Hüseyn Cavid yalnız Azərbaycanın, türk dünyasının, eləcə də Şərqin deyil, həm də bütövlükdə dünyanın korifey sənətkarı, mütəfəkkir şairi olduğunu sübut edib. O, Şərq ədəbiyyatının, Azərbaycanın fikir və söz zadəganıdır. Əminəm ki, bu söz ədəbiyyatımızda geniş kontekstdə izahını tapacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Azərbaycan Dillər Universitetində keçirilən “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfransda çıxışı zamanı deyib.
“Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir” mövzusunda məruzə ilə çıxış edən Sona Vəliyeva qeyd edib ki, söz və fikir zadəganı olmaq hər insana məxsus keyfiyyət deyil.
Onun sözlərinə görə, Hüseyn Cavidin istedadı ilahi tərəfindən möhürlənib.
Hüseyn Cavidin yüksək təhsil almış şəxsiyyət olduğunu deyən Sona Vəliyeva onun dünya ədəbiyyatı fonunda hər zaman öz portretini oxucularına göstərdiyini qeyd edib: “O, dünya, o cümlədən Avropa, Şərq, klassik, antik ədəbiyyatı dərindən öyrənərək əsərində o formalardan istifadə edib. İstanbul Universitetində dünya fəlsəfəsinə dərindən bələd olur, Aristoteli, Hegeli, Nitşeni öyrənir, yaradıcılığında onların izləri görünür”.
Sona Vəliyeva vurğulayıb ki, Cavid nə qədər bəşəridirsə, bir o qədər milli, nə qədər tarixidirsə, bir o qədər də müasirdir: “O, nə qədər tərəqqinin tərəfdarıdırsa, eyni zamanda tarixi köklərə, klassik dəyərlərə o qədər bağlədır. Nizaminin, Yasəvinin kamil insan nəzəriyyəsinə bütün yaradıcılığı boyu sadiq qalıb. İblisə də qalib gəlmək olar, ilahi eşqi də insan içində yarada bilər, adi hökmdar, güclü sərkərdə də olmaq olar, amma kamillik prosesi getmirsə, insan eşqi dərk edib özündə duruluq aramırsa, nə bəşəriyyətə, nə də millətə xeyir gətirə bilər. Cavid kamil insan məsələsini “Şeyx Sənan” dramında qaldırır. İnsan ilahi eşqi dərk etmədən heç bir uğura nail ola bilməz. İnsan nəinki kamilləşə, sevdiyi adamı da kamilləşdirə bilər. Digər tərəfdən Cavid iblisi tarix səhnəsinə gətirir. Bəli, iblis hər zaman sağdır, diridir, faciələr, fəlakətlər törətməklə yanımızdadır. Nə qədər biz kamilləşməmişiksə, iblis bizimlədir”.
Sona Vəliyeva baş məsləhətçisi olduğu “İblis” əsərinin aprelin 17-də İstanbul teatrında tamaşaya qoyulacağını bildirib: “Düşünürəm ki, Hüseyn Cavid dünya teatrlarında qoyduğu ideallarla təbliğ olunmalıdır. Qloballaşan dünyada mədəniyyətlər bir-birindən faydalanır və yeni töhfə verir. Xaos yaşandığı dövrdə bu baxımdan faydalanmaq və qalib çıxmağımız üçün gənclərimiz Cavidi oxumalı, nəinki türkdilli ölkələrdə, dünyada Cavidi tanıtmalıyıq. Arzulayırıq ki, Avropa universitetlərində belə konfranslar keçirilsin. Cavid qalibdir, qoy onu yetişdirən xalq da həmişə qalib olsun”.