşq edilir. Biz orkestrlə cəmi bir neçə saat məşq etdik. Belə peşəkar orkestrlə çıxış etmək çox xoş oldu".

"Əziz dostlar" proqramı gələn həftədən etibarən hər həftənin cümə axşamı "TRT Müzik" kanalında yayımlanacaq. Proqramın ilk qonağı xalq artisti Faiq Ağayev olub.


Müəllif: Nərmin

Oxşar xəbərlər