22 Oktyabr 00:23
262

Əhməd İsmayıl oğlu Cəfərzadə (mühacirətdə Cəfəroğlu) 1899-cu il aprelin 17-də Gəncədə doğulub.

Üç yaşında ikən atasını itirib, anası Gövhər xanımın və qohumlarının himayəsində yaşayıb. Cənubi Qafqazda baş verən 1905-ci il hadisələri nəticəsində erməni qətliamından xilas olmaq üçün ailə Səmərqəndə köçüb. Cəfəroğlu ibtidai təhsilini burada alıb, Gəncəyə qayıtdıqdan sonra 1909-1916-cı illərdə Gəncə real gimnaziyasında təhsil alıb.

Ardınca Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakultəsinə daxil olub, lakin imperiyada baş verən inqilab, xaos nəticəsində cəmi üç semestr oxuya bilib. Cəfəroğlu 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdıb. Cəfəroğlu bu dövrdə kiçik topçu zabiti kimi Qafqaz İslam Ordusuna qoşulub, Bakının azad edilməsində iştirak edib. Bakıya gəldikdən sonra Cəfəroğlu Bakı Universitetinin tarix-filologiya fakultəsinin Şərq bölməsinin ilk dinləyicilərindən olub.

Türkiyəyə mühacirətdən sonra Cəfəroğlu İstanbul Universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olub, 1924-cü ildə oranı bitirib. Bu fakultəni seçməsinə səbəb tanınmış türk alimi Fuad Köprülü olub.

Cəfəroğlu bu barədə yazır: “Fuad Köprülünü 1920-ci ildə tanıdım. Tam 30 yaşında idi. Kiçik hekayəçilik və qəzetçilikdən müstəqil Azərbaycan Cümhuriyyətinin İstanbul səfirliyinə yüksələn dostum Miryusif Vəzirlinin vasitəsilə evinə ziyarətə getdim. Ali təhsilimi harada və hansı sahədə almalı olmağımla bağlı fikrini soruşdum. Ədəbiyyat Fakultəsinə girməyimi istədi. Ustadın bu tövsiyəsi üzərinə Rza Tevfik, Əli bəy Hüseynzadə və Hüseyin Danişin Əsgəri-Tibbiyyəyə girmə təklifləri puç oldu”.

Cəfəroğlu bir müddət İlahiyyət fakultəsinin kitabxanasında çalışıb, Türkiyyat mərkəzində elmi araşdırmalar aparıb. 1925-ci ilin sentyabrında Almaniya Xarici İşlər Nazirliyinin təqaüdünü qazanaraq Berlin və Breslau universitetlərində türkologiya sahəsində təhsil alıb, dövrün tanınmış alimləri olan Vesterman, Banq Koup, Vasmer, Gizi, Brokelman, Şader, Diels kimi şəxslərin mühazirələrini dinləyib.

Cəfəroğlu Almaniyada yaşadığı müddətdə ictimai-siyasi fəaliyyətlə də məşğul olub. Həmkarı, böyük türk alimi Rəşid Rəhməti Aratın vəfatı münasibəti ilə qələmə aldığı yazısında Cəfəroğlu həmin illəri belə xatırlayıb: “Onu 1925-ci ilin, həyatla vidalaşdığı payız gününə bənzər yağışlı və sisli bir gündə Berlin Universitetinin Türkologiya bölümündə professor Banq Koupun iş otağında tanıdım... Almaniya Xarici İşlər Nazirliyi hesabına Fuad Köprülünün müavini olaraq türk dili ilə üzrə ixtisaslaşmaq üçün professor Banqın yanına göndərildiyimdən əvvəlcədən xəbərdar idi.

Fəqət qarşısında vətəni istilaya uğramış, dəmir pərdənin arxasındakı türk ölkələrindən birinin, özü kimi bir mühacir olduğunu əlbəttə ki, bilməzdi. Öyrəndiyi zaman üzü güldü... Almaniyada təhsil aldığımız müddətdə Berlində demək olar ki, hər gün birlikdə idik. 1928-ci ildə həyat yoldaşı olaraq seçdiyi Rabia xanım da dərd ortağımız idi. Hər birimiz müxtəlif əsir türk ellərinin istiqlal komitələrinə daxil olmuş, üzərimizə vəzifə götürmüşdük”.

Cəfəroğlu Berlində Aratla yanaşı türk ellərinin məşhur siyasətçiləri olan Ayaz İshaki, Mustafa Çokayla birlikdə mübarizə aparıb.

1929-cu ildə Breslau universitetində professor F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edərək filologiya doktoru adını qazanır. Türkiyəyə döndükdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində “Türk dili tarixi” kafedrasının dosenti olur. 1938-ci ildə həmin kafedranın professoru, 1946-cı ildən ömrünün axırına qədər isə oranın müdiri vəzifəsində çalışır. Bu müddət ərzində o, yüzlərlə elmi yazılar yazır, türkologiya sahəsində mühüm işlər görür. Polşa Şərqşünaslar Cəmiyyətinin üzvü (1937), Polşa Elmlər Akademiyasının müxbir üzvü (1938) seçilir. Həmçinin bir neçə beynəlxalq cəmiyyətlərdə təmsil olunur. Türk Dil Qurumunun həqiqi üzvü olan Əhməd Cəfəroğlu 1955-ci ildə İspaniya hökumətinin “De Alfonso Xel Sabio” ordeni ilə təltif olunur.

Cəfəroğlu 1932–1934‐cü illər arasında “Azerbaycan Yurt Bilgisi” (Revue des Etudes d’Azerbaidjan) adlı jurnal çap edir. Bu jurnalda dil və ədəbiyyatla yanaşı Azərbaycan istiqlal mübarizəsinə də səhifələrində yer verib. Bu illərdə jurnalın 36 sayı çap olunub. 1954-cü ilin fevralında jurnal “Azərbaycan Kültürünü Tanıtma Dərnəyi”nin orqanı olaraq yenidən çap olunur, lakin cəmi 1 sayı (37-ci say) işıq üzü görür.

Cəfəroğlu 25-ə yaxın kitab, 380‐dən çox elmi məqalə yazıb, A.Caferoğlu, Ahmet Caferoğlu, A.Uran, Ahmet Uran, Dr. Cafer Ahmetoğlu, Dr. Ahmet Muhtar, Dr. Ahmet Salmaslı imzalarından istifadə edib. “Türk kültürü”, “Mücahit”, “Çınaraltı”, “Türk dünyası” və s. dərgilərlə əməkdaşlıq edib. “Türk dili tarixi”, “Uyğur lüğəti”, “Türk qövmləri”, “Kaşğarlı Mahmud” və s. kitabların müəllifi olub.

Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da vəfat edib.
Əhməd Cəfəroğlunun qızı Nazan Ölçər Nazan xanım 1942‐ci ildə İstanbulda dünyaya gəlib. Orta məktəb və liseyi təhsilini İstanbuldakı Avstriya Qız Liseyində alıb. Daha sonra təhsilini və elmi dərəcəsini Almaniyada Münxen Lyudviq Maksmillan Universitetində tamamlayıb. Təhsili ərəfəsində Münxen Universiteti Etnologiya muze yində başladığı fəaliyyətlərini Vyana Etno lo giya muzeyləri ilə Berlin İslam İncəsənəti muzeyində davam etdirib. İstanbulda 1972‐ci ildə işləməyə başladığı Türk və İslam Әsərləri Muzeyində 1978‐ci ildən 2003‐cü ilə qədər direktorluq edib. 1991‐ci ildə Fransa mədəniyyət nazirliyi tərəfindən incəsənət və ədəbiyyat sahəsində verilən “Kovalyer nişanı”, 1994‐cü ildə Almaniya prezidenti tərəfindən 1‐ci dərəcəli “Ləyaqət Nişanı”, Polşa və İtaliya prezidentləri tərəfindən də qiymətli nişan mükafatları ilə təltif olunub. Həm Türkiyədə, həm də xaricdə muzeyçilik sənəti ilə əlaqədar kitabları çapdan çıxıb, müxtəlif beynəlxalq sərgilər təşkil edib. 2003‐cü ildə Bern universiteti tərəfindən fəxri doktorluq dərəcəsinə layiq görülüb.

Hazırda Sakıb Sabançı muzeyinin direktorudur.
Nazan xanın müsahibələrinin birində atası haqqında maraqlı bilgilər verib: “Mən 1942‐ci ildə anadan olmuşam. Bu vaxt atam orta yaşı keçmiş adam idi. Keçmişlə bağlı çox danışmazdı. Həsrət çəkdiyini bilirdik. Yatdığı yatağın baş ucunda Azərbaycan bayrağı var idi. Məhz Azərbaycanın tarixi, ədəbiyyatı unudulmasın deyə elmi fəaliyyət ilə məşğul olurdu. Məsələn, mənim bildiyim Azadlıq radiosuna, yəni Münxendə yerləşən “Radio‐Liberti”yə Azərbaycanla bağlı məqalələr yazıb göndərərdi. Azərbaycanın böyük şairləri və xalq qəhrəmanlarının unudulmaması üçün monoqrafiyalar yazardı. “Radio Free Europa”da dostları vardı, onlar İkinci Dünya müharibəsində amerikan və ingilis ordusuna əsir düşüb sonradan Avropaya köçmüş azərbay canlılar idi. Bəzilərini mən də tanıdım. Dediyinə görə, 1918–1920‐ci müstəqillik illərində qısa dövrdə burada paytaxt İstanbulda konsulun müavini vəzifəsində işləmişdir. Hətta səfir Bakıya getdiyində vəkil olaraq saraya, Sultana bayram təbrikinə belə bir dəfə getdiyini söyləyirdi.

Ümumiyyətlə, çox danışmırdı. Məcburən qaçdığı üçün və ailəsini də orada daha çətin vəziyyətə salmamaq üçün çox danışmırdı. Xəbərləşmə də olmadı. Eyni zamanda bir bacısı İran vətəndaşı idi. Kürəkəni ilə Azərbaycandan çıxmalarına icazə verildi. 30‐cu illərin axırında onlar İstanbula gəldilər. Sara xala, Kamil dayı, Saleh dayı. Bibimi görə bilmədim. Mən anadan olanda o artıq vəfat etmişdi. Kamil hərbçi idi. Polkovnik‐leytenant rütbəsinə qədər yüksəlmişdi. Kamil Gəncə, soyadı qanunu çıxdıqdan sonra ona bu soyad verildi. Sara xala evdar qadın idi. Salih Gəncə kimya müəllimi idi. Məşhur müəllim idi. Məşhur Kabataş Erkek Liseyində işləyirdi. Müstəqillik illərindən sonra bəzi qohumlar gəldi, bəziləri ilə burada görüşdük. 1970‐ci illərin başında Moskva Universitetinin rektoru İstanbula gəlmişdi.

Atam da universitetin professoru olaraq onu İstanbulda gəzdirdi. Atam Azərbaycan folkloruna bağlı adam idi. Radioda davamlı olaraq Azərbaycan musiqisini dinləyərdi. Məsələn,
“Aman ovçu” mahnısını çox sevərdi. Dostları ilə qurduğu “Azeri kardeşler yardımlaşma derneği” var idi. Həftəaxırı söhbətləri olardı. Mühacir ailələr bir yerə yığışar, milli rəqslər oynanılardı. Balaca idim o vaxtlar mən, atam anamla məni oraya apardı. Məcidiyəköy deyilən səmtdə bir evdə yığışardılar. Evimizə tez‐tez Bakıdan olan Mir Yaqub bəy gələrdi. O, Fransada hüquq üzrə doktorluq müdafiə etmişdi. Başqa evimizə Kazan tatarlarından Ayaz İsaki bəy gəlirdi. Bizə daha çox mühacirlər gələrdi. Rus dilində danışırdılar. Elmi‐siyasi mövzularda söhbətlər edirdilər. Köhnə dostları, şərqşünaslar gələrdi, adətən”.

Qaynaq:
1. Quliyev Vilayət. Son illərin yazıları. Bakı, 2009, ss: 84-86
2. Caferoğlu Ahmet. Bilinmeyen tarafları ile üstad Fuad Köprülü. “Türk Kültürü” dərgisi, sayı 47, 1966.
3. Caferoğlu Ahmet. Reşid Rahmeti Arat. “Türk Kültürü”, sayı 27, 1965
4. İlyasov Rəşad. Mühacir alimimiz, professor Əhməd Cəfəroğlu kimdir. “Elm dünyası” jurnalı, Sayı 1 (05) 2014


Müəllif: Dilqəm Əhməd