25 Aprel 2019 09:09
5 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şoumen, Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin bir neçə il öncə Azərbaycana səfərinə dair yayılan görüntülər izləyicilər tərəfindən maraqla qarşılandı. Həmyerlilərimiz, xüsusilə yumor ustaları arasında Zelenski ilə münasibətləri olan, onunla sıx təmas quranlar da var.

Teleqraf.com şoumen Zelenskinin layihə rəhbəri olduğu “Liqa Smexa” yarışmasında onunla yaxından tanış olmaq imkanı qazanan, bir neçə mərhələni keçərək qala konsertində çıxış imkanı əldə edən “Yağ kimi” komandasının üzvləri ilə söhbətləşib.

Komandanın kapitanı Cavid Şahbazbəyov və bədii rəhbəri Səməndər Rzayev Zelenskinin Azərbaycan tamaşaçısına bəlli olmayan tərəfləri və bu yarışmadakı uğurları barədə danışıb.

Müsahibəni təqdim edirik:

- Ukraynanın prezidenti seçilən şoumen Vladimir Zelenskinin rəhbərlik etdiyi “Liqa Smexa” yarışmasında iştirak edirsiz. Söhbətimizə bu yarışla başlayaq. Necə oldu bu yarışa qatıldınız, hansı mərhələləri keçdiniz?

Səməndər Rzayev: Azərbaycan “Liqa Smexa” yarışmasında ilk dəfə təmsil olunur. Ukraynada bu yarış 5 ildir keçirilir. Beşinci yubiley mövsümünə biz də qoşulmaq qərarına gəldik. Düşündük ki, niyə Azərbaycan komandası bu yarışda olmasın? “Yağ kimi” komandasının üzvləri illərdir bir yerdəyik, dostuq.

Cavid Şahbazbəyov: Komandamız dostluq üzərində qurulub. Müxtəlif yumoristik yarışlarda iştirak edirik. Çünki bu, bizim həyat tərzimiz, professional hobbimizdir. Bu beynəlxalq yarışmada iştirak etmək üçün Ukraynanın Odessa şəhərinə yollandıq. Festivalda Təxminən 250 komanda iştirak edirdi. Əslində bizim elə böyük məqsədimiz yox idi. Sadəcə mərhələ-mərhələ adlayırdıq. İkinci tura 58 komanda daxil oldu. Qala konsertinə isə 23 komanda keçdi. Sonda 14 komanda mövsümə vəsiqə qazandı. Ukraynanın ən reytinqli kanalı olan “1+1” telekanalında yayımlanan yarışda iştirak etmək hüququ əldə etdik, Azərbaycan tarixində ilk komanda olduq.

Səməndər Rzayev: Bundan qabaq Gürcüstan da orada çıxış etmişdi, amma ilk mövsümdən bu cür qalibiyyət heç kimdə alınmamışdı. Qafqazdan yarışa qatılan kimi mövsümə düşən ilk komandayıq.

- Final yarışları nə zaman olacaq?

Cavid Şahbazbəyov: Hazırda yarış davam edir, oyunlarımız var, prezident seçkiləri ilə əlaqədar maya təxirə salınıb. Bundan başqa İsraildə də çıxış edəcəyik. Orada da “Liqa Smexa” var. Biz Azərbaycanda da bu yarışın keçirilməsi hüququnu əldə etmişik. Gənclərimiz bu formatda çıxış edə biləcək.

- “Liqa Smexa”nın Şən və Hazırcavablar Klubunun (KVN) yüksək liqasından fərqi nədədir?

Səməndər Rzayev: Burada hər bir formatda çıxış mümkündür. KVN-də çıxış etmək üçün maksimum 10 nəfər də tapmalısan. Amma “Liqa Smexa”da buna ehtiyac yoxdur. Sən tək özünə güvənirsənsə, “stənd ap” da edə bilərsən. İki, yaxud üç nəfərlə də çıxış etmək olar. Burada hansısa çərçivə yoxdur. Əsas odur ki, çıxışın gülməli olsun, hər bir zarafat qəbul edilir.

- “Azərbaycan Liqa Smexa” yarışmasının formatı da eynilə Ukraynadakı kimi olacaq?

Cavid Şahbazbəyov: Bəli, tam olaraq Ukrayna formatında keçiriləcək. Özünə güvənən hər bir gənc iştirak edə bilər. Sadəcə olaraq, oyunun müəyyən qanunları var və ona əməl etmək lazımdır. Yəni xüsusi formatda çıxış hazırlanır, xronometrajı var, ulduz məşqçilər olur. Bizim komandanın ulduz məşqçisi Ukraynanın pop divası Olya Polikovadır. Azərbaycanda da eynilə ulduz məşqçilər olacaq. Onlar ilk festivalda öz komandalarını seçəcəklər. Ondan sonra mövsümdə oynayarkən həmin komanda ilə səhnədə çıxış edəcəklər. Bu, yarışmanın qanunudur.

Səməndər Rzayev: Məsələn, KVN-də jüri ancaq bal qaldırır. Amma “Liqa Smexa”da münsiflər heyətində təmsil olunan ulduz komandanı seçdisə, gələn oyunda komanda ilə çıxış edir.

- Azərbaycandakı yarışmada ulduz münsiflər kimlər olacaq? Jüri əsasən, müğənnilərdən ibarətdir?

Cavid Şahbazbəyov: Hələlik bu barədə informasiya yaymaq istəməzdik. Mayın əvvəli adlar açıqlanacaq. Münsiflər heyətində təkcə müğənnilər deyil, yumora bələd, yaradıcı baxımdan rəy verən insanlar təmsil olunacaq.

- Bu yarışda bir ölkədən bir neçə komanda iştirak edə bilər, elə deyilmi?

Səməndər Rzayev: Bizim təcrübəmiz olduğuna görə ilk dəfədən baş aça bildik, bilirdik, nə etmək, oraya necə getmək lazımdır. Kənardan baxsaq, dəqiqliklə bilirəm ki, Azərbaycandakı uşaqlar yarışda nə edəcəklərini bilməyəcəklər. Deyirlər, mən edə biləcəm, amma gedəndə görəcəklər ab-hava tamam başqadır. Orada bizdəki kimi deyil. Burada redaktor deyir, bunu yığışdır, acığa çıxıb səhnədə onu göstərirlər. Orada elə şey yoxdur, sən elə şey etsən, sənin komandanı kənarlaşdırırlar. Orada müzakirələr aparırdıq, deyirdik, biz yaşlaşıb gedəndən sonra istəyirik gənclər gəlsin, bizə məsləhət gördülər ki, Azərbaycanda liqa yaradıb yetişdirib yol açın. “Azərbaycan Liqa Smexa”da qalib gələnləri Ukraynaya aparıb oradakı müəlliflərlə tanış edəcəyik. “Planet Parni iz Baku”nu nəzərə almasaq, şoular hamısı oğurlanmış, oradan-buradan götürülmə şeylərdir, filmlərdəki səhnələrin 90 faizi Hollivud, türk filmlərindəki təkrarlanan zarafatlardır. Bizim məqsədimiz odur ki, gənclərimiz yaza bilsinlər. Soruşursunuz ki, bir ölkədən bir neçə komanda yığılıb gedə bilərmi? Bəli, razıyam, yığılıb getsinlər, amma bizi orada biabır etmələrini istəmirəm. Biz özümüz də onlardan öyrənirik. Məsləhətləşirik ki, istəyirik belə zarafat göstərək, deyirlər yox, bu, KVN-də idi, burada belə şey göstərmək olmaz, bu, maraqsızdır. Biz bunu Azərbaycanda gənclərə başa salanda bizdən küsürlər, elə bilirlər onların pisliyini istəyirik. Ona görə də burada hazırlaşıb daha güclü getmək lazımdır. Redaktorlarla dialoqda səhv etdinsə, onlar artıq ikinci dəfə ciddi danışmırlar. Sən məsləhətə qulaq asırsansa, səninlə işləməyə davam edirlər, amma öz bildiyini edirsənsə, dərhal səninlə sağollaşırlar. Ona görə də istəyən olsa, bu liqada oynamalıdır. Nəticədə onlar görəcək ki, komanda oynaya bilir, camaat zalda gülür, ondan sonra öz meydanlarında oynatmaq istəyəcəklər.

- Liqa Azərbaycan auditoriyası üçün maraqlı olacaq?

Səməndər Rzayev: Hazırda 10 komanda müraciət edib. Aralarında “stənd ap” danışan, tələbə, məktəblilər, yığmalar var. Müxtəlif peşə sahibləri var.

Cavid Şahbazbəyov: Yumoristik kollektivlərin formalaşması üçün hazırlıq mərhələsi olmalıdır. Biz çox təcrübə yığıb püxtələşmişik. Komandalar Ukraynada çıxış etmək üçün gərək yerli istehsalatı keçsinlər. Azərbaycan tamaşaçısı bu liqanı bəlkə də çoxdandır gözləyir. Çünki tamaşaçı bəsit verilişlərdən, seriallardan yorulub və xarici verilişlərə baxmağa məcbur qalıb. Bunu aradan qaldırmaq üçün yerli televiziyalar üçün kadr hazırlanmalıdır. Vaxtilə “Bakılı oğlanlar”a baxıb məzasi mənada desək, o formatı öz əyninə geyinən gənclər yarışmaya qatılmaq istəyirdi. O yarışmalarda tək yumorist yox, kimisi montajçı, kimisi aktyor, aparıcı, prodüser olurdu.

- Məsələn, Murad Dadaşov özü şoumen, aparıcıdır, hazırda şirkətə rəhbətlik edir.

Cavid Şahbazbəyov: Bəli, “Bakılı Oğlanlar” komandasının bədii rəhbəri Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri oldu. Bu, kadrların hazırlanması üçün arena olmalıdır. Orada insanlar öz mənfəətini güdmürlər, onlar Azərbaycan gənclərinin yaradıcı inkişafı üçün çalışırlar. Bizim ölkəmizdə bunun üçün hər bir şərait var. Kimsə gəlib misal üçün beynəlxalq yarışlarda təcrübəsi olan Səməndərdən məsləhət alır, xronometrajın necə tərtib olduğunu öyrənir, sonra hazır kadr kimi ayrı-ayrı ölkələrdəki yarışlarda tam rahat çıxış edir. Doğma zalda çıxış etmək asandır, amma qərib ölkədə səhnəyə çıxmaq çətindir.

Səməndər Rzayev: Çıxışımızdan sonra heyətimizdə ən güclü aktyorlardan biri deyirdi ki, həyəcandan ölürdüm. Soruşurdum ki, niyə? Deyir, çıxdım, başqa insanlar oturub. Burada öyrəşirsən, sənin konsertlərinə eyni adamlar gedir. Yumora eyni kütlə gəlir axı.

Cavid Şahbazbəyov: Yeri gəlmişkən, bizim ilk konsertimizin biletinin qiyməti simvolik olaraq 1 manat olacaq.

- Bəs Ukraynadakı kimi hansısa telekanalda yayımlanacaq?

Cavid Şahbazbəyov: Bəli, yayımlanacaq. Sadəcə olaraq Ukrayna formatında çəkilişi üçün hər hansı vəd verə bilmirik. Dəqiq deyə bilmirik ki, Azərbaycanın televiziya işçiləri oradakı kimi çəkə biləcəklərmi?

Səməndər Rzayev: Onların əsas istəyi odur ki, format gəlirsə, eyni keyfiyyət olmalıdır. Eyni olmayanda deyirlər, hələlik etməyək, təcrübə qazandıraq, öyrənsinlər, sonradan efirə verək. Çünki bu liqa hər ölkədə eyni göstəricilərə malik olmalıdır. Çəkiliş olacaq, montaj prosesindən sonra yayımlanacaq.

Cavid Şahbazbəyov: Onu da qeyd edək ki, verilişdə xüsusi reklam zonası var, həmin otaqda biz də minnətdarlıq bildirmişdik. Vladimir Zelenski ilə söhbətdə sponsorları, dəstəkləyən şəxslərin adlarını çəkmək olur. Komandalar özünə dəstək də toplaya bilir. Biz bu dəstəyə qarışmırıq. Azərbaycan qanunvericiliyinə zidd olmayan adamların və şirkətlərin adını çəkə bilərik.

Səməndər Rzayev: İştirakçılar milyon da qazansa, deməyəcəyik, bizə də pay ver.

Biz özümüz sponsorun adını çəkdik, hətta Zelenski azərbaycanca təkrarladı. Tahir İmanov, Cabir İmanov, Bəhram Bağıradə, Ələkbər Əliyev çıxışımıza baxıb bəyənirlər, deyirlər, dayanmayın...

- “Liqa Smexa” layihəsinin rəhbəri hazırda Ukrayna prezidentidir, onunla bağlı təəssüratlarınız necədir? Siz\ dəstək olurdumu?

Səməndər Rzayev: Vladimir Zelenski çox maraqlı və pozitiv insandır. İndiyə kimi çox layihələrdə çıxış eləmişəm, layihə rəhbərləri ilə görmüşəm, kulisə gələndə özlərini necə apardıqlarını görmüşəm... Amma Ukraynadakı liqada olarkən, orabaşqa ölkədən gəldiyimizi hiss eləmədik. Rusiyanın özündə çox vaxt bizə qara millət kimi baxırdılar, amma Ukraynadakı yarışmada belə şey hiss etmədik. Kulisdə Ukrayna komandaları bizimlə çox mehriban idilər. Vladimir Zelenski kulisə gələndə nəinki bizimlə, ümumiyyətlə, bütün gənclərlə salamlaşıb görüşürdü, hamıya pozitiv enerji ötürürdü. İkinci turda da gəldi. Əslində ikinci turda gəlməməlidir, ona maraqlı olmamalıdır. Amma o, gəldi, 55 komandanın hamısına baxdı, ünsiyyətdə oldu. Bizə münasibəti çox yaxşı idi. Bizimlə görüşəndə soruşdu ki, Qəbələ necədir? 2017-ci ildə Qəbələdə olmuşdu. Dedik, yaxşıdır, Qəbələ sizi gözləyir. Yeməklərimizi çox yaxşı tanıyır, dedi qutab, dolma necədir?

Cavid Şahbazbəyov: Vladimir Zelenski çox motivasiyaedici qüvvə idi. Gördü ki, konsert günü çox həyəcanlıyıq, dedi ki, dostlar hər şey əla olacaq, sizdə hər şey yaxşıdır. Çox sadə, qonaqpərvər, işgüzar, işini bilən şəxs təəssüratı yaratdı. Öz ölkəsini sevən şəxs kimi yadımızda qalıb. Hətta konsertdə iştirak etməyən iştirakçılara belə vaxt ayırıb onları dinləməyə çalışırdı. O, həmin şəxslərə məhz seçici kimi yox, liqa iştirakçısı kimi yanaşdı və onların yaradıcı fikirləri ilə tanış oldu. “Liqa Smexa” Ukrayna üçün böyük platformadır. Çünki orada çıxış edib hətta qala konsertə keçə bilməyən şəxsə müəyyən layihələrdə iş verirlər.

- Prezident seçiləndən sonra yəqin aparıcı dəyişəcək?

Səməndər Rzayev: Aydın məsələdir ki, özü olmayacaq. Yəqin gənc yumoristlər arasında özü yetişdirdiyi kimsə aparıcı olacaq. Ukrayna kinosu, verilişləri, serialları yüksək səviyyədədir. Onların elədiyi səviyyədə heç ruslar edə bilmir. Filmlərdə rənglənmə, çəkiliş, ssenarilər, hər bir şey çox gözəldir.

Cavid Şahbazbəyov: Aleksand Maslyakovun çəkdiyi “Yüksək liqa KVN” verilişi ilə Zelenskinin “Liqa Smexa” çəkilişini müqayisə etsək, elə bil KVN-ni telefona çəkirlər, “Liqa Smexa” isə yüksək texnika ilə lenta alınır. Yaradıcı insanlardır, güclü yaradıcı komandaya malik şirkətdir və orada iştirakdan zövq aldıq. Səhnə arxasında Səməndərlə danışanda deyirdik ki, burada uduzmağın da başqa ləzzəti var, çünki böyük qələbə qazanmışıq ki, buradayıq. Bizim üçün yeni sərhədlər açıldı.

Səməndər Rzayev: Hər şeyə baxış tam başqa cürdür. Böyük təcrübədir. Başa düşürsən ki, bu vaxta qədər nə qədər səhvlər olub. Səni başa salan da səhv başa salıb, sadə yolları varmış. Səhnədə daim kontaktda olurduq, Maslyakovdakı vahimə burada yoxdur, o tumbanın arxasından baxır ey, bax, burada vahimə yoxdur, hər şey azaddır. Zelenski baxır, deyir, gülməli idi, afərin, yaxud deyirdi, filan yeri pis idi, öz üzərində işlə. Elə tərzdə deyir ki, o insandan küsmürsən, daha yaxşısını edirsən. Biz o vaxt Moskvada oynayanda bizi küsdürürdülər. Mental söhbət ilə münasibət göstərirdilər, deyirdilər zarafatını yığışdır, ona görə ki, başqa ölkədən gəlmisən, qara millətsən. Şəxsən mən KVN-də belə hallara rast gəlmişəm.

Cavid Şahbazbəyov: Ukraynadasa özümüzü Vətəndən kənar, başqa cəmiyyətdə hiss etmirdik, elə bilirdik, dostlarımızın arasındayıq. Mühit çox tolerantdır. Rahat gedib məşqini edirsən, çıxışına hazırlaşırsan. Komandalar yarışı birgə izləyirdi, deyib-gülürdük, heç kəs bir-birinə rəqib kimi baxmırdı.

- Zelinski 2017-ci ildə Qəbələyə gələndə onunla görüşməmişdiniz?

Cavid Şahbazbəyov: Xeyr.

- İlk dəfə liqada təmasınız oldu?

Səməndər Rzayev: Mən 2012-ci ildə Ukraynada oynayanda görmüşdüm, o zaman münsiflər heyətində əyləşmişdi. Amma sıx təmasımız “Liqa Smexa” çərçivəsində oldu.

- Prezidentliyə namizədliyini verəndən sonra səhnədə onunla bağlı zarafatlar oldu?

Səməndər Rzayev: Hə, bizim komandamızın da zarafatı olmuşdu. Komandalara cavab verilir və ona uyğun sual ünvanlamalıyıq. Biz sual verdik ki, siz prezident seçilməsəniz, nə olacaq? Onun da cavabı bu idi ki, əsas isti olsun, içəridə “atapleniya” yansın.

- Mövzu məhdudiyyəti vardı?

Cavid Şahbazbəyov: Tam azad idik, mövzu məhdudiyyəti yox idi. Əgər gülməlidirsə, saxlayırlar.

Səməndər Rzayev: Hər oyunda bir mövzu olurdu. Məsələn, Hollivudun bir aktyoru ilə bağlı mövzu verilirdi, hamı çıxıb parodiyalar, zarafatlar edib çıxış qururdu. İlk dəfə festivala gedəndə mövzu azad olur. Ən gülməli zarafatları göstərib mövsümə düşməlisən. Sonrakı mərhələlərdə mövzular verilir, redaktorlar zarafatlara baxırlar və sonra çıxış edirik. Rus KVN-nində olan qadağalar burada yoxdur.

- Siyasi qadağa?

Cavid Şahbazbəyov: Yox, məişət mövzuları, məsələn, hansısa ulduzun alt paltarında səhnəyə çıxması “Liqa Smexa” üçün qadağan deyil. Amma gərək gülməli olsun.

- Rusiyada qadağandır?

Səməndər Rzayev: Rusiyada gərək 10 il oynayasan, sonra soruşsan, olarmı səhnəyə lüt qız çıxarım? O da deyəcək, hə, yaxşı sənə olar. Belə yazılmamamış qanunları var. Hansısa sözə Rusiyanın birinci kanalı məhdudiyyət qoyur, burada elə məhdudiyyət yoxdur. Mən Moskvada oynayanda dedilər Maslyakov səni istəmir, deyir sən Bəhramı, “Parni iz Baku”nu onun yadına salırsan, ona görə də səni gözünün qabağında istəmir. Çönüb uşağa demişdi ki, görürsünüz bu yaxşı oynayır, hər şeyi verirsiniz ona, belə də olmaz axı. Həmin oyundan sonra küsdüm və KVN-nin üstündən xətt çəkdim. Feysbukda da status yazdım, Bəhram Bağırzadə də dedi, fikir vermə. 1 il götür-qoy elədik, sonra dedik, gəlin, Ukraynada özümüzü sınayaq. Amma orada Vladimir Zelenski demədi ki, sən Bəhrama oxşayırsan, maraqsızsan, pis oynayırsan.

- Bəhram Bağırzadəni tanıyır?

Səməndər Rzayev: Əlbəttə. Pis çıxmasın, KVN-də Bəhram Bağırzadə onların ağsaqqalıdır. Bəhram müəllim çempion olanda onlar hamısı zalda əl çalırdı.

Cavid Şahbazbəyov: Bizim baş redaktor Bəhram Bağırzadə ilə eyni vaxtda oynayıblar, 20-ci əsrin çempionu olanda onlar uduzmuşdu.

- Sosial şəbəkələrdə müzakirələr gedirdi: Zelenski kimdir? Rafaeldir, Coşqundur, “Planet Parni iz Baku”nun aktyorlarıdır? Belə rəylər də vardı ki, bizim Anar Məmmədxanlımızdır...

Səməndər Rzayev: Format cəhətdən bəli, Anar Məmmədxanlıdır. Həm də Tahir İmanovla eyni gücə malikdir. Kiçik yaşımdan “Planet Parni iz Baku” ilə əlaqədəyəm. O vaxt Soçiyə yarışa gedəndə mənə pul çatmadı. Yolda Bəhram müəllim gördü, soruşdu nə oldu işiniz? Utana-utana dedim ki, pul çatmadı. Bir az keçdi zəng elədi ki, Tahir İmanovla ikimiz sənin xərclərini ödəyəcəyik. Mənim də 18 yaşım vardı, arzum idi ki, Soçi festivalına gedim. Getdim və orada yeni şeylər öyrəndim. Onlar həmişə mənə dəstək olub. Tahir İmanov gözəl idarəçidir, komandası var, Zelenski də eynilə. Bir şeyi də qeyd edim, Zelenski hüquqşünas ixtisası üzrə təhsil alıb. Əvvəl “stənd ap”. Bu insanın biliyi, qabiliyyəti var. Bizim yumoristlərimizin yarısının danışıq qabiliyyəti yoxdur, ağızlarına gələni danışırlar. Gedib kafelərdə, restoranlarda oturub klounluq edirlər. Bax, kloun onlardır. Şərhlərdə yazırlar ki, Zelenski kloundur. O, kloun deyil, səviyyəli insandır, uzun yol keçdi və məqsədinə çatdı.

Cavid Şahbazbəyov: Əslində klounluq yumorda ən yüksək janr sayılır. Ən çətini elə klounluqdur.

Səməndər Rzayev: Təkcə bizim ölkədə klounluğu söyüşə bərabər ediblər. Amma elə deyil axı. Ən azı kloun uşaqlarla işləyir. Bizdə kim uşaqlarla işləyə bilir, 10 dəqiqədən sonra bəlkə də basıb döyərlər. Rafaeli, Coşqunu, adları çəkilənlərdən kimi istəyirsiniz, uşaqlarla 15 dəqiqəlik oynamağa cəlb edək, oynaya biləcəklər? Vallah oynaya bilməyəcəklər.

Cavid Şahbazbəyov: Biz öz işimizlə məşğuluq və Azərbaycanı təmsil etməkdən qürur duyuruq. Çalışırıq, siyasəti səhnəyə qatmayaq. Bu, mədəni cərəyandır, orada düşmənlərimiz də iştirak etməyə cəhd göstərir. Azərbaycan dövlətinin siyasi kursunu daim müdafiə etməyə, bizə məxsus olan torpaqlarımızın, nemətlərimizin toxunulmazlığını qorumağa çalışırıq. Bu, Azərbaycan prezidentinin siyasi kursudur və gənclər olaraq ,bu kursa tabeyik. Qonşu dövlətin daxili işinə qarışa bilmərik, cənab prezident təbrik məktubu göndərdisə, deməli hər şey qaydasındadır. Yaradıcı insan kimi Zelenski çox güclü insandır, Azərbaycanda tək-tük insan o rejimdə işləyə bilər.

Səməndər Rzayev: Çox nəhəng layihədir, təsəvvür edin bir ağacdır, çoxlu budağı var, özü də barlı ağacdır.

- Bəs Siz onu təbrik etmisiniz?

Səməndər Rzayev: Mən öz səhifəmdə təbrikimi yazmışam. Birgə fotomuz var, onu paylaşdım.

Cavid Şahbazbəyov: Biz sevinirik ki, bizim iştirak etdiyimiz verilişin aparıcısı nailiyyət qazanıb. Zelenski prezident olmasaydı, onun başqa uğuru olsaydı, yenə də təbrik edəcəkdik. Yanaşmamız budur.

Səməndər Rzayev: Bəziləri var, Zelenski ilə fotomuzu görüb zəng edir ki, sənin “dvijeniyan” var da, orada obyekt aç, buradan mal vuraq. (gülür) Mən də deyirəm, ay kişi, nə danışırsan. Elə düşünürlər ki, mən artıq onların naziriyəm.

Cavid Şahbazbəyov: Biz yaradıcı insanlarıq, kimlərinsə vəzifəsindən istifadə etməkdən tamamilə uzağıq. Gələcəkdə siyasətlə məşğul olmaq fikrimiz belə yoxdur. 20 ildən sonra da görəcəksiniz ki, yaradıcılıqla məşğuluq.

Səməndər Rzayev: Vəzifədə olmaq kimi eqomuz yoxdur. Elə bu sahədə işləmək istəyirik.

Cavid Şahbazbəyov: Bizim komadamızda fikir ayrılığı yoxdur. Hər bir fikrə diqqətlə qulaq asırıq və sonda bir yerdə qərara gəlirik. Hazırda Azərbaycan liqasına hazırlaşırıq. Mayda Xarkovda oynayacağıq, iyunda bizim liqanının açılışı olacaq.

- Ssenariləri özünüz yazırsınız?

Səməndər Rzayev: Tək özümüz yox, bizə Rusiyada yaşayan vətənpərvər həmyerlimiz Cavid Qurbanov kömək edir. O, “Komedi klub” prodaşnkda işləyən yeganə azərbaycanlıdır. Bütün Rusiya, Xarlamov, Batrudinov, Martirosyan, hamısı Cavidin başına and içir, onunla ssenari yazmağı özlərinə fəxr bilirlər. “Camedi vumən”in ideyasını məhz o verib. Semyon Slepakovun bütün mahnılarını o yazıb, sonuncu klipində kənarda bəstəboy oğlan Caviddir. Bu insan Rusiyada ən bahalı müəlliflərdən sayılır. Biz ona müraciət edəndə bizdən pul almır. Deyir ki, mən Azərbaycan üçün həmişə pulsuz çalışacağam, nə dəstək lazımdır, verəcəyəm.

Cavid Şahbəzbəyov: Azərbaycan gənclərinə dəstək olan insandır. Elə adamlar var ki, pul da versə, onlara yazmır.

Səməndər Rzayev: Cavid Şahbazbəyovun özü tanınmış mahnıların müəllifidir. Əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyi “Mən azərbaycanlıyam”, “Eşqin ünvanı”, “Hədiyyə” və bir çox mahnıları o yazıb.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər