18 Sentyabr 2018 18:39
2 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kim deyir əvəzolunmaz insan yoxdur?.. Elə insanlar var ki, öz yaradıcılıqları ilə bütöv bir xalqın yaddaşına silinməz iz qoyurlar. Elə izlər də var, onu inkar etmək mümkün olmur. Azərbaycan musiqisinə, mədəniyyətinə, ədəbiyyatına, teatrına, jurnalistikasına pozulmaz imzasını atmış Üzeyir Hacıbəyli kimi...

Bu gün dahi bəstəkarın anadan olmasından 133 il keçir. 1995-ci il ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəylini yaxından duymaq, hiss etmək, xatirəsini anmaq üçün ev muzeyinə bu gün yüzlərlə insan axın edirdi.

Muzeydə təşkil olunmuş tədbirdə də tanınmış sənət adamları, ictimai xadimlər, eyni zamanda Qara Qarayev adına 11 illik musiqi məktəbinin, G.Şarayeva adına 35 saylı Musiqi Məktəbinin, Bakı Musiqi Akademiyasının və Milli Konservatoriyanın tələbələri yığışmışdı.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirdi ki, Üzeyir Hacıbəyli şəxsiyyətində dahilik, böyük azərbaycançılıq, ziyalılıq cəmlənmişdi: “Üzeyir Hacıbəyli iki bəstəkarı - Qara Qarayev və Cövdət Hacıyevi Moskovaya göndərib. İlk dəfə nəhəng sovet ittifaqında folklor kabinetini açıb. Azərbaycanda hansı musiqi kollektivini yada salsaq, onun təməl daşını Üzeyir Hacıbəylinin qoyduğunu görərik.

Ona görə də biz onu hədsiz-hüdudsuz sevirik. Onun xatirəsinə həmişə sadiqik, gözəl, işıqlı musiqisi ilə o, Şərqin Motsartıdır. Öz musiqisi ilə həmişə bizə ülvi hislər bağışlayır.

Bu gün çox şadam ki, Üzeyir bəyin musiqisi Amerikadan tutmuş Çinə qədər səslənir, bizim rejissorlarımız sağ olsunlar ki, onun əsərlərini bütün dünyada səhnəyə qoyurlar”.

Üzeyir bəy Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov dedi ki, ənənəvi olaraq hər il böyük bəstəkarın doğum günü indi muzey olmuş öz evində qeyd olunur, tədbir keçirilir: “Üzeyir Hacıbəyli şəxsiyyəti mənim üçün müdrik, nikbin, işıqlı bir sima kimi həmişə təsəvvürümdədir. Muzeydə onun şəkilləri, təsvirləri, sağlığında çəkilmiş fotoları var. Bütün bunlar Üzeyir bəyin əbədiliyini real olaraq nümayiş etdirir. Amma Üzeyir bəyin ruhu onun musiqisidir ki, o da bizim qəlbimizdə yaşayır.

Bu gün ölkəmiz bayram içindədir. Dahi bəstəkarımıza dövlətimiz, xalqımız öz hörmət və məhəbbətini bildirir”.

Bəstəkar və musiqişünas Nərgiz Şəfiyeva Üzeyir bəyi əbədi musiqinin simvolu adlandırdı: ”Onun lirik, dramatik, məhəbbət, qəhrəmanlıq musiqisi mənim boğazımda düyünlənir. Bu gün sanki silkələnirəm. O dahiliyə üfüqlənən insandı. Onun həyat və yaradıcılığı ilə elə sərvət qoyub gedib ki, məhz o başlanğıc sayəsində bizim musiqimiz inkişaf edib və edəcək. Üzeyir bəy musiqisi mənim canımdır, ruhumdur, nurumdur”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər