12 İyul 2018 21:26
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

... heyif deyil Yaşıl teatr?! Konsert belə yerdə olar da - başının üstündəki - səma, aldığın - hava, gördüyün - gözəllik. İstəsən lap səhnənin yanında rəqs də eləyərsən, Eyyubun mahnıları sümüyə düşür axı... Hərçəndddd... yox e, belə publika ortalıqda süzməyi özünə yaraşdırmaz - bunların geyimlərinə, makiyajlarına bax!.. Biletləri də bahalılardandı. Hə, belələri xidmətdə ləngiməni əsla bağışlamazlar...

Konsert 20.00 da başlamalıdı...
- Doqquza az qalıb, ay Abdul, Eyyub harda qaldı bəs?
Eyyubla uşaqlıq dostu olan yoldaşım gərgindi, sanki qulaqlarına inanmayıb öz telefonuna baxır:
- Eyyub hələ namaz qılır!..

Vəssalam! Daha sualım yoxdu. Bilirəm ki, publikanın səbirsizliklə əl çalmağı da kar eləməz - Eyyub namazını qılıb dualarını eləməyincə, səhnəyə addım atmayacaq - istəyir dünya dağılsın.

Axır ki gəldi! “Sizi çox istəyirəm” deyən kimi təkəbbürlü tamaşaçısı “əridi” - duaları nə bilmisiz! Sonra tanış qəhrəmanlar düzüldülər sırayla: Qarabala, Ağabala Çaykovski, Ağanatiq...

İnanırsız, elə bil Eyyubun mahnılarından tanıdığımız bu bakılı balalarının obrazları təzədən açıldı mənimçün. Bir də qulaq assaz, duyacaqsız - Eyyub zahirən məzəli görünən oynaq ritmlər arasında onlara mərsiyə deyirmiş ki! Damlarda quş uçurdan, cibində bıçaq gəzdirən, böyük arzularla kiçik dünyalarında yaşayan və həyat hekayələri çox vaxt faciəli olan bu məhləuşaqlarını əcəb sevdirdin bizə, ay qardaşım! Hiss elədim ki, hamının çırtma çalıb dinlədiyi mahnılardan ürəyimə bu dəfə qəribə bir hüzn gəldi. “Uşaqlıq arzusu qaldı ürəyində, uçmaq istəyirdi, dedilər otur yerində!” Caaan, ay uşaqlar, bakılıyam deyib forslanırsız, amma ... nə qəliz yerdə yaşayırsız siz...

Nə deyim, vallah, bir də onda ayıldım ki, Eyyubun qayğısız həyata öyrəncəli ərköyün qorodskoy tamaşaçısı Müsfiqin, Cavidin şeirlərinə diqqət kəsilib, Hadidən, Vahiddən qəzəl dinləyir, ürəklər yumşalıb, gözlər yaşarıb... Eyyubun “Qarabala”dan “Güllərin əfəndisi”nə qədər cızdığı yola heyran qaldım. Əslində illərdir ibadətdə olan dostumun elə məhz bununçün - insanlara Yaradan haqqında gözəl mesajlar vermək üçün səhnəyə çıxdığını bilsəm də...

Bircə fraqment: Eyyub qəfil göyə baxaraq “görün, nə gözəl ay çıxıb, sizə Müşfiqdən “Xoşladığım bir gecə...”şeirini söyləyim” - deyəndə hamı başını qaldırıb bədirlənmiş Aya baxdı. Üzlər bu işıqda necə təmiz, saf göründü, ay Allah!

Konsertdən çıxanda ən birinci Eyvaz qardaşımı təbrik elədim - “Hicaz” qrupunun bədii rəhbərini! Sağ ol, dedim, əzizim, yorğun, bezgin Eyyubu toylardan səhnəyə qaytaran sən oldun, halaldı!

Sonra nə oldu? Deyim də. 3 saatlıq konsert boyu nəhəng enerji itirən Eyyub bizi qucaqlayıb gecəylə İçərişəhərdəki elit restoranlardan birinə apardı. Qabağımıza hər naz nemət düzdürdü. Özü bir qurtum su içib yoxa çıxdı.

“Gecə saat 2 oldu, ay Abdul, Eyyub harda qaldı bəs?” - yenə yoldaşımdan soruşdum. Telefonuna baxıb: “Eyyub namaz qılır” - dedi. Və mən anladım ki, indi günün qəhrəmanını qətiyyən gözləməyə dəyməz.

Allah namazını da, dualarını da, niyyətini də qəbul eləsin, ay Eyyub! Sən bizim sevimlimizsən!

Lalə Əliyeva


Müəllif:

Oxşar xəbərlər