4 Oktyabr 2019 10:52
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şöhrəti ilə vətənin sərhədlərini aşan dahi bəstəkar Tofiq Quliyevin bu gün anım günüdür.

Teleqraf.com 7 noyabr 1917-ci ildə anadan olmuş, 4 oktyabr 2000-ci ildə vəfat etmiş bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevlə bağlı yazını təqdim edir.

Tofiq Quliyevin yaradıcılığının ilkin mərhələsi 40-ci illərin sonuna təsadüf edir. Azərbaycanda sovet hakimiyyəti qurulmasının 20-ci ildönümünə həsr edilmiş mahnıları (“Azərbaycan”, “Müdafiə marşı” –“İyirminci bahar” kinofilminə Niyaziylə birgə yazdığı musiqi) hər şeydən əvvəl vətəndaşlıq və qəhrəmanlıq motivləriylə diqqəti çəkir. Coşqunluq, nikbinlik, romantika onun mahnı yaradıcılığını heç vaxt tərk etmədi.

“Müdafiə marşı” müharibə illərində Tofiq Quliyevin yaradıcılığı üçün bir meyar rolunu oynadı.

Azərbaycanda dövlət estrada orkestri məhz Tofiq Quliyevin rəhbərliyi ilə yaradıldı. Bu orkestr tezliklə ilk konsertinə hazırlaşırdı. 1941-ci il iyunun 22-də səhər baş məşq də keçirilmişdi. Lakin müharibənin başlanması hər şeyi alt-üst elədi.

Orkestr öz repertuarını müharibə dövrünün tələblərinə uyğunlaşdırmalıydı. Elə buna görə də proqram vətənpərvərlik ruhunda yazılmış əsərlərdən təşkil edildi.

1941-ci ilin sentyabr ayında, filarmoniyanın konsert zalında Azərbaycan estrada orkestrinin ilk konserti böyük uğurla keçdi. Ağzınadək dolu olan konsert zalında hamı kollektivin rəhbərini - gənc bəstəkar Tofiq Quliyevi alqışlayırdı.

Müharibədən sonrakı illər Tofiq Quliyevin yaradıcılığında ən məhsuldar dövrlərdir. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını və onun nəzdindəki aspiranturanı bitirdikdən sonra o, doğma Bakıya qayıdır. 50-60-cı illər onun mahnı yaradıcılığının çiçəkləndiyi illərdi. Bəstəkarın bu dövrdəki mahnı yaradıcılığının bütün parlaqlığı ilə üzə çıxmasında ifaçılıq sənətinin iki istedadlı nümayəndəsinin - Rəşid Behbudov və Şövkət Ələkbərovanın da rolu az deyil.

Məhz onlar Tofiq Quliyevin mahnılarını bütün gözəllikləri ilə geniş tamaşaçı kütləsinə çatdırırdılar.

Tofiq Quliyev mahnı yaradıcılığında həm də novator sənətkar kimi diqqəti cəlb edir. O, sanki özünün gələcək lirik poemasının “binasını” hörür, həm də bu binaya lazım olan daşları xalq xəzinəsindən götürür.

O, hələ 14 yaşı olanda Asəf Zeynallının tövsiyəsi ilə M. Ə. Sabirin “Uşaq və buz” şerinə “Dərsə gedən bir uşaq” (“Məktəbli”) mahnısını bəstələmişdi.

Konservatoriyada o, polifoniya, harmoniya, musiqi forması dərslərini R.M.Rudolfun sinfində almış, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir Hacıbəyovdan öyrənmişdi. 30-dan çox tamaşaya musiqi yazmışdı.

Moskva Konservatoriyasını bitirərək professor A. Qaukun sinfində dirijorluq üzrə aspiranturaya daxil olmuşdu. Moskvada oxuduğu illərdə Moskva Dövlət Filarmoniyasının orkestri ilə çıxış edərək Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayevin əsərlərinə dirijorluq etmişdir.

“Azərbaycan xalq rəqsləri” toplusunu hazırlamışdı.

Görkəmli şəxsiyyətlər Tofiq Quliyev haqqında:

Heydər Əliyev,

Ümummilli lider

Tofiq Quliyev, mahnıların bizim xalqımıza yox, bəşəriyyətə, dünyaya böyük töhfələrdir. Sənin mahnıların, musiqin bizim xalqımıza sevinc gətirir, ilham verir, hər bir insan üçün yaşamağı, yaratmağa güc verir.


Qara Qarayev,

Xalq artisti

Tofiq Quliyev elə xoşbəxt bəstəkarlardandır ki, onun yaradıcılıq tərcümeyi-halı müasir Azərbaycan musiqisinin tarixində görkəmli yer tutur. Bizim aramızda ən istedadlı adam Tofiq Quliyevdir. O, böyük əsərlər - opera da, balet də yaza bilərdi.

Ancaq mahnı janrına üstünlük verdi və əbədi iz qoyub getdi.

Anar,
Xalq yazıçısı

Tofiq – Azərbaycanda çox geniş yayılmış adlardandır. Eləcə də Quliyev vəhdəti təsəvvürlərdə fitri istedadlı, günəş vergisi, valehedici melodiyaları ilə insanlara sevinc, təbəssüm, saf, ilıq hisslər bəxş edən bir insanın portretini yaradır.

Xalqına, elinə-obasına dərin hisslərlə bağlanan, milli musiqi mədəniyyətimizin aparıcı qüvvəsi olan, yaratdığı əsərlərlə tarixi salnaməmizə adını qızıl hərflərlə yazan Tofiq Quliyev doğulub boya-başa çatdığı Bakıya bütün varlığıyla bağlıydı.

Rəşid Behbudov,
Xalq artisti


Hansı ölkəyə qastrola gedirdimsə, dostum Tofiqin tövsiyəsi və qəlbimin istəyi ilə mütləq Bakı haqqında mahnını sənətsevərlərə ərməğan edirdim.

Tofiq deyirdi ki, nəyə görə Bakını yalnız neft akademiyası kimi tanısınlar. Axı, Bakımız eləcə şeir-musiqi akademiyası adını daşımağa da layiqdir.

Müslüm Maqomayev,
Xalq artisti


Tofiq Quliyev mahnı janrında işləmiş ən yaxşı klassiklər səviyyəsində olan görkəmli bəstəkardır. Bu, aksiomadır. Keçmiş SSRİ-nin respublikalarında mahnı janrında bu qədər məhsuldar çalışmış başqa bir bəstəkar yadıma gəlmir. Onun mahnıları nəinki ümumittifaq, hətta ümumdünya səviyyəsində səslənirdi.

Vasif Adığözəlov
Bəstəkar, xalq artisti, professor


Tofiq Quliyev Azərbaycan xalqının ən yüksək səviyyəli, namuslu oğullarından biridir. Mən Tofiq Quliyev kimi oğul yetişdirən xalqı ən yüksək səviyyəli xalq sayıram.

Azər Rzayev,
bəstəkar, xalq artisti, professor

Tofiq Quliyev təkcə Azərbaycanda deyil, respublikamızdan çox-çox uzaqlarda belə özünəməxsus yer tutmuş müdrik bir bəstəkardır.

Tofiq Quliyevin xalqımıza bəxş etdiyi misilsiz sənət nümunələri tarix durduqca yaşayacaq və nəsillərimizin qəlbində onun yaradıcısına əbədi məhəbbət heykəli ucaldacaqdır.


Pevaz Lakidze,
Gürcüstanın xalq artisti


Sənin ruhu oxşayan, ürəkdə nikbin həyat eşqi oyadan, uca insani duyğular yaradan musiqin Azərbaycan xalqının estetik gözəllik, kamil sənət xəzinəsinə böyük hədiyyədir.


Mirzə İbrahimov,
Xalq yazıçısı

Şux zarafatları, səmimi söhbətləri, sadəliyi ilə Tofiq Quliyev istər böyüyün, istərsə də kiçiyin - hamının qəlbinə yol tapa bilirdi. O, bütün məclislərin canı idi.

Tofiq Quliyevin musiqisində bəşəri hislər, yerlərə, göylərə, insanlara, Vətənə, doğma Bakımıza sevgi var. Elə buna görə də onun mahnılarını sevilə-sevilə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda oxuyurlar.

Bu mahnılar milyon-milyon ürəkdə səslənir.


Müəllif: Dəniz Pənahova