Moskvanın "Ermitaj" bağının yay kinoteatrında Rusiya ilə Azərbaycanın birgə istehsalı olan “Kilimancara” (Килиманджара) komediyasının çoxdan gözlənilən premyerası baş tutub.
Teleqraf.com xəbər verir ki, çəkilişlərin böyük hissəsi Bakıda və onun ətrafında baş tutub. Filmdə Rusiyanın Pavel Priluçnıy, İrina Starşenbaum, Artem Suçkov, Timofey Tribunsev, Varvara Borodina, Maria Smolnikova, Azərbaycandan Tahir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Cabir İmanov və s. aktyorları çəkilib.
"Kilimancara" yay komediyası Rusiya və Azərbaycan prodüserlərinin beynəlxalq işidir. Rusiyalı prodüser Aleksandr Sekalo əvvəlcə dostlarıyla Azərbaycana gəzməyə gəlib, daha sonra Bakıda filmi çəkmək ideyası yaranıb.
Komediya filmində əsas qəhrəmanı canlandıran aktyor Pavel Priluçniy Azərbaycanı çox sevdiyini gizlətməyib. O, Azərbaycana həyat yoldaşı və iki övladı ilə birlikdə gəlib. Aktyor film çəkilişlərində olarkən ailəsi çimərlikdə istirahət edib.
Filmin azərbaycanlı prodüseri Tahir İmanov Rusiya komandası ilə film çəkmək ideyasının çoxdan yarandığını və bu arzusunun nəhayət ki, yerinə yetdiyini deyib:
"Mən ideya mərhələsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Bakıda görüşdüm, o, öz yardımını bizdən əsirgəmədi. Leyla xanım bu layihənin əsas dəstəkçisidir. Onun iştirakı olmadan Bakıda çəkilişlər yəqin ki, baş tutmazdı. Biz şəhərin mərkəzi yollarını iki gün bağlamalı olduq, bu, həqiqətən də böyük işdir”.
Filmin quruluşçu rejissoru Yekaterina Telegina, quruluşçu operator Semyon Yakovlevdir. “Kilimancara” komediyası, müstəqil Azərbaycanın tarixində ilk filmdir ki, 19 İyul 2018-ci il tarixindən etibarən Rusiyanın və MDB ölkələrinin bütün kinoteatrlarında nümayiş olunacaq.