31 May 11:40
2 799

Bircə sevindiyim məqam odur ki, o yaşda Xocalıda olmamışam. Bu, Allahın mənə lütfüdür. Həmçinin özümü suçlayıram. Xocalıda yaşıdlarım nələrdən keçib... Danışanda utanıram. Yaşadığım çətinlikləri düşünəndə, gözümün qabağına Xocalıdakı uşaqlar gəlir. Hər dəfə istəyirsən Allaha üsyan edəsən, xatırlayırsan ki, səndən də çətin vəziyyətdə , səndən də çox köməyə ehtiyacı olan insanlar var...

Bu sözləri Teleqraf.com-a müsahibəsində şair-publisist Sevinc Elsevər deyib. Müsahibəni təqdim edirik.

- Sevinc xanım, bir neçə gün öncə “Çörək rəngli əllər” adlı şeirlər kitabınızı oxuculara təqdim etdiniz. Kitabı Mövlud Mövluda həsr etmisiz. Niyə “Çörək rəngli əllər”?

- Başqa kitablarıma da şeirlərin içindən hansısa misraları seçib ad qoymuşam. “Uçuş məsafəsi”, “Qadağan saatları”, “Qadının yoxmu?” kitablarımın adları da şeirlərin içindən seçilib.

“Çörək rəngli əllər” də bir şeirimin adıdır. Yəni bu qədər sadə cavabı var. Əslində kitab çapa çoxdan hazır idi, sadəcə, maliyyə məsələlərinə görə gecikdi. Ad seçərkən 7-8 ad üzərində dayanmışdım. Məsələn, əvvəlcə istədim “Kişi qoxusu” qoyum. Dostlarım da, yoldaşım da dedi ki, “Qadın ətri” adlı məşhur film var. Bir feminist rəfiqəm qayıtdı ki, kişi qoxusu nədir, kişi qoxusu da olur? Sonra Mövlud Mövluda zəng etdim. Onda Bakcell, məndə isə Azərcell nömrəsi olduğu üçün həmişə qısa və tələsik danışardıq. Tez variantları dedim, o da elə bir kəlmə “Çörək rəngli əllər” dedi. Bu seçimi yoldaşım da dəstəklədi.

- Aqşin Evrənin də “Çörək qırağı qadın” adlı məşhur şeiri var. Kitabın adı ilk baxışdan onu xatırladır.

- Aqşinin o misrası da çox maraqlıdır. Mən nədənsə çörəyi həmişə insan əllərinə bənzədirəm. Əlin dərisinin rəngiylə çörəyin rəngi arasında əlaqə görmüşəm. Xüsusən uşaqların əlləriylə... “Çörək rəngli əllər” şeirimdə qazlar çörək yeyən uşağa hücum edib onun çörəyini də, əllərini də dimdikləyirlər. Yəni qazlar da uşağın əllərini çörək zənn edir. Əllərin çörək rəngində olması həm də simvolik mənadadır burda. Çörəyi əlin zəhməti ilə qazanmağımıza, əlimizin həmişə çörəyə uzanmağına işarədir.

“Çörək qırağı qadın” şeirini isə belə izah edərdim: süfrəyə çörək gələn kimi uşaqlar onun qırağını kəsib yeyirlər. Anam həmişə deyirdi ki, günahdır, çörəyin qırağını kəsib yeməzlər, üzünü soymazlar. Çörəyə də canlı kimi yanaşılır bizim kultda. Çörəyin ən şirin yeri isə qırağı olduğu üçün Aqşin o şeirdə qadına sanki sən mənim ən şirinimsən demək istəyir. Ayrı-ayrı yanaşmalardı.

- Kitab təqdimatınız ürəyinizcə oldumu?

- Bilirsiz ki, indiki kitab təqdimatları toy kimidir. Sən getmisənsə, gələcəklər. 50 manat atmısansa, 50 manat, 100 manat atmısansa, 100 manat atacaqlar...

- Bir zamanlar AYB-yə qarşı sərt mövqedən çıxış edirdiz. İndi necə, münasibətiniz dəyişib, yoxsa eyni olaraq qalır?

- Biz sözümüzü deyəndə, maksimum azadlığa can atırıq, ancaq bilirik ki, bu, mümkün deyil. Çünki öz daxili senzuramız, qorxumuz, çəkincəkliyimiz, kompleksimiz var.

İnanmıram, dünyada elə bir yaradıcı insan var ki, o, tam səmimi olsun. Bütün insanların gizlinləri, bölüşə bilmədikləri var. Mənim də həmçinin. Onsuz da azad deyiləm, AYB-ə üzv olsaydım, ümumiyyətlə azad ola bilməzdim. Hətta AYO-nu da tərk etdim. Hazırda heç bir təşkilata üzv deyiləm.

- Yaradıcılıq üçün azadlıq mütləq şərtdirmi? Məsələn, AYB-yə üzv olanları ciddi ədəbiyyatın nümayəndələri hesab etmək olmazmı?

- Niyə olmur ki? Orda da istedadlı insanlar var. Bu yaxınlarda bir məlumat oxuduq, AYB-nin 1500 üzvü var. Onların bir çoxu yaza bilmir, bir çoxunun isə adı ədəbi ictimaiyyətə məlum deyil. O sırada olmaq kimə rahatdırsa, özü bilər. Kimin üçün fərqi yoxdur, kimin üçünsə fərqi var. Məni verilişə çağıranda soruşuram ki, qonaqlar kimlər olacaq? Bilməliyəm ki, gedib orda kimlərlə oturacam. Adam da var ki, onun üçün fərqi yoxdur.

- Sizcə, bu gün ciddi ədəbiyyat nümunəsi sayıla biləcək mətnlər varmı?

- Gənc olanda başqa cür düşünürdüm. Deyirdim ki, “bulvar ədəbiyyatı” nəyə lazımdır? İndi düşünürəm ki, o da lazımdır, onun da öz oxucuları var.

Bu gün ədəbiyyatla maraqlanan, poeziyadan anlayışı olan insanlar Əli Kərimi şair kimi qəbul edirlər. Mənim də sevdiyim şairlərdəndir. Amma öz zamanında qəbul olunubmu? Yaşadığı dövrdə onu ən çox incidən səbəblərdən biri də bu olub: qəbul olunmaması.

Hər şeyi zaman göstərir. Belə misram vardı: “Yalnız ölülər qibtə doğurmur”. Biz niyə ölmüş adamların istedadlı olduqlarını ürəklə deyirik? Çünki artıq onlarla rəqabət aparmırıq. İndi Əli Kərim haqqında hamı öz fikrini rahat şəkildə bildirir. Öz müasiri haqda istər mənfi, istərsə də müsbət fikir bildirmək isə hər kəsin bacaracağı iş deyil.

- Belə çıxır ki, böyük kütlə tərəfindən qəbul olunmayan nə varsa, ciddi ədəbiyyata, ciddi yaradıcılığa daha çox yaxındır...

- Qəbul olunmaq və olunmamaq nisbi məsələdir. Biz ədəbiyyat adamları tez-tez küsürük. Ona görə küsürük ki, yazmamaq üçün özümüzlə mübarizə aparırıq. İndiki şəraitdə, oxucu qıtlığı olan vaxtda, bu şərtlər altında kimlərsə hələ də yazırlarsa, deməli, onlar yazmaya bilmirlər. İndi bəziləri hansısa yollarla yazdıqlarından qazanc əldə edə bilirlər, onlar başqa. Amma Şərif Ağayar, Rasim Qaraca ona görə yazır ki, onlar yazmaya bilmirlər.

Cəlil Cavanşir son kitabından sonra dedi ki, bir daha yazmayacam. Bir müddət hamıdan uzaqlaşdı, ancaq sonra yeni şeirləriylə yenə Feysbukda göründü. Çünki o da yazmaya bilmədi. Belə vəziyyət yarananda düşünürəm ki, hətta bir nəfər üçün də olsa, yazmaq lazımdır. Qəbul olunub-olunmamaq kimi qorxu olmamalıdır.

- Sizin belə bir qorxunuz olubmu?

- Müəyyən narahatlıq hamıda olur. Yaradıcılıq nigarançılıqdır. Bu boyda nigarançılıqla, həm də bu şərtlərlə yalnız yazmaya bilənlər yazır... Yazmağın daşını atan dostlarımızın çoxu nigarançılıqdan canlarını qurtardılar, rahat həyat tapdılar. O rahatlığı mən də istəyirəm. Sonuncu kitabım çıxanda istədim mən də elan edim ki, bu kitabım axırıncıdır. Amma Cəlilin durumuna düşməkdən qorxdum. Yalançı çıxmaqdan ehtiyatlandım.

- 2000-ci illərin əvvəllərində ədəbi mühitdə qəribə bir canlanma baş verdi. Sanki gənclər poeziyanın ənənəvi mövzularından imtina edib, yeni mərhələyə qədəm qoydular. İllərlə insanların beyninə yeridilmiş mənasız adətləri, mental dəyərləri tənqid etməklə, stereotipləri qırmaqla səs-küy yarada bildilər. Loru dildə desək, bura açıq-saçıq şeirlər də daxil idi. Sizin də cəsarətli yazılarınız var idi. Hətta “Atamın xatirəsinə” adlı şeirinizlə valideynini bütləşdirənlərə qarşı çıxırdız. İndi özünüz də valideynsiz. Büt olmamaq üçün nə edirsiz?

- Mən valideyn kimi özümdən narazıyam. Bu kitabdakı sonuncu şeiri oxusaz, görərsiz... Daha yaxşı ana ola bilərdim...

- Niyə narazısız?

- Xeyli məqamlar var. Özümü büsbütün uşaqlarıma həsr edə bilmirəm. “Atamın xatirəsinə” şeirini deyirsiz, ordakı necə ata idi? Onun asılılığı var idi. Bu asılılıq da ailəsinə, övladlarına ziyan verirdi. Mənim də ədəbiyyatdan asılılığım var. Nə fərqi içki asılılığı, ya ədəbiyyat?.. Bəlkə atamı qınadığım üçün belə oldu? Zamanla hər kəsi başa düşürsən...

- Sizə elə gəlmir ki, indi hamı eyni tərzdə, eyni mövzuları yazır. Yeni mərhələyə keçmək vaxtı çatmayıbmı?

- Deməzdim eyni mövzularda yazırlar. Yenə Əli Kərimi misal çəkim. Onun yaradıcılığına baxsaz, bütün şeirlər fərqli mövzulardadır. Hətta metro qapılarına da şeir həsr edib. Adam var ki, metronun yaylı qapısını vurub keçir, qapının kiməsə dəyib-dəyməyəcəyini nəzərə almır, adam da var ehtiyatlı olur, özündən sonra gələni düşünür.

Yəni kimsə cüzi fədakarlıq edə bilirsə, deməli, ondan başqa yaxşılıqları da gözləmək olar. İnsanları xırda jestlərindən tanımaq olur. Bax Əli Kərim bu jesti şeirə çevirib. Bizdə indi də Əli Kərim şeirlərindən yeni bir mövzuya toxunan şairlər var.

Amma bir gerçəyi də qeyd edim: bu gün çox şairlər türk şeirlərini təqlid edir. İstəyirlər ki, onlar kimi yazsınlar. Biz isə mental düşüncəyə qarşı mübarizə aparırdıq. Çünki o düşüncə tərzi həyatımızı çətinləşdirirdi. Bu yaxınlarda bir tanışım evləndi. Qara gödəkçəli, vurub-yıxan tiplərdən idi. Kimsə onun yanındakı qıza baxa bilməzdi. Amma toyunda yengədən imtina etdi. Qohum-əqrəba ilə qırğına çıxmışdı ki, mənim yataq otağıma heç kəs baxa bilməz. Bu, həmin o yazıların nəticəsidir. Bu cür geridə qalmış adətlərə qarşı Seymur Baycan təkcanına onlarla yazı yazıb. Bir çox sahələrdə inkişafımızı Mirzə Ələkbər Sabirlərə, Cəlil Məmmədquluzadələrə borclu deyilik? Bu günün Mirzə Cəlili Seymurdur...

O gün Kəramət Böyükçöl Feysbukda yazmışdı ki, Sabirin yazdığı poeziya deyil. Halbuki Sabir öz çiyinlərinə elə bir yükü götürmüşdü ki, onun ağırlığı heç bir poeziyayla müqayisə oluna bilməz. Tərəzinin bir gözünə Sabiri qoyaq, o biri gözünə Ramiz Rövşəni. Görək, Azərbaycanın mədəni-ictimai həyatında gördüyü işlərə görə hansının yazdıqları daha ağır gəlir? Lap Vaqif Bayatlı Odəri götürək. Gözəl şeirləri var, sevə-sevə oxuyuram. Amma dilim gəlməz deyim ki, Sabir Vaqif Bayatlıdan aşağı şairdi.

- Sizcə, bizim cəmiyyətə satira, tənqid daha çox lazımdır?

- Satirasız, özünütənqidsiz olmaz. Sabirə kimsə nəsə deyəndə, elə bilirəm, atamı söyürlər. Sabirin dəyərini tam mənada anlamayan insanlar da var ki, Sabiri etalon kimi qəbul edirlər. Onlar heç Sabiri oxumayıblar, başa da düşmürlər. Sadəcə, illərlə təbliğatın nəticəsidir. İndi kimsə deyəndə ki, əşşi, Sabir şair deyil, həmin adamlar sevinirlər. Çünki onlar elə Sabirin şeirlərindəki personajlardır. Sabirin sözünə hörmətin azalması bizim ziyanımızadı.

- Ailə həyatı qurandan sonra açıq-saçıq yazılarınıza son qoyduz, yoxsa yenə yazırsız?

- Həmişə bacardığım qədər özümü sərbəst ifadə etməyə çalışmışam. Mən İncəsənət Universitetini kinoşünaslıq ixtisası üzrə bitirmişəm. Orda bütün mövzularda filmlərə baxırdıq. Pazalinini, Fellinini, Berqmanı, Buniyeli, Trieri, Bertoluççini, Qodarı, Fassbinderi, Tryuffonu izləyirdik, biz ekranda gördüyümüz açıq səhnələrin də bədii-estetik həllini analiz eləyirdik. Necə ki ginekoloqlar, rejissorlar, rəssamlar üçün insan bədəninin heç bir fərqi yoxdur, mənim üçün də elədir.

Bir rəssam çılpaq qadın rəsmini çəkərkən mümkün deyil ki, onun hansısa əzasını çəkməsin. Soruşarlar ki, niyə filan əzasını çəkməmisən? Mən də həmçinin... Şeir yazanda əlimin altında bütün sözlər olur. Sözlər də mənim alətlərimdir. Hansı lazım olursa, istifadə edirəm.

Bir maraqlı Çin rəvayəti oxumuşdum. Biri rəssamdan soruşur ki, xoruzun rəsmini çəkmək asandır, yoxsa Allahın? Rəssam deyir xoruzun. Sual verən adam təəccüblənir: Allah hara, xoruz hara? Allah daha böyükdür, bənzərsizdi. Onda rəssam deyir ki, Allahı hərə bir cür təsəvvür edir. Onu heç kim görməyib. Kim nə cür istəsə təsəvvür eləyə, elə də çəkə bilər. Amma xoruzu hər kəs görüb. Hansısa bir yerini düz çəkməyəndə o dəqiqə bilinəcək. Reallığı təsvir etmək, real obrazlarla işləmək daha çətindir.

- Yeniliklərə münasibətiniz necədir?

- Yenilik həmişə gəncliyin təşəbbüsüdür.

- Siz gənc deyilsiz ki?

- Artıq 35 yaşım var, rəsmən gənc deyiləm. Zarafatsız, özümü 15 yaşımdan 72-73 yaşda hiss etmişəm...

- Qadın nə zaman qocalmağa başlayır ki?..

- Qadın qocalmaqdan qorxmayanda daxilən rahatlıq tapır. Bir qadın üçün gözəlliyini itirməkdən qorxulu heç nə yoxdur. Amma mən 15 yaşımdan daxilən qocaldığımı anlamışdım. Gözəl olmağa zərrə meylim yox idi. Gözəlliyi itirmək qorxum da olmayıb. Həmişə rəfiqələrim baxımsızlıqda günahlandırırdılar məni. Halbuki vecimə deyildi gözəllik-filan. İndi də eləyəm. Qırışlar əleyhinə cürbəcür kremlərdən belə istifadə eləmirəm. Daha arxayın, daha rahatam.

“Uçuş məsafəsi” kitabında “Sərhəd xəttində” adlı bir şeirim vardı, orda yaşlanmaqda olan fahişə qadına müraciətlə belə deyirdim:

“siqareti arxayınca sümürəcəksən

gözəllik qorxusunu

geridə qoyarkən

ən azı öyünəcəksən

qırmızı xoruzun başına

bıçaq çəkə bildiyinə görə

müştəri nəzərləriylə

kişi kimi süzəcəksən

cavan xanımları

saralmış dişlərinin arasından

hirslə üfürəcəksən tüstünü

gözəl sifətlərinə

və həm də gizlicə sevinəcəksən

onların da yavaş-yavaş

sənə yaxınlaşdığına

kişiləri isə unutmaq məsləhətdi

gəncliyində bir kişiyə mənsubluğun həzzini

anlamayan qadına”

Təsəvvür edin, bu şeiri yazanda cəmi 19 yaşım vardı. Amma mən yaşlı qadınların necə hiss keçirə biləcəklərini təxmin edirdim. Düzdü, burda müşahidələrim də az deyil, amma hissiyyat əsasdı.

- Nə baş vermişdi ki?

- Yəqin bu, taleyimlə bağlıdır. Uşaqlığım çox çətin keçib, ruh düşgünlüyü ilə yaşamışam həmişə.

- Kasıbçılığa, yoxsa valideynlərin münasibətlərinə görə?

- Kasıbçılıq da vardı, ailəm də konfliktliydi. Uşaqlığımız çətin zəmanəyə düşdü. Aclıq, müharibə qorxusu... Tanrının mənə yeganə lütfü o olub ki, o yaşda Xocalıda olmamışam. Amma günah kompleksim var. Xocalıda yaşıdlarım nələrdən keçib... Danışanda utanıram.

Yaşadığım çətinlikləri düşünəndə, gözümün qabağına Xocalıdakı uşaqlar gəlir. Bu haqda da şeir yazmışam.

Hər dəfə istəyirsən Allaha üsyan edəsən, xatırlayırsan ki, səndən də çətin vəziyyətdə , səndən də çox köməyə ehtiyacı olan insanlar var, onda ağzını açmağa utanırsan.

- Bəs yaradıcı qadın üçün xoşbəxtlik nədir?

- Türklə ailə qurmuş bir ukraynalı qız var. Qoca nənəsini Ukraynada atıb ailə qurub. Onunla bir müddət ünsiyyətdə olduq. Soruşdum ki, niyə belə etmisən? Nənəni atmisan , ən böyük arzusu sənin yanında olmaqdır, səndən özgə heç kimi yoxdur. Öz ölkəni tərk eləmisən. Dedi ki, orda hara baxırdımsa, əzab çəkən, bədbəxt insanları görürdüm. Dözə bilmədim. Ona görə qaçdım...

Elə insanlar var ki, onların xoşbəxt olması üçün hamı xoşbəxt olmalıdır, təəssüf ki, bu da mümkün deyil. Mövlüd niyə intihar etdi? Çünki onun da xoşbəxt olması üçün ətrafındakı hər kəs bəxtəvərə çevrilməliydi... Bilirdi mümkün deyil, bu dünyadan baş götürüb qaçdı.

Mən axır ki yaşamağın yolunu tapmışam: Xoşbəxtlik nisbi məsələdi. Heç ona can atmıram da. Qısa sevinc var, qısa kədər var, vəssalam.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...