15 Yanvar 2019 20:45
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin səhnələşdirdiyi “Tıq-tıq xanımın saxta babası” bu dəfə Bakının Abşeron rayonunda uşaqlarla görüşə gəlib.

DTX-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın sərgüzəştlərini müasir üslubda işləyən quruluşçu rejissor və ssenari müəllifi Zəhra Quliyeva maraqlı və dinamik nağıl-tamaşa yaratmağa müvəffəq olub.

Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzinin tamaşa zalına toplaşan məktəbəqədər müəssisələrdə tərbiyə alan fidanlar sehrli nağıllar aləminə səyahət ediblər. Onların nağıldan tanıdıqları Tıq-tıq xanım bu dəfə fərqli, gözlənilməz məcrada cərəyan edən hadisələrlə üzləşib. Şaxta babanı tapmaq və onun Qar qızı olmaq arzusu ilə Tıq-tıq xanımın üzləşdiyi macəralar uşaqlar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

Orijinallığı, kreativliyi, ritmik musiqi və rəqsləri, rəngarəng işıq effektləri, dinamikliyi ilə yadda qalan tamaşa balacalara təkrarolunmaz təəssüratlar, əsl bayram ovqatı bəxş edib. Aktyorların məharətli çıxışı, şən musiqilər, sevimli mahnılar, göz qamaşdıran kostyumlar və səhnə dekorasiyaları uşaqların şən əhval-ruhiyyəsinə hakim kəsilib, onları riqqətə gətirib.

Tamaşanın quruluşçu rejissorunun Abşeron Rayon Mədəniyyət Mərkəzinin foyesində gözəl bir Yeni il guşəsi yaratması balacaların bayram əhval-ruhiyyəsinə əlavə rəng qatıb. Nağıl-tamaşadan sonra bura toplaşan uşaqlar, tərbiyəçilər, valideynlər yaradıcı heyətə yaddaqalan, xoş təəssüratlarla zəngin səhnə əsərinə görə minnətdarlıqlarını bildirib, nağıl qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.

DTX-nin Mədəniyyət Mərkəzinin dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək məqsədilə yaratdığı tamaşa ölkəmizin digər şəhər və rayonlarında da göstəriləcək.


Müəllif: Teleqraf.com