25 May 09:57

Müsahibənin əvvəli burada.

Gənc olanda Nizami küçəsi ilə təkcə gedirdim. Gözəl vaxtlarım idi. O zamanlar hər kəs bir-birinə gözaltı baxardı. İsti aylar idi. Bir də gördüm insanların arasından qırmızı yun paltoda, başında şlyapa, dodaqları qırmızı olan bir nəfər düz mənim üstümə gəldi...

Bu sözləri Teleqraf.com-a müsahibəsində bəstəkar Gövhər Həsənzadə deyib. Müsahibəni təqdim edirik.

- Mahnılarınızı dinləyəndə kişilərə aqressiya hiss olunur. Bu, yaşadıqlarınızla bağlıdır, yoxsa xarakterinizlə?

- Mahnılarımda aqressiya var. Bəli, özüm də beləyəm. Rokçuyam. Həyat mənə nəyi göstərirsə, güzgü kimi özünə qaytarıram. Mənim işim həyatladır, insanlarla yox. Biz həyatla şahmat oynayırıq. Çünki mən sınan, büdrəyən, həyatın sındıra biləcəyi aciz adam deyiləm. Mübariz insanam. Bu, əslində aqressiya da deyil. Həyatımda nöqtələr var, vergüllə olan bir həyatı yaşaya bilmərəm. Mən yalan danışaram. Əgər bu yalan kiməsə ümidsiz vaxtında ümid verirsə, yıxıldığı zaman ayağa qaldırırsa, nəyi pisdir ki?

İntiharların kökündə nə dayanır? Hamı fikir bildirir, kimisə günahlandırır. Günah hamımızdadır. Görürsən, bir adam çöküb, aldat, ümid ver. Denən ki, səndən yoxdur. Yuxu görmüşəm, yuxumda dedilər ki, sən hər işi bacaracaqsan. Bu yalanları danışanda nə itiririk axı? Niyə ancaq özümüzü fikirləşirik? Bizim laqeydliyimiz o insanları intihar həddinə çatdırır.

Mən aqressiv insan deyiləm. Mənim kimi ürəyi böyük insanlar azdır. Mən olan yerdə bir çoxları susur. Bilirsiz niyə? Çünki məni şübhəylə sorğu-sual etmirlər, bilirlər ki, nəyi deyirəmsə, deməli, cavabım da var.

Elə səs tembrim var ki, söz deyəndə, məni ciddiyə alırlar. Çünki onların xeyrinə danışıram. Dediklərimdə öz xeyrimi güdmürəm.

Rok da belədir. Başlayır və başladığı kimi də bitir. Mən insanların yanında yaltaqlıqla, şirin dillə yox, xarakterimlə, əməllərimlə dayanıram.

- Dinləyicilər üçün həmişə maraqlıdır ki, yaradıcı insanların fəaliyyəti şəxsi həyatlarına bağlıdırmı? Hislər şeirlərə və lirik musiqilərə daha tez çevrilir. Bu mənada maraqlıdır, şəxsi hislərinizi rokla necə ifadə edirsiz?

- Artıq, camaat ağlaşmadan bezib. Ağladanda da inandırmalısan. Mənim uğur qazanmağımda 50 faiz payı olan Yaşar Baxış rokçudur. Amma Azərbaycanda nə qədər ağlamalı, gülməli mahnı varsa, hamısının aranjmençısıdır. Qulaq asanda ağladığınız lirik mahnıların səbəbkarı rokçudur. Rok musiqisi konkretdir. Bu musiqi janrında hər şey öz normasında, öz həcmində olmalıdır.

Caz musiqisi necədir? Başa düşməsək də saatlarla qulaq asıb həzz ala bilərik. Hətta o janrı sevməyənlər də dinləyəndə təsirinə düşürlər. Məsələn, fortepianoda muğam ifa etmək imkanı yoxdur. Vaqif Mustafazadə fortepianoda improvizələr edəndə adam bir anlıq fikirləşir ki, o səsi necə çıxartdı, o nə ifa idi... Çünki onun qanında muğam var idi, yüzdə-yüz caz ifa etmirdi.

Rok isə xəyal və improvizələrdən yox, dinamikadan ibarətdir. Biz zamana çatmaq istəyirik. Gövhər Həsənzadənin mahnılarının yaşı bəlli deyil. Bir də görürsüz bir mahnım populyarlaşır, deyirəm ki, mən bu mahnını 1989-cu ildə yazmışam, soruşurlar, o zaman neçə yaşınız var idi? Deyirəm, mənim yaşım çoxdur. Deməli, mənim mahnılarım və janrım gələcəklə ayaqlaşır. Bu günün dinləyiciləri üçün də maraqlı olur.

İzzət Bağırova “Yar aman, yar” ifa etdirəndə düşündüm ki, mən artıq, çaşmışam, tükənmişəm, məni daş-qalaq edəcəklər, deyəcəklər, neçə il dözdün-dözdün, bu nədir? İzzət Bağırovla “Yar aman, yar” yox da...

Gördüm, əksinə, milli rokumuz yarandı. Mahnının sözlərinə yüz il sonra da qulaq assanız görəcəksiz aktualdır. Rokun üstünlüyü budur. Mövzular hər zaman aktual olur. Mənim həyat tərzim mübarizədir. Həyatın bir qanunu ilə razı deyiləm, həzm edə bilmirəm: güclünün zəifi əzməyimi... Biz bu şeylərə qarşı üsyankarıq. “Yar aman, yar” da, “Get, dönmə geri” də, “Belə olarmı” da elədir.

Bəli, mahnılar yaradıcı insanların həyatının təzahürüdür. Həyatın ona yaşatdıqlarıdır. Özəl həyatdan söhbət getmir. Biz hazırda burda əyləşmişik və bir ab-havadayıq. İndi siz özünüz üçün yeni Gövhər Həsənzadə kəşf edirsiz. Gah fikirlərimiz üst-üstə düşür, gah razılaşmırsız. Siz bu təəssüratla gedib bir mahnı yaza bilərsiz. O demək deyil ki, mən sizin həyatınızda varam.

Məndə bir mistik hiss var, yazdığım mahnıları sonradan həyatımda yaşayıram. Ona görə də, çox vaxt mətnlərdə məyusluq istəmirəm. Nəyi uydurmuşamsa, başıma gəlib.

- Hansı mahnılarınızı yaşamısız?

- Bütün mahnılarımı... Dostlarımdan gördüyüm xəyanət zamanı “Belə olarmı”nı, şəxsi həyatımda baş verənlərə görə İlahə Fədanın oxuduğu “Bir zaman gedəcəm”i yaşamışam. Getmişəm, itirmişəm, peşmanlıq yaşamışam, qalxmışam, yenə çökmüşəm. “Yar aman, yar” mahnısını yazanda gül kimi həyat yaşayırdım. Bu qədər haqsızlıq görməmişdim. İndi dünyada baş verənləri görəndə deyirəm ki, mən bu şeyləri o vaxt yazmışam axı. İndi dünyanın da başı xarab olub.

Əgər bir insan hiss etmədiklərini yazıbsa, deməli, yaratmayıb. 100 il keçib, müasir musiqimizin banisi Üzeyir Hacibəyovun “Koroğlu üvertura”sından yarada bilmişikmi? Xeyr. Nəyə görə? Çünki əsər mübariz xalqımızın formalaşdığı dövrlərdə yazılıb. Mümkün deyil ki, “Koroğlu üvertura”sı hardasa səslənə, sakitcə oturaq, reaksiya verməyək. Qan qaynayır. Bu, Üzeyir bəyin yaşadıqlarıdır. O, bu qüruru yaşayıb və bu musiqini yaradıb.

Mən də yaşadıqlarımı yazıram. Filan konsertdə filan sırada bir nəfər əyləşmişdi, qəmli idi, Gövhər ona baxırdı, yəqin filan mahnını da ona həsr edib – belə şey yoxdur. Əgər kimsə mahnılarımı kimlərəsə aid etmək istəyirsə, fikirləşirsə ki, Gövhər xanım bu mahnını filankəs üçün yazıb və ən əsas mahnılarımı bu cür sevirsə, qoy, elə də düşünsün. Bəlkə elə düz düşünür.

- Demək olar ki, mahnılarınızın 90 faizinin sözləri özünüzə aiddir. Şairlərimizə etibar etmirsiz deyə belədir, yoxsa öz hislərinizi özünüz daha yaxşı ifadə edirsiz?

- Mən hələ ki klassik şairlərdən söz götürüb mahnı yazacaq qədər böyük bəstəkar deyiləm. Çünki o şeirlər, o poeziya öz gözəlliyini təsdiq edib, möhürünü vurub, mən orda nə gəzirəm?

İndi poeziyada da bir xaos var. Hər cızma-qara edəni şairlərlə qarışdırmayaq. Əlinə hər qələm alan sözlərin sonunu qafiyələndirə bilirsə, şair olur. Belə deyil.

Mən mahnı yazanda söz axtarmıram. Melodiya sözü izah etməlidir. Səni dinləmək istəyənlər üçün mətn də maraqlıdır. Onlara sənin nağılın lazım deyil. Bütün qadınlar həyatında olan kişiləri ilk sevgilərinə qısqanırlar. İkinciyə, üçüncüyə, beşinciyə yox, ilk sevgiyə. Qurdalayıb tapırlar, soruşurlar ki, xalan qızını o vaxtlar sənə almaq istəyirdilər, sən də onu istəyirdin? Başa salsan ki, ay bala, xalası qızı artıq, ərə gedib, 5 uşağı var, yenə də deyəcək ki, niyə onu sənə almaq istəyirdilər ki?

- Sizcə, bu, normal deyilmi? İnsan sevdiyini qısqanmamalıdırmı?

- Sizə bir şey deyim, kişi qısqanmırsa, deməli, sənin sahibin deyil. Sən başsız, yiyəsizsən. Əslində kənardakı kişilər görməlidir ki, bu qadının sahibi kimdir... Əgər qadın da kişini qısqanmırsa, hər nə istəyirsən elə, qısqanmıram deyirsə, deməli, yalan danışır, onun başqa həyatı var, sadəcə, uşaqlarının atasıdır, evə çörək gətirsin deyə, birlikdə yaşayır, dözür.

Bunu hər kəs bilsin: qadın kişini qısqanmırsa, o, xoşbəxt kişi deyil və xanımı onu sevmir. Qısqanclıq olmayan yerdə laqeydlik olur. Bax mahnını yazanda bunları nəzərə alıram. Bir mahnımın davamında deyir ki, məktubu oxumadan cırıb atdım. İstəmədim sənin əlinə düşsün. Deməli, qısqanıb, özünü sındırmaq istəməyib, bəlkə də heç oxumayıb, ancaq görüb ki, kimə yazılıb, həyatını dağıtmaq istəmir. Burda bir obraz var. Belə musiqi üçün kimə deyə bilərəm ki, söz yaz? Ona görə, musiqi ilə birlikdə yaranan sözlərdə hər kəs özünü tapır, öz payını götürür. Bu alınmasa, deməli, dinləyicilərlə rabitə baş tutmayıb.

Buna baxmayaraq, kimsə məni şair kimi təqdim edəndə etirazımı bildirirəm. Mən sadəcə, obraz üçün mahnılarıma söz yazıram. O sözləri mahnıdan kənara çıxarsan, təəccüb edərlər ki, bunu kim yazıb, bu nədir belə?..

Şairlərlə işləmişəm. Hətta bununla fəxr edirəm. Bəxtiyar Vahabzadə şeir təqdim edib ki, mahnı yaz, yazmışam, Flora xanım da ifa edib. Əgər mənim mahnımı Flora xanım oxuyubsa, o mahnı mükəmməldir. Sözlərini Bəxtiyar Vahabzadə yazıbsa, deməli, mən şəxsiyyətəm. Başqa kim nə deyir-desin.

- Ramiz Rövşənin şeirlərinə necə, nə zamansa mahnı yazmaq istərdizmi? Onun şeirləri ilə sizin mahnılarda yaxınlıq var.

- Ramiz Rövşənin şeirlərinin musiqiyə ehtiyacı yoxdur, elə musiqi kimidir. Müzakirəsiz... Danışır və bitir. Sanki bir obraz gəldi, səninlə ünsiyyətdə oldu və çıxdı getdi. Amma Ramiz müəllim nə vaxtsa özü istəsə, yazaram.

- Yəni özü təklif etməlidir?

- Mən belə adamam. Bu günə qədər müğənnilərə də mahnı təklif etməmişəm. Baxmayaraq ki, rokçuyam, mübarizəm, ancaq o ürəyin sahibi deyiləm, kiməsə zəng edəm ki, gəl, sənin üçün mahnı yazmışam. Gələr deyər, bəyənmədim, nə edərəm? Bəlkə yaxşı mahnı deyil? Ramiz Rövşən böyük insandır. Bəlkə deyəcək ki, bu nə mahnıdır yazıb, mən belə istəmirəm? Ondan icazəsiz yaza bilmərəm.

- Uşaq vaxtı oğlanfason olmusuz.

- İndi də eləyəm. Bəzən deyirlər ki, filankəs elə yaxşı adam idi, sanki sonradan xarab oldu. Heç kəs dəyişmir, vallah, dəyişmir. Sadəcə, münbit şərait olanda içindəkilər üzə çıxır.

Uşaqlıqda mənə elə gəlirdi ki, dünyanı dəyişəcəm. Oğlan kimi idim. İdmanla məşğul olurdum deyə, içimdəki enerji qaynayırdı. İndi də sakit dayanmıram. Həyat başımdan vurur, bir az sakitləşirəm, sonra deyirəm ki, yox, daha sakit duran deyiləm. Oğlan kimi olsam da, utancaq olmuşam. Həmişə qız həddimi bilmişəm. İstəmişəm ki, qəşəng görünüm, qəşəng paltarlarım olsun, mənə kompliment desinlər. İstəmişəm ki, ağayana qadın obrazım olsun. Qadınlarımızın don geyinməyini, açıq-saçıqlıqdan uzaq olmağını, ancaq gözəl görsənmələrini istəmişəm.

1950-60-cı illərin saç düzümləri, geyimləri üçün ürəyim gedir. Mən o dövrdə qalmışam. Qadına oxşarlıq daha çox o vaxtlar var idi. Amma xarakterim var, sözüm kişi sözüdür. Kişi danışığına, kişi sözünə meyilliyəm.

Kimsə deyə bilməz ki, nə vaxtsa üstüm çirkli, saçım dağınıq olub. Həmişə gözəl geyinmişəm.

- Bəs ürəyinizdən keçibmi ki, kaş kişi olaydız?

- Xeyr, Allah eləməsin... Yaxşı ki, Allah mənə qız verdi. Kişinin yükü, məsuliyyəti çox ağırdır. Mən hələ qadınam bu qədər məsuliyyəti daşıya bilmirəm, kişinin məsuliyyəti bilirsiz nə qədərdir? Ailənin namusu, büdcəsi, valideynlərin qocalığı, bacının, qardaşın, gəlinin, az qala məhlədəki qonşuların qızının da qeyrəti kişinin üzərindədir. Hətta başqa ölkələrdə də hansısa azərbaycanlı qadının səhvinə görə deyilən sözləri kişilərimiz götürə bilmir. Mən kişi kimi qadınam deyə bir şey yoxdur. Sən qadınsan, sən zəifsən və tabe olmalısan...

Sabah ola bilər ki, yaxşı vəzifədə ola bilərəm, sürücü tutaram. O demək deyil ki, onun yanında hər şey edəcəm. Qızıma da başa salıram ki, kişi kişidir. Küçədəki tanımadığın kişiylə də hörmətlə davranmalısan. Qadınsansa qadın yerini bilməlisən.

Mən avtomobil idarə etmirəm, etməyi də sevmirəm. Mənim sürücüm olmalıdır. Küçədə kiminləsə mübahisə edə, söyüş söyə, kimsə maşını park etsin deyə xahiş eləyə bilmərəm. Kişi hökmranlığına heç vaxt iddialı olmamışam, həmişə istəmişəm ki, qızım da belə olsun. Fiziki cəhətdən ən zəif kişi də ən güclü qadından güclüdür. Qadın olmağımdan məmnunam.

- Respublika Sarayında işlədiyiniz ərəfələrdə sizi ruhi xəstə olan bir nəfər sevirmiş. İş yerinizin qarşısında saatlarla sizi gözləyir, yolunuza güllər düzürmüş. Bir neçə il öncə demişdiz ki, sonradan o oğlan birdən-birə yoxa çıxdı. Hələ də hardasa qarşınıza çıxmayıb?

- Bu yaxınlarda onu xatırladım... Nə çox yaraşıqlı, nə də çox eybəcər biri idi. Aramla hərəkət edirdi. Bəlkə də ona çox dərman verirdilər deyə, elə ləng idi. Mənə aşiq olmuşdu. Amma bilmirəm, o mənim işdəki heç kəsin girə bilmədiyi otağıma necə girib-çıxırdı, hətta siyirtməmə gül də qoyurdu. Dəfələrlə qarşı binanın eyvanından yaşadığım evin eyvanına baxdığını görmüşdüm.

- Bəlkə eşqinizdən dəli imiş?

- Yox, yox... İndi deyəcəklər, Gövhərin dərdindən kimsə dəli olub. Yəqin sonralar işdən çıxıb getdi. Yaxud xəstəxanaya apardılar, ya da dünyasını dəyişdi. Tək o deyil ki. Gənc olanda Nizami küçəsi ilə təkcə gedirdim. Gözəl vaxtlarım idi. O zamanlar hər kəs bir-birinə gözaltı baxardı. İsti aylar idi. Bir də gördüm insanların arasından qırmızı yun paltoda, başında şlyapa, dodaqları qırmızı bir nəfər düz üstümə gəldi, əllərini açıb dedi ki, “Ooo, canım rəfiqəm, hardasan, şad oldum səni görməyimə”.

Bərk qorxdum. Ətrafdakılar gördülər ki, qorxmuşam, tez onun başını qatdılar, ordan uzaqlaşdım. İnanın ki, Bakıda nə qədər dəli, ağlını itirmiş divanə varsa, mən hansı küçədən keçsəm, qarşıma çıxır. Ümid edirəm ki, üstümə hücum çəkib məni döyməzlər. Dəliləri yığmaq üçün məni küçəbəküçə gəzdirə bilərlər.

- Dediyiniz kimi, “Avroviziya”da ən yadda qalan çıxışlardan biri, 2008-ci ildə Samirlə Elnurun çıxışı oldu. Həmin “Day, after day” mahnısının müəllifi siz idiz. Niyə daha sonra sizi “Avroviziya”nın seçim turlarına daxil etmədilər?

- O vaxtlar ölkəmizi “Avroviziya”da təmsil etməyimiz üçün mənim mahnıma, bədii rəhbərliyimə inanan, etimad göstərən hər kəsə təşəkkür edirəm. O vaxtdan sonra nə təşkilati işlərə, nə musiqiçi kimi heç bir yerə dəvət almamışam. Bunu onunla əsaslandırıram ki, yəqin “Avroviziya”nın təşkilat komitəsi ilə Azərbaycanın təşkilat komitəsi arasında müəyyən anlaşmalar var. Bəlkə də bu anlaşmaya görə mən dəvət olunmuram.

9 ildir “Avroviziya”dan uzağam. Məsləhət bilsələr, yenə iştirak edərəm.

- Bu il Aysel Məmmədovanın finala keçə bilməməsini necə izah edərdiz? Nə üçün sizdən sonra İsa Məlikovu çıxmaq şərtiylə bütün musiqiləri əcnəbi bəstəkarlar yazdılar?

- Dediyim kimi, neçə illərdir “Avroviziya”dan uzaq olduğum üçün nə baş verdiyini deyə bilmərəm. Sadəcə, tamaşaçı kimi fikrimi bildirim. Söhbət tək musiqidən getmir. Bəstəkar musiqini, şair sözləri yazıb öz işi ilə məşğul olmamalıdır. Hər kəs bir musiqi nömrəsi üçün birləşməli, komanda şəklində səhnəyə çıxmalıdır. Və o komanda azərbaycanlılardan, milli kadrlarımızdan ibarət olmalıdır ki, vətənimizi maksimum təbliğ etsinlər.

Mənim mahnım yazılanda sözləri də mənə aid idi. İngilis dilinə Zəhra Bədəlbəyli tərcümə etdi. Sonra dedi ki, öz sözlərimdir. Londonda sözləri bir də dəyişdik. Amma mən o mahnını sözüylə, musiqisiylə, aranjemanı ilə birlikdə yaratmışdım. Sonradan üzərində kimlər nəyi dəyişib, özləri bilər. Geyimlərə, geyimlərin üzərindəki daş-qaşlara qədər Bakıdan sifariş vermişdik, özümüz tikmişdik ki, çıxışımız gözəl görünsün.



Aysel gözəl ifaçıdır. Ona nə deyiblər, onu da edib. Finala keçməməyimizin səbəbi SMS-lərdir. Münsiflər də səs vermədi, keçmədik. Günahkarları deməyəcəm. Kimlər günahkar olduğunu bilirlər. Lazım olanda açıqlanacaq. Prosesin içindı olsaydım, rahatlıqla deyərdim.

Mən nədən narazıyam, mənim istəyim nədir, onu deyim. Biz finala keçməyə bilərik. “10-luğ”a düşməyə də bilərik. Amma bizim ifamız orda səs-küy yaratmalı idi. Çıxışımız yaddaşlarda qalmalı, Avropa tamaşaçılarını heyrətə gətirməli idi ki, bizim finala keçməməyimizin haqsız olduğunu müzakirə etsinlər.

Niyə bir nəfər də bizim finala keçməməyimizin davasına qalxmadı? Mənim sualım budur. Xarici vətəndaşlardan biri canlı yayımda demişdi ki, bu günə qədər Azərbaycan 2008-ci ildəki çıxışı ilə yadımda qalıb, çox möhtəşəm idi. Demirlər ki, Gövhər Həsənzadənin, Samirin, Elnurun mahnısı, deyirlər, Azərbaycanın nömrəsi. Bax bunu əldə etmək lazımdır.

- Bəs niyə öz bəstəkarlarımıza etibar etmirlər?

- Bəlkə də “Avroviziya”nın tələbləri budur ki, avropalı bəstəkarlar olsa, daha çox səs qazana bilərsiz. Amma son 10 ildə bu baş verməyib.

- Sizə elə gəlmir ki, “Avroviziya” artıq, öz nüfuzunu itirib?

- Dünyada bu qədər hadisələr baş verir, hələ də “Avroviziya” müsabiqəsi keçirilirsə, deməli, hələ də nüfuzu var.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...