Bu gün görkəmli dramaturq, Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanası birgə görkəmli dramaturq, Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimini keçirib.
Tədbir Milli Kitabxananın böyük akt zalında baş tutub.
Tədbirdə Mədəniyyət naziri Əbulfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim, Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Karim A.Rahim, millət vəkili Siyavuş Novruzov, akademik Nizami Cəfərov, professor, Bakı Xareoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, İrəvan Dövlət Teatrının direktoru İftixar Priyev, professor Qəzənfər Paşayev, yazıçının qələm dostları, oxucuları iştirak edib.
Təbir Elçin haqqında 9 dəqiqəlik filmin nümayişi ilə başlayıb.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Elçinin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olduğunu deyib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Elçinin Azərbaycan ədəbiyyatında öz dəsti-xəttini yaradan yazıçılardan olduğunu söyləyib: “Elçininin yaradıcılığından hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material mövcuddur. Misirdə ərəb dilinə tərcümə olunaraq nəşr olunmuş bu roman görkəmli nasir-dramaturqun ədəbi fəaliyyətinə verilən ən yüksək dəyərin göstəricisidir”.
Daha sonra Əbulfəs Qarayev Prezident İlham Əliyevin göstərişi ilə Elçin Əfəndiyevə “Şöhrət” ordenini təqdib edib.
Elçin Əfəndiyev isə öz növbəsində ona göstərilən diqqətə görə, Prezident İlham Əliyevə təşəkkür edib, bu günə qədər ona təqdim olunan ordenlərlə qürur duyduğunu qeyd edib.
Tədbir digər qonaqların çıxışları ilə davam edib.