13 İyun 2018 08:43
2 890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxucuları maraqlandıran suallardan biri də budur ki, görəsən, şair sevilən şeirini kimə həsr edib, yaxud onu necə və harada yazıb...

Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsinin budəfəki hekayәtçisi şair Vahid Əzizdir.

O, məşhur “Əzizim” şeiri haqda danışır:

“O şeirimi 6 iyun 1996-cı il tarixdə yazmışam. Tarixə diqqət etsəz, üç 6 rəqəmi var, şeytan rəqəmidir – 06.06.1996. Çox ağır vaxtlarım idi. Depressiyada idim. 27 il idi ki, heç nə yazmırdım, şeiri tərk etmişdim.

Bir gün gəzirdim. Hava çox soyuq idi. Birdən bədahətən bu şeiri dedim. Tez özümü köhnə “Azərbaycan” mehmanxanasına çatdırıb şeirin davamını yazdım. Evə gələndə havalanmışdım. Bəstəkar Eldar Mansurova zəng edib şeiri oxudum. Dəhşətə gəldi. Dedi, iki bənd də əlavə et. İki bənd də əlavə etdim. Sonra Eldar o sözlərə mahnı yazdı, Flora Kərimova da oxudu.

1996-cı ildə Heydər Əliyev adına Respublika Sarayında Eldar Mansurovun yaradıcılıq gecəsi idi. Həmin mahnı ilk dəfə orda oxundu. Mahnı bitəndə sarayda olan hər kəs mahnını ayaq üstə alqışladı. Bu mənim tale mahnıma çevrildi.

Kanadada yaşayan, əslən azərbaycanlı olan jurnalist qəzetlərin birində yazmışdı ki, NASA tərəfindən müxtəlif vaxtlarda qalaktikanın dərinliklərinə səsli informasiyalar göndərilir. Səbəb yeni məlumatların axtarışıdır. Daha öncə eşitmişdim ki, 1978-ci ildə Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı göndərilib. 1998-ci ildə isə bu şeirimə yazılan “Əzizim” mahnısı da qalaktikanın dərinliklərinə göndərildi.

Bəzən sosial şəbəkələrdə mənim şeirimi “Elə varlığınçün sağ ol, əzizim” şeiri ilə səhv salırlar. Çox vaxt bu şeirin müəllifi kimi mənim adımı qeyd edirlər. Bildirmək istəyirəm ki, o şeir mənim şeirim deyil. Mənim ehtiyacım da yoxdur ki, kiminsə şeirini adıma çıxalar.

Hərçənd indi çox adam şeir yazanda “Əzizim” deyə xitab edir, ancaq bilsinlər ki, mən “Əzizim” deyəndə özümü nəzərdə tutmuşam. Yəni Vahid Əzizi. Şəxsən onların yerinə olsaydım, özümə hörmət edib “Əzizim” mahnısını ikinci dəfə yazmazdım”.

Dağ başında qar üstünə qar gələr,

Gileylənmək zirvələrə ar gələr,

Hər nə geysəm vücuduma dar gələr,

Bu darlığa dözmək olmur, əzizim…

Əzəl gündən dünya yalan dünyadır,

Baha satan, ucuz alan dünyadır,

Arzuları nakam qalan dünyadır,

Dağılanı düzmək olmur, əzizim…

Heç bilməzdim daşım belə ağırdır,

Bəxtim belə bicarədir, fağırdır,

Gedəcəyəm, göylər məni cağıdı,

Daha yerdə gəzmək olmur, əzizim…

Kaşki dünya zalımlığın ataydı,

Qəlbim bir an istəyinə cataydı,

Yaşamağım göz yaşıdır, haraydır,

Göz yaşında üzmək olmur, əzizim…

Dalğalara yalvarmaqdan bezmişəm,

Hönkürməkdən, ağlamaqdan bezmişəm,

Səndən ayrı yaşamaqdan bezmişəm,

El-obadan bezmək olmur, əzizim…


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər