“Bir çox müğənnilər arzu edirlər ki, onların mahnıları dünya brendlərinin reklam çarxlarında səslənsin. Lakin bunun üçün ifaçının razılığı lazımdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva repertuarındakı “Bir gün mənə rəhmin gələcək” (Fəridə) adlı mahnısının İtaliyanın məşhur “Fendi” Moda evinin reklam çarxında istifadə olunmasına münasibətini bildirərkən öz prodüseri Dilroba Ramazanova vasitəsilə deyib.
Bu xəbər müğənnini həm sevindirib, həm də təəccübləndirib: “Bu xəbər bizim üçün əsl sürpriz oldu. Əlbəttə ki, bu, birmənalı olaraq bizi kədərləndirməyib, əksinə sevindirib. Düşünürəm ki, bir çox müğənnilər səslərinin məşhur brendlərin reklam çarxlarında istifadə olunmasını arzu edirlər. Lakin bunun üçün ifaçının razılığını almaq lazımdır. Onlar isə mənə zəng etməyiblər. Hələlik bu barədə heç nə demək istəmirəm”, - deyə müğənninin sözlərini prodüsseri Ramazanova çatdırıb.
Xalq artisti “Fendi”dən onun adını niyə qeyd etmədiklərini soruşmaq niyyətindədir. Müğənni ümid edir ki, onlar bir-birilərini başa düşəcəklər və problemi sülhlə həll edəcəklər. Hazırda Nəsibə Abdullayeva qarşı tərəfin reaksiyasını gözləyir. Ona görə də hesab edir ki, bununla bağlı məhkəməyə müraciət etmək hələ tezdir.
Prodüseri onu da qeyd edib ki, xalq artisti düşüncəli, müdrik və sülhsevər insandır. O, təbiət etibarilə əlaqələrin və münaqişələrin hansısa yollarla aydınlaşdırılmasını qəbul etmir: “Çarxda Nəsibə Abdullayevanın 35 il əvvəl yazılan "Fəridə" mahnısının səs yazısından istifadə edilib. Onda o, həmin mahnını “Səmərqənd” instrumental ansamblının tərkibində olanda ifa edib. Bu, 1983-cü ildə baş verib. Həmin vaxtdan çox illər keçsə də, o mahnı bu gün də populyardır. O, bu mahnını tez-tez ifa edir. Nəsibə həmişə Azərbaycan dilində mahnılar oxuyub və oxuyacaq. Azərbaycan mahnıları onda çox yaxşı alınır. “Nəsibə Abdullayeva xahiş edir sizə çatdırım ki, o, hər zaman Azərbaycana böyük məmnuniyyətlə gedir. O, musiqiçiləri ilə birlikdə Bakıya dəvət olunanda və canlı ifa ilə çıxış edəndə xüsusilə şad olur. Biz Azərbaycanı sevirik. Nəsibə Abdullayeva Azərbaycanın musiqi tarixi haqqında çox şey bilir və mahnılarınızın incəliklərini gözəl başa düşür. O, səbirsizliklə Bakıdan dəvət gözləyir”,- prodüser deyib.
Qeyd edək ki, İtaliya moda evi “Fendi” sosial şəbəkələrdə özünün yeni kapsul kolleksiyası olan #FendiMania-nın çarxını təqdim edib. Onun reklam çarxında Azərbaycan dilində sözlərdən və mahnıdan istifadə olunması azərbaycanlıları təəccübləndirib.
Sözügedən çarxda “Fendi”nin dünyanın 56 butikində satılacaq geyimlər, ayaqqabılar və aksessuarlardan ibarət kapsul kolleksiyası təqdim edilir.