Nazirlik rəsmisi: “Kimin o vəzifəyə direktor təyin olunacağı bilinmir”
“Ağdam dövlət dram teatrının direktoru Fəxrəddin Hacıbəylinin işdən azad olunması ilə bağlı bizdə heç bir rəsmi sənəd yoxdur. İşinə xitam verilməsi ilə bağlı özu ərizə yazdığı ilə bağlı mətbuata açıqlama verib. Əgər o ərizə veribsə belə hələ ki, işdən azad edilməsi ilə bağlı qərar təsdiqlənməyib. Mən mətbuat xidməti olaraq bu barədə heç bir məlumat almamışam”. Bu sözləri Teleqraf.com-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva Ağdam dövlət dram teatrının direktoru Fəxrəddin Hacıbəylinin işdən azad olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, saytlarda yayılan məlumata görə, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Ağdam dövlət dram teatrının müdirini işdən azad edib. Yerli sakinlərin sözlərinə görə, F. Hacıbəyli rayonun keçmiş icra başçısı Nizami Sadıqovun yaxın dostu olub. Nazirin digər əmri ilə rayonun Əhmədağalı kənd mədəniyyət evinin müdiri Soltan Həsənov teatrın yeni rəhbəri təyin olunub.
Z.Əliyeva Soltan Həsənovla bağlı xəbərin həqiqəti əks etdirməyini vurğulayıb: “O informasiya həqiqətə uyğun deyil. Əgər Fəxrəddin bəy işdən azad edilmiş olsa belə, kimin o vəzifəyə direktor təyin olunacağı bilinmir. Biz mətbuat xidməti olaraq ancaq rəsmi məlumat yaya bilərik. Yenə deyirəm, bu barədə hələ ki, heç bir rəsmi mlumat yoxdur”.
Nərmin