10 Oktyabr 18:25
267

Bu gün ədəbiyyat üzrə Nobel Komitəsinin qərarı açıqlandı. Qərara əsasən məşhur yazıçılar - polşalı Olqa Tokarçuk və avstriyalı Peter Handke Nobel mükafatına layiq görüldülər.

Teleqraf.com ədəbiyyat adamlarının Nobel Komitəsinin qərarına münasibətlərini öyrənib. Mraqlıdır, onlar məlum nəticəni gözləyirdilərmi?

Seçimi ədalətli hesab edirlərmi? Mükafatçıların hansi əsərləri ilə tanışdılar? Mükafat alan yazıçıların əsərləri dilimizə tərcümə olunubmu?

Etibar Əliyev:

- Tam əminliklə deyim ki, Nobel Komitəsində kənara çıxmalar, tərəf saxlamalar, hansısa bir yazıçıya digərindən daha çox üstünlük vermək kimi hallar baş vermir.

Bu mükafatı təyin edənlər ədəbiyyat üzrə ekspertlərin, dilçilərin və ədəbiyyat mərkəzlərinin nümayəndələrinin, tənqidçilərin rəylərini nəzərə alırlar.

Hesab edirəm ki, Nobel hələ də meyardı.

Əyyub Qiyas Abbasov:

Nobel Komitəsi bu dəfə də sürpriz etdi. Olqanın şeirləri ilə tanışam, "İnsotrannı literatura"dan oxumuşdum, təəssüf ki Peter Handkenin bir müsahibəsindən başqa heç nə oxumamışam.

Amma qaliblər müzakirə olunmur.

Olqa Bob Dilandan min dəfə yaxşı şairdir.

Əgər Bob Nobel alırsa, Olqaya bu mükafat ana südü kimi halaldır. Bizə iəs qalibləri təbrik etmək düşər.

Və inanaq ki, yaxın gələcəkdə Azərbaycan ədəbiyyatı da bu möhtəşəm mükafatln sevincini yaşayacaq.

Qismət Rüstəmov:

Ədəbiyyat üzrə Nobel mükafatı Olqa Tokarçuk və Piter Handkeyə verildi.

Piter Handkenin bizim dilə məşhur "Qapıçının penalti qorxusu" romanı tərcümə olunub.

İşiquro kimi onun da prozası soyuqqanlıdır. Olqa xanım isə qısa zamanda həm "Buker"i qazandı, həm "Nobel"i. "Buker"i qazanmış əsərini türkcə ("Koşucular") oxumuşam, qeyri-xətti, eksperimental, janrların sərhəddində yazılmış bir əsərdir.

Cavanşir Yusifli
Hər iki laureat müəyyən yol keçib, buna görə də “layiqdirmi, ədalətlidirmi” sualını qoymaq bir az düzgün olmazdı. Mükafat seçimdir, yəni müasir dünyanın preqroqativləri nəzərə alınır. Bura siyasi konyuktura və sair də daxildir. Ancaq Bu iki yazıçı bir yol keçib, əsərlərinin bədii keyfiyyətini indi mühakimə etmək düzgün olmazdı. Niyə? Baxın: Olqa Tokarçuk Ukrayna əsilli polyak şairəsi və yazıçısıdır. Müasir Polşanın ən çox oxunan və sevilən ədəbi fiqurudur.

Polşada ən məşhur mükafatı “Nike”ni qazanıb. “Qaçıcılar” əsəri janrına görə də yenilikdir – yəni roman cildində ədəbi monoqrafiya – səfərdən söhbət gedir, amma eyni zamanda yer kürəsi, həm də insan bədəni, cismi boyunca, əsər novellalardan ibarətdir. Roman müasir köçərilərdən bəhs edir, müəllif dünyada yaşayan bütün bəşər nəslinin artıq bu və ya digər dərəcədə köçəri həyat tərzi sürməsini əsaslandırır. Polyak yazıçıları içində başqa dillərə ən çox tərcümə edilən yazıçıdır, əsərləri həm ciddi ədəbiyyat, həm də kommersiya baxımından uğurludur. Uzun müddət Yunqun əsiri olub.

Onun nəsrində reallıqla, real təsvirlərlə illüziyorluq, nağıl, sehrli təsvirlərin qovuşuğu əsasdır. Peter Hanke “Yuxuların o tayındakı” əsəri ilə məşhurdur. Bir çox uğurlu filmlərin ssenari müəllifidir. Və sair.

Ayxan Ayvaz

Piter Handkenin bir hekayəsini oxumuşdum. Qısa hekayə idi, ona görə də yazıçı haqda tam təəssüratım yoxdu. Bircə onu bilirəm ki, ən sevdiyim filmlərdən olan "Berlin üzərindəki səma"nın ssenarisini yazmışdı. Bizim dilə də bir romanı tərcümə olunub, ancaq təəssüf ki, oxumamışam.

O biri Olqa xanım haqda isə heç bir məlumatım yox idi. Açığı, Nobel yenə də təəccübləndirdi. Düzü, mən həmişə gözləyirəm ki, Milan Kunderaya versinlər, amma bu dəfə olmadı. Yenə bizdən yan keçdi Nobel. Ümid edirəm, gələn illərdə mənim adım çəkilər. Bu da xırdaca bir zarafat.


Müəllif: Dəniz Pənahova