Lent.az saytı “Cümhuriyyətimiz” layihəsi çərçivəsində çap olunmuş yazılardan ibarət “100 ilin əmanəti” adlı kitabın təqdimatını keçirib. Kitab lent.az saytının 10 illik yubileyi ərəfəsində çap olunub.
Teleqraf.com-un məlumatına görə, təqdimat mərasiminda çıxış edən “Apa Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, sayt fəaliyyətə başlayanda onun davamlı olması ilə bağlı şübhələr var idi:
“Zaman keçdikcə lent.az özünü doğrultdu. Sayt fəaliyyətə nisbətən yüngül mövzularla başladı. O zaman agentliklərin yaya bilmədiyi və ya yaymaq istəmədiyi mövzuları lent.az-da verirdik. Bu gün isə saytın ən çox oxunan yazıları Dağlıq Qarabağ mövzusudur. Bu gün lent.az-ın 10 illiyi bir bəhanədir. Əsl məqsəd isə bu illər ərzində Cümhuriyyətlə bağlı çap olunan yazıların toplandığı kitabın təqdimatıdır. Bu layihədə Mehriban Ələkbərzadə, Sabir Rüstəmxanlı kimi dəyərli qələm adamları yazıları yayımlanıb. Layihəni başa çatmış hesab etmirik. Bu layihə hər zaman bizim qəlbimizdədir, davamlı olacaq”.
V.Mahirqızı bildirib bu gün lent.az üzərinə düşən vəzifəni yetirir.
“Lent.az rəhbərliyinə heç zaman aypiniz azdır kimi iradım olmayıb. Əsas məsələ bu saytda insanların sosial problemlərinin işıqlandırılmasıdır”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, lent.az Qarabağ problemini daim ön planda saxlayan saytlardan biridir:
“Yaxşı xatırlayıram sayt fəaliyyətə başlayandan bu mövzularla bağlı müxtəlif layihələr həyata keçirirdi. Lent.az Azərbaycan dilli saytların az olduğu zamanda gündəmə gəldi, qısa zamanda özünə peşəkar əməkdaşlardan ibarət komanda hazırlaya bildi. Azərbaycanın istənilən saytı, redaksiyasında bu gun lent.az əməkdaşları fəaliyyət göstərir. APA agentliyi xəbər verirsə, lent.az həmin xəbərləri araşdırmaqla diqqət çəkir. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası lent.az rəhbərliyinə müküfat təqdim edir”.
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, lent.az bu gün istehlakçıların marağını qarşılayan bir saytdır:
“Agentlik sadəcə informasiya istehsalı ilə məşğuldur, lakin informasiya istehlakçıları bəzən onda obrazlılıq, xüsusi keyfiyyət axtarır. Hesab edirəm ki, istehlakçının bu tələbini ödəmək üçün belə bir portalın yaradılması labüd idi. Lent.az bu ehtiyacı qarşılamış oldu”.
Sonda çıxış edən saytın baş redaktoru Qabil Abbasoğlu bildirib ki, oxucuların böyük bir hissəsi həm də saytın dostudur.
“Bu qədər dostumuz olduğuna görə fəxr edirik. Saytımızda hər zaman Azərbaycan dövlətinin maraqları əsas meyar olub. Bunlar vətəndaş borcu olaraq, heç bir təmənna güdmədən həyata keçirilmiş işlərdir. 10 il müddətində bizdən ən kiçik səhvimizə görə inciyən, bir hərf səhvinə görə əlaqə saxlayan oxucularımıza, kaprizlərimizə dözən Vüsalə xanıma təşəkkür edirəm. Bura toplaşan da hamısı lent.az-ın dostlarıdır. Hamınıza lent.az-dan daha güclü mətbuat arzu edirəm”.