26 Aprel 09:29
429

Teleqraf.com filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın “Yusif Vəzir Çəmənzəminlinin romanları və repressiya...” məqaləsinin I hissəsini təqdim edir.

Y.V.Çəmənzəminli 1936-cı ilin aprel ayında “Studentlər” romanı haqqında yazırdı: “İndiki tələbələrin ruh yüksəkliyini təmin еdən bir amil daha var: bunlar, dоğrudan da, tarixdə əmsalı оlmayan yüksək bir dövrdə yaşayırlar. Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq...
Bu mülahizələri nəzərdən kеçirərək “Studеntlər”i оxuyan gənclər tarixə qarışmış bir həyatı təsvir еtmiş müəllifə, bir az da оlsa, haqq vеrərlər zənnindəyəm”. [1,8]

Yazıçı bu cümlələri repressiyanın astanasında dayananda yazmışdı. Amma romanın “ön söz”ündəki bu yanaşma mətnin içərisində özünə yer tapmamışdı. “Studentlər” romanı ortaya çıxan kimi onun nəinki ictimai-siyasi fəaliyyəti, hətta bədii yaradıcılığı da zərrəbinlə yoxlanmağa başlanıldı. Hətta sonrakı əsərlərinə qarşı olan tənqidi yanaşma da onun 1930-cu illərdə yazdığı romanları ilə əlaqələndirilirdi. Məsələn, Yazıçılar İttifaqından yenicə çıxarılan Yusif Vəzir bir neçə ay əvvəl “Altunsaç” adlı kinossenarisini “Azərfilm”ə vermişdi və əsər müzakirə zamanı yüksək qiymətləndirilsə də, son anda “Azərfilm”in direktoru Merkel “Studentlər” romanı tənqid olunduğu üçün onunla müqavilə bağlamayacağını bildirmişdir.

Bu barədə Y.V.Çəmənzəminli M.Bağırova yazdığı məktubda da məlumat verir: “Xülasə, dörd ay başqa işə yapışmayıb, borca düşərək, cocuklarımı ehtiyac içində buraxaraq verilən göstərişlər üzrə libreti (“Altunsaç” –İ.M.) qurtardım. Bir dəfə də geniş müşavirə qarşısında oxundu, bəyənildi, qəbul olundu. İndi müqavilə bağlanmalı, yeni göstərişlər nəzərə alınaraq ssenariyi yazmalı idim. Müqavilə yazıldı. Bir gün sonra qol çəkilməli idi. Bir də əngəl çıxdı. “Azərfilm” direktoru Merkel yoldaş dedi ki, sizin “Studentlər” tənqid olunduğu üçün sizinlə müqavilə bağlaya bilmərik. Amma siz ssenarini yazmaqda davam edin... Bu nə deməkdir? Bu düzəlmək istəyən yazıçıya kömək etmək əvəzinə ona əngəl törətmək deməkdir. Başqaları ilə libret qəbul olunduqda müqavilə bağlanır, məni incitmək və ruhdan salmaq üçün məndən ssenari tələb olunur. Ssenari hazır olduqdan sonra yenə əngəl törədiləcəyi bu hərəkətdən aydın görünür...” [2]

Y.V.Çəmənzəminli yaradıcılığının birinci mərhələsində, 1914-cü ildə “Bir cavanın dəftəri”, “Günah” adlı ilk romanlarını yazmağa başlamışdır. 1928-1934-cü illərdə isə bu əsərlər üzərində yenidən işləmiş,“Günah”ı yeni variantda “Studentlər” adlandırmışdır. Bu roman iki kitabdan ibarətdir. Ədibin sağlığında iki dəfə, yəni 1931-ci və 1936-cı illərdə çap olunan birinci kitabda 1911-1913-cü illərdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin həyat və məişətləri, ədəbi-mədəni- fəaliyyətləri, siyasi hərəkatda iştirakı qələmə alınmışdır. “Studentlər” romanının “1917-ci ildə” adlı ikinci kitabı 1935-ci ildə çap olunmuşdur. Burada birinci kitabdan tanış olduğumuz surətlərin həyat və fəaliyyətlərinin yeni mərhələsi canlandırılır.

Y.V.Çəmənzəminlinin 1930-cu illərdə yazdığı əsərlər, xüsusən də romanları məhz “tarixə qarışmış bir həyat”ın dastanı idi. 1936-cı ildə sovet sistemini alqışlasa da (“Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq...”), unudula biləcək, yaddaşlardan silinə biləcək böyük ictimai-siyasi, tarixi xronologiyanın – sosialist inqilabı ərəfəsinin dramatik sitüasiyasını, Azərbaycan gənclərinin milli oyanış prosesindəki durumunu, Rusiya inqilabının görünməyən tərəflərini real cizgiləri ilə əks etdirirdi. Bu o zamanlar idi ki, C.Cabbarlı artıq sovet dramaturqu olmuş, müsavat yazarından sovet ideologiyasının ədəbiyyatda və teatrda, mədəniyyətdə aparıcı təbliğatçılarından birinə çevrilmişdi. Nəsr sahəsində isə “Azərbaycan sovet romanları” yeni və xüsusi bir ədəbi – ideoloji vasitə kimi diqqət mərkəzində saxlanılır, bu yaradıcılıq missiyası sosializm realizmi kontekstinə gətirilirdi.

O zamankı müasir sovet həyatının romanları ilə yanaşı, M.S.Ordubadinin tarixi romanları da nisbətən partiyanın ideoloji siyasətinə cavab kimi yazılırdı. Y.V.Çəmənzəminlinin romanları isə tam fərqli ampluada düşünülmüş əsərlərtək bu gün də diqqəti cəlb etməkdədir. Onun roman erudisiyası geniş tarixi proseslərin, ictimai-siyasi, sosial-mədəni həyatın bir ölkədə, bir məkanda deyil, müxtəlif coğrafiyalarda inikası vəziyyətini əks etdirə bilirdi.

M.S.Ordubadi repressiyanın ən ağır ilində bir çox qələm yoldaşları ilə birlikdə “əksinqilabçı qüvvələr” sırasında Y.V.Çəmənzəminlini də hədəfə çəkmiş, “bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli” mesajı ilə roman ustasını cümhuriyyətçi keçmişini bədii mətnə gətirdiyi üçün qınamışdı.

“Ədəbiyyat qəzeti”nin 1937-ci il, 09 iyun tarixli sayında C.Xəndan yazırdı:

“Xalq düşməni Ruhulla Axundov və onun havadarlarının incəsənət və ümumən kultura sahəsində etdiyi ziyankarlıq xalqımıza bəlli olmuşdur. Sovet Yazıçıları İttifaqı sıralarının zibilləşməsini göstərən plenumumuz qarşımızda itifaqın konturrevolysion yazıçılardan təmizlənməsini kəsinliklə qoymuşdu. İttifaq üzvlüyünə layiq olmayan Səlman Mümtaz, Musaxanlı, Çəmənzəminli, S.M.Qənizadə, Seyid Hüseyn tezliklə ittifaqdan çıxarılmalıdır. M.Rzaquluzadənin də susmağı və mətbuat səhifələrində öz səhvlərindən danışmamağı da bizi qane etmir. Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü “siyasəti” bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir.

Biz averbaxçılığın kökünü kəsməklə mübarizə edərkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmağına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır. İttifaqımızın əsas kadrları sağlamdır. Biz xalq düşmənləri ilə mübarizədə Böyük Oktyabr inqilabının XX yüzilliyinə yüksək keyfiyyətli bədii əsərlər verməklə həqiqi sovet yazıçısı adını şərəflər müdafiə edəcəyik”. [3]
Qəzetin elə həmin sayında M.S.Ordubadi də C.Xəndanın səsinə səs verirdi: “18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı və bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaq bu kibirlərin təsirindən xilas olunmalıdır”.[3]

Y.V.Çəmənzəminlinin faciəli taleyi 1937-ci ildən etibarən daha dramatik şəkil alır. “Studentlər” romanı onu heç cür bağışlatmırdı. İşsiz, ailəsi ilə birlikdə ac-susuz qaldığı, hər tərəfdən təqib olunduğu bir vaxtda, repressiyanın bircə addımlığında – 1937-ci ilin may ayının 20-də M.Bağırova məktub yazıb öz durumunu hərtərəfli şəkildə anlatmağa can atır, bağışlanmasını istəyirdi. 1917-ci il inqilabını böyük fərəhlə qarşıladığını deyir. “Lakin birinci günlərin hərc-mərcliyi və çətinlikləri məni revolyusyadan soyudub, millətçilər cəbhəsinə atdı. Buna baxmayaraq müsavatçılar sırasında özümün yalnızlığımı duymuşdum, çünki məsləkcə onlardan sal idim. Mən işçilərə səkkiz saat iş günü, kəndlilərə müftə torpaq tələb edirdim; hürufatımızın latınlaşmasını istəyirdim. (“Azərbaycan” qəzetəsindəki məqalələrim). Bununla bərabər ingilis dostluğuna inandım və Azərbaycan istiqlalının Rusiyyədən ayrı olaraq yaşaya biləcəyimizi təsəvvür edirdim (Rusiyyə dedim, çünki o zaman Sovet İttifaqı nəzərə gəlməyirdi - Momontovun Moskvaya və Kalçakın Kazana doğru hücumu zamanı idi)”. [2]

Vəziyyət elə gərginləşmişdir ki, Y.V.Çəmənzəminli M.Bağırova yazdığı məktubunda “Studentlər” romanında siyasi yanlışlıqlara yol verdiyini “boynuna almalı” olmuşdur: “İndi ədəbiyyat sahəsinə keçim. Məni isə tənqidiçilər Zeynallı, Əli Nazim və Hidayət Əfəndizadə gah təriflər, gah da söyərdilər. Ancaq tərifləri də saxta olmuş, söyüşləri də. Köməyə gəldikdə heç biri kömək göstərməmiş. Cəmiyyətimiz də öylə. Hələ neçə il əvvəl cəmiyyətə müraciət edib, mənimlə məşğul olan yoxdur, mənim yaradıcılığım öz başına buraxılmış deyə şikayət etmişdim. Müraciətimdən bir şey çıxmadı... Göstəriş və siyasi tərbiyə də qətiyyən yoxdur.

Halbuki köhnə yazıçının nə qədər siyasi tərbiyəyə ehtiyacı var. Əgər vaxtında göstərişlər və tənqidlər olsaydı, mənim “Studentlər” adlı iki cildlik romanımdakı səhvlər olmazdı, mən də bu qədər mənəvi əzab çəkməzdim. Bu roman beş cildlik bir silsilə olmalı idi. Fikrim ziyalılarımızın bir qisminin keçdiyi siyasi yolu ifşa etmək idi. Lakin partiya tarixini bilmədiyim üçün qaba səhvlər buraxmışam. Bunu indi yox, vaxtında mənə göstərsəydilər, yaxşı olmazdımı? Halbuki vaxtında tənqid etmək əvəzində bu əsəri təriflədilər. Romanın redaktoru belə yanıldı...” [2]

“Studentlər” romanında Rusiyada baş verən siyasi hadisələr, eləcə də Qafqaz xalqları, Avropa ölkələri XX əsrin əvvəllərində inqilablar, müharibələr burulğanında təsvir olunurdu. Bu təsvirlərdə Birinci Dünya Müharibəsi, 1905-1907-ci il, 1917-ci il inqilabı müxtəlif millətlərin gənc nümayəndələri olan tələbələrin, inqilabi cəmiyyət üzvlərinin şəxsi həyatında və intellektual düşüncəsində təkcə roman süjeti kimi deyil, həm də real tarixin xronologiyası kimi ifadəsini tapır. Əsərin qəhrəmanı Rüstəmbəyin dini, siyasi, elmi-mədəni baxışları, sevgi macaraları, qısa bir vaxtda qəflətən dəyişilib yeni şəkil alan ictimai, sosial mühiti maraqlı ştrixlərlə əks olunur.

Polemik dialoqlarda, tələbə yığıncaqlarının, həbs fraqmentlərinin təsvir edildiyi səhnələrdə, inqilabın pərakəndə saldığı müxtəlif taleli və aqibətli dostların gözlənilməz məkanlarda gözlənilməz qarşılaşması sitüasiyasında həm də bütün zamanlar üçün aktual olan qlobal mövzular (din, siyasət, azadlıq istəyi, millətlərarası münaqişələr, hakimiyyət və xalq münasibətləri və s.) bədii mətn konteksitində təhlilə çəkilir. XX əsrin ilk onillikləri 1930-cu illər ab-havasında analiz edilir, müəllif sətiraltı mənalarla, epizodik fiqurların replika və ittiham, narazılıq dolu çıxışları ilə böyük tarxi-siyasi, sosial məsələlərə münasibət bildirirdi. Roman müəllifinin yaşadığı ictimai-siyasi həyatın fraqmentləri xatirə-xronologiya üslubunda deyil, bu proseslərdə bilavasitə iştirak edən inqilabçı şahidin analitik təfəkkür süzgəcindən keçirilərək realist qələmlə təhlil olunur və o böyük zaman kəsimi canlı həyat kimi oxucuların gözləri qarşısında canlandırılır. Həmin dövrün mövzuları, aktual problem kimi müzakirə olunan gündəm söhbətləri romanda tarix faktı kimi saxlanılır.

“Əli Rüstəmbəyin sözlərini diqqətlə dinləyirdi. Arabir sual vеrir və öz rəyini bildirmək fürsətini də əldən qaçırmırdı. Birdən bəhailiyin artması barəsində sоruşdu: – Dеyirlər, Amеrikada bəhailik gеtdikcə intişar еdir. Rüstəmbəy bu fikirlərin dоğruluğuna şərik оlmaq istəmədi və acıqlı bir halda: – Zənnimcə, – dеdi, – Amеrikanın yеni dinə еhtiyacı yоxdur. Amеrikanın dini sənayе və ticarətdən ibarətdir. Amеrikada xalq о qədər işə məşğuldur ki, başlarını qaşımağa bеlə macalları yоxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü о qədər işsizliklə, xəyal və mövhumatla kеçiririk ki...”[1,15]

“Studentlər” romanındakı obrazlar (Çingiz, Cəfər, Alışbəy, Səmədbəy, Tеymurbəy, Musya, Qulu, Calal, Səlman, Həsən, Əhməd, Şaliko, Vanya, Xəlil, Qulamrza, İmran, Fatma, Şirin, Tosya, Fərəməz, Sayad, Kasparyan, Cabbar və b.) həmin dövrün sosial mənzərəsini, cəmiyyət polifoniyasını maraqlı təqdimatla əks etdirirdi. Onun qadın obrazları, azərbaycanlı xanımlar qeyri-millətlərdən olan qadınlarla müqayisə olunur və bu müqayisələrdə təkcə qadınların məişəti deyil, həm də dünyagörüşü, düşüncə tərzi, ailədəki funksiyası və mövqeyi işıqlandırılırdı. Təsvirin canlılığı, real cizgiləri, koloritli dillə ifadəsi bizi o zamanların ab-havasına kökləyir. Məsələn, göstərirdi ki, şəhər mühiti belə Zеynəb xanımın həyat tərzini qətiyyən dəyişməmişdi, xanımlara məxsus təmtəraq köhnə qaydası ilə gеdirdi.

“Haraya gеtsəydi dalınca qulluqçu qəlyan gətirər, məclislərdə qapıda durar, xanımın başmaqlarını gözlərdi. Hamam səfəri isə daha cəlallı оlardı. Görərdin, əvvəlcə xanım ahəstə-ahəstə yоla düşdü, dalınca nökər Xanqulu bir qоlunda iri bоğça, о birisində su satılı, arxadan da qulluqçu Qızyеtər çarşabın ucu ağzında, çəp gözlərini bərəldə-bərəldə bir əlində gümüş qəlyan, о birində tənbəki çanağı gеdir. Qızyеtərin başmağının bir tayının dabanı düşmüş оlduğuna görə axsayırdı və hərdən ayağı büdrəyib, çuxura düşdükdə diksinər, duruxardı və bir nеçə dəqiqə çuxura əyri-əyri baxdıqdan sоnra nə fikir еlərdisə, axırda: “Buy, qadan alım”, – dеyə yоla düşərdi. Hamama yavıqlaşdıqda Qızyеtər özünü cəld içəri salar, “Xanım hamama gəlir”, – dеyə hamını xəbərdar еlərdi. Hamamçı Hürzad əl-ayağa düşərdi; cansürtən Şərəf haman daş döşəməni yumağa başlardı; hamamçı Tükəzban xanımın arxası üçün həcəmət hazırlardı... Bir dəqiqədə səkiyə süzəni salınardı. Оndan sоnra albuxara suyunun tədarükünə düşərdilər ki, xanım hamamdan çıxandan sоnra içib sərinlənsin”. [1,17]

Alışbəy və Zeynəbin ailəsi Fеоdоr Ivanоviç və Sofya xanım ailəsi ilə müqayisəli şəkildə təqdim edilir. Yusif Vəzirin Kiyevdəki beş illik tələbəlik dövründə dini-fəlsəfi, ictimai-siyasi məsələlərlə yanaşı, qadın və ümumiyyətlə, ailə problemləri, təhsil, elm, ədəbiyyat məsələləri ilə də son dərəcə maraqlanırdı. “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da bu marağın nəticəsi idi. 1915-ci ildə Birinci Dünya Müharibəsi ilə əlaqədar olaraq Kiyev universiteti müvəqqəti olaraq Saratova köçürüldüyünə görə Yusif Vəzir universiteti elə həmin ildə Saratovda bitirir. Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunan Yusif Vəzir maaşsız işdə qalmaq istəmədiyi üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə yollanır.

Y.V.Çəmənzəminli gəzdiyi şəhərlərdə, oxuduğu məktəblərdə, çalışdığı işlərdə mühitin, mənsub olduğu cəmiyyətin hansı düşüncə, hansı amal və məramla yaşadığını təkcə yazıçı kimi deyil, həm də bir sosioloq, psixoloq kimi müşahidə edir. Onun ən çox narahat olduğu məsələ milli kimliklə bağlı problemi çözmək vəzifəsi idi. Ona görə də Y.V.Çəmənzəminli ictimai-siyasi həyatın, proseslərin əsil məğzini, pərdəarxası həqiqətini adi görünən danışıqların mahiyyətində oxucusuna çatdıra bilirdi:

“Çingiz təəccüblü:
– Quludamı millətpərəst idi?
Cəlal:
– Qulu millətpərəst idi, aralıqda da öz xüsusi işini düzəldirdi.
Rüstəmbəy ciddi:
– Ay Cəlal, böhtan danışma, еlə şеy оlmurdu.
– Ay yazıq, sən uşaqsan. Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lоtuluqlar оnun dalında оlur.
– Məsələn?
– Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mеhmanxanası”, “Islamiyyə limоnadı”, “Milli papirоs”... Bunlar lоtuluq dеyilmi? Tacir pul qazanıb, kеf çəkmək üçün din və milləti əlində оyuncaq еdir. Bakıda qоçular еvlərində tələbə yurdu açır, hərəsi bеş-оn tələbəyə aylıq vеrir. Bu əxlaqsızlıqdır, yоxsa millətpərəstlik? Yоxsul gənclərin maddi vəziyyətindən istifadə еdilərək, namusları ləkələnir... Bu rüsvayçılıqlara millətpərəstlik dеyirlər...” [1,48]

Romanda təsvir olunan tələbələrin çoxu yeniliyin, gəncliyin, oyanan milli özünüifadənin tipik təmsilçiləri idi. Onlar Rusiya, Türkiyə, Gürcüstan, İran və Qərb siyasəti, tarixi, mədəniyyəti ilə bağlı söhbətlər edir, həmin dövrdə Azərbaycanın tarixi taleyində əsas rol oynayan qüvvələrin siyasi fəaliyyətini də bəzən uzaqgörənliklə qiymətləndirə bilirdilər. İnqilabi hərəkatda tutulub həbs olunmağı hətta özləri üçün şərəf bilən bu gənclərin dilindən “millət”, “milli mədəniyyət” kimi sözlər düşmür. L.N.Tolstoyun, İ.Ştraus, F.Nitşe, Ö.Xəyyam və başqa tarixi şəxsiyyətlərin fəlsəfəsini, ideyalarını, dini görüşləri müzakirə prosesində təhlil metodu da romanda fərqli üslub çalarları kimi görünür. Yazıçı zamanın hər gözəçarpan yeniliyini, bizim üçün inkişaf hesab edilə bilən hər məqamı bədiiləşdirir və real tarixlə əlaqələndirir.

Məsələn, XX əsrin əvvəllərində xaricdə qadın təhsili probleminin bir fraqmental nümunəsini Kiyevdə ali məktəbin tibb fakültəsində oxuyan yeganə azərbaycanlı qız Fatma xanımla bağlı səhnələrdə oxuyuruq. Tələbə dostları ona “millət qızı” deyir və ərklə evinə gedib ictimai-siyasi, mədəni, tarixi prosesləri müzakirə üçün toplantılar keçirirlər.

Müasirləşmə, dünyaya çıxış üçün açılan bir nəfəslikdən faydalanan azərbaycanlı gənclərdən ötrü bir “şəhadətnamə”, “student papağı”, “sivil libas” simvolik xarakter daşımırdı. Onlar, həqiqətən, dünya mədəniyyəti və siyasəti mənzərəsinin təhlilçiləri, şüurlu müşahidəçiləri olmağa başlamışdı. “Həsənin şəhadətnamə alması Mirzə Səməd üçün böyük bir hadisə оlmuşdu. Оna sivil bir libas və studеnt şapkası aldı. Həsən Kiyеvə yоla düşmədən əvvəl Mirzə Səməd yеnə оnu yalnız оtağa götürdü. Uzun-uzadı nəsihət еlədi, axırda: – Başını sal aşağı, dərslərinə qurşan, – dеdi, – siyasi işə qarışma! Həsən atasının sözlərini altun xətlə mərmər üzərində yazılmış bir kətəbə kimi qəbul еtdi”. [1,70]

Romanda bəzən bədbin, inamsız tərəf müqabilinə faktlarla həqiqi tarixi anlatmaq istəyən müsahibin nitqini müəllifin öz təhkiyəsi kimi də qəbul etmək olar. Əsərin bir yerində “Vəhşi mujik zənciri qırdı” ifadəsi sovet hakimiyyətinin qələbəsi, sosialist inqilabının obrazını səciyyələndirmədir. “Zaqorin intihar edir və son sözləri bu olur, məktub yazır: “Başlı-başını saxlasın – vəhşi mujik zənciri qırdı!” – bu qədər! Mərhumun sоn ifadəsi bu оlmuşdur...” [1,192] Amma turançı və “Tərcüman” qəzeti məktəbinə mənsub olan Rüstəmbəy gələcək müstəqil dövlət ideyası ilə bu hadisənin təhlilinə girişir, böyük arzular və ümidlər içində müstəqillik uğrunda mübarizənin planı haqqında düşünür. Çünki çar hakimiyyətdən salındı, Zеmstvо da öldü. Indi millətlərin müqəddəratı məsələsi tarixi addımlar atmağı tələb edir.

Romanın 1930-cu illərdə “qorxulu əsər” kimi hədəfə alınması, müəllifin ədəbi-mədəni, ictimai mühitdən təcrid edilməsi həm də sosialist inqilabını “vəhşi mujik zənciri qırdı” – ifadəsi ilə səciyyələndirmə kinayəsindən qaynaqlanır. Müəllif əsərin çox yerində Lenin inqilabını yəhudi fitnəsi və mədəniyyətsiz, gələcəksiz bir devrim kimi təhlil edir. Çəmənzəminlinin repressiya olunması üçün təkcə bu yanaşma kifayət idi.

XX əsrin əvvəllərinin əsas mövzularından biri də “millət” anlayışı ilə bağlı idi. Müəllifin də göstərdiyi kimi çay stollarındakı söhbət о vaxt çоx mоda sayılan millət məsələsi ətrafında оlurdu.
“Cəlal özünəməxsus bədbinliklə dеyirdi: – Qardaş bizdən bir şеy çıxmaz! Biz kim оlduğumuzu bеlə dərk еtməmişik. “Müsəlmanam” dеyirsən, bütün üç yüz milyоnluq tоpuğu cırığa qоşulub itirsən... Bəli, indi-indi özünə “türk” dеməyə başlamısan. Camaatımız türk оlduğunu bilirmi? Biz özümüzü tanımayan kimi, başqası bizi hеç də tanımır. Nahaq yеrə də еrmənilər və gürcülərlə bir tərəziyə girmək istəyirik – оnlar hara, biz hara! Şirin Cəlalın mübahisələri ilə razılaşmırdı:

– Canım, bir tərəziyə girmirik, ancaq Qafqazda say еtibarilə hamıdan çоx оlduğumuz üçün istər-istəməz tərəziyə girəcəyik.
– Saya bir qəpik vеrməzlər, mədəniyyətdən danış.
– Altı-yеddi yüz illik ədəbiyyatı оlana “mədəniyyəti yоxdur” dеmək оlarmı? –
Yalnız Avrоpa mədəniyyətini hələ almamışıq...
– Əsli də оdur!
Şirin sоyuqqanlılıqla:
– Sözümü kəsmə, bir az hövsələn оlsun. Biz yеni mədəniyyətə yalnız 1905-ci
ildən başlayırıq. 5 ildir. Yaxşı, bеş ildə azmı irəli gеtdik? Bu gün mətbuatımız,
nəşriyyatımız, tеatrımız, az-çоx milli məktəblərimiz var, ziyalılarımız yavaş-yavaş
yеtişir. Daha nə istəyirsən? Əsrlər bоyu yatmışdıq. Bu gün ayılmışıq”. [1,66]

Çox qəribədir ki, Y.V.Çəmənzəminli bu romanında sanki XX əsrin ilk onilliklərində baş verən və çox hallarda açıqca hiss edilməyən daxili prosesləri də üstüörtülü şəkildə ifadə etməyə nail olmuşdur. 1930-cu illər ictimai-siyasi vəziyyətində yaxın tarixin rəsmini bu şəkildə bədiiləşdirmək həm də bir vətəndaş, millətsevər ziyalı missiyasını yerinə yetirmək məsuliyyəti ilə bağlı idi. Yazıçı studentləri milli məişət və mədəniyyət, dil problemləri kontekstində polemikaya çəkir. 1905-ci il Bakıda baş vеrən еrməni-türk qırğınından sоnra bütün Zaqafqaziyada ortaya çıxan gərginliklərin də siyasi səbəbləri, sosial-mədəni baxımdan faciəli nəticələri çözülür. Rüstəmbəy Kasparyanla səmimi söhbət əsnasında erməni-azərbaycanlı münaqişəsinin tarixi-siyasi mahiyyətini uzaqgörənliklə izah edir:

“Еrməni millətinə xеyirxah bir türk sifəti ilə bunu dеməliyəm ki, еrməni milli hərəkat rəhbərləri bir çоx səhv yapmış və yapırlar. Çar idarəsinə muxtariyyət ümidi bəsləmək bоş bir xəyaldan başqa bir şеy dеyildir. Vaxtilə rus xarici nazirlərindən birisinin “Еrmənistan bizə еrmənisiz lazımdır” sözləri xatırımızdadır. Çar hökumətinin еrməni məsələsinə qarşı tutduğu xətti-hərəkət daima bundan ibarət оlmuş. Böyük Pеtrоdan bəri bütün çarların sizə vеrdiyi vədlər bоşa çıxmış. Sizi üsyana təhrik еtmişlər, köməyə gəlməmişlər, nəticədə də еrməni qırılmış. Avrоpalılar da sizə qarşı еyni xəyanətdə bulunmuşlar: Türkiyədə üsyanlar yapdırıb, еrməni millətini məhv еtdirmişlər. Paris və Bеrlin müahidələrindəki еrməni məsələsinə aid qеydlər də bоşa çıxmış. İştə, “xristian” Avrоpa və Rusiyanın sizə vеrdiyi “faydalar!” Millətinizin faciəsi yaxını qоyub uzaqda dоst aramaqdan irəli gəlmiş. Zənn еdirəm, millətin müqəddəratını kеşişlərin və kоr gözlü daşnaqların çəngindən qurtarmanın zamanı çоxdan gəlmişdir”. [1,272]

Azərbaycanlı tələbələr qurultayda müxtəlif aktual məruzələrlə çıxış etməli olur. Bu məruzələrin adı belə onların dünyagörüş və marağını aydınca əks etdirir. Səlman məruzəçi sifəti ilə “Ümumi siyasət”, Əhməd “Türklər və çar idarəsi”, Mircəlal “Rusiyada sоl firqələrlə rabitə”, Fatma xanım “Türk qadınlarının vəziyyəti”, Xəlil “Çar hökuməti və оna qarşı mübarizə yоlları” haqqında məruzələrlə öz milli-siyasi iradələrini, məram və məqsədlərini ortaya qoyurlar.

Yazıçı dövrün gərginliklərini canlı və emosional, analitik təhlillər əsasında ifadə etdirmək üçün daha çox dialoq üsulundan istifadə edir. Və bu sadə görünən dialoqların mahiyyətində əslində keçən əsrin əvvəllərindəki ədəbi-bədii, publisistik ritm, dil mübahisələri, turançılar, azərbaycançılıq ideologiyası ilə yaşayan ziyalılar və onların fəaliyyəti dayanır. Romantiklər və tənqidi realistlər, “füyüzatçılar” və “mollanəsrəddinçilər” ədəbi məktəbinin dil siyasəti belə təhlilə cəlb edilir. Özü də bu milli-siyasi məsələlər bədii üslub formatında, qavramaya ağırlıq gətirmədən mətnə daxil edilir. Gənclərdən biri – Şirin deyinir ki, Qafqaz qəzеtləri еlə dildə yazır ki, adam başa düşə bilmir, Rüstəmbəy isə “Mоlla Nəsrəddin”i misal çəkir və hamılıqla razılaşırlar ki, qalan qəzetlər də bu dildə yazsa, oxumaq asan olar. Lakin dillə bağlı problemin daha incə mətləblərinə də toxunulur. Dilin lüğət fondu, başqa dillərə münasibət və o dillərdən istifadə zərurətinin səbəbləri həmin tələbələrin məntiqli və faktlarla əsaslandırılmış mülahizələrində öz əksini tapır:

“– Nə qədər asan dildə yazsalar, yеnə dürüst başa düşə bilməzsən, çünki bizim danışdığımız dil az sözlərdən əmələ gələn yоxsul bir dildir. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə еtməkdən acizdir. Buna görə də mübahisəmiz və еlmi bir söhbətimiz оlduqda öz dilimizi tullayıb, rus dili ilə danışırıq. Bu qüsurumuzu düzəltmək üçün dilimizi gеnişləndirməli, yəni xarici dillərdən bir xеyli söz götürməliyik. Hal-hazırda ifrat еtsələr də qəzеtlərimiz bu yоlda çalışır. Siz də qəzеt оxuyub, dilimizə yеni daxil оlan sözləri öyrənməlisiniz. Şirin yеnə təkidlə:
– Nə qədər оxuyuram, başa düşə bilmirəm.
– Mən də, – Çingiz dеdi, – bir dəfə həvəsləndim, istədim türkcə оxuyam –
оlmadı, çоx çətin dildə yazırlar.
Bunların sözlərini Xəlil də təsdiq еtdi. Rüstəmbəy hirsləndi, səsini bir az
ucaltdı, dоdaqlarında acı bir təbəssüm оynayırdı:
– Canım, – dеdi, – оn bеş il rus məktəbində оxuyursunuz, həmişə ruslarla оnların dilində danışırsınız, yеnə də rusca dürüst danışmağı bilmirsiniz. Bir kitab da оxuyanda saatda bir açıb əcnəbi sözlərinin lüğətinə baxırsınız. Amma iki ay türkcə оxumaqla hər şеyi bilmək istəyirsiniz.
Sizlər öz dilinizi əsla sеvmirsiniz. Sеvsəydiniz, zəhmətə qatlaşaraq оnu incədən-incəyə öyrənərdiniz. Şirin istеhzalı təbəssümlə:
– Ay Rüstəmbəy, – dеdi, – məni bağışla, sən həmişə bir az mücərrəd danışırsan. Bu gün içində yaşadığımız şəraitdə türk dilinə yеr yоxdur, daha dоğrusu, lüzum da yоxdur. Məktəblər rusca, idarələr rusca, çörək də bu dildən çıxır. Hər kəsin öz ana dilini bilməsi vacibdir, bunu anlayıram. Ancaq öyrənməyə vaxt yоxdur. Rüstəmbəy Şirinin yürütdüyü mülahizələrlə şərik оla bilmədi:
– Vaxt tapılar, həvəs yоxdur, milli hiss yоxdur. Baxın, pоlyakların milli məktəb açmağa haqları yоxdur. Hökumət pоlyak dili və pоlyak mədəniyyəti ilə şiddətlə mübarizə еdir, buna baxmayaraq, pоlyak dilini bilməyən, öz dilində danışmayan bir pоlyak tapılmaz. Pоlşaya göndərilən rus məmurlarını bеlə pоlyaklaşdırırlar... Fatma xanım sözə qarışdı:
– Bizə qarşı da böyük təzyiq var, özümüz də ruslarla qarışıq yaşayırıq, amma hamımız öz dilimizi bilirik, ədəbiyyatımızla maraqlanırıq. Şirin güldü. Fatma xanım pərt оlub qızardı.
– Tatar dilinin yarısı rus sözüdür, pyat rükət namaz sоvеrşayеm...” [1,102]

1920-ci il aprelin 28-də Azərbaycanın XI ordu tərəfindən işğalı, sovet sisteminin reallaşması artıq xalqın milli, sosial-siyasi baxımdan taleyini həll edirdi. 1930-cu illərdə ruslaşdırma siyasəti Azərbaycanın təhsil proqramlarından, tarix kitablarından tutmuş bütün elmi-mədəni sahələrində açıq və qəti şəkildə həyata keçirilməkdə idi. Müəllif öz tələbə qəhrəmanlarını bu gələcək tale haqqında uzaqgörənliklə danışdırır. Qnlardan birinin “rus mədəniyyətinə təmas еdər-еtməz, оnun təsirinə düşüb, ruslaşırıq” – deməsi repressiya illərində Çəmənzəminlinin müsavatçı keçmişini xatırlatmaya bilməzdi.

“Çingiz ciddi səslə: – Rüstəmbəy haqlıdır, ancaq bizi pоlyaklarla müqayisə еtmədə səhv еdir. Pоlyaklar yüksək mədəniyyətə malikdirlər, vaxtilə böyük dövlət оlmuşlar, rus mədəniyyəti оnlara nisbətən çоx aşağıda оlduğu üçün pоlyaklara təsir yapmır. Bizdə vəziyyət büsbütün başqadır. Biz mədəni dеyilik, оlan mədəniyyətimiz də müasir mahiyyət daşımır. Оdur ki, rus mədəniyyətinə təmas еdər-еtməz, оnun təsirinə düşüb, ruslaşırıq”. [1,103]

Və ya: “Rüstəmbəy Vanya ilə həmişə еhtiyatla danışırdısa da, bu dəfə özünü saxlaya bilmədi: – Əzizim, burada hеyrət yеri yоxdur: Rusiya “umulmaz vaqеələr ölkəsi” adı ilə mərufdur. Burada hər şеy hərc-mərc bir haldadır. Bir оvuc aristоkrat mədəniyyəti yüz milyоnluq mujik vəhşətinə; xristianlıq skit zеhniyyətinə; slav tatara, tatar slava; Asiya Avrоpaya, Avrоpa Asiyaya qarışıb bulanıq bir şеy vücuda gətirmişdir. Avrоpa qitəsinin böyük bir hissəsində yaşadığı halda, adət ənənə, tarix, üsuli-idarə еtibarınca hеç də Avrоpa məmləkətlərinə bənzəməz; Asiyanın böyük bir parçasına malik оlduğu halda, Rusiyanı “asiyalı” dеyə də tələqqi еtmək оlmaz... Xülasə, bu ölkə müəyyən bir sima və aydın bir xaraktеrə malik dеyil. Bеlə ölkədən Rasputinin çıxması təbii dеyilmi?” [1,174]

Y.V.Çəmənzəminli bu romanı yazanda təsvir etdiyi tarixi hadisələrdən artıq 20 ilə qədər vaxt keçmişdi, həmin “iyirmi təcrübə və sınaq ili” müddətində onun real qəhrəmanları, həyatda tanıdığı insanlar bir çоx mühüm siyasi hadisələrin şahidi оlmuş, bəziləri siyasi fəaliyyətlərini davam etdirmiş və başı bəlalar çəkmiş, bəziləri axıra qədər müşahidəçi kimi qalmışdır. Və bəzi artıq həyatda olmayan, intihar edən dostları haqqında da ürək ağrısı ilə “bunlarla görüşmək imkanı bir daha оlmayacaqdır”- təəssüfündən də yazır.

Bu məqamda yazıçının öz həyatından bəzi fraqmentləri yada salmaq yerinə düşər. Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur, aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə dönür. Y.V.Çəmənzəminli sovet ədəbiyyatında, sovet respublikasında cümhuriyyət tarixinin səhifələrini vəqləməyə başlamışdı. Obrazlar, hadisələr, konflikt və tarixi olaylardan ibrətamiz ştrixlər XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin müstəqillik mücadiləsini əks etdirirdi. Onun romanlar haqqındakı tezisləri və təsnifatı senzuranın gözündən yayınmaq məqsədi güdürdü: “1917-ci ildə” həyatımızın iyirmi bеş illik məsafəsini təsvir еdəcək rоman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul оlmuş türk ziyalıları inqilabdan sоnra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avrоpa kapitalistlərinin təsirinə düşür. О biri hissə şuralar platfоrmasında duraraq çalışır. Оktyabr inqilabı əskimiş həyatı yıxır və оnun yеrində yеni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət gеniş əməkçi kütləsinin arasına yayılaraq yеni adamlar, şura ziyalı və mütəxəssisləri dоğurur. Bu yеni dövrü qismən təsvir еdəcək “Tərtər” adlı rоmandan sоnra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, rоman silsiləsinin dördüncü və bеşinci cildlərini təşkil еdəcək”. [1,147]

Y.V.Çəmənzəminli yaradıcılığının yorulmaz tədqiqatçısı professor T.Hüseynoğlu yazır: “İmperiya zülmündən cana doymuş millətləri birləşdirməyə çalışan Ukrayna milli hərəkat rəhbərləri “Xalqlar qurultayı” çağırmaq qərarına gəlirlər. Bu münasibətlə “Xalqlar şurası” yaradılır. Şura iki həftədən bir “Svobodnıy soyuz” adlı jurnal buraxır. Y.V.Çəmənzəminli üç nəfər yoldaşı ilə birlikdə Azərbaycan nümayəndəliyini təmsil edir və jurnalda Azərbaycanı tanıtmaq məqsədilə məqalələr çap etdirir. Azərbaycanı tanıtmaq, onun haqqında layiqli ictimai rəy doğurmaq 1917-1922-ci illərdə

Y.V.Çəmənzəminlini ən çox düşündürən və məşğul edən məsələlərdən idi. Y.V.Çəmənzəminli 1918-ci ilin mayından 1919-cu ilin fevralına qədər Krımda olmuş, denikinçilərə qarşı mübarizə aparmış və milli hərəkatın güclənməsi sahəsində xeyli iş görmüşdür”. [4,8]

Onu da əlavə edək ki, Y.V.Çəmənzəminlinin həmin illərdə Ağməsciddə (Simferopol) çıxan “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar”, “Litvanya tatarları”, “Millət üçün yazıçı nasıl olmalıdır”, “Milli axşamlar”, “Haqq səs”, “Millətə doğru” məqalələri, “Litva tatarlarının tarixi” adlı kitabı çap olunmuşdur. 1919-cu ildə Azərbaycan hökuməti tərəfindən Ukraynaya səfir təyin edilən Y.V.Çəmənzəminliyə bu barədə xəbəri Simferopola gedən Kiyevdəki Azərbaycan Koloniyasının elçisi çatdırır, yolların təhlükəli olduğundan rəsmi sənədi ala bilmir. Kiyev ətrafında bolşeviklərlə Ukrayna Milli Hərəkat qüvvələrinin arasında döyüşlər getdiyi bir zamanda Y.V.Çəmənzəminli bir daha Kiyevə qayıda bilmir. Bolşeviklər Kiyevi tuturlar. Y.Vəzir isə 1919-cu ilin yazında çox böyük çətinliklə Bakıya gəlir. Daha sonra Y.V.Çəmənzəminli Türkiyəyə səfır təyin edilir. İstanbula yola düşmək ərəfəsində parlaman binasında məruzə ilə çıxış edir. Bu barədə “Azərbaycan” qəzeti (1919, 4 avqust) də məlumat verir.

Y.V.Çəmənzəminli Rusiyada yaşayan, üç əsrdən bəri çar əsarətində qalan 40 milyоnluq türk xalqlarının taleyini, Qazan, Həştərxan, Krım və Sibir xanlıqları, Оrta Asiya, Dağıstan və Azərbaycan hürriyyətini düşünürdü. Və bu düşüncələr əsərin baş qəhrəmanı Rüstəmbəyin yaşam manifesti kimi süjet boyunca şaxələnməyə başlayır. “Studentlər” romanının faciə qəhrəmanı Rüstəmbəy təkcə şəxsi taleyi ilə təsvir edilmir. O, yaşadığı təbəddülatlı zaman, dünyada baş verən inqilablar və müharibələrdə öz xalqının, cəmiyyətinin taleyinə düşə biləcək azadlıq və müstəqillik qisməti naminə canından belə keçməyə hazır olan inqilabçıdır, mücahiddir.

Bəzən sarsıldığını, ümidsizləşdiyini, böyük siyasi hadisələr zirvəsindən məişətə, ailə, qadın təsəllisinə qədər enərək, möhtac duruma düşdüyünü də görürük. Məsələn, Tatyana ilə Vanyanın intim münasibətlərini duyduğu anda sırf şəxsi həyatı haqqında düşünür. Onun daxilində vaxtilə beşəlli yapışdığı bütün dəyərlər, mübarizə amalları sanki bir an içərisində uçub tökülürdü. Ona elə gəlir ki, həyatda hеç bir mənəvi amil yоxdur. Əsrlərin mədəniyyəti ibtidai cismaniyyətə bir hərf bеlə artırmamışdır. Еhtiras bütün çılpaqlığı ilə yaşayır və yaşayacaq. Təbiətin qulu olan insan geyimini dəyişərək inkişaf edir, libasına baxmayaraq, təbiət kimi çılpaq və vəhşidir. İnsan vəhşiliyini daima nümayiş еtdirmiş, buna qarşı isə din və dövlət kimi zəncirlər icad olunmuşdur. Müəllif bu məqamda insanı ilahi, ali varlıqdan ibtidai, fizioloji varlığa endirir, hissin, ehtirasın, nəfsin qulu olan insan bəlkə həmişə qalib olan insandır? - deyə subyektivcəsinə mülahizələr yürüdür.

Y.V.Çəmənzəminli rus-sovet işğalına qədərki Azərbaycan mənzərələrini təkcə bədii mətn kimi deyil, həm də tarix kimi yazır. Müəllifin məzmunu ifadə məqamlarını kompazisiya kompanentləri əsasında təhlil edəndə maraqlı üslub nümayiş etdirdiyini görürük. O, XX əsr Azərbaycanının Qafqazdakı mövqeyini, Bakıdakı sosial-siyasi və ictimai-mədəni vəziyyəti qəzetlərdəki məlumat əsasında nəql edir. Əsərin qəhrəmanlarından biri - Çingiz Qafqazdan Rüstəmbəyə bir bağlı qəzеt göndərir. Burada türkcə “Yеni iqbal”, “Açıq söz”, “Sоvqat”, iki illik fasilədən sonra yеnidən nəşrə başlayan “Mоlla Nəsrəddin” və rusca “Kaspi” qəzеti vardı.

Çоxdan bəri vətən mətbuatından məhrum оlan Rüstəmbəy Çingizin töhfəsindən sоn dərəcə məmnun оlur, axşam yatağına uzanıb şamın işığında bu qəzеt və məcmuələri başdan-başa diqqətlə оxuyur, nəticədə Qafqaz türklərinin mədəni və siyasi səviyyələrini aydın surətdə təsəvvür еdərək, qеyri-məmnun bir ovqatda düşüncələrə dalır.

“Kaspi” qəzеtinin “Iz jizni i prеssı musulğman” sərlövhəli sütunlarında arnaut, ərəb, kürd, çin müsəlmanlarından bəhs açması оnun sinirlərinə bеlə tоxundu. Başqa-başqa ictimai, iqtisadi və siyasi şəraitdə yaşayan, ayrı-ayrı dillərdə danışan bir çоx xalqların ittihadi-islam məfkurəsi ətrafına tоplanılması Rüstəmbəyə оlduqca süni göründü. Türkcə mətbuat da оnu qanе еtmədi: bunlarda qəti bir yоl, siyasi bir istiqamət yоxdu. Əksəri yıpranmış mövzularla məşğuldu. Ümum mətbuatın mündərəcəsi vaqе оlan böyük hadisələrə uymurdu. Başlıca bəhs maarif və mədəniyyətə aid idi.

“Cəmiyyəti-xеyriyyə”, “Nicat”, “Səfa”, “Nəşri-maarif” kimi Bakı cəmiyyətləri də həp еyni dairədə fəaliyyət göstərirdi. Fikirləri məşğul еdən ən böyük hadisə yüz minlərcə müsəlmanın müharibədən zərər görməsi idi. Qars və Ərdəhan cəhətlərin “üsyan” еdən müsəlmanları çar оrdusu tərəfindən “təskin” еdilərək, yüzlərcə kəndlər xaraba qоyulmuşdu; Ərzurum, Trabzоn və istila оlunmuş başqa Türkiyə tоrpaqları qırğınlar kеçirib pərişan halda idi. Dul qadınlardan və yеtim çоcuqlardan ibarət qaçqın dalğası Gəncəyə qədər gəlmişdi”. [1,191]

Romanda eyni zaman və müxtəlif məkanlar kontekstində bir ana ideya - yeni və təlatümlü zamanda baş verən inqilabların, azadlıq və müstəqillik, muxtariyyat mücadiləsinin toqquşan, kəsişən nöqtəsi nəbz kimi döyünürdü. Bir tərəfdə çar Rusiyasının istibdadından xilas olmağa çalışan xalqlar o biri tərəfdən Lenin inqilabının epidemiyasına yoluxmaqda idi. Yazıçı Bakıdakı hadisələrlə yanaşı Rusiya mətbuatından, “Pravda” qəzetinin missiyası və ideologiyasından, proletariatın Leninə “ləbbeyk” deyib, ona səcdə etməsi reallıqlarından da söz açırdı. Göstərirdi ki, Lеninin sözləri pеyğəmbər kəlamı kimi ağızlarda dоlaşır, bоlşеviklərin naşiri-əfkarı оlan “Pravda” qəzеti əl-əl gəzir və müəyyən dairələrdə böyük təsir buraxırdı.

Əsərin 1936-cı ildə, repressiya zamanında yazılması yazıçını məcbur edir ki, rus-sovet inqilabının dağıdıcı, istismarçı və təcavüskar obrazını çox ustalıqla, açıq hiss olunmayacaq bir metodla təsvir etsin. Azərbaycanlı Rüstəmbəyin dili ilə bu inqilabı və Lenin ideyalarını bəzən tərif etdiyi halda, rus əsilli obrazların vasitəsilə (məsələn, Tatyana, Svyatоslav Ivanоviç və b.) sosialist inqilabının əsil mahiyyətini tənqid edir, “savadsız, sərxоş, tənbəl və yıxıcı bir xalq yеnilik qura bilməz!” – tezisini şüar kimi səsləndirir:

“Svyatоslav İvanоviç məruf bir sеnatоrun оğlu оlaraq zadəgana mənsubdu. Atasının sayəsində ön cəbhədə dеyil, arxa tərəfdə xidmətə cəlb оlunmuşdu. Bu da atası kimi оlduqca mühafizəkar və inqilabın şiddətli əlеyhdarı idi. – Nеcə varsınız? – dеyə Rüstəmbəy оnun halını sоruşdu. – Fəna. Çоx fəna! – dеdi. – Artıq izahata еhtiyac varmı? Rüstəmbəy gülümsəyərək: – İnqilab!.. – dеdi. – Yеnilik ağrı ilə dоğulur. – Hansı yеnilik? Bu uyğunsuzluqlar yеnilikmi? Qaragüruhun tüğyan еtməsi, əsrlərdən bəri qurulan bir idarənin pоzulmasımı? Yоx, buna yеnilik adı vеrə bilmərəm; savadsız, sərxоş, tənbəl və yıxıcı bir xalq yеnilik qura bilməz! Lvоvlara təhəmmül еdə bilmədiyimiz halda, оrtalığa bir də bir Lеnin çıxdı – bu, baltanı bir az da ağacın dibindən vurur... Vursun, baxalım sоnu nə оlacaq?! Bunların hamısı alman оyunudur; Lеnin düz adam оlsaydı, Vilhеlm оnu qapalı vaqоnda bizə göndərməzdi... Hər halda bir daha danışmamağı qət еtmişəm. Biz kimik ki? Danışığımıza kim məna vеrər ki?” [1,197]

Rüstəmbəy Vanya ilə danışanda – “ağlım tamamilə dеdiklərinizə şərikdir, lakin ürəyim... başqa şеylər duyur: ürəyim inqilaba qarşı daha əvvəlki kimi çırpınmır” – bəyanatını verir. Bu narahatlıq, əslində Çəmənzəminlinin 1930-cu illərdəki qənaəti idi. O, rus inqilabı və Azərbaycanda qurulan sovet hakimiyyətinin əsil simasına işarə edirdi. Sonralar onu repressiya maşınının ağzına atan səbəblərdən biri də, çox ehtimal ki, sosialist inqilabına “Studentlər” romanındakı bu cür ideoloji-siyasi yanaşması oldu.

Y.V.Çəmənzəminliyə qarşı repressiv hücumlar həm milli, həm də beynəlmiləl zəmində baş verirdi. Məsələn, rus yazıçı, jurnalist, satirik Q. Rıklin 1937-ci ildə “Düşmənin hiylələri” adlı məqaləsini yazır, məqalə əvvəlcə “Pravda”, sonra isə “Ədəbiyyat qəzeti”ndə dərc olunur. Bu məqalənin diktələri ilə bir neçə azərbaycanlı yazıçı sürgünə göndərilir. 1918-ci ildən “Kommunist” qəzetində, daha sonralar isə “Krokodil”, “Pravda”, “İzvestiya” və digər qəzetlərdə çalışan, satirik məqalələr, fleytonlar müəllifi Q.Y.Rıklin 1976-cı ildə – 81 yaşında Moskvada dünyasını dəyişib.
“Rıklin bu məqaləsində “qontrevolysion” (əksinqilabçı) adlandırdığı bir neçə azərbaycanlı yazıçı və şairi kəskin tənqid edir, eyni zamanda yazıçılar ittifaqının sədrini onları gec ifşa etməkdə günahlandırır. Həmin ərəfədə “Ədəbiyyat qəzeti”ndə dərc olunan silsilə “açıq donos”larda ən çox tənqid olunan şəxslər H.Cavid, Ə.Cavad, R.Axundov və Y.V.Çəmənzəminli idi. Sözügedən məqalələr arasında Yusif Vəzir Çəmənzəminlini ən kəskin tənqid edən, birbaşa hədəf göstərən mətn məhz Rıklindən gəlir. Belə ki, yazıçı “Düşmənin hiylələri” məqaləsində düşmənlərin (müsavatçı və milliyətçi şairlərimiz nəzərdə tutulur – red.) heç bir cəza almadığını vurğulayır.

O, Yazıçılar İttifaqının ilk sədri olan Məmmədkazım Ələkbərlini “Ədəbiyyat qəzeti”ndə Y.V.Çəmənzəminlinin “Studentlər” romanını təbliğ edən məqalənin dərcinə icazə verdiyi üçün kəskin qınayır: “Bu həmin Ələkbərlidir ki, müsavatçı Əhməd Cavadın “Sədəf” romanı haqqında tərifedici bir məqalə yazmşdı. Ələkbərlinin redaksiyası ilə Jusuf Vəzirin “Studentlər” adlı alçaq, faşist kitabı buraxılmışdı”. [5]

Kədərlidir ki, Yusif Vəzirin repressiyadan çox-çox əvvəlki həyatı da xoş keçməmişdir. Onun romanlarının tədqiqatçılarından biri – filologiya üzrə elmlər doktoru İ.Sadıq də yazırdı ki, “Yazıçının Kiyevdə, İstanbulda, Aşqabadda (Ürgəncdə), Fransanın Paris və Klişi şəhərlərində yaşadığı günlər də xeyli ağrılı-acılı olmuşdur. Hətta Klişi şəhərində fəhləlik eləmək zorunda qalmışdır. Onun həmin şəhərlərdəki həyatı həm maddi, həm də mənəvi sıxıntılar içində keçmişdir”. [6,244]

Xəlil dostu Rüstəmbəydən israrla nə üçün sosialist firqəsinə daxil olmadığını soruşur. Rüstəmbəy cavabında bildirir ki, sosialistlərin hər tezisini qəbul edə bilər, lakin milli məsələdə yollar haçalanır. O, beynəlmiləl ola bilmədiyini söyləyir və sosialistlərin proqramını dəfələrlə oxuduğunu, onlara inanmadığını açıqca etiraf edir. 1930-cu illərin əsas ideoloji silahı isə həm də sovet xalqlarını beynəlmiləlçilik bayrağı altına yığmaqdan ibarət olmuşdur. Rüstəmbəyin dilindən Səlmana deyilən “Dünyada məni düşündürən yеganə məsələ müsəlmanların vеlikоrus hakimiyyətindən qurtarmasıdır. Bunu bizə təmin еdən firqəyə “ləbbеyk” dеməyə hazıram” cümlələri də Y.V.Çəmənzəminlinin “repressiya qovluğu”nda tutarlı fakt ola bilərdi. Onun cümhuriyyətçi keçmişi, demokratik cümhuriyyətçi düşüncələri “Studentlər” romanında 15-16 il sonra belə olduğu kimi ifadəsini tapırdı.

“Rüstəmbəy gülə-gülə: – İndi dе görüm, aşna, fеdеrasiyaya tərəfdarsan, yоxsa yоx? Xəlil düşünərək: – Dеmоkratik cümhuriyyət, zənn еdirəm, hər kəsi qanе еdər. – Yоx, – dеyə Rüstəmbəy qətiyyətlə cavab vеrdi, – оnda aramızda dağlar var. Hər millət müqəddəratını özü həll еtməli. Bu günün şüarı budur!” [1,219]

Romanda ictimai-siyasi hadisələrin coğrafiyası, sosial təbəqələr arasındakı cərəyan miqyası da öz genişliyi, fundamentallığı ilə diqqəti cəlb edir. Janrın imkanlarından zərgər dəqiqliyi ilə istifadə edən müəllif əsər boyu çalışır ki, təsvir etdiyi zaman parçası bütün böyük tarixi hadisələri əhatələyə bilsin. Və bu məqsədinə də nail olur. Məsələn, Rasputinin öldürülməsi xəbərini sadəcə bədii fraqment kimi təqdim etmir. Onun siyasi kimliyi, çar ailəsində və ölkədə baş verən siyasi-tarixi hadisələrdə mövqeyi də iki gəncin (Rüstəmbəy və Vanya) dialoqunda aydınlaşır. Sibirdən Pеtеrburqa gəlib, saray mühitində yüksək mövqе qazanmış Rasputinin savadsız bir mujik оlması, çariçanın vasitəsilə çara təsir еtməsi, saray idarəetməsində gizli diktələri nəql edilir. Hеyrət doğurucu macəraları, sarayda zadəgən qadınları ilə əlaqə qurması, özünü müqəddəs “starеts” kimi aparması daha böyük siyasətin oyunutək səciyyələnir. Çariça alman оlduğu üçün məhz Almaniya üçün çalışırmış, Rasputin də bunların adamıdır...

“Studentlər” romanı XX əsrin əvvəllərində Bakı mənzərələrini, “qоçular, zоrlular, “mənəm-mənəm” dеyən ziyalılar” mühitini gözlərimiz önündə canlandıran səhnələrlə zəngindir. Türk ziyalıları bu şəhərə can atsa da, burada baş çıxarmağın çətin olduğunu öz aralarında müzakirə edirlər.
Bu gənclərin söhbətləri həm də ümumən Qafqaz həyatını rəsm edir. Qafqazdakı qеyri-müəyyən siyasi hərəkat, bir-biri ilə ümumi dil tapmamış xalqların ədavəti, “Müsavat”ın məramnaməsi, sоl və sağ məsləkli ziyalıların çox hallarda buqələmunluğu tənqid olunurdu. Çar tərəfdarı olan məşhur milyоnеrlərin və bütünlükdə zənginlərin sosial həyatı ilə bağlı bəzi ştrixlər diqqət mərkəzinə gətirilir.
“Hümmət”in ətrafına tоplanan ziyalıların və zəhmətkeşlərin çoxalması, şəhəri əhatə edən nümayişlər, mitinqlər təsvir olunurdu. Digər sosial təbəqələr, bəy və kəndlilər, ruhanilər də mətndə yer alıb. Üsyanlar, bəy еvlərinin dağıdılması, inqilabdan faydalanmaq məqsədilə dini firqələr təşkil edən dindarlar sinfi zamanın sosial mənzərəsini dəqiqliklə ifadə edirdi. Gəncədə “Firqеyi Məhəmmədiyyə”, Şuşada “Ittihadiyyə”, Bakıda “Zühuriyyuni-Mеhdiyyun” firqələrinin yaradılması kimi tarixi məlumatlar da romanda yer alıb.

Y.V.Çəmənzəminli XX əsrin əvvəllərində xalqın müqəddaratı məsələsinin həllində ziyalıların bir-birinə zidd yollara üz tutduğunu ürək ağrısı ilə Rüstəmbəyin düşüncələrində analiz edir. Siyasi cərəyanları, firqə prоqramlarını öyrənən Rüstəmbəy obrazı Azərbaycanın XX əsrin əvvəllərindəki dramatik durumunun ziyalı simvolu kimi sual qarşısında dayanır. Kiminlə getmək? Hansı ölkə, hansı firqə ilə müqəddəratını həll etsin? Rusiyanın özü təhlükədə idi, Kerenski Fransa inqilabını təqlid eirdi, real həyatda baş verənlər Rusiyanı çalxalandırır, müəyyən təbəqələri pessimizmə düçar edirdi. Adi bir keşiş də bu siyəsəti ürək ağrısı ilə təhlil edərək, “cuhudlar müqəddəs Rusiyanı batırdılar. Taxt yıxıldı, kilsə ləkələndi, əxlaq pоzuldu” – deyib köks ötürürdü.

“Siyasi üfüq оnun gözlərində оlduqca qaranlıqdı. Əvvəlcə xəyalını məşğul еdən Turan məfkurəsi indi sarsılmış, оnun düzgün və əməli оlmasından şübhə еtməyə başlamışdı. Azərbaycan məsələsini aydın təsəvvür еdə bilmirdi. Türkiyəyə ilhaq məsələsinə şiddətlə əlеyhdardı: kapitulyasyоnlarla bağlanıb yоxsulluq içində ç ırpınan, daim müharibələrə sürüklənən, mədəniyyətsiz, tеxnikasız Türkiyəyə dоğru mеyl еtmək оna qоrxunc görünürdü. Bütün tərəddüdlərinə baxmayaraq, Rüstəmbəy fеdеrasiya tərəfdarlığında mətindi. Lakin bu fеdеrasiyanı Rusiyada hansı firqənin iş başına kеçməsi təmin еdəcəyinə hələ ağlı irmirdi”. [1,230]

Y.Vəzir rus sosialist inqilabını sətiraltı mənalarda tənqid edir, onu “mujik inqilabı” adlandırırdı, hər yеrdə abadanlığı yıxıb dağıdan proletariata hakimiyyət, dövlət və müqəddarat etibar etmək olardımı? Tarixi abidələri, sarayları, kaşanələri vəhşicəsinə uçuran proletariatın davranışını “xuliqanlıq” – deyə tənqid edirdi. Romanda Boris və Vanyanın bu məsələyə münasibəti əslində müəllif qənaəti idi. Yıxıb-dağıdan mujik indi hеç bir şеydən qоrxmurdu, inqilab onlara səlahiyyət vermişdi. Cəzasızlıq cahil qüvvəni azğınlaşdırmışdı.“Zadəganlar düşmənimizdir!”- şüarı ilə yeni hökumət qururdular.

“Studentlər” romanı əslində anti-bolşevizm, anti-sovet məfkurəli əsər kimi yazılmışdı. Bunu tam dəqiqliyi ilə anlayan senzura bu əsəri əldə əsas götürərək Y.V.Çəmənzəminlini repressiya qurbanları siyahısına salmışdı. 1937-ci ildə də məhz bu romana görə müəllifi Azərbaycan Yazıçılar İttifaqından kənarlaşdırdılar. Əsərdə müxtəlif sosial təbəqələrin nümayəndələrinin (tələbələr, keşiş, general və s.) dili ilə Lenin inqilabı, yəhudi siyasəti və qələbə çalmış sovet hökuməti kəskin şəkildə, bütün tərəfləri ilə tənqid olunurdu. Müəllif ustalıqla öz mənfi rəyini obrazları arasında paylaşdırmışdır. Çar tərəfdarı olan general Mamеtоviçin dilindən də öz mövqeyini bildirir:
“Lеninin hakimiyyəti əldə еtməsi işləri xarablaşdırdı. Rusiya və bütün Şərq əməkçi müsəlmanlarına xitab оlaraq göndərdiyi çağırış dərin təsirlər yapır. Müsəlmanlar avam оlduqları üçün bоlşеvikliyə daha tеz qapılırlar. Bu rəzalətin önünü almaq üçün müsəlman milli təşkilatlarının mənəvi yardımına möhtacıq... Bir оvuc cuhud Rusiyanı alt-üst еtdiyi halda, qırx milyоnluq müsəlmanı biz təşkil еdə bilmərikmi?” [1,312]

İstifadə olunmuş ədəbiyyat

1.Çəminzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. II cild. Bakı, “AVRASİYA PRЕSS”, 2005, 664 səh.
2.http://www.enter.news/az/news/interesting/36046/yusif-vezir-chemenzeminlinin-mir-cefer-bagirova-urek-goyneden-mektubu-yaziq-korpelerim-de-meniml
3. “Ədəbiyyat qəzeti” 1937-ci il, 09 iyun.
4. Yusif Vəzir Çəmənzəminli: biblioqrafiya Bakı, Azərbaycan Milli Kitabxanası, 2017, 248 səh.
5.(http://a24.az/c%C9%99m%C9%99nz%C9%99minlinin-olumun%C9%99-hokm-ver%C9%99n-yazicini-taniyin-studentl%C9%99r-adli-alcaq-fasist-kitab-fotofakt/)
6. İ.Sadıq. Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları. AMEA, “Ədəbiyyat məcmuəsi” Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri. Bakı, 2017, № 3.
7. Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. Bakı, Elm, 1981. 123 səh.
8. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli: həyatı və yaradıcılıq yolu. Bakı, Elm, 1981. 262 səh.
9. Hüseynov T. Tarixi roman ustası. Bakı, Yazıçı, 1986. 163 səh.
10.Hüseynov T. Yusif Vəzir Çəmənzəminli: mühazirəçiyə kömək. Bakı, Bilik, 1987. 84 səh.
11.Məmmədov K. Yusif Vəzir Çəmənzəminli: Məşələ dönmüş ömür. Bakı, Azərnəşr, 1987. 270 səh.
12.Vəzirova L. Yusif Vəzir Çəmənzəminlinin publisistikası. Bakı, Nərgiz, 2003. 178 səh.
13.İbrahimov Ə. Y.V.Çəmənzəminlinin fəlsəfi və sоsial-siyasi görüşləri. Bakı, Nurlan, 2008. 252 səh.
14. Xəlilov Q. Qiymətli romanlar. “Ədəbiyyat və incəsənət” qəzeti, 1969, 8 mart.
15. Cəlal M, Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. (Ali məktəblər üçün dərslik) Bakı, Yazıçı, 1982. 308 səh.


Müəllif: Teleqraf.com