Müğənni Nura Suri Teleqraf.com-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Yeniliklərinizdən danışardınız.
- Bir neçə yeni mahnı yazdırmışam. Tarkanın və Sibel Canın repertuarından olan “Yalnızlar treni” mahnısını oxudum. Ümumiyyətlə, Tarkan sevdiyim müğənnidir. Demək olar ki, onun bütün mahnılarına müraciət etmişəm. “Sevgi romanı” adlı mahnıma çəkilmiş klipi təqdim etdim. “Getmə” adlı mahnıya da ekran həyatı verməyi düşünürük. Artıq bu istiqamətdə işlər gedir. Bu klipi isə dekabrın əvvəllərində təqdim edəcəm.
- Siz yeniliklərinizi təqdim edirsiz. Bəs Sizcə, şou-biznesdə bir çox müğənnilər niyə yeni işlər təqdim etmirlər? Əvvəlki illərə nisbətən iş görən müğənnilərin sayı azalıb.
- Bu vəsaitə bağlı bir şeydir. Qazanc əvvəlki qazanc deyil. Bir müğənnin vergisi, işçisinə, gözəllik salonuna veriləcək pullar... Hamısı xərcdir. Elə bilirsiniz ki, yeni müğənni efirdə çıxdı oxudu və hər şey bitdi? Yox, reklama pul xərclənilməlidir. Yəni müğənni olmaq üçün tək istedad kifayət etmir. Bunun üçün yaxşı vəsaitin, komandan və ətrafın olmalıdır.
- Son zamanlar rəqqasə Oksana Rəsulova ilə qalmaqalınız mətbuatda müzakirə olundu. Sonda jurnalistlər günahkar çıxacaq idi...
- Onun dediyi sözlər hamıya bəlli idi. Hər bir müğənninin mətbuat katibi var. Mən də mətbuat katibimə mətbuat işlərimi gördüyünə görə maaş verirəm. Mən onun hansı saytda, kimin haqqında xəbər yazacağını bilə bilmərəm. Mən onu heç bir halda idarə edə bilmərəm. Onun ana olmağa hazırlaşması xəbərini mənim mətbuat katibim yazıb. Oksana da elə zənn edib ki, bu xəbəri mətbuat katibimə mən ötürmüşəm. Mən heç kimə cavabdeh deyiləm. “Qurani Kərim”də də yazılıb ki, insan ancaq öz etdiyi əməllərə görə cavab verəcək.
- Sizcə, bu mövzuda Oksana konkret olaraq sizin adınızı niyə açıqlaya bilmədi?
- Çünki insanın əlində sübut, fakt olmalıdır. Fakt olmadan çıxıb söz ata, kimisə şərləyə bilməz. Bu, doğru deyil. İnsanlığa yaraşmayan işdir. Mən elə bir ailədən çıxmamışam ki, kiməsə şər atım. Vətənpərvər ailədə doğulmuşam. Bu dövlət uğrunda canını qoyan, qan tökən insanların tərbiyəsini almış insanam. Müğənniliyi bir kənara qoyaq. Mənim atam və anam vətən uğurunda döyüş zamanı yaralanıblar. Anam da, atam da 2-ci qrup əlildir. Onlar barəsində kitablar da yazılıb. İndi kiminsə sirrini hardasa açıb deməyin mənasını anlaya bilirsiz? Bu, mənim üçün ən böyük alçaqlıqdır. Kiminsə sirrini başqasına demək ən mənfi xüsusiyyətdir. Mənə elə gəlir ki, indi biz onun barəsində danışmaqla çıxmaqda olan filminin təbliğatı ilə məşğuluq.
- Yəni onu reklam etmək niyyətində deyilsiz?
- Yox, heç kimi. Heç kim mənim adımla özünü reklam etməsin. Mən olmadığım yerdə heç kim adımı çəkməsin. Bu mənim haqqımdır.
- Şou-biznesdə ən çox ailə quran məşhurlar sıyası açıqlananda Nura Surinin adı ilk sıralarda olur. Bu sizi narahat etmir ki?
- Nə olsun? Ailə qurmaq ayıb bir iş deyil. Mənim adım ailə qurmaqla hallanırsa, bu, müsbət haldı. Siz o adamlardan danışın ki, adları hamı ilə hallanır, amma hələ bir dəfə də onları alan olmayıb. Yəni boşanmış bir qadınla kimsə ailə qurmaq istəyirsə, demək ki, bu insan ailə qurulmağa layiqdir. Seda Sayan bu günə qədər 5 dəfə ailə qurub, amma kimsə onun bu addımını mənfi tərəfi kimi onun üzünə vurmayıb. Bu insan fikirləşir ki, mən bir kişi ilə münasibətə girirəmsə, bu ailə qurmaq istəyidir. Ümumiyyətlə, kiminsə şəxsi həyatı başqasını maraqlandırmamalıdır. “Qurani Kərim”də də yazılıb ki, qadın ailə qurub evliliyi uğursuz olubsa, yenidən ailə qura bilər.
- Bəs növbəti dəfə ailə qurmaq niyyətiniz varmı?
- Etibarlı bir insan olsa, hiss etsəm ki, bu insanla ömrümü başa vura biləcəm, o zaman olar. Düşünürəm ki, münasibətlər hisslər üzərində qurulmalıdır. Öncədən düşünülmüş, planlı şəkildə yox. Ailə qurmağa hazır bir insanam. Övladlarım da ailə quracaq. Mən niyə tək yaşamalıyam? Elə belə münasibəti də xoşlamıram.
- Sonuncu dəfə evlilik təklifini nə zaman almışınız?
- Sonuncu dəfə bir neçə gün öncə stilist Elnur Həsənov mənə evlilik təklif etdi. Şou-biznesdən kənar isə belə biri yoxdur. Yalandan durum deyim ki, ay dərdimdən ölənlər var, bu yalan olar. Belələri sadəcə, sosial şəbəkədə mənə yazırlar. Mən onlara inanmıram. Ümumiyyətlə, məşhurların münasibəti çətin olur. Düşünürəm ki, mən müğənni yox, mağazada satıcı olsaydım, bu görkəmimlə mənə evlilik təklifi edərdilərmi? Mən məşhuram deyə məni sevirlər, yoxsa?... Bax bu kompleks ömür boyu məşhur qadınların bədbəxtçiliyidir. Etibar edə bilmirlər.
- Bu günə qədər neçə dəfə plastik əməliyyat keçirmişiniz?
- 3 övladım əməliyyatla dünyaya gəlib. Ailə qurandan 1 il sonra həyat yoldaşımla avtomobil qəzasına düşdük. Üzüm tanınmaz hala düşmüşdü. Öz üz cizgilərimi həkimlər hələ də bərpa edə bilməyiblər. Tez-tez köhnə şəkillərimi sosial şəbəkədə paylaşıram ki, insanlar dəyişikliyimi hiss etsinlər. Əvvəllər çox gözəl olmuşam. 18 yaşımda imkanlı bir adamla ailə qurdum. Düşünürəm ki, buna da səbəb mənim gözəlliyim olub. Amma göz, nəfs. İnsan nəyi iləsə lovğalanmamalı, fəxr etməməlidir. Onu itirə bilərsən. O qəzadan sonra üzümdəki əksikliklər bərpa olunmayıb. Buna görə də kompleks keçirirəm.
- Yenidən əməliyyata girmək fikriniz varmı?
- İstəyərdim, amma əmin deyiləm ki, düzələr, yoxsa yox. Həkimlə də danışmışam, amma risk etmirəm. İndi ona görə də rakursumu sol tərəfdən götürürəm.
- Caduya, fala inanırsızmı?
- Mən gözə, nəfsə, pis enerjiyə inanıram. Elə insanlar var ki, bədniyyətdirlər. Ancaq insanlara neqativ ötürürlər. Çalışıram ki, pis xəbərləri oxumayım. Elə insanlar var ki, insana bəxtəvərçilik oxuyurlar, o zaman da adamın işi alınmır.
- Sizcə, Türkiyədə azərbaycanlı müğənniləri tanıyırlarmı?
- Biz 80 milyonluq əhalisi olan Türkiyədən danışırıq. Onu nəzərdə tuturuqsa, yox. Azərbaycanla Türkiyə şou-biznesini müqayisə edəndə, bir az gülməli gəlir. Yəni onlarda tam fərqlidir. Orda Bəyaz Ajda Pekkanı verilişə gətirmək üçün yalvardı, sonra nə qədər pul ödədi ki, verilişinə gəlsin. Bizdə belə bir şey eşitmisiz ki, efirlərimiz hansısa müğənniyə pul ödəsin? Fərq çox olduğuna görə, tanınmaq kimi bir işlərə mən qarışmıram.
- Bəs niyə bizim bəzi müğənnilərimiz reallığı qəbul etmirlər ki, onları Türkiyədə tanımırlar?
- Düşünürəm ki, Röya Azərbaycanda yetəri qədər iş görüb. Onun bu gün Türkiyəyə qatılmağı normaldır. Çünki o, Azərbaycanda heç kimin görmədiyi işi görüb, istəyir ki, kənarda iş görsün.