Teleqraf.com YUĞ Dövlət Teatrının gənc aktrisası Ləman Mərihlə müsahibəni təqdim edir:
- Bir qədər özünüz haqqında danışın...
-1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu ixtisası üzrə xalq artisti Firəngiz xanım Mütəllimovanın kursunda 4 il təhsil almışam. 2016-cı ildən YUĞ Dövlət Teatrının aktrisasıyam.
- Bildiyimə görə, YUĞ teatrının bina problemləri vardı. İndi vəziyyət necədir?
- Bəli. Əfsuslar olsun ki, bina problemi hələ də qalır. Amma teatrımızın bütün yaradıcı və texniki işçiləri öz fəaliyyətini dayandırmayıb. Teatrımızda bu il Mehriban Ələkbərzadənin quruluş verdiyi "Müəmmalı qətlin üç versiyası" tamaşaçılara təqdim olundu. Yaxın vaxtlarda Gümrah Ömərin quruluş verdiyi "Vəsvəsə", Əbdülqəni Əliyevin quruluş verdiyi "Mən ağacam" tamaşaları təqdim olunacaq. Hər iki tamaşada maraqlı obrazlar canlandırıram. Çox həyəcanlıyam. Bununla belə repertuarımız çox zəngindir. "Təklif", "Məşhər günü" , "Sonuncu" , "Quş dili" və s. kimi maraqlı tamaşalarımız tamaşaçılar tərəfindən çox sevilir.
- Hazırda hansı obrazla məşğulsuz?
- Hazırda ARB kanalında yayımlanan "Könül yarası" serialında Zeynəb obrazını canlandırıram. Serialımızın quruluşçu rejissoru Qulu Əsgərovdur. "Könül yarası" aktual bir mövzuya toxundu və tamaşaçı rəğbəti qazandı. Serialla bağlı çox gözəl geridönüşlər aldıq. Amma öz obrazımla bağlı bunu deyə bilməyəcəm.
Zeynəb bir az qeyri-adi, nə edəcəyi bəlli olmayan, tez özündən çıxıb tez sakitləşən, amma saf, təmiz və maraqlı qızdır. Bəzən ona özüm də əsəbləşirəm. Gələcək bölümlərdə Zeynəblə bağlı maraqlı hadisələr olacaq. Hətta heç kimin təxmin belə etməyəcəyi hadisələr.
- Kino təklifləri varmı?
- Kino üçün özümü hazır hiss etmirəm. İnanın, tam səmimiyəm. Mənə elə gəlir ki, bir az da təcrübə toplamalıyam. Daha çox çalışmalıyam. Lazım gəlsə, dərs almalıyam. Kino tarixə qovuşan sənət qollarından biridir. İstəmirəm, nə vaxtsa arxivi qurdalayanda o kadrlara baxıb utanım. Gələn təkliflərlə buna görə razılaşa bilmirəm.
- Yəni kinonu teatrdan daha çətin sahə hesab edirsiz?
- Xeyr, teatrda mənə addımımı necə atmalı olduğumu belə öyrədirlər. Mən müəllimlərimin əməyini dana bilmərəm. Amma kinoda, çəkiliş meydançasında buna imkan və şərait olmur. Sual edəcəksiniz ki, necə olur bu qədər sənətkarımız 20-21 yaşında filmlərə çəkilib və uğur qazanıb, siz isə qorxursuz?! Mən isə cavab verərəm ki, onlar sənətkardır, mən isə sənətkar deyiləm. Mən hələ balaca bir qızcığazam.
- Ən böyük yaradıcılıq arzunuz nədir?
- Balaca uşaqlar üçün yaradıcılıq studiyası açmaq. Onlara sənətin hər növü ilə məşğul olmaq üçün şərait yaratmaq. Sənətlə məşğul olan, sənət sevgisi ilə böyüyən uşaqları cəmiyyətə bəxş etməkdən böyük nə yaradıcılıq uğuru ola bilər ki?