29 Aprel 2014 19:34
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair, publisist, tənqidçi Dmitri Bıkovun Anna Axmatova haqqında mühazirəsindən

Anna Axmatovanın şeirləri ciddi qəzəb yaradır. Qəzəb isə yaşam dolu ən canlı emosiyadır. Onun barışmazlığı ölümsüzlüyünü təmin edir.

Şeirlər müəllifə heyranlıq, ehtiras, həsəd və qıcıq hissi qazandırır.

XX əsr Rus ədəbiyyatında heç bir müəllif bu hisslərin vəhdətini yaratmayıb. Axmatova şeirləri ilə həm ən arzuolunan, həm də ən dözülməz qadın obrazını yaradıb.

Bəyəndiyim bir araşdırma üsulum var, bundan tez-tez istifadə edirəm: hər hansı şairin yaradıcılığını təhlil edərkən, onun şeirlərindəki ilk sözə diqqət edirəm. Adətən, şeirlər “Mən” ya “Sən” əvəzlikləri ilə başlayır. Məsələn, Blokun 200 “Mən”, 50 “Sən”lə başlayan şeiri var. O, başqa heç bir sözü bu qədər çox işlətmir. “Mən”lərin say çoxluğu Blokun özünə, eqosuna daha çox bağlandığına işarədir.

Amma Annanın şeirlərinin 58-i “Mən”lə, 25-i “sən”lə və 46-sı inkar şəkilçisi (“Ne”) ilə başlayır. Axmatova yeganə rus lirikidir ki, bu qədər inkar şəkilçisi işlədir.

İnkarla başlama şairənin şüuraltından kortəbii, intuitiv olaraq gəlir və onun xarakterindəki barışmazlığın birbaşa nümayişidir. Gerçəkliyi qəbul etməməsilə Axmatova RƏDD-in dahisidir. Özü də, ali, ədəbi rəddin.

İlk üç kitabından sonra oxucularında artıq “üsyankar” obrazını yaradıb. Kitabları haqqında dövrün tənqidçiləri son dərəcə səciyyəvi, dəqiq rəylər veriblər. Bir sözlə, qənaət belə idi ki, Axmatova ikili obraz – məsum fahişə təcəssüm etdirir. Anna xanım rus ədəbiyyatında bu obrazın ilk yaradıcısıdır: Nekrasov, Turgenev Tolstoydan gələn həssas detallar üzərində qurulan təhkiyə.

Mandelştam deyir: “Poeziya – öz həqiqətini dərketmədir”. Tamamilə haqlıdır. Anna öz eybəcərliyinin utancından, çəkingənliyindən qurtulub, varlığının həqiqətini dərk edəndə bu cür şeirlər meydana gəlir. Axmatova şeirləri ilə kişi üçün həm yad, həm də yar olan qadın tipajını yaradır. Yəni ki, mən beləyəm, qəbuledilməzəm, amma sən də məni məhz bu cür olduğum üçün sevirsən. Maraqlısı və ən dəhşətlisi də budur ki, belə qadınlar, əksərən, haqlıdırlar.

Svetayeva Axmatovanın yazılarında özünü bəyənməməsini, hətta özünü “Pis ana” adlandırmasını heç cür anlamadığını deyir. Amma sonralar elə həmin Svetayeva öz övladını itirəndə Axmatovaya haqq qazandırır, Axmatova isə əvvəlcədən səhvlərini etiraf etdiyindən bala dağından qurtulur.

1923-cü ildə Rus ədəbiyyatında sükuta qərq olan lirika 40-cı illərdə dil açır. Maraqlıdır ki, Pasternak və Axmatova da elə bu ilin yanvarından yazmağa başlayırlar. Anna özünün dahiyanə 30 şeirini məhz uzunmüddətli susqunluğunu pozandan sonra yazır. Şairə dostlarına deyirmiş ki, şeirlər bir-birinin quyruğunu tapdalayaraq, tələsik və tez-tez yazılır, ona görə də yəqin ki, bərbaddırlar.

Öz həqiqətini dərketmənin əksi prosesində şairin şeirlərində “geriyəqayıdış” baş verir. Bu qayıdış, dünya dözülməz həddə faciəvi olanda baş verir. Şair özünü tənha qəbiristanlıqda veyillənirmiş kimi hiss edir. Beyin var olanı qəbul etməyəndə öz həqiqətlərini dərketmə prosesi üsyan qaldırır. Bu hiss 40-cı ilə sağ qalan iki şairə – Pasternak və Axmatovaya hakim kəsilir. Hətta Svetayeva da intihar etdiyi 41-ci ilin avqustuna qədər beş şeir yazmağa müvəffəq olur. Bütün Avropaya çökən qaranlıq şairlərin əsərlərinə hopur.

Dəqiq emosiyaları xırda prozaik detallarla şeirə gətirən Axmatova qayıdışı ilə ədəbiyyata yeni poetik nəfəs qatır. Çoxlarının qibtə etdiyi fenomenal yaddaşa sahib olan Anna əla bildiyi pafoslu, kobud fransız ədəbiyyatından daha çox, lakonik, incə ingilis ədəbiyyatının üslubuna üstünlük verir. Axmatovadan Şekspir nəğmələrinin, sonetlərinin ritmi duyulur. Təbii ki, intizamlı xarakterin illərlə topladığı böyük təcrübə də öz sözünü deyir.

Anna Axmatovanın yaradıcılığını, obrazlı desək, bir sözə yaraşdırmaq olar – ƏZƏMƏT.

“Rekviyem”inin müqəddiməsində əzəmətli “Bacararam” sözü kimi:

“O dəhşətli illərin on yeddisini Leninqradın həbsxana növbələrində keçirdim. Bir dəfə kimsə məni “tanıdı”. Onda arxamda dayanan qadın, əlbəttə ki, adımı heç vaxt eşitməmişdi, hamımıza xas olan donuqluqdan ayılıb qulağıma dedi (orada hamı pıçıltıyla danışırdı):

Bax bunu yazmağı bacararsınız?
Mən dedim ki:

Bacararam.
Haçansa onun üzü olan yerdə təbəssümə bənzər nəsə sürüşdü”.

Axmatova bütün xəstə halına, zəifliyinə, ölümə yaxınlığına baxmayaraq, fövqəladə daxili gücü olan, hər şeyə dözə bilən qadındır. Onun ikili xarakterində həm itirilmiş sancağa saatlarla oturub ağlamaq, kimsə tərs baxdı deyə, sol əlcəyini sağ əlinə taxmaq, həm də xəyanətlərə və taleyin amansızlıqlarına mərdliklə sinə gərmək istedadı var. Belə qadınlar nə qədər isterik və dözülməz olsalar da, həyatın çətin günlərində onlar ən yaxşı dost, dayaqdırlar. Onlar həm qadın kimi zəif və zərif, həm də kişi kimi sərt və mərd ola bilir.

Dövrün tənqidçiləri Annanın şəxsi dramını qlobal tarixi faciə kimi yaşadığını deyirdilər. Bunun nəyi pisdir ki?! Əksinə də götürəndə Axmatova tarixi dramları da özünün şəxsi bəlası, dərdi qədər içdən çəkə bilirdi. Faciə Annanın həyat janrı idi. Dərdi sevdiyi üçün yox, dərddən qaçmadığı üçün. “Məndə belədir” ifadəsilə bütün həyat sınaqlarına dözən bu arıq xanım tərk edilmiş gözəl, ərini itirmiş dul, sevilən şairə rolunu və həyatın ona hazırladığı digər rolları layiqincə ifa edir. Və o, bu rolların yaratdığı təəssüratları ali lirikaya çevirməyi bacaran şairdir.

Axmatova şeirlərinin obyekti naməlum, əsrarəngiz qəhrəmandır. Yolunu gözlədiyi, gəlməyən qəhrəman ölüdür, daha doğrusu, nə vaxtsa yaşayıb, ya da hələ doğulmayıb.

XIX əsrin suallarının bir cavabı vardı – TANRI. XX əsr ateizm dalğası ilə cavabları məhv edib sualları açıq qoymaqla yetinmədi, daha ağır sualları, problemləri qabartdı. Üstəlik, həmin problemləri həlletmə yollarını göstərməyə də cəhd eləmədi.


Müəllif: