22 May 2018 16:59
3 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə üsyanından 98 il ötdü

1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edilsə də, ölkə tamamilə təslim olmadı.

May ayının 22-də ölkənin birinci paytaxtı Gəncədə milli ordunun generallarının başçılığı ilə yerli qarnizon qoşunları üsyan qaldırdı. Üsyanın əsas rəhbəri Cahangir bəy Kazımbəyli idi.

Cahangir bəy 1885-ci ildə Gəncədə doğulub, oradakı gimnaziyada ilk təhsilini alıb. Sonra Peterburqdakı hərbi məktəbi bitirib, rus ordusunun zabiti kimi I Dünya müharibəsinə qatılıb.

Azərbaycan Cümhuriyyətinin istiqlalının elanından sonra milli oruda xidmətə başlayıb, üçüncü Gəncə alayının komandiri, Gəncə üsyanının başçısı, mühacirətdə Azərbaycan istiqlal savaşının üzvlərindən biri kimi tarixə keçib.

Cahangir bəy Gəncə üsyanı haqqında qısa da olsa, xatirələrini yazıb. Xatirələr Münhendə çap olunan “Azerbaycan” (1953-cü il) dərgisində yayımlanıb. Bu xatirələrdə Gəncə üsyanının başlama tarixi 1920-ci ilin mayın 24-dən 25-nə keçən gecə kimi qeyd olunub.

Gəncə üsyanının davam etdiyi günlər içərisində ən əzəmətli gün 28 may tarixi idi. Həmin gün artıq ötən il olduğu kimi Bakıda təmtəraqlı mərasimlər keçirilməmiş, şəhər üç rəngli bayrağa bürünməmişdi. Gəncədə isə üsyançılar bolşeviklərə qarşı sonadək mübarizə aparacaqlarına and içmişdilər. Həmin günkü toplantı ilə bağlı Cahangir bəy xatirəsində yazır: “Qoy, biz məğlub olaq, lakin düşmən də öz qələbəsinə doğru yüzlərlə, minlərlə ölüsünün meyitləri üzərindən yerisin. Qoy, 28 May təkcə istiqlalın elanı günü kimi deyil, həm də tariximizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun. Qoy, 28 may günündə düşmən həyat və ölüm mübarizəsi ilə qarşılaşsın”.

Gəncə üsyanı nəticəsində 1500-ə yaxın bolşevik əsgəri öldürüldü, 2 minə yaxını həbs edildi. Lakin qeyri-bərabər güc nəticəsində üsyan iyunun əvvəlində məğlub oldu. Şəhərə girən ruslar 10 minə yaxın insanı qətlə yetirdilər.

Polşa həyatı

Gəncə üsyanından sonra Cahangir bəy Gürcüstana, daha sonra Türkiyəyə gedib. İstanbulda Azərbaycan Milli Komitəsinin göstərişi ilə 1923-cü ilin mayında Varşavaya gəlib, Polşa Baş Qərargahı ilə bir neçə azərbaycanlı zabitin Polşa ordusunda xidmətə qəbul edilməsinə dair müqavilə bağlayıb.

Cahangir bəy 1939-cu ilə qədər Polşa ordusunda xidmət edib. Hərbi fəaliyyəti ilə yanaşı siyasi fəaliyyətlə də məşğul olub. 1934-cü ildə Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Mərkəzinin Varşavada keçirilən konqresində qurumun yeni tərkibində yer alıb. 5 il ərzində Azərbaycan Milli Mərkəzinin katibi olub.

Legionerlər arasında

İkinci Dünya Müharibəsi dönəmində Cahangir bəy Azərbaycan legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin yanında yer alıb. 1943-cü ilin noyabrında o, Berlində Azərbaycan Milli Birliyi Məclisinin üzvü seçilib.

Azərbaycan legionunun qəzeti olan “Azərbaycan”ın 1943-cü il 14 noyabr sayında Milli Azərbaycan Qurultayı haqqında məlumat verilib. “Qurultay salonunda” adlı məqalədə bildirilib: “6 noyabr, 1943. Mülki və hərbi geyimli dəvətlilər cəbhələrdən, legionlardan gələn əsgər və zabitlər Avropanın müxtəlif yerlərindən gəlmiş mühacir azərilər Kaiserhof salonunu ağzına qədər doldurmuşdular. Salon ay-ulduzlu milli Azərbaycan və alman bayraqları ilə süslənmişdi. Səhər saat 10:20. Qurultayın Berlin nümayəndələrindən Tuqay bəy ayağa qalxaraq qurultayı açmalı olan bir ağsaqqalın seçilməsini təklif etdi. Sürəkli alqışlar altında kürsüyə gələn Cahangir bəy Milli Azərbaycan Qurultayının ilk toplantısını açdı...”.

Qəzetdə Cahangir bəyin çıxışının mətni də yayımlanıb:

“Yurddaşlarım! Azərbaycanın azadlığı və istiqlalı uğrunda bundan 23 il əvvəl bolşevik istilaçılarına qarşı mübarizəyə girən və mübarək vətənin hər qarış torpağını qanı ilə boyayayn Milli Azərbaycan Ordusunun köhnə bir zabiti olaraq mən o ordunun davamçıları olan qəhrəman legionerlərimizin nümayəndələrini salamlamaqdan böyük bir zövq duyuram. Azərbaycan xalqı bir çox dəfə öz milli hüququnu silah ilə müdafiə etmək məcburiyyətində qalmışdır. Cavad xanın milli istiqlal uğrundakı qəhrəman mübarizəsi, bolşevizmə qarşı edilən Gəncə, Şəki, Zaqatala, Qarabağ üsyanları və digər bir çox silahlı çıxışlar azadlıq yolunda aparılan bu mübarizələrin parlaq nümunələridir. Bugün də bizim qəhrəman legionerlərimiz Böyük Almaniyanın müzəffər ordusu ilə çiyin-çiyinə, yalnız öz istiqlaliyyəti üçün deyil, eyni zamanda bəşər mədəniyyətinin mühafizəsi üçün mübarizə aparırlar. Bolşevizmə qarşı mübarizə hər millətin müqəddəs borcudur və biz azərbaycanlılar bu borcumuzu yerinə yetirməkdən böyük xoşbəxtlik hiss edirik.

Vətəndaşlar! Hərb qəti bir mərhələyə girir və biz millətlərin taleyini həll edəcək olan hadisələrə hazır olmalıyıq. Aramızda milli birlik və intizam yaratmaq bizim üçün ən lazımlı bir vəzifədir. Bu məsələdə qurultayımız öz sözünü söyləməlidir. Biz daima öz milli hüququmuz uğrunda mübarizə etdik və edəcəyik. Bu mübarizə üçün biz bütün xalqın etimadını qazanan avtoritetli və qüvvətli milli bir təşkilata malik olmalıyıq. Bugünkü toplantımızın əsas məsələlərindən biri bu milli təşkilatı qurmaq olacaqdır”.

Azərbaycan legionundakı xidmətlərinə görə Cahangir bəy Azərbaycan legionunun ordeni ilə təltif edilib. Müharibə bitdikdən sonra İtaliyada, sonra isə Türkiyədə yaşayıb.

“Azadlıq” radiosunun Azərbaycan şöbəsinin qurucularından olub. 1953-cü ildə 28 may münasibətilə bu radioda azərbaycanlılara müraciət edib.

Cahangir bəy 1955-ci ilin yanvarın 17-də Almaniyada qəribə şəkildə vəfat edib. Belə ki, bir qadın tərəfindən gediş-dönüş təyyarə bileti göndərilən Cahangir bəy onunla bir restoranda görüşdükdən sonra həyatla vidalaşıb. Bu ölümün Sovet kəşfiyyatı tərəfindən həyata keçirilməsi ilə bağlı mühacirət mətbuatında iddialar var. Ən çox qəbul edilən versiya zəhərlədilərək öldürülməsidir.

Cahangir bəy Almaniyada da dəfn edilib.

Kazımbəyli Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı Valiyyə xanımla ailə həyatı qurub. 1947-ci ildə Valiyə xanım və 12 azərbaycanlı hərbçinin olduğu Türkiyədən Romaya gedən təyyarə Afina yaxınlığında qəzaya uğrayıb. Həlak olan Valiyə xanım və hərbçilər İstanbulda Feriköy məzarlığında dəfn ediliblər. Valiyyə xanımın məzarının üzərində yazılıb: “Azərbaycan faciəsinin əziz qurbanı Valiyyə Kazımbəyli”.

Kazımbəylilər ailəsinin Abbas, Mustafa, Əli adında üç övladı olub.


Müəllif: Dilqəm Əhməd