Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimləri üçün təqdimat keçirilib.
Qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. “Çox istərdim ki, bu möhtəşəm layihə uzunömürlü olsun və gələcək nəslin maariflənmə, mütaliə məsələlərində əsas rollardan birini oynasın”, - deyə Günel Rzayeva bildirib.
Hər kəs üçün maraqlı olacaq Bakı Kitab Mərkəzi
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Azərbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gənclərin təhsilə, kitaba marağının artırılması istiqamətində gördüyü işlərdən danışıb və bunun davamlı olacağını söyləyib. Regionlardakı Heydər Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb və onun bütün proseslərə yüksək diqqətlə yanaşdığını qeyd edib. “Bizim çoxdankı arzumuz idi ki, Bakıda yüksək şəraiti olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın. Düşünürəm ki, biz buna nail olduq”, - deyən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin hər kəs üçün maraqlı olacağını bildirib.
Mərkəzdə görmə imkanları məhdud şəxslər üçün də şərait yaradılıb
Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açıq olacağını deyən Anar Ələkbərov fiziki cəhətdən qüsurlu insanların buraya sərbəst daxil olmasının nəzərə alındığını deyib. Diqqətə çatdırıb ki, Kitab Mərkəzində görmə imkanları məhdud şəxslər üçün də guşə fəaliyyət göstərir. Belə ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.
Dünyaya açılan pəncərə
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müasir dövrdə - kitab mütaliəsinin yeni texnologiyalarla əvəzləndiyi bir zamanda Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək deyib: “Bu, kitabın bir daha təsdiq olunması, kitabın mənəviyyatda, insan həyatında mühüm yer tutduğunun təsdiqi deməkdir”.
Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliğində gördüyü işləri vurğulayan Xalq yazıçısı Anar Bakı Kitab Mərkəzini dünyaya açılan bir pəncərə kimi dəyərləndirib. “İstərdim ki, bütün ömrüm burada keçsin. Çünki oxumadığım bütün kitablar burada var”, - deyə Xalq yazıçısı söyləyib.
O xalqlar yaşayacaq ki, onların kitablara meyli var
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev müstəqil Azərbaycanda belə bir Mərkəzin yaradılmasını yüksək qiymətləndirb. “Arzu edərdim ki, buraya yazıçılar gəlsin və görüşlər keçirilsin, eləcə də cavanlar gəlsinlər. Bizim gələcəyimiz, siyasətimiz, iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz bax buradan, kitabdan başlayır. Kitab olmasa, heç nə olmayacaq. Yalnız o xalqlar yaşayacaq ki, onların kitablara meyli var, onların övladları oxuyur. Uşaqlar oxumayan dövlətin gələcəyi yoxdur”, - deyən Çingiz Abdullayev bügünkü Azərbaycanın inkişafının təhsil sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Respublikası mədəniyyət baxımından çox inkişaf edib.
Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.
Kitabsevərlər asudə vaxtlarını səmərəli keçirəcək
Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəlikeçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda Mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.
Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.
Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kitab satışı ilə yanaşı, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.
Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku" milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.
Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsi ilə kitablar sifariş verə biləcəklər. Mərkəzin yeniliklərini “Facebook” və “Instagram” səhifələrindən də izləmək mümkündür: