Türkiyənin Eskişehir şəhərində Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü ilə bağlı “Azərbaycan Cümhuriyyəti və cümhuriyyətçilərin mühacirətdə keçən ömürləri” mövzusunda tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil edilən tədbirin qonağı Cümhuriyyət və mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd olub.
Tədbiri giriş sözü ilə açan dərnəyin başqanı Cavid Aydın Azərbaycan Cümhuriyyətinin tariximizdə oynadığı roldan bəhs edib, Eskişehirdə yaşayan azərbaycanlıların tarixi ildönümə olan münasibətindən danışıb.
Daha sonra Dilqəm Əhməd Cümhuriyyət və mühacirət tarixi ilə bağlı topladığı materiallardan, Cümhuriyyət xadimlərinin ailə üzvləri ilə olan görüşlərindən bəhs edib.
Tədqiqatçı bildirib ki, Azərbaycan Cümhuriyyəti müsəlman şərqində coğrafi ərazi adı götürmüş ilk modern dövlət idi: “Eləcə də, ilk cümhuriyyət idi; ilk parlamentli dövlət idi; ilk çoxpartiyalı, demokratik, hüquq dövləti idi; ilk dünyəvi dövlət idi; ilk milli dövlət idi; ümumi seçki qanunu hazırlayaraq kişilərlə yanaşı, qadınlara da seçmə və seçilmə hüququnu hətta Avropa dövlətlərinin əksərindən də xeyli illər öncə rəsmən tanımış ilk dövlət idi; qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışma hüququnu rəsmən tanımış ilk dövlət idi; bütün vətəndaşlarının dini, məzhəbi, sinfi, silki, milli və cinsi bərabərliyini rəsmən elan etmiş ilk dövlət idi...”.
Tədbirdə Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr və orada yaşayan həmyerlilərimiz iştirak edib.
Tədbirin sonunda xatirə şəkli çəkilib, tədqiqatçıya təşəkkür bəlgəsi təqdim edilib.