6 Sentyabr 2018 16:10
4 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycanda trendə çevrilən "Səni deyirlər" musiqisi böyük marağa səbəb olub. Azərbaycanın tanınmış şairi Şəhriyar del Gerani iddia edir ki, həmin mahnının sözlərini bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Səni deyirlər"in ifaçısı İbrahim Əlizadə bildirib ki, Şəhriyar del Geraninin dedikləri həqiqətə uyğun deyil:

"Mahnının sözləri Cənubi Azərbaycanın tanınmış aşığı olan Mahmudinindir. Mahmudi Sulduz mahalının tanınmış aşıqlarından olub, ifaçısı isə Şahsəzardir. O da 1995-ci ildə vəfat edib.

Mahnı İranda 4 ay öncə məşhurlaşıb. "Səni deyirlər" mahnısı yenidən aranjıman olduqdan sonra hər kəsin marağına səbəb oldu".

Qeyd edək ki, şair Şəhriyar del Gerani həmin mahnı mətninin özünə məxsus olduğunu iddia edib:
"2012-ci ilin avqust ayı idi. Biz o vaxt Təbriz həbsxanasında idik. Güney Azərbaycanda Urmiya gölü ilə bağlı etiraz aksiyaları keçirilirdi. Bu şeiri də o vaxt yazdım. O zaman bizi həbsdən buraxanda şeirlərimi köçürdüyüm dəftərləri müsadirə etdilər. Amma həmin şeirin qaralaması hələ də arxivimdədir. Urmiya aksiyalarına görə həbs olunan fəallar da bizim həbsxanada çox idi. Onlar yazdığımız şeirlərin üzün köçürür, əzbərləyirdilər. Görünür bu şeir də bu şəkildə əldən-ələ, dildən-dilə keçib və indiki yerə gəlib çıxıb. İndi həmin vaxtdan 6 il uzaqlıqda xatirimdə çox az kimsə, çox az olay qalmış. Çox yəqin İbrahim Əlizadə qardaşımız da həmin vaxtlarda aksiyalarda həbs olunanlardan olub. Bu və başqa bir neçə şeirimi dustaqlar köçürüb saxlayırdılar. Çox yəqin onlardan biri də İbrahim olub".

Müəllif arxivindən həmin şeirin əlyazmasını da təqdim edib:

Urmiya dəryası nə üzməlidir,
Ay quş olub üstündə süzməlidir,
Urmiya qızları nə sevməlidir,
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər...

Qapına gəlləm,
Qarşında qul ollam,
Özümdən sənə yolam
Yolçu deyirlər.
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər.

Yolam - saçımı yolam,
Qulam - saçımı yolam,
Mən dəli olannan
Səni deyirlər...

Şəhriyar Del Gerani
avqust, Təbriz 2012

Xatırladaq ki, Şəhriyar del Gerani və şair həmkarı Fərid Hüseyn 2012-ci il Təbrizdə həbs edilmişdilər.


Müəllif: Teleqraf.com