12 Sentyabr 2014 19:54
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balaca tamaşaçıların sevimli ünvanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 12-də yeni mövsümünü açıb.


Kollektiv, tamaşaçılar qarşısına yeni quruluşlarından olan “Qoğal” tamaşası ilə çıxıb.
Publika.az-ın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Səhnə əsərində əsas rolları Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Tamilla Bünyatova, İqbal Əliyev, Sona Rəhimova, Cavid İbrahimov ifa edib. Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal”ı 3 seans olmaqla - saat 12.00, 14.00, 16.00-da Azərbaycan, 18.00-da isə rus dilində nümayiş etdirilir.

Teatrın balaca tamaşaçılarına daha bir hədiyyəsi sentyabrın 18-də - Üzeyir Musiqi Günündə nümayiş olunacaq marionet tamaşadır. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanan tamaşada baş rolu teatrın aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanov ifa edəcək.
Ötən mövsümü bir sıra sənət uğurları ilə başa vuran teatr yeni mövsümdə də balaca tamaşaçılarına maraqlı sürprizlər vəd edir.

Teatrın direktoru, "UNİMA" Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ilk olaraq festivallara dəvətlər barədə məlumat verdi: “Yeni mövsüm üçün 5 beynəlxalq festivala dəvət almışıq. Bu dəvət marafonuna respublika daxilinə səfərlə start verdik. Bildiyiniz kimi, 10-19 sentyabr tarixlərində Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirilir. Həmin festivalda biz də tamaşa sovqatımızla iştirak edəcəyik. “Çanta trio” adlı bu tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Hindistanda keçirilən kukla teatrlarının beynəlxalq festivalında bizi layiqincə təmsil edən nümunə ayrı-ayrı kukla teatrı üslubları ilə zəngindir”.

İlin sonunadək bir neçə tamaşanı hazırlayıb təqdim edəcəklərini deyən direktor dövlət sifarişi ilə Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasının hazırlanacağını da əlavə etdi. Nümunəyə teatrın baş rejissoru Qurban Məsimov quruluş verəcək. Fərqli yozumda hazırlanan tamaşanın bəstəkarı Vüqar Camalzadə, rəssamı Rəvanə Yaqubovadır. Bundan başqa, Conatan Sviftin məşhur “Qulliverin səyahəti” romanı əsasında da tamaşa hazırlanacaq. Səhnə işini Elşad Rəhimzadə ərsəyə gətirəcək.


Müəllif:

Oxşar xəbərlər