16 May 18:41
866

Teleqraf.com "Publika.az"a istinadla dünyaca ünlü rus rəssam Nikas Safronovla müsahibənin İKİNCİ HİSSƏSİNİ təqdim edir:

Əvvəli burada

Ailə formatında gözəl bir doğum günü məclisindən dönürük. Səmimi ortam, içdən gələn sağlıqlar, qəhqəhələrə çevrilən zarafatlar ruhumuzu dincəldib. Təəssüratlarımızı bölüşürük, xoş ovqatımızın ömrünü uzatmaq istəyirik. Qüruba enən Günəşin qırmızı şəfəqlərindən mavi yaz səması çəhrayı-bənövşəyi rəngə boyanıb. Yol boyu sıralanan ağacların axşam düşdükcə tündləşən yaşılı ilə səmanın hər dəqiqə dəyişən rəngləri avtomobilin ön şüşəsində təkrarsız tablo yaradıb. Moskva çayını keçib mərkəzə doğru hərəkət edirik.

- Sabah nə edirsən?

- Planlar sizə aiddir.

- Saat 3-də səni evimdə gözləyirəm.

Nəhayət bu gün Safronovun dillərə dastan mənzilini görə biləcəm. Saat 2-də hoteldən ayrılıram. 10-15 dəqiqə piyada yolum var. Tverskoyla Kremlə tərəf yürüyürəm. Maestro o civarda yaşayır. Bir az Mayakovskinin heykəlinin önündə vaxt itirirəm. Oradan Azərbaycanın Moskva böyük elçiliyinə tərəf keçib bayrağımıza baxıram. Küçəni burulsam, gedəcəyim ünvandayam. Amma hələ yarım saatım var, qarşıdakı parkda gözləməyi düşünərkən telefona zəng gəlir. Nikasdır...

- Gəlmirsən? Bu gün tez oyanmışam. Yaxındasansa, 3-ü gözləmə.

- Aşağıdayam.

6-cı mərtəbədə liftin qapıları açılanda sanki zaman aşamasına uğrayıram, orta çağın qotik üslublu dəbdəbəli sarayına düşürəm. Hər tərəf freskalar, simgələr, heykəllər, avtoportretlər... Pilləkənin başında göz qapaqları şişkin ev sahibi görünür.

- Az yatmışam. Səhər 6-ya qədər işlədim. Bu gün dolu gündür, sənə müsahibə verməliyəm, evi göstərməliyəm, sonra Bəhreyn kataloqu üzərində işləyəcəm, axşam dostlarla görüşüm var.

Mən pilləkənləri qalxıb ona çatana qədər Nikas günün planını danışmağa macal tapır. Əl veririk:

- Nikas Stepanoviç, möhtəşəm evinizi efirdə görmüşdüm. Qapınızı mənə açdığınız üçün sizə təşəkkür edirəm.

- Biz azərbaycanlılar qonaqpərvərik. Mən Azərbaycanı o qədər çox sevirəm ki, özümü azərbaycanlı kimi hiss edirəm. Xoş gəldin.

Öncə evin belə demək mümkünsə, sərgi salonuna dəvət edilirəm. Masa, ayna, divan dışında gözə ancaq kitablar və tablolar dəyir. Portretlər, orta cağ Avropası, Şərq motivləri, təbiət təsvirləri, realizm, sürrealizm, avanqard... rəngkarlığın çeşidli üslublarda işlənən saysız incəsənət nümunələri gözümün önündədir. Başım hərlənən kimidir. Nəyə baxasan, haradan başlayasan? İxtiyarsız saysız çiçəkdən oluşan tabloya yaxınlaşıram. Rənglər o qədər incə, düzüm o qədər axıcıdır, tabloya baxanda elə bilirsən, çiçək yağışına tutulmusan, ilk baharın ətrini hiss edirsən. 3-4 saniyə dalıram...

- Nə qədər ciddi görünsən, ağır mövzularda müzakirələri sevsən də qadın ruhun güclüdür. Səhərdən düşünürdüm ilk nəyə diqqət edəcəksən. Çiçəkləri seçdin...

- Siz həm də qonaqlarınızı ciddi müşahidə edirsiz?

- Ən azı evin hansı hissəsindən ona daha detallı danışmaq üçün.

3 qatlı, 15 otaqlı, sahəsi 1000 kvadratmetrə yaxın mənzili sahibinin müşayiəti ilə dolaşıram:

- Təmiri 12 ilə tamamlaya bildim. Bax, bu masanı Fransada auksiondan almışam. Napaleon Bonapartın səhra çadırındakı masadır. Bu kreslo da hansısa sərkərdənindir. Əyləş, yoxla, əla masaj aparatıdır. Yəqin komandan burada oturub həm durbinlə döyüşə baxır, həm kürəyini dincəldirmiş. Bu kitabxanadakı kitablar da qədimdi. Bu 15-16-cı əsrə aid “İncil”dir. Bu kitabı isə mənə Vatikan kardinallarından biri bağışlayıb. 17-18-ci əsrə aiddir. Ümumiyyətlə, evdəki əşyaların çoxunu Avropadakı əntiq əşya auksionlarından almışam. Gəl, sənə Maria Antuanettanın yatağını göstərim.

Qış bağına açılan yataq otağına keçirik. Divarda Nikasın üzərini öz əliylə işlədiyi kamin, pəncərələrdə 18-ci əsr Fransasına aid ağır, qumaş pərdələr, ortada Fransa kraliçası Maria Antuanettanın yatağı.

- Bu onun ilk gənclik yatağıdır. Sofi Loren mənim qonağım olanda burada yatıb. Bu otaqdakı dolabları da Fransadan, İtaliyadan almışam. Yerdəki bu ayı dərisini mənə Kemerovonun qubernatoru Aman Tuliyev bağışlayıb.

Mətbəxlərdən birinə keçirik:

- Üstündə gəzdiyin kaşı 13-cü əsrə aiddir. İtaliyada bir qəsrdən söküb auksiona çıxarmışdılar. Aldım. Rənglərə bax... Bu hansısa dolabın qapağıdır. Gör nə düzəltmişəm...

Üzəri insan fiqurları ilə bəzədilən ağır taxta qapı açılır və içərisində... soyuducu.

- Hər halda BOSH bu mətbəxə yaraşmayacaqdı...

Mis qazanlar, kəfkirlər, fincanlar, əntiq çinilər aid olduqları çağın sənətkarlığının və məişətinin xəbərçiləridir.

Qış bağına keçirik. Nadir bitkilər baxımlı qadın kimi işıq saçır:

- Ağaclar üçün uyğun iqlim yaratmışıq. Bu qəfəsi Rusiyadan almışdım, amma Avropada düzəldilib. Quş saxlayırdım, biri tələf oldu, hamısını azad elədim.

- Bir qurban, neçə canı xilas edib...

- Elədir. Sonra auksiondan qədim saxsı tutuquşular aldım. Belə yaxşıdı...

Liftlə ən üstə - 9-cu qata çıxırıq. Nəhayət, möhtəşəm haytekdəyik. Moskva ovuc içi kimi görünür.

- Kremli tanıyırsan, Azərbaycan böyük elçiliyini də. Bura da Ukrayna böyük elçiliyidir. Yeri gəlmişkən, mən Ukraynanın vurğunuyam. Aşağıdakı Müslüm Maqomayevin heykəlidir. Sağa bax – Moskvanın ən gözəl tikililərindən biri - Ukrayna-Radisson Hotelinin binasıdır. Uzaqda səmanı dələn də Moskva Dövlət Universitetinin binasıdır. Mərkəz olsa da, həyət çox sakitdir. İşləmək üçün əla yerdir. Həm mənzərə var, həm sakitlik. Bu, Moskvanın qədim kilsələrindədir. Burada dayanıb həm də ibadət edirəm.

Nikas danışdıqca kilsə göyərçinləri məhəccərlərin kənarına düzülür. Onu tanıyırlar...

İçəri keçirik. Nəhəng studiyanın yuxarı başında dördkünc sütunun bir tərəfi incəsənət dərgiləri, bir tərəfi nəhəng televizordur. Royal pəncərənin önündədir. Aşağı başda Nikasın rəsmi əsasında İtaliya dizaynerlərinin hazırladığı mini-mətbəx yerləşir. Ortada divan, yerdə döşəklər... əsl “ayağını uzat, dincəl” məkanı.

Nikas köməkçisindən çay istəyir. Həm oturub mənzərəni seyr etmək istəyirəm, həm yenidən haytekə çıxıb Moskvanı quşbaxışından görmək... Nikas divanda çayını qurtumlayır:

- Bura bizim dostlarımla yeyib-içdiyimiz, istirahət etdiyimiz məkandır. Bu divarlar, bu şüşələr, əşyalar nə qədər maraqlı söhbətlər eşidir, bir bilsən.

- Adam burda pərdə ola...

- Qapım açıqdır. Bu ev bacarıqlı, yaradıcı insanlar üçündür. Mən bütün bunları dostlarıma görə yaratmışam.

Çayımı alıb hayteki studiyadan ayıran şüşə qapıya yaxınlaşıram. Sərin meh əsir.

- Son rəsmlərinizi incələmişdim. Simvolizm üstünlükdədir...

- Bu elə də yaxın tarix sayılmaz. Dünyanı sarsıdan 11 sentyabr terrorunun ildönümü ilə bağlı sifariş almışdım. Onda qüllələrin xarabalığı fonunda dağılmış insan bədənləri yox, ağlayan mələk çəkmişdim. Fotoları kətana köçürməyin mənası nə idi? Mən sənət dili ilə bu əməlin nə dərəcə qəddar olduğunu, mələkləri belə sarsıtdığını çatdırmalıydım. Hər hansı mövzunu işləyəndə çalışıram pozitiv mesajlar verim. Ümumiyyətlə, mən çox pozitiv adamam. Kimdənsə xəyanət görəndə çalışıram bağışlayım, onun üçün dua da edirəm.

- Bəhreyni nə gözəl çəkmisiz... Mirvari misalı...

- Çox qəribə tarixçəsi var bu ölkə ilə işbirliyinin. İslam aləmi əsrlərlə rəssamlığa qadağa qoyub. Amma zaman bu qadağaları xəfiflədib. İndi müsəlman liderlər də öz portretlərini dünyaca ünlü rəssamlara sifariş edirlər. Ərəb dünyası deyəndə ağla ilk nə gəlir? Səhra, qızmar günəş, neft, atlar... Mən də kralı belə təsvir etmişdim. Günəşin qovurduğu qumların üstündə, süvari, neft buruğunun yanında. Portreti götürüb Bəhreynə getdim. Orda kral sarayında əziz qonaq kimi qarşılandım, ancaq portret onları güldürdü. Orda bildim ki, Bəhreyn neft yox, mirvari ölkəsidir. Düzdü, üzümə vurmadılar, məni krallara layiq qonaq etdilər, amma səfər nəticəsiz olmuşdu. Moskvaya qayıtdıqdan bir neçə həftə sonra köməkçim dedi ki, səni Bəhreyndən axtarırlar. Sən demə, mənim gəlişimdən az sonra ölkədə zəngin neft ehtiyatı tapılıb. Soruşurdular ki, öncəgörən deyiləm, necə olub ki, Bəhreyn tablosunda kralı məhz neft buruğunun yanında çəkmişəm? Beləcə, münasibətlər yenidən quruldu. Bir çox sifarişlər aldım. Ümid edirəm, yaxında orada gözəl bir sərgi keçirə biləcəyik.

- Şərq sizinçün nə ilə çəkicidir?

- Bizim hamımızın damarındakı qanda Şərq qarışığı var. Bilirsən, Şərq həyat tərzi hisslərə köklənib. Mənim sahəm də dünyanı hisslərlə, rənglərlə qavramaqdır. Qərb bir nüansı mükəmməlliyə çatdıra bilər. Ancaq onun içərisində hiss, emosiya axtarmaq əbəsdir. Heç nə insanı həyəcanlandırmır. Mən Londonu sevirəm. Mükəmməl şəhər, böyük bir imperiyanın paytaxtı, çağın ən gəlişmiş siyasət, mədəniyyət mərkəzidir bu şəhər. Ancaq orada dad, rəng, duyğu kasadlığı var. Şərq isə hisslərin vibrasiyasıdır. Orada hər zaman emosiya selinə qapıla bilərsən. Yediyin bir yeməyin dadı, oriental rəqs, insanların bir-birinə lütfü səni vəcdə gətirə bilər.

- Demək, sənət elə bir zirvədir ki, mühafizəkar İslam ölkələri belə başqa dinin daşıyıcısı olan sənətçiyə güzəşt edir.

- Mən pravoslav xristianam. Mənim də dinimdə bağışla, oğurlama, yalandan uzaq ol, insanı, yaradanı sev deyilir, buddizmdən İslama qədər ən müxtəlif inanclarda da. O zaman biz niyə bir-birimizə özgə, yadıq? Axı, ortaq dəyərlər bizi birləşdirməlidir. Bilirsən, dinimi seçmək imkanım olsaydı, mən buddist olardım. Çünki buddizmin ana xətti mərhəmətdir. Onlar qarışqaya, milçəyə də qıymırlar. Zaman keçdikcə insanda mərhəmət hissi artır, anlamağa başlayırsan ki, valideynlər, övladlar Tanrı lütfüdür, dostluq nə qədər qiymətlidir, təbiət necə səxavətlidir. Anladıqca da qorumağa çalışırsan.

- Dostcanlısız. Dost siyahınızda nə qədər Hollivud məşhurları var. Sofi Loren də ki, başqa bir hekayədir – ona sizin əbədi məhəbbətiniz deyək. Hansı filmələrə baxırsız?

- Bəyəndiyim yeni filmlər azdır. Ümumiyyətlə, uzun illərdir nə gözəl musiqi, nə film, nə televiziya verilişi görə bilmirəm. Sizdə də belədir, bizdə də, elə hər yerdə. Yumor çox küt, şeirlər çox bəsit, mahnılarda melodiya yox, söz kasad. Əlac retrolara yenidən baxmaqdadır.

- Kimlər olub bu evdə?

- Sofi Loren, Cek Nikolson, Rober de Niro, Piyer Rişar, Belmando, Anni Jerardo, Şon Konori, Sara Naseri. Onların çoxunu çəkmişəm. Bütün ulduzlarla dostluq edərdim. Ancaq dil baryerim var.

- Sənətin dili ilə anlaşırsız.

- Hə.

- Dünya sizinçün daha çox hansı rəngdədir?

- Azərbaycan rəngində.

- Eşitmək nə qədər xoşdur.

- Elə ölkələr var, deyirsən ki, məsələn, orda elə gözəl dağ var, ya şəlalə var. Azərbaycan mazaikdir, orada hər şey var – dəniz, dağ, göllər, çəmənlər. Mən Naxçıvanı çəkmişəm. İlahi, necə gözəldir... Necə rənglər var orada. Havadakı qoxu, çiçəklərin, bal arılarının yaratdığı ətir, sadəcə bihuş olursan... Heydər Əliyevin portretini işləyəndə Naxçıvana getdim. İlan dağını portretin fonu kimi düşünmüşdüm. Sonra ideyamı dəyişdim və həmin dağı ayrıca əsər kimi işlədim.Bəzən biz yaşadığımız yerlərin gözəlliyini görmədən, kəşf etmədən gözəllik ardınca uzaq ölkələrə gedirik. Bulaqlar, müalicəvi sular, dağların sərin havası, torpağın ətri, qədim abidələr – nə yoxdur Naxçıvanda? Elə Azərbaycanın hər yerində. İndi bizdə Moskvada nəyisə, məsələn, pomidoru tərifləmək istəyəndə, deyirlər, alın, əla Bakı pomidorudur. Ancaq bu təbiət gözəlliklərini tamamlayan insandır. Ürəyi pozitivlə dolu insan olmadan təbiət gözəllikləri yarımçıq qalardı. Mən Bakıda olanda şəhəri tək gəzirdim, xüsusən gecələr. Səhərə qədər... Səhər açılanda bazara gedirdim. Yarıyuxulu insanlar mənə qarpız, yemiş bağışlayırdılar, mağazadan nəsə almaq istəyirdim, heç kim məndən pul almırdı ki, siz Azərbaycanı sevirsiz, biz sizdən pul ala bilmərik. Dünyanın heç yerində belə münasibət görməzsən. İnan, mən heç bir ölkəni və xalqı ruhuma bu qədər yaxın bilmirəm. Ona görə, dostlarımın içində qürurla deyirəm ki, mən azərbaycanlıyam.

Bu yaxınlarda bir dost da qazanmışam. O da Azərbaycandandır. Professor İlham Rəhimov. Hüquqşünas, siyasətçi, iş adamı... Dostluğa çox böyük dəyər verən insandır professor Rəhimov. Yəqin elə buna görə də prezident Putinlə 50 ildir dostdurlar. Amma o bu haqda heç danışmır. Təvazökar, amma nüfuzlu, savadlı və sadə, elitar, ağayana – belə adamdır. Bu coğrafiyada barış əldə olunması üçün böyük işlər görür. Rusiya-Türkiyə əlaqələrinin möhkəmlənməsində xidmətləri əvəzsizdir.

- Savaşların çirkləndirdiyi dünyada belə nəhəng missiyalar müqəddəs işdir.

- Haqlısan, o, gerçəkdən də müqəddəs missiya ilə məşğuldur. Savaşlar insanlığın tərs tərəfidir. Anlamıram, insanlar necə bu qədər nifrətlə yaşaya bilirlər. Savaşmaq üçün nifrət etmək lazımdır. İnsan necə yadında saxlaya bilər ki, 500 il qabaq bizim xalqımız filan xalqla savaşıb? Axı, bu yaddaş müsbət nə doğura bilər? Biz hamımız ona çalışırıq ki, övladlarımız üçün gözəl dünya, yaxşı imkanlar qoyaq. Bəs niyə onda Yer kürəsini öz emosiyalarımız və əməllərimizlə çirkləndiririk? Sənətin əsas məqsədi insanlarda ali, ülvi hisslər yaratmaqdır. Ona görə mən hansı stildə çəkirəmsə çəkim, çalışıram bir rəngin mümkün qədər çox çaları olsun tablolarımda.

- “Dream vision” - sizin stiliniz. Çevirsək, “yuxu yöntəmi”. Nə deməkdi bu?

- Ali məktəbi bitirəndə mən rəsmlərdən pul qazanırdım, amma rəssam olduğumu dərk eləmirdim. Bir dəfə yuxuda gördüm ki, qalereyadayam, bütün divarlarda mənim rəsmlərim asılıb. Ona qədər yuxuda özümü aşpaz, pilot, milis... min obrazda görmüşdüm, ancaq heç yuxuda rəssam olmamışdım. Gördüm ki, bir ağsaqqal mənim hansısa tablomu düzəldir, məsləhətlər verir. Sonra o, elə bil tavana çəkildi, oradan mənə yuvarlaq, parıltılı bir cism göndərdi – şar kimi. Mən şarı tutdum, başımı qaldırıb onun üzünə baxanda gördüm ki, bu, Leonardo da Vinçidir. Qəribə hisslərlə oyandım. Elə o gündən anladım ki, mən artıq rəssamam. Bundan sonra çəkdiklərimə yuxumu desək, xəyalmı desək, reallıqla sürreallığın vəhdətimi desək, hakim oldu. Beləcə “dream vision” yarandı.

- Siz necə çəkirsiz, gözünüzlə, fəhminizlə?

- Bu illərlə cilalanan bacarıqdır. Yəqin zaman irəlilədikcə fəhm daha öndə olur. Gördüyümüz hər mənzərə yaddaşımızda iz buraxır, təəssüratlar yaradır. Bizim o anki duyğumuz o tabloya bəzi çalarlar qatır. Hərdən soruşurlar “sizə nə ilham verir”, izah edirəm ki, bu mənim üçün bir az abstrakt anlayışdır. Heç zaman ilhamı axtarmıram. İstedadlı, yaradıcı adam o ilhamla doğulur. Gözəl bir söhbət, içdən bir gülüş, gördüyün mənzərə, bir filmdən aldığın təəssürat səni ilhamlandırır. Bir insandan etkilənim, onun simasında nə varsa – qaş-göz, dodaq, lap kiçik xal, saqqal, hamısı ən xırda detalına qədər yaddaşıma köçür. Molbert qarşısına keçərkən, mən artıq ona baxıb çəkməyə xüsusi ehtiyac duymuram – o artıq yaddaşımdadır. Beynim və əlim bilgisayar sürətində çalışır. Məsələn, mənim palitram da xaosdan ibarətdir. Amma çəkməzdən öncə mən ona baxıram və hansı rəngin harada nə qədər olduğunu yaddaşıma köçürürəm. Artıq işləyəndə dəqiqədə bir ora baxmıram, sanki əlim özü hara uzanacağını, fırçaya nə qədər rəng alınacağını bilir. Bu vərdiş avtomatizmə qədər irəliləyir. İstisnasız olaraq yuxudan öncə işləyirəm. Yəqin ona görədir, yuxularım da rəngli olur. Mən rənglərlə yaşamağı sevirəm.

Aygün Muradxanlı

Moskva-Bakı

May, 2018


Müəllif: Teleqraf.com
Загрузка...