18 Oktyabr 2018 10:25
2 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyatşünas-alim İradə Musayeva türk yazıçısı Əlif Şəfəqin “Ata və bic” romanı haqqında məqalə yazıb.

Teleqraf.com məqalənin həmin məqalənin 2-ci hissəsini təqdim edir.

Birinci hissə bu linkdə: https://teleqraf.com/news/toplum/188563.html

Əlif Şəfəqi ermənipərəstlikdə suçlayan adamlar çox zaman onun əsərlərinin altqatdakı mənasına fikir vermədən mülahizələr yürüdür və hətta bu məsələ ilə bağlı onu məhkəməyə veriblər. O isə bu anlaşılmazlığa əhəmiyyət vermədən tarixi proseslərin analitik-bədii təsvirini yaradır. Müəllif erməni və türk münasibətlərindəki barışmazlığın portretini, obrazını məlum ictimai-siyasi hadisələr fonunda deyil, uydurma, macara, nağıl süjetləri əsasında da deyil, hər iki millətin xislətini, yaddaş və ya yaddaşsızlıq spesifikası faktlarından yararlanaraq əks etdirir. Armanuş ermənilərdən, hətta erməni atasından uzaqda, yad - türk əsilli atalığın himayəsində böyüyür, fəqət, erməni kimi... Onun “erməni yaddaşı” hara getsə onunladır. Bu qədər gənc olmasına baxmayaraq keçmişin içərisindən keçib gəlmiş biri kimi mühakimələr yürüdür. Sevdiyi və pərəstiş etdiyi - türkün ən qatı düşməni Baron Bağdasaryanı tarixi düşmənçilik yolundakı mübarizəsində özünə ustad hesab edir. Əlif Şəfəq göstərir ki, ermənilər nə qədər cəhd etsələr də, dünyada tanına bilən mədəni bir cəmiyyət, millət ola bilmir. Diasporalarda nifrət dolu planlar hazırlamaqla öz qısır ideyalarını yayımlamaqla məşğuldurlar. Armanuş türk ailəsinin qonağı ola-ola onlara erməni soyqırımı haqqında əhvalatları ən kəskin çalarları ilə anlatmağa çalışır. Və bu insanlar –Asyanın türk ailəsi, “Qazançılar” soyadlı qadınlar bu əhvalatları dinlərkən kədərlənir, sarsılır, həyəcanlanır və sanki özlərini günahkar bilirmiş kimi utanırlar hətta... “Susuz, ac pərişan yürümek zorunda qalmışlar. Aralarında hamilə qadınlar varmış, yaşlılar, qundaxda körpələr... Da¬yanıb dincəlmələrinə belə icazə verilməmiş, kilometrlərlə yol getmişlər. Ta Der Zor çöllərinə qədər. Yolda xəstələnənlər, intihar edənlər olmuşdur. Armanuşun səsi yavaşıdı: Bəziləri aclıqdan ölmüş, bəziləri isə öldürülmüşdür”. Bu dəfə Asya bir kəlməni belə buraxmadan tərcümə etdi. “Bu vəhşiliyi kim etmişdir?”-deyə soruşdu Çevriyə xala”.

Məsələn, bu nüansın psixoloji baxımdan təhlilinə varsaq, nəticə fərqli olacaq. Gənc erməni qızı Armanuş bir türk ailəsinin qonağıdır. Bu ailə ye¬ganə oğlu Mustafanın ögey qızı Armanuşu hörmətlə qarşılayır. Bu ailənin atasız böyüyən nəvəsi, Armanuş yaşda olan Asyanın təhsili, savadı, dün¬yagörüşü və intellekti kifayət qədərdir. Armanuş onun yaddaşını oyatmaq və tarixi düşmənçilik toxumunu onunla özü arasındakı münasibətlər fo-nunda cücərtmək istəyir. Amma Armanuş nəticə əldə edə bilmir. Türklərin erməniləri amansızlıqla qətlə yetirməsi fraqmentlərinin az qala 1 əsr yaşı var-desə də bu fraqmentlərin ovqatı onun yaddaşında sanki günün hadisəsi kimi əks-səda verir. Asya isə kinsiz və daha səmimidir. Armanuşun məkrinə etinasız yanaşır, onu heç nədə suçlamır. Türk ailəsi bu erməni qızının hansı niyyətlə gəlməsini belə çözmür. Sadəcə öz qonaqsevərliklərini nümayiş etdirirlər. Hətta Fəridə xalası – “Söyləmədi demə, bu qız buraya xəzinə sandığı tapmaq üçün gəlmişdir” – deyəndə, “Necə də bildin! Mən də sənə bunu anlatmaq istəyirdim, elə. Bu qız təyyarədən düşən kimi əllərində nə görsəm yaxşıdır? Çamadan əvəzinə yer qazmaq, xəzinə tapmaq üçün bel ...” – demişdi Asya. Xalası isə “Sən hələ zarafat elə, sonra görərsən”-deyib özündən çıxmışdı...

Erməni insanı sanki 1 əsrdir sadəcə bir günə, bir tarixə nifrətlə zəncirlənib. Həmin günün ətrafında baş verən ictimai-siyasi hadisələrin obyektiv təhlilindən uzaq bir arayışı, hadisəni əllərində şüar kimi gəzdirirlər. Müharibə, mübarizə apardıqları qarşı tərəfin həqiqətinin üstündən gözüyumulu keçib, təhrif olunmuş bir tarix dərsi yayımlayırlar dünyaya. Qazançılar ailəsində tarixi, dini bayramlardan, türklər üçün əlamətdar olan bayramlardan söhbət gedir. Banu xanım Asyaya deyir ki, Armanuşdan soruş gör onlar üçün əsas, önəmli günlər hansıdır. Və bunu sordurarkən düşünür ki, ortaq bir əlamətdar günləri olacaq yəqin. Lakin əksinə, Armanuş hiddətlə bircə tarix xatırladır: 24 aprel, 1915...

Bu söhbətdə yenə türk və erməni ruhundakı ayrılıqlar gəlir ortaya. Banu ortaq gün, ortaq paylaşma istəyi ilə qonağı dilləndirir, qonaq an¬ti-mövqe nümayiş etdirir. Hər iki xalqın – az qala düşmən “qövm” kimi yaradıldıqlarını düşünən hər iki cəmiyyətin xeyli ortaq cəhəti olduğunu da müəllif maraqlı misallar və təəccüblə vurğulayır. Zəliha Armanuşa deyir ki, biz türklər məslək, sənət, peşə bildirən sözlərə “çı-çi-çu-çü şəkilçiləri artırırıq, məsələn, – Qazançı... Ermənilər də eyni cür edir – Çaxmaqçı-Çaxmaqçıyan... Armanuş isə deyir: “Desəniz, daha bir ortaq nöqtəmiz var...” və s. “Ortaq nöqtə mərkəzi”nin pərdəsini müəllif hər kəskin mübarəzənin yekununda gözlərimiz önündə açır. Və həm də qaranlığa zillənmiş, kor-kor yaşamına davam edən insanların gözlərini də açır – işığa, xoş, rahat yaşam ünvanına...

Bir insan, bir qadın kimi ünsiyyətdə heç bir problem hiss etməyən bu obrazların xarakter olaraq səciyyələndirilməsində Əlif Şəfəq çox mühüm bir nöqtəni-əngəl, problem, tarixi faciələrə rəvac verən bir düyün məqamı¬nı kuliminativ hədd kimi süjetin mərkəzində saxlayır. Yaddaş! Səhvlərdən doğan və zaman-zaman pisliyə, fəlakətdoğurucu hadisələrə işləyən, daima təzələnən, gündəmdə saxlanan və irs, miras kimi qorunub nəsildən-nəsilə ötürülən erməni yaddaşı! Armanuş Asyadan hansı musiqini dinlədiyini, nə oxuduğunu, nə düşündüyünü soruşur və təəccüblənir. Niyə onun yaddaşı yoxdur, niyə özü erməni musiqisi dinlədiyi, erməni tarixinə dair kitablar oxuduğu və yaddaşını sırf bu istiqamətdə formalaşdırdığı halda qarşısındakı türk qızı dünyaya boylanır, dünya musiqisi, tarixi, mədəniyyəti haqqında düşünür? – deyə... Onun kinsizliyi, “yaddaşsızlığı” Armanuşun mübarizə ehtirasını öləzilədir... Əsəbi halda Asya ilə mübahisə edir: “Dinlədiyin musiqi batı yönümlüdür, niyə öz kökünə uyğun musiqilər dinləmirsən?

– Öz kökünə uyğun nə demək? – deyə çaşdı bir anlıq Asya.

– Biz Batılıyız.

– Xeyir deyilsiniz. Türklər Orta Asiyadan gəldi, amma nədənsə daima bunu inkar edib dururlar. Əgər biz ermənilərin də öz evimizdə qalmağımıza imkan versəydiniz, diaspora xalqı olmaq əvəzinə biz də Orta Asiyalı qalacaqdıq! – dedi Armanuş.

– Nə demək istəyirsən?

– Nə demək istəyirəm? Sultan Hamidin pantürkist, panislamist boyunduruğundan, 1909 Adana qətliamından, ya da 1915-ci il soyqırımından. Bunlar sənə nəyisə xatırlatmırmı? Erməni soyqırımı deyilən bir şey eşitmədinmi heç? Bunlardan bəhs edirəm – dedi Armanuş.

– Mənim cəmi 19 yaşım var, deyə çiyinlərini çəkdi Asya.

– 19 yaşında olmağın tarixi bilməməyinə əsas vermir – dedi və Asyanın gözlərinin içinə baxdı. Necə bu qədər laqeyid və etinasız ola bilirsən?”

Asya isə bu sözlərin mənasını anlamadığı üçün özünü günahkar bilmədi. Bu məqamda da Əlif Şəfəq yüzlərlə eyni mənaya yozulan misallardan yararlanma üsulundan istifadə edir. Kinsiz və nifrətsiz türk düşüncəsi günəşə, işığa, erməni “yaddaşı”ndan püskürtü kimi qalxan nifrət isə qaranlığa və uçurumlara ünvanlanır: “Asya başını qaldırıb topa-topa

buludların arxasındakı günəşin bir anlığa görünməsinin dadını çıxararaq bir müddət sakit durdu. Sonra pıçıltı ilə:

“– Tarix, keçmiş səni özünə əsir etmişdir – dedi.

– Amma eyni tarix sənin üçün bir anlam ifadə etmir, eləmi? – şübhəli və incik səslə dedi Armanuş.

– Ne faydası var ki? Keçmişi bilsəm nə olacaq, kollektiv, birgə hafizə, yaddaş məsuliyyəti yoxdur çiynimizdə - Asya əsəbi halda dilləndi...

– Tarixin əsir etmək məsələsinə qayıtsaq, bütün acılarına rəğmən bu gün bizi bir arada tutan məhz tarixdir-dedi Armanuş.

– Əgər doğrudan elədirsə, bu hər kəsə nəsib olmayan böyük bir ayrı-seçkilikdir”.

Doğrudan da Asya Armanuşun “tarixi yaddaş”ının zərərini aça bilir, bu yaddaşın bir arada olmaq yox, anti mövqeli olmaq anlamında yozu¬munu verir. Açıqca – “Sənin erməni yaddaşın bizi birləşdirmir, elə hey ayırır” – deyir. “Məni yanlış anlama, xahiş edirəm. Tarixin ailən üçün nə qədər acılı və mühüm olduğunu görə bilərəm, xatirələrinizi nəyin bahasına olursa olsun canlı saxlamağınıza da hörmətlə yanaşıram... Amma yolları¬mız burada ayrılır. Səninki bir xatırlama səfəri, bir növ yaddaş fetişizmi, mənə gəlincə isə Cicianam kimi olmaq istərdim, tam yaddaşsız, heç nəyi xatırlaya bilməyən Cicianam kimi...

– Keçmiş səni nədən bu qədər qorxudur? – dedi Armanuş. Bu söz Asyanın qüruruna toxundu.

– Qorxutmur, sadəcə keçmiş yox, gələcək niyyətli olmağı üstün tuturam, vəssəlam...”

Bir müddət sonra isə artıq Armanuş içdən gələn ciddi-cəhdlərinə baxmayaraq özü Asyanın sevgi, şəfqət və azad ruhu qarşısında sustalır, təslim olur. Qazançılar ailəsini sevməyə başlayan Armanuş Baron Bağdasaryana İstanbulu, türkləri və onların mətbəxlərini tərifləyir. Amma əvəzində öz kin aşılayan missioner dostlarından anındaca cavab alır: “Yav sən bizim savaş muhabirimizdin, amma türk kimi danışırsan artıq! Mənə bax, səni assimliasiya edib türkləşdirmədilər ki?”

Əsərdə Əlif Şəfəqin türk xislətindəki humanizm və ürəyiaçıqlıq keyfiyyəinin erməni məkr və eibarsızlığı, kinliliyi ilə müqayisəsi maraq doğurur. Bu fərqi göstərən məqamların romanda sayı-hesabı yoxdur. Onlardan birini misal göstərək: Armanuş türk ailəsinin qonağıdır və gecənin yarısında durub kompüteri açır, kodu tapıb öz türk düşməni dostuna, ustadına - Baron Bağdasaryana məlumatlar ötürür türklər haqqında. Daha doğrusu, onlara qarşı mübarizənin planına aid məsələlərdən yazır. Qəflətən qapı astaca döyülür və Banu xanım namaz paltarında içəri boylanır. Namaza qalxan Banu işığın yandığını görüb maraqlandığını bildirir. Armanuş həyəcan və qorxu içərisindədir. Banu onun dərsə aid nəsə oxuduğunu zənn edib başını bulayır (sanki “bu qədər oxumaq olmaz”- anlamında)...

Bir azdan əlində boşqab, içərisində iki soyulmuş, dilimlənmiş mandarin qayıdır və qızın çiynini sığallayaraq şəfqət dolu nəzərlərlə onu Armanuşa verir, otaqdan çıxıb qapını astaca örtür. Armanuş mandarini yeyə-yeyə türk düşməni Bağdasaryana türklərin əleyhinə məlumatlar göndərir...Banu xanım isə yan otaqda 1915-ci il haqqında düşünür, əzab çəkir... Doğrudanmı olub bu soyqırım – deyə götür-qoy edir və hətta özünə qul, əsir etdiyi Ağulu bəy adlı cindən bunu öyrənmək istəyir. İstəyir, amma tərəddüddədir. Həqiqət olsa bir ömür boyu sarsıntı içərisində olacaq. Ona görə də cini qovur və sorğusunu yarımçıq saxlayır...

Əlif Şəfəqin yenə maraqlı bir erməni-türk həqiqəti müqayisəsinin şahidi oluruq. Erməni soyqırımını Banunun cini - Ağulu bəy təsdiqləyir. Türk qətllərini, türklərə qarşı amansız qətliamın tarixini isə Kundera kafesində eşidirik. Cindən, şeytandan deyil, ziyalı, tarixi bilən, millətçi olmayan neytral mövqeli bir adamdan. Elə bir adamdan ki, onu heç vaxt “milli”, “məhəlli” qlafında danışdırmaq olmaz. Amma sözün yeri gəldiyinə görə bu adam (Ultra Milliyətçi Filmlərin Qeyri-Milliyətçi Ssenaristi) həqiqi tarixi xatırladır: “Bax Asyacığım- dedi Ultra Milliyətçi Filmlərin Qeyri Milliyətçi Senaristi – Türkiyədəki bir çox adamlardan fərqli olaraq sənətimlə əlaqədar mən bu mövzunu geniş şəkildə araşdırdım. Tarixi filmlərə ssenari yazıram. Ona görə də, davamlı olaraq tarixi oxuyur, öyrənirəm. Onun-bunun ağzından nələrisə eşidib danışmıram. Əksinə, məsələ ilə bağlı çox həssalıqla araşdırma aparıb danışıram. Ermənilərin iddiaları şişirtmə və yalan üzərində qurulub. Belə etməyin... Hətta bəziləri 2 milyon erməni öldürdüyümüzü söyləyir. Ağlı ba¬şında olan heç bir tarixçi bu sözləri ciddi qəbul etməz...”

Maraqlıdır ki, tədqiqatçı alimlər (Ənvər Mete və Nadir Əhmədov) də tarixdə belə bir “Erməni xəstəliyi”nin mövcudluğu haqqında kitab yazmışlar. Əlif Şəfəqin bədii-tarixi ampulada izhar etdiyi həqiqəti tibbi-elmi araşdırmalar tarixində ciddi fakt kimi ortaya qoyanlar da varmış... “Onun (“erməni xəstəliyi”nin-İ.M.) etiologiyası, patogenezi, klinik formaları və gedişi haqqında yazılı məlumatlar və araşdırmaların aparılması XVII əsrdən başlayır. Elə həmin dövrlərdən də tibb aləmində bu xəstəlik elmi tədqiqat obyektinə çevrilib. Bu sahədə görkəmli alimlərdən H.Holler, Y.Şohar, M.Pare, T.Lehman, Y.Pednad, S.Saqal, Y.Tarayev, V.Nosov, O.Vinоqradov və başqaları çalışmışlar. Bu xəstəliyə “Vaxtaşırı xəstəlik” adı da verilib. Həkimlərin qənaətinə görə bu xəstəliyə ancaq erməni millətindən olan adamlar tutulur. Bu xəstəliyə tutulan başqa millətdən olan pasiyentlərin nəsil şəcərələri sahəsində aparılan araşdırmalar zamanı on¬ların da ermənilərlə qan qohumluğu olduğu aşkar edilmişdir. Bu xəstəlik əvvəllər özünü 4 klinik formada – qarın, döş, oynaq ağrıları və qızdırma şəklində göstərirdisə, sonuncu yüzillikdə bu xəstəliyin 5-ci – ruhi-əsəb forması da üzə çıxmışdı. Tarixi "Erməni xəstəliyinin" bu millətin genlərində mutasiya etməsi – bu növ xəstəliyə keçməsi, sözsüz ki, “Daşnaksutyun” partiyasının yaranması və onun erməni xalqının həyatında oynadığı mənfur rolun nəticəsi kimi özünü göstərir. Bu forma daşnak isteriyası kimi xarakterizə olunur. 5-ci forma “Erməni xəstəliyinin” ən təhlükəlisidir. Əsas klinik əlamətləri patoloji yalançılıq, özünə vurğunluq ideyaları, təqibetmə sayıqlaması, imperativ sayıqlamalar, “Erməni sadizmi”, məkr və hiyləyə aludəçilik, avantüristlik, təhlükəli və fitnəkar həmlələrə meyillik, dolanbac hərəkətlərə vurğunluq şəklində özünü büruzə verir”. (Ə.Mete, N.Əhmədov. Tаriхi “Erməni хəstəliyi”nin dаşnаk istеriyаsı” məqaləsi. http://www.nadir-ahmedov.com/28.html) “Ata və bic” romanında isə ssenarist deyir: “Toplu isterika deyə bir şey varsa, toplu hafızə deyə bir şey də vardır. Ermənilərin isterik olduğunu -filan demirəm, yanlış anlamayın. Ancaq topluluqların, tək –tək üzvlərinin inanclarını, algılarını, hətta fiziki təzyiqlərini yönləndirməyə qabil olduqları məlum həqiqətləri deyirəm. Bir hekayəni təkrar-təkrar dinləyərsən, daha sonra o hekayəni başına gələnlər kimi yaşamağa başlayarsan. Və o zaman o hekayə başqasının olmaqdan çıxar, sənin hekayənə çevrilər. Hətta hekayə olmaqdan belə çıxar, həqiqət olar-sənin həqiqətin... Öz həyati həqiqətintək canını dişinə tututb mücadilə edərsən. Bu səbəbdəndir ki, bir sürü hələ 20 yaşı olmamış erməni-amerikan dədələrinin, nənələrinin danışdığı hekayələri bu qədər içdən yaşayırlar. Zamanda donub qalmış bir məlumata əsir olub qalıblar”.

Romanın sonrakı hissəsində müəllif daha bir ciddi arqument qoyur ortaya erməni xisləti ilə bağlı. Asya erməni rəfiqəsini Kundera kafesinə gətirir və çəkinmədən dostlarına təqdim edir. Armanuş-erməni-amerikalı kimi... Bu təqdimat mənfi assosasiya yaradır insanlarda. Niyə? Ə.Şəfəq çox dəqiq bir müşahidəsini mətnində tarixi fakt kimi diqqətə çatdırır. Göstərir ki, “erməni” kəlməsi kafedə heç kimi çaşdırmazdı, amma “erməni-amerikan” başqaydı. “türk-erməni” zatən bizdən deməkdir. “Erməni-erməni” də heç sorun deyil, “türk-türk” kimi bir şeydir-bənzər mədəniyyət, bənzər adət-ənənə və s. Amma “erməni-amerikan”, diasporalarda beyni yuyulan və buna görə də türklərə nifrət edən biri anlamına gəlirdi. Kafedə bütün başlar Armanuşa doğru dönür, baxışları ürkək, zahiri bəzəkli, amma içində bomba olan bir hədiyyə paketi kimi qəbul etdilər bu qızı. Armanuş tənqidlərə cavab hazırlayan adam kimi çiyinlərini dikəldir və gözləyir...

Lakin Kundera kafesinin adamları illərdir eyni ab-havanı içlərinə çəkmiş, bu kafenin “məzunları” kimi hərəkət edir, söhbətin başını tezcə də buraxır...

Lakin tarixə açıq gözlə baxmanın, daha obyektiv yanaşmanın timsalı olaraq Qeyri-milliyyətçi ssenarist Armanuşun erməni soyqırımı haqqındakı ittihamına cavab olaraq deyir: “ Elə bir şey olmadı... ailən üçün çox üzüldüm, başsağlığımı qəbul et, amma o savaş zamanında hər iki tərəfin insanı öldü. Erməni üsyançıların nə qədər türk öldürdüyünü bilirsənmi? Hekayənin o biri tərəfini düşündünmü heç? Əminəm ki, düşünməmişsən! Acı çəkən türk ailələrinə nə deyəcəksən? Baş verənlər çox faciəvidir, amma 1915-ci ilin 2000-ci il olmadığını anlamamız lazımdır. O zaman hər şey fərqliydi, Türk dövləti belə yoxmuş. Osmanlı imperatorluğu varmış. Modernləşmədən əvvəlki dövr, modernləşmədən əvvəlki faciələr...”

Qəribə bir vəziyyət yaranır, Armanuş bir anlıq “kaş Baron Bağdasaryan da burda olaydı və bu sözləri eşidəydi”- deyə düşünür...

Əlif Şəfəqin “erməni məsələsi”nə bu cür tarixi-ictimai mövqedən məntiqli və faktlı yanaşmasındakı HƏQİQƏTİ bizi düşündürür. Niyə bizim ədəbiyyatımız sadəcə bir, “nifrət konfransı” və ya ittiham, lənət romanları tələbi ilə çıxış edir sadəcə? Daha doğrusu, erməni yanaşmasına adekvat cavablar axtarır? Məhz erməni tərzində məsələyə yanaşma bizi və ədəbiyyatımızı, əlbəttə, kiçildir... Biz bu nifrətlə ədəbiyyat yarada bilmərik, təbii... Bu bizim xislətimizə yad bir istəkdir.

Amma Ə.Şəfəqin tarixi sualları var ermənilərə, o suallardan sadəcə bir neçəsini çözmək imkanımız var bu məqalədə. Məsələn, Ə.Şəfəq soruşur: Niyə erməni cəmiyyəti mətbəəni çox öncədən yaratmaqlarına baxmayaraq uşaq ədəbiyyatına dair kitablar çap etməyib? “Erməni azlığı cocuqlarını cocuq olaraq görə bilməyən bir topluluq halımı almışdır? Cocuqluq bu cəmiyyət üçün bir aralıq, boş səhifədirmi? Axı bu cəmiyyət uşaqların tez böyüməsini, bu mərhələni sürətlə keçməsini vacib sayır, buna ehtiyac duyur... Bəlkə də onlar kəndlərdəki erməni nənələrin nəvələri üçün söylədiyi öyüd-nəsihət ənənələrindən uzaqdırlar. Kitab dünyasındakı bu çatışmazlığın səbəbi nə olursa olsun, burda doğrudan da böyük bir problem vardı...

Ohannes İstanbulyan isə mümkün olmayan bir işə (uşaqlar üçün kədərli, qəmli yox, sevinc, fərəh dolu bir kitab yazmaq işinə-İ.M.) qalxmışdır”.

Bununla müəllif erməni tərbiyəsindəki böyük bir ictimai bəlanın kodunu açmış olur. Ermənilərə sadəcə gənc nəsil mübarizə, qisas üçünmü lazımdır - “beyni yuyulmuş” diaspora üzvləri? Gələcəyə yox, sanki keçmişə hesabat verəcək borclu, çiynində yuk olan bir erməni gəncliyi... Armanuş deyir: “Doğulduğum gündən bayırda qaldım. Qürurlu, amma travmalı bir erməni ailə ilə əsəbi, erməni düşməni bir amerikan ana arasında yol ölçdüm”. Doğrudan da Armanuş ta körpəliyindən hər iki, bəlkə də üç tərəfin öz mübarizəsi üçün istifadə etdiyi bir qız olub. Erməni qənimi amerikan anası onu baba-nənəsindən, atasından çevirmək, erməni sülaləsi onu erməni kimi fəaliyyətə yönəltmək və hətta amerikadakı diaspora isə onun ağlından, bacarığından istifadə etməklə proqramlarına qoşmaqdadır...

Əlif Şəfəq bəlli (içərisində hadisələrin, mətn olaylarının baş verdiyi indiki zaman) zaman kontekstində digər iki (keçmiş və gələcək) zaman və bu zamana köklənib indisini, bu gününü məhv edən insanlar barəsində dönə-dönə suallar atır ortaya. Asya və Armanuş dialoqunda olduğu kimi Banu xala və onun əsir cini Şəkərşərbət xanım söhbətində də müəllifin həmin narahat mövqeyi ortaya çıxır: “İnsan tayfasının keçmişlərini öyrənməsi doğrudanmı faydalıdır? Axı bəşər tarixi asanca bəlli olmaz, keçmişdən danışmaq böyük məsuliyyət tələb edir. Və get-gedə daha çox bilmək istəyir, daha, daha... haraya qədər? Həm də axı nəyə yarayır bu keçmiş? Bəlkə keçmişi mümkün qədər az bilmək, bilinəni də mümkün qədər tez unutmaq daha yaxşı deyilmi?”

Yaxşı ki erməni gənclərin içərisində Aram kimi fərqli və daha ayıq başla yanaşanlar da var məsələyə. Aram Zəlihanı sevir və ona sədaqətlidir. Onun da “erməni xəstəliyi”nə tutulmuş valideynləri və “diaspora” adlı bir and yerinə çevrilmiş “tarix missiyalı idarəsi” var. Lakin Aram onlardan xilas ola bilir. Hətta Armanuş da onu bu “erməni xəstəliyi” adlı irimiqyaslı plana sürükləmək istəyir, “Niyə Amerikaya gəlməyi düşünmədin, məsələn, Kaliforniyaya. Orada böyük bir erməni cəmiyyəti var, İstanbul erməniləri çoxdur orada , sənə və ailənə yardım edən cəmiyyətlər var?” Amma o istehza ilə bu təklifi adladır.

Məktəbdə türkcə, küçədə-bazarda anası ilə ingiliscə, evdə isə ermənicə danışa-danışa böyüdüyünü deyən Aram daha səmimidir. Onun bu səmimi halı Armanuşu bir az da mütəəssir edir... Aram tarixi daha humanistcəsinə “tərpədir”. Onun yaddaşı kinlə və nifrətlə yüklənməyib, böyük bir sevgiyə

köklənib: “Belə bir şeyi nədən istəyim ki, sevgili Armanuş? Bura mənim şəhərimdir. İstanbulda doğuldum, burada böyüdüm. Ailəmin bu şəhərdəki tarixi ən azı beş yüz il geriyə gedir. İstanbullu ermənilər İstanbula aiddir. İstanbullu türklər, kürdlər, rumlar və yəhudilər kimi. Bir zanmanlar birlikdə yaşamağı bacarmışdıq, sonra çox pis oldu, bacarmadıq... İndi təkrar öyrənməliyik kosmopolit olmağı, başqa şansımız yoxdur...”

Romanda günümüzün sosial şəbəkə reallığında da milli düşmənçilik mövzusunun tanış mənzərəsini yaradıb Əlif Şəfəq. Armanuşun özündən asılı olmayaraq türklərin arasında olduğu müddətdə onlara qarşı sevgi his¬si yaranır. Hər iki qız internetdə açıq söhbətə qarlxırlar erməni dostlarla. Armanuş Asya haqqında “yanımdakı türk rəfiqəmlə sizi tanış etmək istə¬yirəm”-açıqlamasını verir, Asya da tam səmimiyyəti ilə “Xoş gördük, İs-tanbuldan salamlar!”-yazır və hər kəsi bu gözəl şəhərə dəvət edir, bununla da əvvəl susqunluq yaranır, cavab gəlmir, sonra isə ənənəvi yaddaş kabusu ortada görünür və aralığı qarışdırır. Armanuş ittiham hədəfinə çevrilir. Onu türklərə satılmış biri kimi istehzalara ünvanlayırlar. Kinli və qərəzli statuslar baş alıb gedir. Kimisi türkləri, kimisi türk şəhərlərini, kimisi er¬məni ruhlarını söhbət mövzusu edir.

Əlif Şəfəq maraqlı bir sosial şəbəkə söhbəti qurur. Türklər adına yalnız Asyadır, qarşı tərəfdə isə bir dəstə qəzəbli və iddialı erməni gəncləri. Asyanın sevgi və rəğbətlə bu gənclərə dostluq təklif etməsi onları daha da coşdurur. Həmin söhbətdən bəzi cümlələri seçib yazıram:

“Bu dəvətin üçün təşəkkürlər. Amma açığı ailəmə o qədər acılar çəkdirmiş bir ölkəyə turist kimi getmək havasında deyiləm”. (Anti qovurma)

“Anadoludan qaçmaq məcburiyyətində qalmış biz qeyri-müsəlman ailələrin nəvə-nəticələri siz türklərə güvənmirik. Keçmişi unudası olsam, Mesrop məzarında tərs dönər” (Bədbəxt ev qadını)

“İndi turistlərə göstərdiyiniz o görkəmli məscidləri tikən memar kimdir? Sinan! Saraylar, xəstəxanalar, türbələr inşa etdi... Sinanın zəkasını sümürdünüz. Rəsmi tarixinizin heç bir səhifəsində həqiqətlərə yer vermədiniz. Sinanın erməni olduğunu inkar etdiniz!” (Ledi Tovuzquşu)

“Siz “gəlin unudaq!”- deyirsiniz, bizsə, əksinə, “gəlin yada salaq, xatırlayaq!”- deyirik”... (Stoacı Aleks)

Asya isə təkbaşına bu hücumçu erməni gəncliyini ağıl və məntiqlə sülhə, qardaşlığa dəvət etməkdə davam edir: “Açığı, “Siz türklər…” deyə başlanan şərhləri çox təhlükəli sayıram. Biz vəhşi barbarlar deyilik... 1910- lara gəlincə, XX əsrin əvvəlləri çox çətin zamanlar idi, fərqli bir dövr idi.

Amma bu gün bu torpaqlarda heç nə 100 il öncəki kimi deyil... Mən sadəcə yalnız keçmişdə ilişib qalmağı vacib saymıram”.

Ermənilər ilk dəfə idi ki, internetdə həqarətlə deyil, həm də müəyyən bilgilərə söykənərək türklərlə söhbət edirdi. Hamısı coşmuşdu və sanki, əllərinə keçən bu ağıllı qızdan üzr istətməklə soyqırım söhbətini bağışlayacaqlarmış kimi aparırdılar özlərini…

Əlif Şəfəq Memar Sinan mövzusunu günün aktual elmi-mədəni, tarixi söhbət konflikti kimi müzakirə obyekti edir. Bu gün də erməni mətbuatı və tarixçiləri Memar Sinanı erməni kimi təqdim etməkdə israrlıdır. Sinan (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) türk-müsəlman memarlığının atası hesab edilirdi. Saysız-hesabsız saraylar, məscidlər, türbələrin memarı Sinan həm də müsəlman, İslam dininin daşıyıcısı idi. O qədər böyük məhəbbətlə müsəlman şəhərlərinin və islam mədəniyyətinin inkişafına xidmət edən bir adam iddia edildiyi kimi hətta erməni ya da yunan ailəsində dünyaya gəlsə belə bütün həyatı boyu türk və müsəlmantək fəaliyyətdə olub. Türk millətinə və İslam dininə rəğbət bəsləməyən, onu sevməyən adam necə ola bilərdi ki, onların tarixi üçün bu qədər xidmət göstərmiş olsun...

Romanın sonu girişindən də kədərlidir. Əsərin əvvəlində Zəliha yerə-göyə qəzəb yağdıra-yağdıra yol gedir, son isə Mustafanın ölümü ilə ta¬mamlanır. 20 ildən sonra Mustafa ailəsinə-Qazançıların evinə gəlir. Hamı təşviş və həyəcan içindədir. Amma o arvadı Rozanın təhriki ilə ögey qızı Armanuşun dalınca gəlir, əslində. Anasını, bacılarını görmək üçün deyil…

Romanda adi görünən, əslində isə daha dramatik və daha ictimai, siyasi, tarixi bir sual qoyulub. Asyanın atası əslində onun doğmaca dayısıdır. Mustafa bacısı ilə yola getmir və gərgin davaların birində ruhi-psixoloji pozğunluq halında olarkən bacısına təcavüz edir. Asya həmin təcavüzün və nifrətin törəməsidir. Əslində Qazançılar ailəsinin əxlaqına və mədəniy-yətinə tamamilə yad bir davranış, olacaq, qəza kimi baş verir bu hadisə. Amma baş verir və bu qəzanın acı nəticəsi-Asya olur. Asya nifrətin təcavüz həddində inikası olsa da, başqalarına bunu yansıtmır. Gələcək arzulu, sevgi, mərhəmət niyyətlidir. Mustafa Asyanın həm dayısı, həm də atasıdır. Zəliha da anası olsa da ona körpəlikdən “xala” deyə müraciət edib. Yəni xalalarından biri sayıb. Asya əsərin baş qəhrəmanıdır və əslində həqiqətin sifəti, simasıdır! Amma bu həqiqət bic kimi doğulub… Bu həqiqətin kökü yalan və təcavüzdən yoğrulub. Asya valideynlərinə baxır və düşünür: Bu insanlar kimdir? “Dayısı... atası... dayısı... atası... Asya başını qaldırıb, Zəliha xalaya baxdı. Birdən onun bunca zaman özünə nədən “xala” deməsinə etiraz etmədiyini anladı. Xalası... anası… xalası… anası...”

Armanuş erməni kininin ümumiləşmiş obrazı kimi təqdim olunsa da, müəllif roman boyu onun qanında, genində kirəcləşib qalmış nifrət və intiqam hissini tədricən əridir. Özü də məhz türk mühitində, türk insanını tanıyıb sevdikdən sonra baş verir bu dəyişmə…

Romanın sonunda xəyanətin 20 illik itkin siması-Mustafa, erməni nifrətinin bir əsrə yaxın yaşı olan ümumiləşmiş obrazlarından biri-daha mühafizəkarı və dönməzi-Şuşan nənə ölür… Roza amerikalıydı, keçmişlə əlaqəsi olmayan, tarix qovğasından uzaq bir insan-tarixə sarınmamış azad bir amerikalı… lakin onun ailə-məişət fonunda olan problemləri tədricən böyüyür və ictimai xarakter alır. Erməni Barsamın, türk Mustafanın taleyi bu qadının həyatından keçir… Və bütün talelər kədərli, üzücü hekayələrlə tamamlanır, bəlkə də yarımçıq qalır… Qiyamət, axırzaman məqamında qəfil yaxalanmış insanlar kimi bunların da taleləri başıaçıq, ayağıyalın qalır sanki, düzün ortasında, Nuh tufanına bənzər selin-suyun altında… Bir-iki damla ilə başlamışdı əslində bu tufan. Zəlihanın başına yağmağa başlayan və Zəlihanın içindəki qəzəbi coşduran bir-iki damladan yol alan Nuh tufanı… “Nuh tufanı hər şeyi məhv edən, dağıdan bir daşqın olsa da sonunda, əslində sakit-sakit başlamışdı – ahəstə, bir-iki damla yağmurla… Yaxınlaşmaqda olan fəlakəti xəbər verən tək-tük damlalar heç kimin oxuya bilmədiyi möhürlü məktub kimiydi. Göy üzündə topa-topa qara, kasvetli buludlar vardı, dərdli gözlərdəki yaş damlaları kimi qurşun ağırlığında tökülürdü yağış… Hər buluddakı dəlik axır zamanda-qiyamət günündə işlənmiş günahlar üçün gözyaşı tökən bir gözdür…”

Əlif Şəfəq romanında tarixi arxa plana atmır, göstərir ki, tarix həm də səbəb-nəticə əlaqələrindən doğan, dünyanın çarxını fırladan təbii mexanizmdir, hərəkətverici prosesdir. Ancaq tarixin bir gününə ilişib qalanda zaman da dondurulub aüstləşir sanki… Ermənilərin 1915, 24 aprel tarixinə birtərəfli, qeyri-obyektiv yanaşmasında olduğu kimi...

Romanda hadisələr, hekayələr ailələr və müxtəlif nəsillərin dramı, faciəsi kimi söylənilir. Burda da səbəb-nəticə məntiqinə əsaslanır müəllif.

Məsələn, sübut edir ki, Ləvənd Qazançı ailədə avtaritar və zorakı bir başçı olmasaydı, Mustafanın daxilində bu zorakılıqdan yığılıb qalmış sin¬diromlar nə vaxtsa bacısına təcavüz eybəcərliyində üzə çıxmazdı. Şuşan 1915-də yetim qalmasaydı, 2005-də Asya bic doğulmazdı. Həyatda təsadüf deyilən bir şey yoxdur, sadəcə səbəb və onun təsadüf hesab etdiyimiz nəticəsi var…


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər