30 May 10:53
9 424

Səməd Vurğun adını ilk dəfə nə zaman eşitdiyimiz yadımıza gəlməz.

Sanki o bizimlə doğulub.

Bizimlə var olub.

Və heç şübhə yox ki, daim var olacaqdır.

Möhtəşəm şairlərimiz var.

Amma onların heç biri Səməd Vurğun qədər xalq şöhrəti qazanmamışdı.

Bu şöhrətli həyatın arxa qapılarında nələr baş verirdi.

Gəlin, bu tarixi yenidən varaqlayaq.

Səməd Vurğunun həyatdakı ilk imtahanı Azərbaycan ədəbiyyatı tarixini yazan görkəmli ziyalı Firudin bəy Köçərli qarşısında vermişdi.

Nə qədər simvolik bir mənzərə!!!

Firudin bəy Qoridən Qazaxa köçürülən Qazax Müəllimlər Seminariyasının direktoru idi.

Səməd Vurğun isə xəstəhal bir uşaq...

Anasız böyümüşdü.

Böyük qardaşı Mehdixan da məktəbə qəbul edilmişdi.

Firudin bəy bir ailədən iki uşağın məktəbə qəbul olunmasını istəmirdi.

Nənəsi Firudin bəyə yalvardı.

Firudin bəy dediyindən dönmürdü.

“Uşaq xəstədir, oxuya bilməz” deyirdi.

Bu anda bayaqdan susan Səmədin səsini eşitdi.

“Firudin bəy, sən hardan biləsən ki, bu ürəkdə nələr var?”

Firudin bəy ondan belə söz gözləmirdi.

Bəlkə də Səməd Vurğunu kəmağıl hesab etmişdi.

Yanındakı müəllimə dönüb dedi: “Yoxla, bu uşağı”.

O zamanlar ibtidai sinif adına molla məktəbləri vardı.

Buna görə də Səməd Vurğuna Qurandan bir parça oxumağı tapşırdılar.

Səməd Vurğun Quranı əlinə götürdü, iki ayəsini ordan oxuyub kitabı bağladı.

Davamını əzbərdən oxumağa başladı.

Firudin bəy heyrətə düşdü.

Bu xəstə uşaqda, raxit uşaqda ( Vaqif Səmədoğlunun sözüdür-Q.T.) nə boyda istedad varmış.

Heç tərəddüd etmədən onu məktəbə götürdü.

Səməd Vurğun Azərbaycan ədəbiyyatı tarixinin ilk yaradıcısı qarşısında imtahanını belə vermişdi.

Və o bu tarixin ən şöhrətli səhifələrində yaşayacaqdı.

Qazax Müəllimlər Seminariyasını bitirən Səməd Vurğun elə Qazaxda müəllimlik eləməyə başladı.

İyirminci illərin əvvəli idi.

Bir gün süpürgə pulu üstdə rayon İcraiyyə Komitəsinin sədri ilə sözü çəpləşdi.

Səməd Vurğun məktəblərə süpürgə almaq üçün pul verilmədiyindən şikayət etdi.

Məmur isə təhqiramiz formada ona belə cavab verdi: “Papağınla təmizləyərsən”.

Səməd Vurğun dözmədi: “Belə yaxşı şeydirsə, gəl özün öz papağınla təmizlə”.

Vəziyyəti çətinləşdi, qaçıb Bakıya gəldi.

Qardaşı Mehdixan Qubada maarif müdiri işləyirdi.

Ona məktub yazdı: “Vəziyyətim çox pisdir, filarmoniyanın yanındakı skamyalarda yatıram”.

Qardaşı təcili Bakıya qayıtdı.

Onu öz qohumları Mədinə xanım Vəkilovanın evinə yerləşdirdi.

Sonra onu öz yanına aparmaq, Qubaya təyinat almaq üçün çalışmağa başladı.

O çalışmağında olsun, biz Səməd Vurğunun şəcərəsi haqqında yazaq.

Bu məsələ əslində sənətkarın başı üstdə olan buludların da səbəbkarı idi.

Belə ki, Səməd Vurğunun əmiləri Rəhim bəy Vəkilov və Mustafa bəy Vəkilov idi.

Mustafa bəy Vəkilov Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi.

AXC-nin daxili işlər naziri olmuşdu.

Cümhuriyyətin ən gənc naziri idi, bu mühüm kresloda oturanda cəmi 23 yaşı vardı.

Digər əmisi Rəhim bəy Vəkilov isə AXC parlamentinin ən gənc deputatı idi.

İstiqlaliyyət Bəyamnanəsini öz əlləri ilə yazmışdı.

Cümhuriyyətin süqutundan sonra sürgün edildi.

İki il sonra amnistiyaya düşdü, ancaq sonra yenə sürgünə göndərildi.

Əmisiqızını, Mehdixanın Səməd Vurğunu evinə apardığı Mədinə xanımı böyük bir ehtirasla sevirdi.

Üçüncü dəfə həbs olunacağını bildikdə Tiflisdə, Kürün sahilində intihar etdi.

Mustafa bəy Türkiyəyə qaçdı, ölənə qədər orda yaşadı.

Mədinə xanım da 37-ci ildə güllələndi.

Mir Cəfər Bağırov Bakı kommunistlərinin iclasında Səməd Vurğunu ayağa qaldırıb demişdi: “Tezliklə kommunizmin əlifbasından başlamalısan. Yoxsa məhv ediləcəksən”.

Kommunizmin əlifbasından başlamalı olan şair belə bir nəslin övladı idi.

Və o kommunizmin əlifbasını da yaratmalı idi.

Yaratdı da...

Qayıdaq hekayəmizə.

Təyinatını Qubaya aldı.

Orda işləməyə başladı.

Sonra Gəncəyə təyin olundu.

Qubada yazdığı bir şeir “Gənc işçi” qəzetində çap edildi.

Əhməd Cavadın “ Göy göl” şeirinə cavab idi.

Sonralar peşman olub qəzetin redaktoru olan qardaşını qınamışdı: “Komsomolçuluğuma salıb sənin təhrikinlə cavab yazdım. Amma gül kimi şeir idi”.

Səməd Vurğun əslində bu cür peşmançılıqlardan yoğrulmuşdu.

Təsəvvür edin, o, Hüseyn Cavidi çox sevirdi, amma Hüseyn Cavidin əleyhinə “Səadət düşməni” adlı şeir yazmağa məcbur olmuşdu.

İndinin özündə də onu bu şeirə görə qınayırlar, amma di gəl ki, Mir Cəfər Bağırov məhkəməsində verdiyi ifadədə eynən belə deyir: “Səməd Vurğun bir gün yanıma gəlib ifşa olunmuş xalq düşmənləri Hüseyn Cavid və Abbas Mirzə Şərifzadəni geri qaytarmağın mümkün olub-olmadığını soruşdu. Bununla bağlı olaraq mən onu tənqid etdim. Və dedim ki, onu sürgün etməmişiksə, o, bundan sui-istifadə etməməlidir.

Təsəvvür edin, Mir Cəfərin yanına gedib ondan sürgündəki Hüseyn Cavidi azad etməyi xahiş edir.

Eyni xahişi Müşfiq üçün də etdiyi deyilir, Səməd Vurğun Müşfiqin güllələndiyini bilmirdi.

Gəncədən İkinci Moskva Universitetinin filologiya fakültəsinə ali təhsil almaq üçün göndərildi.

Bu xəbərə çox sevinirdi.

Qardaşı ona cibxərcliyi düzəltdi.

Osman Sarıvəlli ilə birgə yola düşdülər.

Biletə pul verməmək üçün qatarın üstünə minib getmişdilər.

İki il orda oxudu.

Təhsilini yarımçıq qoyub Bakıya qayıtdı.

Aspiranturaya girdi.

O da yarımçıq qaldı.

Səməd Vurğunun heç zaman ali təhsili olmadı.

Amma Akademiya təsis edilən kimi ona akademik adı verdilər.

Səməd Vurğun buna layiq idi.

Çünki özünü çox yaxşı yetişdirmişdi.

Rus dilində vergül səhvi qoymadan belə yaza bilirdi.

Bu qabiliyyəti ilə İlya Erenburqu təəccübləndirirdi.

Onu elm, təhsil çox sıxırdı.

Daha çox müstəqil mütaliə edirdi.

Oğlu Yusifə belə vəsiyyət eləmişdi: “Bilsəm ki, bircə gün kitab oxumamısan, qəbrdə də bundan xəbər tutacağam”.

Aspiranturanı atdıqdan sonra “Gənc işçi” qəzetində məktublar şöbəsində işə düzəldi.

Amma müəllimlik vaxtı daima etdiyi səhlənkarlıqlar burda da eyni qayda ilə davam edirdi.

İşə gec gəlirdi, bəzən işi ləngidirdi.

Hər yerdə arzuolunmaz işçi idi.

Lakin yazmağa gəldikdə dayanmadan işləyirdi.

O bu dünyaya ancaq şeir yazmaq üçün gəlmişdi.

Bir çox hallarda fikirli olar, beynində şeir yazardı.

Belə zamanlarda heç kimi dinləməz, daha doğrusu, dinləyə bilməzdi.

Yazıçılar Birliyində katib işlədiyi günlərdə Əli Vəliyev yanına gəlir.

İttifaqda görülən işlərlə bağlı Səməd Vurğuna məruzə edir.

Səməd Vurğun bu uzun söhbətə zərrə qədər də fikir vermir, qəfildən plaşını götürüb sağollaşmadan otaqdan çıxır.

Fikri “Vaqif”in yanında idi.

1932-ci ildə Xavər xanımla tanış olur.

Xavər Abdulla Şaiqin baldızı idi.

Abdulla Şaiqin oğlu, gələcək akademik Kamal Talıbzadə vasitəsi ilə Xavərə məktublar göndərir.

İki il sonra evlənirlər.

1935-cü ilin son günlərində ilk uşaqları dünyaya göz açır.

Atasının adını oğluna qoyur: Yusif.

Xavəri xəstəxanadan çıxarmaq üçün Mehdi ilə gəlirlər.

İkisinin cibində bir manat da yox idi.

1937-ci ildə qardaşı Mehdixana deyir ki, siqaret almaq üçün pulum yoxdur.

Qardaşından üç manat alıb özü üçün siqaret alır.

Kasıb yaşayırdılar, bəzən çap edilmirdi, vəziyyətləri pisləşirdi.

Xavər xanım bir gün evə qayıdanda Səməd Vurğun ona gözlərini yummağı tapşırır.

Gözlərini açdıqda isə otaqda puldan xalça görür.

“Yevgeni Onegin”in tərcüməsinin qonorarı imiş.

Amma şairin əlində pul durmurdu.

Akademiyanın vitse-prezidenti kimi çox yüksək maaş alırdı.

Üstəlik səhnəyə qoyulan pyesləri, xaricdə çap olunan kitabları...

Bu pulların çoxunu ehtiyacı olanlara paylayırdı.

İki dəfə Stalin mükafatı almışdı.

Bu mükafatların da böyük hissəsini Müharibə fonduna köçürmüşdü.

Yusif Səmədoğlunun yazdığı bu əhvalat isə şairin xarakterini öyrənmək baxımından səciyyəvidir.

Səməd Vurğun uşaqlar təzə süd içsinlər deyə bağa inək alır.

Bir neçə müddət sonra inəyi sağanda onun südünün olmadığını görürlər.

Oğrunu axtarmağa başlayırlar.

Bir gün Səməd Vurğun oğrunu tapır.

Bağ evi internat məktəbi ilə qonşu idi, ordakı yetimlər haşarı aşıb gizlincə gəlib inəyin yelinindən süd içirmişlər.

Düz səkkiz uşaq.

Şair sayırmış.

Səməd Vurğun bu hadisədən sonra inəyi aparıb internat məktəbinə bağışlayır.

1937-ci ildə yeganə qızı Aybəniz doğulur.

1939-cu ildə isə Vaqif.

Qalanını bilirsiniz...

“Azərbaycan” şeirinin misilsiz uğuru, “Vaqif” tamaşası...

Azərbaycanın ilk Xalq şairi...

Akademik...

Akademiyanın vitse-prezidenti...

İki dəfə Stalin mükafatı

Lenin ordeni

Stalinin qarşısında “Rəhbərə salam” şeiri...

Çörçillin qarşısında tost...

Və sair və ilaxır...

Burda əslində bir suala da cavab verilməlidir.

Necə oldu ki, Səməd Vurğun sağ qaldı.

Bir çoxları onu Stalinin qoruduğunu deyirlər.

Deyirlər ki, hər görüşdə Stalin Mir Cəfərdən Səməd Vurğunu soruşurmuş.

Və rəhbərin bu hərəkəti Səməd Vurğunu xilas edib deyirlər.

Hərçənd Bağırov məhkəməsində açıqca demişdi ki, istəsəydim Səməd Vurğunu güllələyərdim.

Vaqif Səmədoğlu Səməd Vurğunun “başında qopan tufanları” haqda da yazır.

Onun dediyinə görə Səməd Vurğunun həbs edilməsi haqqında orderi Respublika Prokuroru imzalamışdı.

Hətta ailəsinin sürgün olunacağı yer də dəqiqləşmişdi.

Türkmənistana sürgün olunmalı idilər.

Səməd Vurğun aylarla pencəkdə yatırdı.

Özü ilə bağlı qərarı vermişdi.

İntihar edəcəkdi.

Marşal Rokosovskinin ona bağışladığı tapançanı başının altına qoyub yatırdı.

Xoşbəxtlikdən bu dəfə də təhlükə sovuşdu, növbəti ilin əvvəllərində Stalin vəfat etdi.

Az sonra Mir Cəfərə də məhkəmə qurdular.

Ona verilən ittihamlardan biri də Səməd Vurğunla bağlıydı ki, yuxarıda bu haqda yazmışam.

Mir Cəfər məhkəmənin qərarı ilə ölümə məhkum edildi.

Lakin bu günlərdə Səməd Vurğun ağır xəstə idi.

50 illik yubileyinə belə gələ bilməmişdi.

Mustafa bəy Topçubaşov ona xərçəng diaqnozu qoymuşdu.

“Vaqif” pyesinin ilk adını “Şairin ölümü” qoyan Səməd Vurğunun ölümüylə Azərbaycan dərin yasa batdı.

“Kommunist” qəzeti 28 may 1956-cı ildə Səməd Vurğunun ölüm xəbəri manşeti ilə çıxdı.

Qəzetin arxa səhifələrinə kiçik bir xəbər də yerləşdirilmişdi: “Mir Cəfər Bağırov haqqındakı ölüm hökmü icra edilib”.

Səməd Vurğun nisbətən azad günlərdə heç yaşaya bilmədi.

Heç zaman heç yerə tələsməyən şair ölümə tələsirdi.

Onun ölümü ilə böyük bir epopeya da başa çatdı.

Amma təsəllimiz odur ki, onun poeziyası Azərbaycan qədər, Azərbaycan dili qədər əbədidir.

Üstəlik, o Azərbaycan ədəbiyyatına iki görkəmli insan, Yusifi və Vaqifi qoyub getdi.


Müəllif: Qan Turalı
Загрузка...