24 May 2018 08:18
6 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nanə Ağamalıyeva 2 il öncə mənə dedi ki, Gövhər xanım, mən bilirəm siz bir pedaqoq və bir ana kimi yalan demədən, hislərimlə oynamadan mənə düzünü söyləyəcəksiz, sizə güvənirəm və bu sirri sizə açıram: Mən oxumaq istəyirəm.

Bu sözləri Teleqraf.com-a müsahibəsində bəstəkar Gövhər Həsənzadə deyib. Müsahibəni təqdim edirik.



- Gövhər xanım, əvvəllər daha aktiv idiz, efirlərdə tez-tez görünürdüz, indi isə hər kəsdən uzaqlaşmısız sanki...

- Əvvəllər müxtəlif mövzularda heç kəsin deyə bilmədiklərini mən deyə bilirdim, jurnalistlər də suallarını mənə ünvanlayır, açıqlama alırdılar. Hətta deyirdilər ki, nə yaxşı zəngimizə cavab verdiz. Görünür, o zamanlar jurnalistlərin suallarını cavablandıranlar az idi. Telefonla açıqlama verənlər isə ümumiyyətlə, ehtiyat edirdilər. İndi düşünürəm ki, jurnalistlərin suallarını cavablandıranlar çoxalıb, daha mənə ehtiyac yoxdur...

- Atanızın dünyasını dəyişməsi də sizə pis təsir etmişdi.
- Deməzdim, atam dünyasını dəyişəndə özümə qapandım, sadəcə, stress yaşadım, əsəb gərginliyi keçirdim. Atam xəstələndi, 2016-cı ilin oktyabrında dünyasını dəyişdi. Ailəlikcə onun ölümünə hazır deyildik. Biz azərbaycanlılar üçün keçərli olan, dəyişməyən bir qayda var: valideynlərin və övladların yaşı olmur. Mən həmişə elə bilirdim ki, çox güclüyəm, məni heç nə sarsıda bilməz. Demə, yanılırammış.

Atamı itirəndə özümü də itirdim. Onun ölümündən sonra düz bir il ərzində mən ancaq özümü hissə-hissə, parça-parça ordan-burdan toplamağa çalışdım. Hələ də tam bərpa olmamışam. Etiraf edirəm ki, hələ də psixoloji durumumda problem var.

- Bu psixoloji problemlər yaradıcılığınıza da təsir edibmi?
- Tərəddüdlərim qalır. Musiqi seçimimdə, iş birliyimdə özümü o qədər də güclü hesab etmirəm. İçimdə heç zaman olmamış şübhələr var. Bu müddətdə mediyayla, televiziya işçiləri ilə sıx ünsiyyətdə ola bilmədim. Onlar da çox sağ olsunlar, üstümə gəlmədilər, məni başa düşdülər. Bilirlər ki, mən onların kamera və mikrofonlarını heç vaxt özümdən uzaqlaşdırmamışam. Ən çətin mövzularda belə qapım onların üzünə açıq olub.

Bunlara baxmayaraq, bəstəkar kimi xaos yaşamıram, təşkilati işçi kimi fəaliyyətim davam edir. Şükürlər olsun, hər şey normaldır. Mən xoşbəxt insanam ki, atamın itkisindən sonra gündəmdə olmamağımı, boşluğumu insanlar və siz hiss etdiz. Mən bu marağa görə xoşbəxtəm. Elə insanlar var ki, onların varlığı da, yoxluğu da heç kəsə maraqlı deyil. Amma məni görənlər soruşurlar ki, Gövhər xanım, niyə yoxsuz?

- Yəni artıq, toparlanmısız...
- Mən bəstəkaram. Mənim borcumdur ki, şəxsi həyatımda çətinlikləri adlayım, yenə işimin başına keçim, xalqıma, dövlətimə xidmət edim.

- Yeni mahnılarınız varmı?
- Sürprizlə qarşılaşmağı sevmirəm. Çünki kimsə mənə durduğum yerdə, heç bir əziyyətim olmadan böyük hədiyyə verəndə qorxuram ki, bunun bir çıxacağı ola bilər. Özüm isə sürpriz etməyi sevirəm. Ona görə, layihələrim çox vaxt başqalarında qısqanclıq yaradır. Deyirlər ki, yenə ilk dəfə bu etdi, ilk dəfə bunun təqdimatı oldu...

Mayın 19-da ATV kanalında bir mahnım təqdim edildi. Yenə sürpriz oldu... ATV kanalının aparıcısı Nanə Ağamalıyeva 2 il öncə mənə dedi ki, Gövhər xanım, mən bilirəm siz bir pedaqoq və bir ana kimi, yalan demədən, hislərimlə oynamadan mənə düzünü söyləyəcəksiz, sizə güvənirəm və bu sirri sizə açıram: Mən oxumaq istəyirəm. Dinlədim, səsinin tembri, içindəki potensial, həvəs, maraq çox xoşuma gəldi. İki ildir, onunla bu mahnı üzərində işləyirik. Bəzən incidi, küsdü, özünə qapandı, daha sonra qərar verdi ki, yox, bunu edəcəm. Nəhayət, mahnımızı efirdə təqdim etdik...

- Sizcə, uğurlu alındımı? Reaksiyalar necə idi?
- Çox həyəcan keçirdim. Bilmirdim bir qiraətçinin, aparıcının efirdə birdən-birə mahnı təqdim etməyi necə qarşılanacaq... Əgər qəbul olunmasaydı, bu mənim üçün bağışlanmaz səhv olardı. Amma mahnının təqdimatından sonra gördüm ki, mənə görə yox, ümumilikdə ifa doğrudan da bəyənildi. Özü də verilişdə böyük sənətkarlarımız iştirak edirdi, onların qarşısında bu mahnını təqdim etmək mənim üçün çox çətin idi, ancaq onlar da bəyəndilər.

- Mahnını xüsusi olaraq Nanə xanım üçün yazmışdız?
- Mahnı türk sənətkarlarından ibarət olan böyük bir layihə üçün hazırlanmışdı. Ona görə də, mahnının sözləri türkcədir. Sözlərin müəllifi layihəni hazırlayan Günel Sərdarqızıdır. Nanə isə layihə üçün hazırladığımız mahnıların arasında məhz “Həsrətin deyil ki...” adlı bu mahnını seçdi, oxudu. Mahnının bu versiyasını Azərbaycan üçün aranjemançı Samir Əsədov etdi, bir versiyasını isə canlı orkestr ilə Türkiyə üçün hazırladıq.

Bu yaxınlarda Türkiyəyə gedəcəyik. İradə İbrahimova ilə 1 ildir ərsəyə gətirmək istədiyimiz, aranjemanı Yaşar Baxışa, sözləri Aşyə Birgül Yılmaza, musiqisi isə mənə aid mahnını bitirmək istəyirik. İyunun sonlarında da “Oldum olası” adlı başqa bir mahnımızı təqdim edəcəyik.

- Sizi görəndə adama elə gəlir ki, xoşbəxt olmağınız üçün heç kəsə ehtiyacınız yoxdur. Həqiqətənmi belədir?
- Xoşbəxtlik bilirsiz nədir? Mən bunu 40 il sonra başa düşmüşəm. Yaxşı ki, başa düşmüşəm... Elə insanlar var ki, ölənə qədər bilmirlər xoşbəxtlik nədi... Bilmirlər ki, xoşbəxt olmaq üçün nə qədər səhvə yol verib, başqalarını bədbəxt ediblər, günaha batıblar. Amma hər kəs öləndə, son nəfəsində öz günahlarını bir-bir dərk edir. Hər kəs yaxşı bilir ki, günahı nəymiş... Bilirsiz günahın kökündə nə dayanır? İnsan xoşbəxt olmaq istəyir, qarşı tərəfi düşünmədən, yalnız özünü fikirləşərək addım atır və günah edir.

Mən isə anladım ki, xoşbəxtlik insanın ruhunun, ürəyinin sevinməsidir. Xoşbəxtliyin xüsusi parametrləri yoxdur. Tutaq ki, mənə bahalı bir avtomobil hədiyyə edirlər, başqa bir adamın isə heç vaxt avtomobili olmayıb və illərdir arzusundadır. O mənə hədiyyə olunan avtomobili görəndə elə biləcək ki, mən çox xoşbəxtəm. Deyəcək ki, Gövhər necə avtomobilə əyləşib, avtomobil ona necə yaraşır, özü də hədiyyə etdilər, pul da vermədi. O adamın xoşbəxt olması üçün lazım olan şeylər məndəki əşyalardır.

Mən də o adama baxıram, onda olanları görürəm. Fikirləşirəm ki, nə gözəl ailədir, 3 övladı var, hamısı bir yerdə harasa gedirlər, qohumları ilə görüşürlər, onların da 4 övladı var, birlikdə necə mehribandılar.

Bilirsiz niyə belə düşünürəm? Çünki mənim bir övladım var. Həmişə onun yanında gözüm kimisə axtarır. İstəyirəm ki, onun da yanında uşaqlar olsun. Mənim üçün də xoşbəxtlik bu çatışmazlıqlardır. Həmişə böyük və səs-küylü ailələrə həsədlə baxmışam. Filmlərdə gördüyüm səhnələr var, bu ona deyir, mənim fincanımda kim çay içib, o buna deyir, mənim paltarımı kim geyinib, belə ailə istəmişəm. Adətən rayonlarda olur belə hallar: qohumlarla görüşəndə bir-bir təqdim edirlər ki, bu filankəsin qızıdır, bu filankəsin nəvəsidir. Düzdür, heç birinin adı yadımda qalmır, ancaq mən orda xoşbəxtlik görürəm. Onlar ayrıca bir dövlətdir, dövlətin başında duran ağsaqqallar, ağbirçəklər var. Hər kəs öz vəzifəsini yerinə yetirir.

Bir sözlə, mənim ürəyimin sevinməsi üçün çoxlu uşaq görməliyəm. Hərəsinin öz səs tembri, öz xarakteri olmalıdır. Eyni zamanda xoşbəxt olmağım üçün həmişə istəyirəm ki, hamı gülsün, zorakılıq olmasın, aqressiya olmasın. Zorakılıq və aqressiya məni məhv edən birinci amildir. Nə xəstəlik, nə kasıblıq, nə də haqsızlıq mənə zorakılıq və aqressiya qədər təsir edə bilər. Hətta küçədə hansısa heyvana belə haqsızlıq olanda, zəifin üstünə gedən güclünü görəndə məhv oluram.

- Belə başa düşülür ki, maddiyyata bağlı deyilsiz.
- Çox dəyərli geyimlərim, əşyalarım olub, ancaq sevinə bilməmişəm, darıxmışam. O bahalı əşyalara, geyimlərə saatlarla baxıb fikirləşmişəm ki, kaş, bunlar canlı olsaydı, mənimlə danışaydı. Kaş onlar mənə məsləhət verəydi. Bəzən məsləhətə çox ehtiyacım olur, istəyirəm ki, kimsə məni dinləsin. Ola bilər ki, mənim bildiyimi deyəcək, amma desin və mən özümdə güc tapım.

Bəlkə də o anlarda yanımda kimsə olmadığına görə böyük xoşbəxtlikləri, böyük uğurları itirmişəm. Kaş o məqamda yanımda kimsə olaydı və mənə deyəydi ki, düz yoldasan, doğru seçim etmisən. Hər şeyi valideynlərlə bölmək mümkün deyil. Biz azərbaycanlıyıq, mentalitetimiz, kökümüz, milli dəyərlərimiz var.

Elə məsələlər olur ki, valideynlərlə bölüşə bilmirsən. Hətta bəzən onlar məyus olmasın deyə gizlətməyə məcbur qalırsan. Bax o anlarda nə maddiyyat, nə tutduğun mövqe, nə də gözəlliyin sənin qolundan tutur... Maksimum çalışıram ki, xoşbəxtliyimi kiminsə bədbəxtliyi üzərində qurmayım...

- Adətən, təkliyini güclü olmağı ilə əlaqələndirən qadınların əsas arqumentlərindən biri bu olur ki, bizə yiyələnməyi bacaran, istədiyimiz xarakterə sahib güclü kişi qarşımıza çıxmayıb. Bu, daha çox həmin qadınların öz məsuliyyətini qarşı cinsə yükləmək cəhdi deyilmi?
- Atam rəhmətə gedəndən sonra mən tamamilə boşluğa düşdüm. Qorxu yaşadım. Dediyiniz qadınları bax o zaman başa düşdüm ki, arxasında güclü ata, qardaş olmayan qadınlar nəyə görə bu gücü qarşı cinsdə axtarırlar. Mən bu ehtiyacı heç vaxt duymamışdım. Çünki mənim bir idealım var idi: atam. Əsl ata maddi varlıq deyil. Məsələn, sənə kredit kartını versin, desin ki, get nə istəsən al, nə istəsən elə. Atalıq təkcə bu deyil.

Ata qızının namusuna, gələcəyinə zəmanət verən adamdır. Sənin istəklərini, arzularını vaxtında formalaşdıran adamdır. Sənin üçün sərhədləri müəyyənləşdirən və o sərhədlərin içərisində gələcəyin anasını yaradan əsdir. Nazir arvadı da olsan, ən sonda istinad nöqtən atandır. Mənim atam belə idi. Elmli, savadlı, Qurani-Kərimi bilən insan...

Mən bir də dünyaya gəlsəm, bir də oxusam, bir də yaşasam, yenə atamın bildiyinin 10 faizini mənimsəməyi bacarmaram. Rəhmətliyin yaddaşı ensiklopediya idi. Bəzən efirlərdə hansısa sözü, neçə illər qabaq hansısa dövlətdə baş vermiş siyasi hadisələr zamanı liderin kimliyini unudanda, poeziyayla, dramaturgiyayla bağlı nələrisə xatırlamayanda, tez ona zəng edirdim. Baxmayaraq ki, fizik idi, Seysmoloji İdarənin rəisi idi, ancaq hər elmdən xəbərdardı.

Bax o güclü kişiyə atam dünyasını dəyişəndə ehtiyacım oldu. Sanki çökdüm və düşündüm ki, artıq yoxam. Amma bu gün mənim həyatımda elə bir insan var. Heç bir təmənna güdmədən, şəxsi münasibətlərə bağlı olmadan, qarşılıq istəmədən, mən o güvəni, gücü, atamın vəsiyyəti ilə bağlılığım olan biri var.

Öz məsuliyyətimi isə qətiyyən qarşı tərəfə yükləməyi sevmirəm. 17-18 yaşımdan yüksək təqaüd almışam, daha sonralar işləmişəm, valideynlərimdən pul almamışam. Övladıma da belə yanaşmıram ki, böyüyüb mənə baxsın. Özüm özümə baxıram... Övlad Allaha tabedir. Allah mənə verib ki, onu qoruyum, dünyadan köçəndə isə Allah özü onu yönəldəcək. Bu düşüncəylə yaşamamışam ki, bir kişi olsun, mənə baxsın, bütün yükümü onun çiyninə yükləyim, övladım olsun, deyim ki, bu yaşa qədər mən sənə baxmışam, indi sən mənə bax. Bu psixologiyanın adamı deyiləm.

- Yəqin ki, siz də şəxsi həyatınız haqda danışmağı sevmirsiz...
- Şəxsi həyatımı açıqlamağı sevmirəm, heç kəsə də məsləhət görmürəm. Bu, özəldir. Şəxsi məsələləri insanlarla bölüşmək mənim planlarıma daxil deyil və həyat tərzimlə də uyğunlaşmır. Hansısa anlaşılmaz məqamlar, ailəmlə bağlı söz-söhbətlər olsa, o anlaşılmazlıqları aradan qaldırmaq üçün açıqlama verərəm.

Ardı olacaq...


Müəllif: Xəzər Süleymanlı