30 İyul 2018 22:55
3 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

X Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində daha bir konsert proqramı təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Cavad Tağızadənin dirijorluğu ilə keçən konsertin əvvəlində Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirilib. Konsertdə Soltan Hacıbəyovun “Karvan” simfonik lövhə, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyası, Otar Qardelinin “Fleyta və simfonik orkestr üçün Konsertsino”, Antonio Vivaldinin “Faqot və kamera orkestri üçün konsert”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Jül Massnenin “Violin və orkestr üçün Elegiya”, Karel Krautqartnerin “Klarnet və orkestr üçün “Konsertsino” əsərləri və Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa olunub. Solistlər Taleh Yəhyayevin (bariton), Nəzrin Əmirlinin (fleyta), Kamran Məmmədovun (faqot), Nadir Eyvazovun (violin), Emil Bağırovun (klarnet) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində iyulun 31-də musiqisevərlərə növbəti kamera konsertləri təqdim olunacaq. Axşam saat 21:00-da isə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.

***

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açıb.

Publika.az Kult.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə artıq 10-cu dəfədir keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirib. Gözəl bir ənənəyə çevrilən bu festival öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb.

İyulun 30-dan avqustun 8-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngindir. Musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub.

İyulun 30-da axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk kamera konserti təqdim olunub. “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşan konsertdə Azərbaycanın istedadlı gənc musiqiçiləri Aliyə Salmanova (piano), Alp Əliyev (piano), Şeyda Ələsgərova (fleyta), Elina Əliyeva (violin), Lalə Miralayeva (violin), Canel Nəcəfli (violin), Fatimə Əliyeva (piano), Natəvan Həsənova (qanun), Sevda Cəbrayılova (qanun), Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola) və Svetlana Əhmədova (piano) çıxış ediblər.

Konsertdə gənc bəstəkar və pianoçu Aliyə Salmanovanın fleyta və piano üçün yazdığı “Meşədən” və “Prelüd Ekpression”, Arzu Abbasovanın iki violin üçün “Polar star” əsərləri, həmçinin dünya şöhrətli bəstəkarlar F.Şopenin “Ballada”, N.Paqanininin “Kampanella”, R.Şumanın viola və piano üçün “Nağıl şəkilləri”, M.Ravelin “Alborada”, S.Raxmaninovun “Prelüd”, İ.Bramsın “İntermezzo” və Zakir Bağırovun “Rapsodiya” əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində iyulun 30-da axşam saat 21:00-da musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti təqdim olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər