3 Oktyabr 2019 00:26
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də Bakı Kitab Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində məşhur qazax şairi, Qazaxıstanın Əmək Qəhrəmanı, Qazaxıstanın xalq yazıçısı, ictimai-siyasi xadim Oljas Süleymenovla görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi gecəni açaraq ölkəmizə gəldiyinə və Azərbaycan xalqına həmişə səmimi münasibət bəslədiyinə görə yüksək qonağa təşəkkür edib. O qeyd edib ki, ölkəmizdə Oljas Süleymenovun yaradıcılığına böyük maraq var. Onun kitabları böyükdən-kiçiyə hamı tərəfindən böyük sevgi ilə oxunur. Ə.Fəhmi deyib: “Bu gün bu qədər çox insanın sizi görməyə gəlməsi çox mətləbdən xəbər verir”.

Oljas Süleymenov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycana həmişə böyük sevinc hissi ilə gəlir, çünki onu Azərbaycanın bir çox görkəmli yazıçıları və incəsənət xadimləri ilə çoxillik dostluq əlaqələri bağlayır. Qonaq deyib: “Bakı inanılmaz gözəl şəhərdir. Mən hər dəfə paytaxtınızın gözəlliyinə və bakılıların qonaqpərvərliyinə heyran oluram. Bu dəfə isə mənə gözəl Sumqayıt şəhərinə getmək nəsib oldu. Sumqayıt məndə gözəl təəssürat yaratdı. Sevindirici haldır ki, Azərbaycan sürətlə inkişaf edir. Mənə xoşdur ki, ölkənizdə mənim yaradıcılığımı yüksək qiymətləndirirlər. Bu görüşü təşkil etdiyinə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə də təşəkkür etmək istəyirəm”.

Xalq yazıçısı, deputat Elmira Axundova onun yaradıcılığına həmişə dəstək göstərdiyinə görə şairə minnətdarlığını bildirərək deyib ki, Oljas Süleymenovun Azərbaycana hər səfəri onun üçün bayramdır, çünki qazax şairi ilə onun dostluğu ötən əsrin 80-ci illərindən davam edir. E.Axundova bildirib ki, Oljas Süleymenov “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin yaradılmasında ona böyük dəstək göstərib.

Xalq yazıçısı Natiq Rəsulzadə vurğulayıb ki, Oljas Süleymenovun dünya ədəbiyyatına töhfəsi ölçüyəgəlməzdir. Onun yaradıcılığı bütün zəmanələrdə aktualdır. Ustad şairi bütün dünyada oxuyurlar.

Sonra qonaq oxucuların suallarına cavab verib.


Müəllif: Teleqraf.com