25 Aprel 2019 17:20
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəniyyətinin və onun ayrı-ayrı nümunələrinin beynəlxalq müstəvidə tanıdılması, ölkəmizin mədəni irs nümunələrinin təbliği, habelə müvafiq sahədə fəaliyyət göstərən təşkilatların, fərdi şəxslərin dəstəklənməsi Mədəniyyət Nazirliyinin daim diqqətində olmuşdur.

Teleqraf.com xəbər verir ki. "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı"na uyğun olaraq, mədəni irsimizin xarici ölkələrdə daha effektiv tanıdılması, mədəni sənayenin tərkib hissəsi olan məhsul və xidmətlərin ixrac potensialının araşdırılması və aidiyyəti tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas məqsədlərdəndir. Qeyd edilən fəaliyyət istiqamətinin təmin olunması, xalq dekorativ-tətbiqi və təsviri sənətinin inkişaf potensialından istifadə edilməsi, həmçinin mədəni irsimizin marketinqinin aparılması məqsədilə ölkəmiz İtaliyanın Florensiya şəhərində təşkil olunan 83-cü Beynəlxalq Əl İşləri Sərgisində iştirak edir.

Florensiya Beynəlxalq Əl İşləri Sərgisi 1931-ci ildən keçirilir və builki sərgi Leonardo da Vinçinin vəfatının 500-cü ilinə həsr edilib. Bu mötəbər tədbirdə 50-dən çox ölkə 600-dən artıq stendlə təmsil olunur.

Sərgidə Azərbaycanı Mədəniyyət Nazirliyinin əməkdaşları – Xalq yaradıcılığı və mədəni marşrutların inkişaf şöbəsinin müdiri Günel Aslanova, həmin şöbənin aparıcı məsləhətçiləri Elgün Əliyev və Eldəniz Ağayev və xalq dekorativ-tətbiqi və təsviri sənət ustaları təmsil edirlər.

Qeyd edək ki, "Azərbaycan mədəniyyətlərin kəsişməsində" adlandırılan milli stendimiz sərgi ziyarətçilərinin xüsusi diqqətini cəlb edir. Azərbaycanda olmaq istəklərini ifadə edən yerli sakinlərə və şəhərin əcnəbi qonaqlarına mədəniyyətimiz haqqında məlumat kitabçaları, xalq dekorativ-tətbiqi və təsviri sənətinini əks etdirən broşürlər təqdim edilir, bundan əlavə, ölkəmizin mədəniyyəti, milli mətbəxi, uyğun infrastrukturu, hər il keçirilən beynəlxalq tədbirlər barədə məlumatlar verilir.

Tədbir iştirakçıları Azərbaycanı sürətlə inkişaf edən, mədəniyyəti möhtəşəm, insanları mehriban olan ölkə kimi tanıdıqlarını bildirirlər.

Sərgi 2 may tarixinədək davam edəcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər