31 May 2018 17:00
2 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-dan etibarən Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunur.

Layihə çərçivəsində Təbriz, Ərdəbil və Urmiyadan olan gənc rejissorların Azərbaycan dilində çəkilən filmləri göstərilir. Onlardan 4-ü sənədli, 10-u isə bədii filmlərdir.

Layihənin təşkilatçısı tanınmış iranlı kinorejissor və prodüsser Rıza Siamidir. "Sərhədsiz kino" layihəsi bir neçə dəfə Türkiyədə təşkil olunsa da, Azərbaycanda ilk dəfə həyata keçirilir.

Layihəylə bağlı “Sardünyanın qışı” adlı sənədli filmin rejissoru Leyla Əhədi Teleqraf.com saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Leyla xanım, bu sizin ilk filminizdir?

- Bundan öncə eksperiment xarakterli bir film çəkmişəm. Bakıda nümayiş olunan ikinci filmimdir.

- Bədii filmdir, yoxsa sənədli film?

- Sənədli filmdir. Vəziyyət elə gətirdi ki, biz lazım olan avadanlıqları haqqında film çəkdiyimiz adamın evinə apara bilmədik. Çünki ortada namus məsələsi var idi. Çəkilişləri yalnız özüm apara bilərdim.

- Filmdə nədən bəhs olunur? Niyə belə problem yaşadınız?

- Filmi real hadisələr əsasında çəkmişəm. Bu filmlə bir növ baş verən hadisəyə üsyan etmişəm, hayqırmışam.

13 yaşlı qız məktəbə gedərkən, 30 yaşlı kişi onu qaçırdır. Qızın ailəsi uşağı ondan alır. Çünki qızı qaçıran adamın ailəsi ilə onların arasında münaqişə var idi. 15 yaşına çatanda isə atası namusuna xələl gəlməsin deyə, qızı qohumuna ərə verir. Amma bu dəfə də qızın bəxti gətirmir...

Biz bu ailənin yaşadıqlarını filmə çevirmək istəyəndə müəyyən çətinliklərlə qarşılaşdıq. Dediyim kimi, çəkiliş aparmaq üçün imkanımız yox idi. Hətta professional kamera olmasaydı, mobil telefonun klamerası ilə bu filmi çəkəcəkdim.

- Filmdə tamaşaçılara nəyi çatdırmaq istəmisiz?

- Filmdə onu çatdırmaq istəmişəm ki, 15 yaşlı uşağı qaçırmaq hər kəsə asan görünə bilər, ancaq onun üçün çox çətindir. O yaşda başına gələn hadisələr onun gələcəyini, yaşamaq həvəsini, arzularını, xəyallarını əlindən alır.

- İlk dəfədir Azərbaycanda olursuz?

- Bəli, ilk dəfədir.

- Heç arzulayırdız ki, bir gün Azərbaycana gələsiz?

- Bura gəlməzdən öncə bilməzdim ki, Azərbaycanı bu qədər sevəcəm. Gəldim və çox bəyəndim.

- Bakıda olduğunuz iki günlə bağlı təəssuratlarınızı bölüşərdiz.
- Bura gələndən sonra aramızda sərhədlərin olmadığını gördüm. Mədəniyyətimiz, dilimiz eynidir. Hər kəs çox səmimidir. Özümü qürbətdə hiss etmədim.

- Azərbaycan filmlərinə baxmısızmı?

- İlqar Nəcəfin “Nar bağı” filminə baxmışam. Çox bəyənmişəm, çox sevmişəm. Bir də Ərdəbildə qısametrajlı filmə baxmışdım. Üstündən xeyli vaxt keçdiyi üçün, təəssüf ki, adını unutmuşam. O filmi də çox sevmişdim. Elə həmin filmin də mövzusu məcburi evliliklə bağlı idi.

- Daha çox hansı mövzularda filmlər çəkmək istəyirsiz?

- Kinoda sərhəd yoxdur. İstəyirəm ki, mədəniyyətimizi təbliğ edən, problemlərimizi qabardan filmlər çəkim. Mədəniyyətimizlə bağlı bütün simvollardan istifadə edim. Ana dilimiz isə bu simvolların ən əhəmiyyətlisidir.

- Ola bilərmi ki, nə vaxtsa Cənubi və Şimali Azərbaycanla bağlı film çəkəsiz?

- Əslində bizim burda olmağımız, filmlərimizin Bakıda nümayişi sizin dediyiniz mövzu istiqamətində atılmış addımdır, aradakı sərhədləri götürmək üçündür. Bu, hadisədir. Bu hadisə bizi çox sevindirdi. Hansı mövzular ki bizi maraqlandıracaq, o mövzuları mütləq işləyəcəyik. Kökümüz bir, dilimiz bir, əlbəttə ki, sevinərəm.

- Nə vaxtsa, tammetrajlı bədii film də çəkmək istəyirsizmi?

- İndi yox. Ona görə ki, qarşımda uzun yol var. Mütləq təcrübə qazanmalıyam. Hələ ki, sosial-ictimai mövzularda sənədli filmlər çəkmək istəyirəm.


Müəllif: Xəzər Süleymanlı