30 Aprel 2018 14:45
12 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı yeni kitabı çapdan çıxıb.

Bu barədə Teleqraf.com-a açıqlamasında müəllif özü məlumat verib. O qeyd edib ki, yeni tədqiqat işi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanıb.

AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən H.Sadıqov bildirib ki, təkcə bu hadisə xalqımızın dünya dövlətləri içərisində dövlətçilik indeksinin nə qədər yüksək olduğunu ortaya qoyan dəyərli faktdır.

“Transqafqaz dövlətini və Seymini milli ziddiyyətlər dağıtdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Ancaq cümhuriyyətin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Ona görə də cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən, paytaxt olaraq Gəncəni göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti 18 gündən sonra Gəncəyə gəldi. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrü tariximizin və dövlətçiliyimizin şanlı səhifəsidir”, - deyə H.Sadıqov qeyd edib.

Müəllif daha sonra deyib:

“Çox yanlış olaraq belə bir fikir formalaşıb ki, guya AXC Gəncədə olduğu müddətdə dövlətçilik üçün lazım olan hüquqi aktları hazırlaya bilməyib. Bəzi tarixçilər bunu AXC liderlərinin dövlət işindəki səriştəsizlikləri ilə əlaqələndirmək istəyirlər. Lakin, mən uzun müddət arxivlərdə çalışaraq, son zamanlarda isə Azərbaycan Dövlət Arxivində işlədikdə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü hökumət dəftəxanasının sənədlərinə rast gəldim və bütün sənədlərin surətini hazırlandığı yerə – Gəncəyə gətirdim”.

Arxiv sənədlərini araşdıran alim həmin sənədlərin təsnifatını və xronologiyasını da hazırlayıb. Məlum olub ki, AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 1918-ci ilin 16 iyunundan-16 sentyabra kimi ümumilikdə idarəçilik haqqında 210 qanun-hüquqi akt qəbul edilib. Onları qruplaşdırdıqda o da məlum olub ki, bu sənədlər həm də dövrünə görə çox mükəmməl qanunvericilik aktlarıdır.

Kitabın ikinci – xronologiya hissəsində isə müəllif maraqlı məsələlərə yer ayırıb. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut etməsinə baxmayaraq, cümhuriyyət ideyası uzun illər mübarizəsini davam etdirib. Müəllif kitabın bu hissəsində vaxtilə Avropaya və Türkiyəyə mühacirət edən cümhuriyyət xadimlərinin fəaliyyətinə geniş yer ayırıb. Kitabdakı xronologiyanın ən mühüm məziyyəti də bundan ibarətdir.

Qeyd edək ki, monoqrafiyada AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 210 hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunub. Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər