27 May 12:39
1 477

Filmin yaradıcı heyətini formalaşdıranda əvvəlcə hamımız şəkil çəkdirdik və verilən mətni səsləndirdik. Seçimdə Məhəmməd Əmin Rəsulzadə ilə bənzərliyə üstünlük veriləcəyi bildirilirdi. Rəsulzadənin gənclik illərini canlandıracaq obraz üçün çoxlu aktyorlar çağırılmışdı. Sınaq çəkilişlərində səsləndirdiyim mətn ilkin olaraq münsiflərin xoşlarına gəlmişdi, bir neçə gün sonra son qərarın veriləcəyi söyləndi. Çox həyəcanla bir neçə gün gözlədik. Bu rolu oynamağı çox istəyirdim. Sınaq çəkilişlərindən bir neçə gün sonra zəng gəldi ki, bu rola təsdiq olunmuşam.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın prodüserliyi ilə çəkilən “Son iclas” filmində Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını canlandıran aktyor Elnur Hüseynov deyib.

“Xəyalımdakı Rəsulzadə emosional idi”

Elnur Hüseynov “Son iclas” filmində çəkiliş üçün təsdiqlənəndən sonra Məhəmməd Əmin Rəsulzadə haqda çoxlu materialla tanış olduğunu söyləyib: “Cümhuriyyət ili ilə bağlı televiziyada yanvarın əvvəlindən mütəmadi olaraq göstərilən verilişləri izləyirdim. Bakı Media Mərkəzinin əvvəl çəkdiyi “Əbədi ezamiyyət” filmindən də çox təsirlənmişdim. Rəsulzadə barəsində yazılan əsərlərə üz tutdum, bizim məsləhətçimiz var idi, onu suallarla narahat edirdim, çoxlu məsləhətlər verirdi. Xəyalımda Rəsulzadə obrazını emosional, natiqlik bacarığı yüksək, danışığı ilə bütün zalı ələ almaq bacarığı olan insan kimi görürdüm. Rejissor da mənimlə razılaşdı. Düzdür, qocalıq dövrünü sakit təbiətli təsəvvür edirik, ancaq o cür Cümhuriyyəti quran insanın xüsusilə iclasda xalqın müqəddəratı həll olunduğu üçün sakit danışması mümkün deyildi”.

“O binada tarixi mühitə düşdük”

Aktyor Məhəmməd Əmin Rəsulzadənin yaşlı dövrünü canlandıran nəvəsi Rəis Rəsulzadə ilə çəkiliş zamanı qarşılaşmadıqlarını bildirib: “Çox istərdim ki, Rəis Rəsulzadəni görüm, onun fikirlərini öyrənim. Bizim çəkilişlərimiz Əlyazmalar İnstitutunun zalında baş tutdu deyə bir-birimizi görə bilmədik. Əlyazmalar İnstutunda hətta lepkalara qədər olduğu kimi qalıb. Hər şey qorunub saxlanıb, orada tarixi mühitə düşürdük. Parlamentin iclası gecə olmuşdu deyə havanın qaralmağını gözləyirdik, orada millətin taleyi həll olunub, zirehli qatar gəlib. Ona görə gözləyirdilər ki, gün qaralsın, işıq qurulsun. Çəkilişimiz axşam radələrində başlayırdı, səhər saat 6-yadək davam edirdi”.

“Son iclas” məhz o cür filmlərdəndir

Elnur Hüseynov Azərbaycanda da bu cür tarixi əhəmiyyətli film çəkildiyinə görə sevindiyini deyib: “Yaxşı film alınacağını gözləyirdim, amma bu dərəcə möhtəşəm olacağını təsəvvür eləmirdim. Dünya səviyyəli bir film alındı. İngilis dilində titrlərin verilməsi belə nəzərə alınıb. Həmişə Almaniya, Türkiyə haqda sənədli filmlərə baxırdıq, “Son iclas” məhz o cür filmlərdəndir. Azərbaycanın müstəqillik qazanması və cümhuriyyətin süqut dövrünü əhatə edən gözəl filmdir. Filmdə Rusiya, Fransa və ayrı-ayrı ölkələrin arxivlərindən maraqlı və tarixi faktlar yer alıb. Elə keçidlər, montaj var idi ki, təəccüblənməmək mümkün deyildi. Rejissor Fuad Əlişovdan gözəl iş alındı”.

“Qonarardan tutmuş mənəvi dəstəyə qədər...”

Onun sözlərinə görə, Bakı Media Mərkəzinin mükəmməl çəkiliş qrupu aktyorların qayğısına yüksək səviyyədə qalıb: “Aktroylarla iş üzrə məsul şəxslər vardı, bizimlə yaxından maraqlanırdılar. Qonarardan tutmuş mənəvi dəstəyə qədər çox razı qaldım. Filmə mayın 25-də baxdıq, təkcə anonsları izləyənlər o qədər zəng edib müsbət fikir söyləyirlər ki. Başda Arzu xanım olmaqla bu filmdə əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. İnşallah davamlı olar. Arzu xanım xüsusi təbriklərini çatdırdı, aktyorlara, yaradıcı heyətə inanılmaz yaxşı münasibət göstərildi. Aktyor da nə istəyir, gördüyü işə yaxşı qiymət və xoş münasibət. Bütün rəhbərliyi və yaradıcı heyəti təbrik edirəm”.

Hazırda Gənc Tamaşaçılar Teatrında çalışan Elnur Hüseynov bundan öncə də tarixi obrazlar canlandırdığını xatırladıb: “2000-ci illərdə Gənc Tamaşaçılar Teatrında Loğman Kərimovun rejissorluğu ilə türkiyəli dramaturq Orxan Asenanin “Mustafa” pyesi səhnəyə qoyulu. Bu tamaşa Mustafa Kamal Atatürkün uşaqlıq və yeniyetməlik dövründən bəhs edirdi. Baş rol olan “Mustafa” obrazında mən oynamışam”.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Elnur Hüseynov 1998-ci ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Aktroy “Dədə Qorqud”da (Uruz), “Müsyö Jordan və Dərviş Məstəli Şah”da (Şahbaz bəy) “Şeyx Sənan”da (Anton) “Leyli və Məcnun”da ( Zeyd ) rollarını oynayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın prodüserliyi ilə çəkilən “Son iclas” filmi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunub.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Film Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.


Müəllif: Nərgiz
Загрузка...